Dəyişən “Azərbaycan Dəmir Yolları”: Şpallar üzərində rəqəmsal uçuş TƏHLİL
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müstəqillik əldə etdikdən sonra özünün inkişaf modelini formalaşdıra bilmiş Azərbaycanı Qafqazın “iqtisadi möcüzəsi” adlandırmaq olar. İlkin olaraq bütün bunlar hələ də ölkə iqtisadiyyatının lokomotivi olan zəngin karbohidrogen ehtiyatları hesabına mümkün olub. Bununla belə, dünya dəyişir və zaman yeni çağırışlar və tələblər qarşıya qoyur. İqtisadiyyatın şaxələndirilməsi zərurətə çevrilib və çoxsaylı başlanğıclar vətəni olan ölkədə bu istiqamətdə məqsədyönlü və aydın siyasət həyata keçirilir.
Azərbaycanın əlverişli coğrafi və geostrateji mövqeyini nəzərə alaraq, hazırda inkişaf edən iqtisadiyyatın mühüm sahələrindən biri nəqliyyat sektoru, xüsusən də dəmir yolu nəqliyyatıdır. Nəzərə alsaq ki, Azərbaycanın mühüm beynəlxalq nəqliyyat arteriyalarının kəsişməsində yerləşdiyi üçün onun beynəlxalq nəqliyyat dəhlizlərində əhəmiyyəti əvəzsizdir.
Artıq qeyd edildiyi kimi, dünya bir yerdə dayanmır, inkişaf edir, dəyişir, sürətlənir və bu yolda rəqəmsallaşma prosesi mühüm rol oynayır. Söhbət hər şeyin – gündəlik həyatın, siyasi proseslərin və təbii ki, iqtisadiyyatın, onun bütün sahələrinin rəqəmsallaşmasından gedir.
Konkret olaraq dəmir yolu nəqliyyatına “Azərbaycan Dəmir Yolları”nın (QSC, ADY) roluna toxunaraq qeyd etmək lazımdır ki, ADY son illərdə həm beynəlxalq, həm də yerli səviyyədə rəqəmsallaşma sahəsində bir sıra mühüm nailiyyətlər əldə edib.

Nəqliyyat dəhlizlərinin inkişafı
ADY Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryolu nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması istiqamətində fəal işlər aparır. Bu çərçivədə, ötən il ADY “ADY Smart” (rəqəmsal platforma və onlayn tarif kalkulyatoru) vasitəsilə yükgöndərənlərə səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib. Bu imkanlar sayəsində yükgöndərənlər yükün qeydiyyatından daşınmasına qədər bütün prosesi real vaxt rejimində izləyə bilirlər.
“ADY Smart” platformasının yeniliklərindən biri olan rəqəmsal iş icazəsi (naryad) sistemi uzun sürən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldır. Bu funksiya müştərilərə naryad üçün müraciəti kağız sənədləşməyə ehtiyac olmadan təqdim etməyə, yük qaimələrini elektron formada tərtib etməyə, emal və maliyyə sənədlərini sürətli qəbul etmək imkanı verir.
Digər mühüm nailiyyət isə beynəlxalq daşımaları sürətləndirən vahid elektron yük qaiməsi – CIM/SMGS-in tətbiqidir. Bu sistem bir neçə sənədi bir formatla əvəz edərək gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən yarana biləcək riskləri azaldır. Hesab-faktura olduğu kimi qonşu ölkələrin mövcud İT sistemlərinə ötürülür və “vahid daxiletmə” prinsipi ilə avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edir.
Beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlığın inkişafı baxımından mühüm məsələlərdən biri də odur ki, ADY daşımaların idarə olunması və yüklərin real vaxt rejimində monitorinqinin optimallaşdırılması məqsədilə infrastrukturun modernləşdirilməsi və informasiya sistemlərinin yenilənməsi üzrə işlər həyata keçirir. ADY-nin dəstəklədiyi təşəbbüslər sırasında yüklərə dair məlumat mübadiləsini və “Track&Trace” rəqəmsal xidmətlərini təmin etməyə yönəlmiş “Global DTC” şirkəti tərəfindən yaradılmış beynəlxalq logistika platformasına inteqrasiya da yer alır.
Nəqliyyat dəhlizlərinin inkişafı məsələsinə toxunaraq, qeyd etmək lazımdır ki, mövcud münaqişələr, sanksiyalar və mürəkkəb geosiyasi vəziyyət, xüsusən də Yaxın Şərqdə vəziyyətin gərginləşməsi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) rolunu və əhəmiyyətini artırır. Onun əhəmiyyəti günü-gündən artır ki, bu da onun Azərbaycan ərazisindən keçən marşrutunun coğrafiyası ilə bağlıdır. Xüsusilə, ötən il bu dəhlizə artan marağın bariz nümunəsi əməliyyat göstəriciləridir. Belə ki, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının məlumatına görə, 2024-cü ildə dəhliz üzrə ümumilikdə 3 332 min ton yük daşınıb ki, bu da 2023-cü ilin göstəricisindən demək olar ki, 20,5% çoxdur. Dəhliz daxilində konteynerlərin daşınmasında isə ötən ilin yekunlarına görə, öncəki ilin göstəricisindən 2,7 dəfə çox artım qeydə alınıb.
_1751277973.png)

Onu da qeyd etmək lazımdır ki, ötən il "Azərbaycan Dəmir Yolları" bu dəhliz çərçivəsində 27 min konteyner qəbul edib ki, bu da əvvəlki illə müqayisədə 25 dəfədən çox artım deməkdir.
Beynəlxalq maliyyələşmə
Ötən il ADY-nin rəqəmsallaşma sahəsində həyata keçirdiyi təşəbbüslərə Asiya İnkişaf Bankı tərəfindən maliyyə dəstəyi göstərilib. Bank, Azərbaycanda dəmir yolu sisteminin rəqəmsallaşdırılması, həmçinin şəbəkənin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılması məqsədilə 47 mln. ABŞ dolları məbləğində kredit vəsaiti ayırıb.
Kredit vəsaiti rəqəmsallaşma üzrə kompleks tədbirlərin həyata keçirilməsinə yönəldiləcək. Bu çərçivədə yük əməliyyatlarının idarə olunması sistemi, aktivlərin texniki xidməti və təmiri, investisiya planlaşdırılması, həmçinin daşımaların tariflərinə və vergi hesablamalarına çıxışın təmin edilməsi nəzərdə tutulur. Bununla yanaşı, layihə ADY-nin korporativ fəaliyyətinin rəqəmsal təkmilləşdirilməsi – o cümlədən büdcə və müqavilələrin idarə olunması sistemlərinin inkişafını da maliyyələşdirəcək.
Əməliyyatların avtomatlaşdırılması
ADY istehsal proseslərini analiz edərək üç əsas istiqamətdə rəqəmsal idarəetmə sistemləri üçün konseptual çərçivə hazırlayıb. Bu çərçivə “Yükdaşımaların idarə edilməsi”, “Yük-kommersiya işlərinin idarə olunması” və “Lokomotiv briqadalarının idarə olunması” sistemlərini əhətə edir. Qeyd olunan sistemlər daşımaların planlaşdırılması və ixtisaslı kadrların formalaşdırılması baxımından əhəmiyyətlidir.
Daxili rəqəmsal sütununun gücləndirilməsi
ADY-nin rəqəmsal transformasiya strategiyası əməliyyat və ofis funksiyalarının avtomatlaşdırılması, İT infrastrukturunun təkmilləşdirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və işçilərin rəqəmsal bacarıqlarının artırılmasını əhatə edir. Qeyd olunan məqsədlərin yerinə yetirilməsini təmin etmək məqsədilə, ADY-nin yeni İT komandası formalaşdırılıb, təhlükəsizlik siyasəti müəyyən edilib, layihələrin idarə olunmasında “MS Project” və “Atlassian Jira” sistemləri tətbiq olunub. Bunun nəticəsində xidmət keyfiyyəti, proseslərin şəffaflığı və dayanıqlılığı əhəmiyyətli dərəcədə artıb.
Bununla yanaşı, korporativ proseslərin avtomatlaşdırılması, sistemlərarası inteqrasiyanın gücləndirilməsi, daxili daşımalarda tətbiqi və maliyyə proseslərinin rəqəmsallaşdırılması sahəsində işlər görülür.
Eyni zamanda, ADY süni intellekt texnologiyalarının tətbiqini araşdırır: lokomotivlərdə görüntü analizləri, dil modelləri ilə risk təhlili və insidentlərə operativ cavab sistemləri hazırlanır. Yeni təhlükəsizlik sistemləri gözlənilməz hallara çevik reaksiya verməyə imkan yaradacaq.
“Digital Workplace” layihəsi əməkdaşlar üçün məsafədən işləmə imkanları və müasir “Service Desk” xidmətlərini təmin edir. ADY eyni zamanda, ölkənin rəqəmsal imza sistemlərinə inteqrasiya olunaraq sənəd dövriyyəsində tam rəqəmsallaşmaya keçib.
Əməyin uçotu sahəsində isə “HR Payroll” sisteminin yenilənməsi nəticəsində maaş hesablamaları, iş vaxtı və hesabatlar daha effektiv və təhlükəsiz şəkildə aparılır. Bu tədbirlər ümumilikdə şirkətin rəqəmsal transformasiyasını sürətləndirir və əməliyyat səmərəliliyini artırır.
Bundan başqa, ofisi texnoloji yeniliklərə sürətli adaptasiya, komandalararası effektiv əməkdaşlıq və “Agile” metodlarının tətbiqi üçün ötən il ADY-nin ilk innovativ İT ofisi açılıb.

Sərnişinlərin rahatlığı və məmnunluğu naminə
Təbii ki, ADY-nin həyata keçirdiyi investisiyalar və işlər təkcə dəmir yolu infrastrukturunun inkişafına, beynəlxalq əməkdaşlığın inkişafına və müəyyən iqtisadi məqsədlərə nail olunmasına yönəlməyib. Rəqəmsallaşma sahəsində bütün səylərin əsas diqqəti ilk növbədə sərnişinə, onun rahatlığına və məmnunluğuna yönəlib. Bu sahədə ADY böyük həcmdə işlər görüb ki, bu da Azərbaycanda dəmir yollarının “ağıllı” olduğunu və beynəlxalq səviyyəyə tam cavab verdiyini deməyə imkan verir.

Xidmət keyfiyyətinin yüksəldilməsi
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2025-ci ilin aprelində yeni elektron xidmət portalı – portal.ady.az platformasını istifadəyə verib.
Bu rəqəmsal yenilik əməliyyatların səmərəliliyini artırmaq və xidmət keyfiyyətini yüksəltmək məqsədi daşıyır. Yeni portal vasitəsilə fiziki və hüquqi şəxslər 5 əsas istiqamət üzrə onlayn müraciət edə və müraciətlərin statusunu izləyə bilərlər. Belə ki, portalda elektron vətəndaş müraciətləri, vaqonların təmiri, vaqonların yuyulması, texniki şərtlərin verilməsi və layihələndirmə xidmətləri kimi istiqamətlər yel alıb.
Yeni sistem sayəsində kağız sənədləşmə və fiziki müraciət zərurəti aradan qalxıb. İstifadəçilər sadəcə qeydiyyatdan keçərək onlayn formada müraciət göndərə, cavabları şəxsi kabinetdən izləyə bilərlər.
Onu da əlavə etmək lazımdır ki, ADY-nin elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan “digital.login” ilə inteqrasiya olunub. Bu inteqrasiya istifadəçilərə portala daha tez, təhlükəsiz və rahat şəkildə giriş imkanı yaradır. Artıq vətəndaşlar portala daxil olmaq və xidmətlərdən istifadə etmək üçün mövcud identifikasiya vasitələrindən – SİMA İmza, Asan İmza, SİMA Token, şəxsiyyət nömrəsi və BSXM Elektron İmza vasitəsilə daxil ola bilirlər.
_1751278254.webp)
Yuxarıdakıları nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin həyata keçirdiyi rəqəmsal transformasiya strategiyası ölkənin nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində mühüm mərhələ təşkil edir. Dəhlizlərin rəqəmsallaşdırılması, əməliyyatların avtomatlaşdırılması, beynəlxalq inteqrasiyalar, sərnişinlər üçün tətbiq olunan innovasiyalar və daxili idarəetmənin təkmilləşdirilməsi ADY-ni regionun qabaqcıl nəqliyyat və logistika oyunçularından birinə çevirir.
Rəqəmsallaşma təkcə texnoloji yenilik deyil, həm də vətəndaş məmnuniyyəti, iqtisadi rəqabətlilik və davamlı inkişafın əsas alətidir. ADY-nin bu sahədə atdığı addımlar göstərir ki, şirkət yalnız bu günün deyil, gələcəyin dəmir yolu sistemini qurmaq niyyətindədir. Süni intellekt, biometrik həllər, rəqəmsal ofislər və çevik idarəetmə mexanizmləri sayəsində ADY həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə daha çevik, şəffaf və müasir bir struktur formalaşdırır.
Bütün bu proseslər, Azərbaycanın nəqliyyat sahəsindəki strateji mövqeyini daha da möhkəmləndirərək, onu Şərqlə Qərb, Şimalla Cənub arasında körpüyə çevirir. Rəqəmsal relslərlə irəliləyən bu yol, Azərbaycanın dayanıqlı və innovativ gələcəyinə aparan dəmir iradənin simvoludur.
Məqalə “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.


