Dövlət idarəçiliyində səmərəliliyin artırılması: Prezident İlham Əliyevin icra başçıları ilə görüşü zamanı strateji çıxışı ŞƏRH
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azerbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafı, yerli idarəetmənin səmərəliliyinin artırılması və dövlət siyasətinin bölgələrdə dəqiq icrasının təmin olunması istiqamətində apardığı islahatlar çərçivəsində icra başçılarının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Prezidentin yeni təyin olunmuş icra başçıları ilə görüşləri isə bu siyasətin mühüm tərkib hissəsi kimi çıxış edərək, həm dövlət rəhbərinin regionların inkişafına verdiyi prioriteti nümayiş etdirir, həm də yerli icra orqanlarının qarşısında duran vəzifələrin daha aydın şəkildə müəyyənləşdirilməsinə şərait yaradır. Bu görüşlər həm siyasi iradənin ifadəsi, həm də idarəetmədə şəffaflıq və məsuliyyətliliyin gücləndirilməsi baxımından diqqətəlayiqdir.
Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsinin və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıların qəbulu zamanı çıxış edərkən bir çox mühüm məqamlara toxunmuşdur.
Onlara göstərilən etimadı doğruldacaqlarından əminliyini bildirən Dövlət Başçısı qeyd edib ki, bölgələrə rəhbər vəzifələrə təyin edilən şəxslərə verilən tapşırıqlar onların əsas iş prinsipi olmalı, ilk növbədə, xalqa xidmət etməlidirlər.
“Rəhbər vəzifədə çalışan hər bir məmur təvazökar olmalı, özləri və yaxın qohumları cəmiyyətdə nümunəvi davranış nümayiş etdirməlidir. Bəzi hallarda özlərini cəmiyyətdə düzgün apara bilməyən, ifrat dərəcədə təkəbbürlülük göstərən məmurlar bununla həm öz nüfuzlarına xələl gətirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq” deyən Prezident İlham Əliyev onlardan tələbinin xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəkləri bölgələrdə öz fəaliyyətləri ilə seçiminin düzgün olduğunu sübut etməkdən ibarət olduğunu bildirib.
Azərbaycanın bölgələrində əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Bizim bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır. Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır, bir çox bölgələrdə kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir. Bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət müsbətə doğru dəyişir. Doqquz beynəlxalq hava limanı yenilənmiş, təmir edilmiş, yeni dəmir yolları, magistral avtomobil yolları çəkilmişdir. Bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində öz həllini tapıb.
Əsas prinsipin sosial ədalət prinsipi olduğunu vurğulayan dövlət başçımız bildirib ki, Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində ölkədəki xoşagəlməz vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.
Vaxtilə mərkəzdən qanunsuz tapşırıqlar verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir. Bu cür qanunsuz hərəkətləri icra edən yerlərdəki bəzi məmurların məcburiyyət qarşısında olduqlarından əminliyini ifadə edən cənab Prezident bildirib ki, bəzi hallarda bu qanunsuz əməllərin təməlində harınlamış, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Lakin sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq heç kim qanunsuz tapşırıq verməyəcək. Əks təqdirdə həmin adamlar haqqında ciddi tədbirlər görülməsi üçün bu barədə dövlət başçısına dərhal məlumat verilməsi yeni təyin edilmiş icra başçılarına tapşırıldı.
Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq bu gün bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi müxtəlif səbəblərdən hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun əsas səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Bölgələrin icra başçıları qarşısında qoyulan tələblərdən biri də iş yerlərinin yaradılmasına çalışmaları və iş adamlarına şərait yaratmaları, onlara dəstək vermələridir. Yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, həm də yerli istehsalı gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə atılmış bir çox önəmli addımlar daha da genişləndirilməlidir.
Vaxtilə Bakı şəhərində hökm sürən ekoloji fəlakətə qarşı aparılan mübarizə uğurla öz bəhrəsini verir. Ekoloji cəhətdən ən çirklənmiş şəhərlər hesab olunan Bakı və Sumqayıt artıq parklar şəhərləridir. Köhnəlmiş müəssisələr köçürüldü, neftlə çirklənmiş yerlər abadlaşdırıldı, parklar salındı, Qara şəhər Ağ şəhərə çevrildi.
Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir. Son illər ərzində insanların daha yaxşı yaşaması üçün görülmüş işlər nəticəsində bölgələrdə canlanma əyani şəkildə özünü biruzə verir. Hər bir məmur insanlara diqqət göstərməli, onların qayğıları ilə yaşamalı, bütün kəndləri bir-bir gəzib insanlarla təmasda olmalı, daim onların arasında olmalıdır.
Vəzifəyə təyin etdiyi bütün məmurlar qarşısında qoyduğu tələblərin bunlardan ibarət olduğunu qeyd edən Prezident İlham Əliyev bu yüksək etimadı öz səmərəli fəaliyyətləri ilə doğruldacaqlarından, xalqın rəğbətini qazanacaqlarından əmin olduğunu bildirib və onlara uğurlar arzulayıb.
Günay Məmmədli
YAP Yasamal rayonu “Moskva pr. 67” (ADSEA) ünvanı üzrə ərazi partiya təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 17 Noyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















