Dövlətlər sosial narazılığı iqtisadi alətlərlə müəyyən qədər idarə edə bilər, amma bu, həmişə müvəqqətidir
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına bildirib ki, qlobal bahalaşmanı tək bir səbəblə izah etmək çətindir: “Müharibələr xüsusən enerji, ərzaq və logistika zəncirlərinə birbaşa zərbə vuraraq qiymətləri sürətlə qaldırır, gözləntiləri pozur və riskləri artırır. Amma bu, adətən katalizatordur. Əsas zəmin illərlə yığılan iqtisadi səhvlərdən formalaşır. Uzun müddət həddən artıq ucuz pul siyasəti, məhsuldarlıq artımının zəifləməsi, borcun normallaşması əvəzinə ertələnməsi, təchizat zəncirlərinin həddən artıq optimallaşdırılıb dayanıqlılığın itirilməsi. Müharibə şoku bu zəiflikləri görünən edir və inflyasiyanı sürətləndirir, amma səbəblərlərin kökü daha dərindədir.
Faiz dərəcələrinin artırılması inflyasiyanı müəyyən mənada cilovlayır, çünki tələbi soyudur, kreditləşməni yavaşıdır və inflyasiya gözləntilərini nizamlayır. Lakin bu alət kobuddur. Təklif yönlü inflyasiya zamanı, yəni enerji, xammal və logistika problemləri əsas olduqda, faiz artımı qiymət artımını birbaşa həll etmir. Əksinə, investisiyanı və məşğulluğu zəiflədərək resessiya (iqtisadi tənəzzül) riskini artırır, borclu ev təsərrüfatları və bizneslər üzərində yükü ağırlaşdırır, maliyyə sabitliyi problemləri yarada bilər. Yəni qısa müddətdə fayda versə də, struktur problemlər paralel həll olunmasa yeni gərginliklər doğurur”.
Akif Nəsirli
İqtisadçının fikrincə, orta təbəqənin zəifləməsi uzunmüddətli siyasi riskləri ciddi şəkildə artırır: “Orta təbəqə sosial sabitliyin daşıyıcısıdır. Vergi bazasının əsas hissəsi, istehlakın dayanıqlı mənbəyi və institutlara inamın sütunu. Gəlirlərin sıxılması, sosial mobilliyin dayanması və gələcək gözləntilərin pisləşməsi populizmi gücləndirir, qütbləşməni artırır və qərarverməni radikallaşdırır. Bu proses təkcə seçki davranışına deyil, dövlətin islahat aparma qabiliyyətinə də zərbə vurur, çünki kompromis üçün sosial baza daralır”.
Akif Nəsirli qeyd edib ki, dövlətlər sosial narazılığı iqtisadi alətlərlə müəyyən qədər idarə edə bilər, amma bu, həmişə müvəqqətidir: “Subsidiyalar, transferlər, vergi güzəştləri və qiymət nəzarətləri qısa müddətdə ağrını azaldır, lakin fiskal yükü artırır və yanlış təşviqlər yarada bilər. Əgər məhsuldarlıq, təhsil, rəqabət, enerji təhlükəsizliyi və institusional keyfiyyət kimi əsas məsələlər həll olunmursa, bu alətlər yalnız vaxt qazandırır”.
Akif Nəsirli bildirib ki, davamlı həll üçün sosial siyasət ilə struktur islahatların balansı lazımdır: “Zəif qrupları qoruyarkən iqtisadiyyatı daha məhsuldar və ədalətli edən mexanizmlər qurulmalıdır. Əks halda iqtisadi alətlərlə narazılığı susdurmaq mümkün olsa da, onu aradan qaldırmaq mümkün olmur”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 29 Yanvar 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















