DTX nın unikal əməliyyatı Sosial şəbəkədə yazılanlar
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- DTX unikal əməliyyat həyata keçirib. 30 ildir bu sektordayam. Azərbaycanda darknetdə reallaşan bir cinayətin açılması, burada “məskunlaşan” kibercinayətkarın tutulması ilə bağlı hadisəni xatırlamıram.
Real dünyada cinayət yolu ilə əldə olunanların leqallaşdırılması üçün offshore şirkətlər və banklardan, müxtəlif əmlaklara yatırımlardan, sənət əsərləri alqı-satqısından, “çirkli kassalar”, qumarxanalar və landromatlatlardan istifadə olunur.
Rəqəmsal dünyada isə bu proses qlobal şəbəkənin darknet deyilən seqmentində həyata keçirilir. Yəni rəqəmsal dünyada oğurlanan nə varsa, burada satılır.
Dövlət və özəllərdən oğurlanan datalar, bank kartları, fərdi məlumatlar, prezidentlərdən tutmuş ən adi səviyyədək olan şəxslərin telefon nömrələrinin alqı-satqısı darknetdə həyata keçirilir. Ən peşəkar, ən bacarıqlı xakerlər burada “oturuşublar”. Xırda işlərlə məşğul olmurlar.
Alqı-satqı prosesi də elə qurulur ki, heç bir izi-tozu qalmır, adətən anonim şəbəkələrdən, anonim brouzerlərdən, kriptolardan istifadə olunur.
Dərhal qeyd edim ki, dünyada cəmi bir neçə ölkədə darknetdə baş verən cinayətlərin aşkara çıxarılması halları sahəsində təcrübə formalaşıb. Ən müasir kiber texnologiyalardan istifadə edilməklə bunlar həyata keçirilir.
İndi məlum olur ki, DTX bu istiqamətdə uğurlu bir əməliyyat keçirib.
Azərbaycanda ilk dəfə olaraq “darknet” üzərindən fəaliyyət göstərən kibercinayətkar qrup DTX tərəfindən ifşa olunub. Dəstə üzvləri hətta kritik hesab olunan qurumlara kiber hücumlar etməklə uzun müddət xeyli “iş” görə biliblərmiş.
Təsəvvür edirəm ki, onlarda kimlərlə və hansı qurumlarla bağlı hansı datalar ola bilərdi.
Xeyli sayda vətəndaşlarımızın şəxsi və maliyyə məlumatlarını ələ keçirmək üçün saxta saytlar, zərərli mobil tətbiqlər, spoofing zənglər (istənilən şəxsin telefon nömrəsini təqlid etməklə zəng etməyə imkan verən proqram) və phishing texnikaları vasitəsilə sistemli şəkildə fəaliyyət göstəriblər.
Bu səviyyədə gizli və texniki cəhətdən güclü qruplaşmanın aşkara çıxarılması sadəcə təsadüf və ya şikayət əsasında aşkarlanan bir hal ola bilməz.
Bunun ehtimalı sıfra bərabərdir. Darknetdə təsadüflər olmur.
Düşünmək olar ki , DTX kritik sektorun kiber təhlükəsizliyi ilə bağlı son illərdə əldə etdiyi səlahiyyətlərdən sonra kiber əməliyyat potensialını xeyli inkişaf etdirə bilib və artıq “görünməyən internet”ə də real müdaxilə edə bildiyini göstərir.
Aparılan əməliyyatın xarakterinə əsasən demək olar ki, qurum ciddi texniki, texnoloji resurslar və insan kapitalı formalaşdıra bilib.
İstisna etmirəm ki, beynəlxalq əməkdaşlıq da olmamış deyil.
DTX qaranlıq dünyada olan bu kibercinayətin izinə necə düşə bilib?
Əlbəttə, bir neçə versiya söyləmək olardı, amma düşünürəm ki, bu, bu yazının mövzusu deyil.
Hər bir cinayətkar hansısa izi buraxır, kiber dünyada da belədir.
Beləliklə, DTX bununla sübut etmiş oldu ki, darknetdə data bazarlığı, xüsusən də kritik qurumlar və “şəxslərlə” bağlı data bazarlığı da gizli qalmayacaq.
Çox təqdirəlayiqdir.
Və kibercinayətkarlar da bunun fərqində olmalıdırlar.
Burada daha bir incə məqam var.
Həbs edilən əsas fiqur - Nihad Hacıyev şübhəsiz ki, texniki-texnoloji cəhətdən yüksək hazırlıqlı bir gəncdir. Onun fəaliyyəti cinayət xarakterli olsa da, bu qədər kompleks texniki biliklərin zərər üçün deyil, ölkənin kiber müdafiəsi üçün istifadə olunması daha faydalı olardı. Bəlkə də belə gənclər üçün alternativ cəza və reabilitasiya mexanizmləri düşünməyə ehtiyac var. Yoxsa biz potensial “mühafizəçi”ni “kiber hücumçu” kimi itirəcəyik.
Çünki rəqəmsal təhlükələr də hər gün artır, amma bu təhlükələri zamanında anlayan və qarşısını alan kadrlar da çox azdır.
Elçin Rüstəmli, jurnalist:
- ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı mühüm bəyanat verəcəyini vəd edib. Daha əvvəl o, Prezident Putinin onları doladığını bildirib və Ukraynaya silahlar, xüsusən “Patriot” sistemlərinin veriləcəyi, habelə Konqresdə Rusiyaya qarşı ağır sanksiyaların qəbuluna “yaşıl işıq” yandıracağını istisna etməyib.
Kiyevdə belə gözləntilər var ki, Tramp Rusiyanın ABŞ-də dondurulmuş aktivlərini Ukraynanın silah ehtiyaclarına yönəldilməsinə razılıq verə, eyni zamanda prezident olduqdan bəri ilk dəfə Ukraynaya yeni silah partiyaların göndərilməsinə göstəriş verə bilər.
Bu mühüm bəyanat ərəfəsində NATO-nun baş katibi Rutte təcili Vaşinqtona uçur. Onu da xatırladım, Rusiya xarici işlər naziri Çində səfərdədir, o həmkarı Van İ ilə görüşüb və Çin rəsmisi bəyan edib ki, Pekin Rusiyanın Ukraynada məğlubiyyətinə imkan verməyəcək. Bu arada Çinin “tövsiyəsi” ilə Şimali Koreya Rusiyaya sursat axınını son dərəcə artırıb, Müharibə Tədqiqatları İnstitunun məlumatına görə, Rusiyanın Ukraynada istifadə etdiyi artilleriya mərmilərinin 40 faizini Şimali Koreya verir. Bu günə qədər 12 milyon top mərmisi göndərilib. Cənubi Koreya Kəşfiyyatının açıqlamasına görə, Kim Çen In Rusiyaya 30-35 min hərbçi göndərəcək, artıq onların bir hissəsi Ukraynada əməliyyat zonasındadır.
Hadisələr İrana qarşı 12 günlük müharibəyə siyasi, diplomatik, hərbi hazırlığı xatırladır, görək, onun müttəfiqi Rusiya ilə bağlı hansı addımlar atılacaq.
Sahib Alıyev, millət vəkili:
- Gələn ilin fevralında Yeni Kaledoniyada növbəti referendum keçiriləcək. Oradakı müstəqillik tərəfdarları (aborigen kanaklar) və əleyhdarları (gətirilmə fransızlar) arasında 10 günlük danışıqlardan sonra belə bir razılaşma əldə edilib. Əgər Paris əvvəlki referendumlarda olduğu kimi hoqqabazlığa əl atmasa, böyük ehtimalla, çoxluq müstəqilliyə səs verəcək və beləliklə, Fransa daxilində xüsusi statuslu Yeni Kaledoniya Dövləti yaradılacaq ki, onu digər ölkələr də tanıya bilər.
Əminəm ki, Yeni Kaledoniyanın müstəqilliyini ilk tanıyanlardan biri Azərbaycan olacaq. Çünki məhz Azərbaycanın yumşaq güc tətbiqi, Bakı Təşəbbüs Qrupunun dekolonizasiya və insan hüquqlarının qorunması yönündəki ardıcıl fəaliyyəti nəticəsində Fransa geri çəkilib.
Və belə görünür ki, kanakların ardınca neokolonializmdən əziyyət çəkən digər xalqlar da azadlıqlarına qovuşacaqlar.
Elxan Şahinoğlu, politoloq:
- Ermənistan Bəşər Əsədi seçdi və Suriyanı itirdi. Əsədi devirən Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa isə Azərbaycanı seçdi və qazandı. Azərbaycan Suriyaya qaz nəql edəcək, enerji və infrastruktur layihələrində iştirak edəcək. Azərbaycan Dəməşqlə Tel-Əviv arasındakı dialoqa ev sahibliyi etməklə Suriyanın təhlükəsizliyinə daha bir töhfə vermiş olacaq. Əhməd Əl Şaraanın Azərbaycana səfərdən geri qayıtdıqdan dərhal sonra Prezident İlham Əliyevə yazdığı məktubda belə bir cümlə var: “Dostluğumuz Qafqaz dağları qədər sarsılmaz qalsın”. Həqiqətən, qarşılıqlı maraqlar üzərində qurulan tərəfdaşlıq daimi olmalıdır. Rusiya ilə bu, alınmadı, çünki Kreml sözdə tərəfdaş adlandırdığı ölkələrin maraqlarını heçə sayır.
Mahir Xəttab, jurnalist:
- Jurnalistika peşə deyil, həyat tərzidir...
Jurnalistika böyük və zəhmətli peşədir. Bu sahədə uğur qazanmaq üçün sadəcə texniki biliklər kifayət etmir - bu peşəyə ürəklə bağlanmaq, onu sevmək, hətta bəzən “xəstəsi” olmaq lazımdır. Əks halda nə işləyə biləcəksən, nə də nəyəsə nail ola biləcəksən. Təəssüf ki, bu gün jurnalistikada olanların əksəriyyəti bu sahəyə ya təsadüfən, ya da başqa iş tapa bilmədikləri üçün gəliblər. Nəticədə isə ya özlərini ifadə edə bilmirlər, ya da gördükləri iş həm keyfiyyətsiz, həm də yararsız olur. Tapşırıqları yarı könüllə yerinə yetirirlər və ortaya çıxan məhsul da elə yarımçıq olur.
Bir dəfə həftə sonu idi. İrada İsak xanım zəng edib yeni açdığı jurnalistika məktəbinin reklam anonsunu səsləndirməyimi istədi. O zaman ondan dərs də alırdım, amma rayonda yaşadığımı bilmirdi. Mən də bunu ona demədim, çünki desəydim, gəlməyə icazə verməyəcəkdi. Dərhal “2-3 saata studiyada olaram” dedim və yola düşdüm. Axı mən o təklifə necə “yox” deyə bilərdim? 150-160 kilometr nədir ki... 400-500 kilometr olsaydı belə, yenə də gələcəkdim. Çünki bu sahəyə sevgim hər şeydən önəmli idi. O qədər yolu gəlib 1 dəqiqəlik səsləndirməni edib, gecə ilə rayona qayıtdım.
Sonra saytların birində çalışmağa başladım. Hər gün işə rayondan - Şirvandan və ya Sabirabaddan gəlib-gedirdim. Səhər tezdən çıxıb paytaxta gəlmək, axşam isə yorğun halda rayona qayıtmaq, əlbəttə, asan deyildi. Amma peşəmə olan sevgim və bağlılığım bu çətinliklərin hamısını unutdururdu.
Hər gün rayondan işə gəldiyimi isə o dövrdə heç kim bilmirdi. Hətta baş redaktora da deməmişdim - qorxurdum ki, rayonda yaşadığımı bilsə, işə götürməz. Amma bir gün təsadüfən bu məsələ aydın oldu. O, çox təəccübləndi və məni təqdir etdi. Elə həmin gün rəhbərliklə danışıb sabit maaş təyin elətdirdi.
O baş redaktor çox sərt, tələbkar idi (hamımızın tanıdığı biridir). Ən xırda səhvə görə bizi danlayır, ciddi iradlar bildirirdi. Bizə çətinliklər yaşadırdı, amma bütün bunlara dözür, onun peşəkarlığından öyrənməyə çalışırdıq. O vaxtlar bu sərt rəftara görə ondan bəlkə də zəhləm gedirdi, amma buna dözürdük, səsimiz çıxırdı. Çünki öyrənmək istəyirdik.
İndi isə bir çox gənc jurnalistə bir söz deyən kimi, dərhal “çestlərinə” dəyir. Tənqidə dözümləri yoxdur, tələbə və təcrübəyə açıq deyillər. Halbuki jurnalistika yalnız yazmaqla deyil, öyrənməklə, dəyişməklə, davamlı inkişafla mümkündür...
Fərid Pərdəşünas, texnobloger:
- Ətrafımda olan və münasibətim olduğu pullu adamların əksəriyyəti əlindəki pulu Bakıda evə yatırır. Məsələn, elə adam var ki, 20-30, hətta 40 evi var. Layihəyə qoymur, hər yerdən alır. Belə adamların sayı, sizə deyim, qətiyyən az deyil.
Adam var ki, az qala binanı alıb, qiymətini qaldırır. Bunun da nəticəsidir ki, “qara binalar” yaranır. Şirkətdən soruşursan, evlər bitib, amma axşam da baxırsan, ümumiyyətlə yaşayış yoxdur. Ağ şəhərdə də belə evlər çoxdur.
Hələ də azərbaycanlı investorlar daşa, quma yatırım edir. Sonra deyirik ki, ölkədə niyə startaplar inkişaf etmir. Etməz də.
Amma onları da qınamaq olmaz. Ölkədə hər dövrdə ən etibarlı yatırım elə mənzil olub. Amma indi qiymətlər elə həddə çıxıb ki, yaşayış üçün alan adama görə əlçətmaz olub. Bəs belə bir vəziyyətdə əmlək sektorunda balonun partlaması ola bilər? Məndən soruşsaz, yox. Çünki hələ indiyə qədər qiymət düşdüyünü görməmişəm.
Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru:
- Həyatda və qəbiristanlıqda yovşan iyi...
Şair Rüstəm Behrudinin “Məzarlıqda bitən yovşan” şeiri diqqətimi çəkdi. Şair yazır:
“Çox qəribədi... Gördüyüm bütün kənd məzarlıqlarında yovşan bitir.
Və bütün məzarlıqlardan yovşan qoxusu gəlir. Yovşan ətri hər yerdə hüzn, kədər və ayrılıq əlamətidir”.
Rüstəm Behrudinin şeiri yovşanı qəbiristanlıqla assosiasiya edir.
Çində isə bu möcüzəli bitki milyonlarla insanın həyatını xilas edib.
Çin əsrlər boyu milyonlarla insanın həyatına son qoyan malyariyaya qarşı mübarizə aparıb. Nəhayət, 2015-ci ildə ənənəvi tibbi üsullarla işləyən həkim Tu YuYu yovşandan aldığı ekstraktın köməyi ilə bu xəstələyin kökünü kəsə bildi. Onun aldığı möcüzəli dərman 1974-cü ildən tətbiq olunur. Bu kəşfinə görə ona 85 yaşında Fiziologiya və tibb üzrə Nobel mükafatı verildi. Ənənəvi tibbi üsullar hələ də öz təsirini itirməyib.
Qəbiristanlıqda yovşan görəndə onun həyat eliksiri olduğunu da yada salın.
Sabahınız xeyir...


