Dünya nəhənglərini qarşı qarşıya gətirən ərazi Yeni toqquşma burada olacaq
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Arktika sürətlə uzaq və kənar bir coğrafiyadan qlobal güc balanslarının yenidən formalaşdığı əsas strateji məkana çevrilir. Bu transformasiyanın mərkəzində isə seyrək əhalisi olsa da, yüksək geostrateji əhəmiyyətə malik Qrenlandiya dayanır. ABŞ-ın son açıqlamaları, Avropadan gələn etirazlar və NATO daxilində artan narahatlıqlar Arktika geosiyasətinin getdikcə daha mürəkkəb xarakter aldığını göstərir”.
Bu fikirləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadə deyib.
Politoloq bildirib ki, ABŞ-ın Qrenlandiya və bütövlükdə Arktikaya artan marağının səbəbi başqadır:
“Bu, birbaşa ərazi iddialarından daha çox, Rusiyanın və ya Çinin dominantlığı altında formalaşmadan əvvəl şimal təchizat və nəqliyyat zəncirlərinin gələcək arxitekturasına nəzarət etmək istəyi ilə bağlıdır.
Qrenlandiya Şimali Amerika ilə Avropa arasında yerləşir və Arktikadan Atlantik okeanına çıxışı təmin edən GIUK boşluğuna (Greenland–Iceland–UK gap) nəzarət edir. Bu dəhliz NATO üçün xüsusilə vacibdir, çünki sualtı qayıqların və hərbi gəmilərin hərəkətinin izlənməsi baxımından strateji əhəmiyyət daşıyır. ABŞ burada Pituffik Kosmik Bazası vasitəsilə erkən xəbərdarlıq, raketdən müdafiə və kosmik müşahidə imkanlarını təmin edir.
Digər mühüm amil təbii resurslardır. Buzlaqların əriməsi Qrenlandiyanın yeraltı ehtiyatlarını – nadir torpaq elementləri, müxtəlif minerallar və potensial enerji resurslarını daha əlçatan edir. Məhz bu faktorlar ərazini sadəcə uzaq bir ada deyil, Arktika təhlükəsizliyi və qlobal rəqabətin açar həlqəsinə çevirir”.
Politoloqun fikrincə, 2026-cı ilin əvvəlində Prezidenti Donald Trampın, “ABŞ-ın Qrenlandiyaya ehtiyacı var”, – sözləri bu mövzuda köhnə, lakin həssas müzakirələri yenidən gündəmə gətirdi:
“Bəyanatlar təhlükəsizlik prizmasından səsləndirilsə də, Danimarka və Avropada suverenliyə yönəlmiş dolayı təhdid kimi qəbul olundu.
Qrenlandiya hökuməti bu fikirləri açıq şəkildə rədd edərək beynəlxalq hüquqa və öz müqəddəratını təyinetmə prinsipinə hörmət tələb etdi. Danimarka isə Qrenlandiyanın “satış mövzusu” olmadığını vurğuladı, eyni zamanda ABŞ-la NATO çərçivəsində müdafiə əməkdaşlığının davam etdiyini bildirdi.
Rüstəm Tağızadə
NATO üzvü olan bir ölkənin ərazisi ilə bağlı bu cür iddiaların səsləndirilməsi alyans daxilində etimadı zədələyə bilər. Danimarka tərəfi də açıq şəkildə bəyan edib ki, belə ritorika Alyansın daxili birliyini risk altına qoya bilər.
Rusiya Arktikanı öz təhlükəsizlik perimetri kimi görür və son illərdə bölgədə hərbi mövcudluğunu ciddi şəkildə gücləndirib. Moskva ABŞ-ın Qrenlandiya ilə bağlı mövqeyini NATO-nun genişlənməsi və Qərbin təzyiq siyasətinin sübutu kimi təqdim edərək, bu arqumentdən daxili legitimasiya məqsədilə istifadə edir.
Çin isə özünü “Arktikaya yaxın dövlət” kimi göstərir və bölgədə ticarət marşrutları, resurslara çıxış və infrastruktur layihələri ilə maraqlanır. Qrenlandiyanın mineral ehtiyatları və Arktik dəniz yolları Pekinin uzunmüddətli strategiyasında xüsusi yer tutur. Bu amil ABŞ və Rusiyanın planlamasında Çini dolayı, lakin mühüm faktor kimi ön planda saxlayır”.
Politoloq deyib ki, əvvəllər Arktika əsasən əməkdaşlıq və regional razılaşmalar əsasında idarə olunurdu:
“Lakin artan geosiyasi rəqabət bölgəni sərt suverenlik və təhlükəsizlik mübarizəsi məkanına çevirir. Bu isə təkcə hərbi deyil, eyni zamanda iqlim diplomatiyası, yerli xalqların hüquqları və resursların istismarı baxımından da ciddi risklər yaradır.
Qrenlandiya ətrafında yaranan müzakirələr “Soyuq müharibə”dən sonrakı dövrünün geosiyasi düzəni üçün də mühüm sınaqdır. Arktika artıq XXI əsrin əsas geosiyasi teatrlarından birinə çevrilir. Burada ABŞ Qərbin strateji dərinliyini möhkəmləndirməyə çalışır, Rusiya şimal cinahını və yeni marşrutları qorumağa yönəlir, Çin iqtisadi və logistik imkanlarla bölgəyə daxil olmağa cəhd göstərir, Avropa isə suverenliklə Alyansın öhdəlikləri arasında tarazlıq axtarır.
Yaxın perspektivdə Qrenlandiyanın birbaşa münaqişə meydanına çevrilməsi ehtimalı yüksək olmasa da, onun ətrafında formalaşan strateji rəqabət Arktikanın gələcək onilliklərdə necə idarə olunacağını müəyyən edəcək”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 06 Yanvar 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















