DÜNYANI MƏHVƏRİNDƏN ÇIXMAĞA QOYMAYAN Rafael Hüseynov yazır
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rafael HÜSEYNOV
Akademik
Bu məktubların hərəsi neçə dəfə oxunub? Yüz dəfə, bir neçə yüz dəfə, min dəfə, ya daha çox? Daha kiçik rəqəmlərdən deyil, elə birbaşa yüz dəfə ona görə yazıram ki, o məktubların oxunmasının şahidlərindən biri - Mehdi Hüseynzadənin bacısı qızı Gülarə xanım söyləyirdi ki, anam mən uşaq olanda da o məktubları hər gün dəfələrlə oxuyurdu, böyüdüm, yekə qız oldum, yenə o məktublar qarşısındaydı, elə əvvəlki illərdəki kimi, ilk dəfə görürmüş kimi oxuyurdu, ana oldum, yaşa doldum, anam yenə o məktublarla idi və hər görəndə ki yenə dayımın məktublarını masanın üstündə sıralayıb, içəri girməyə, onu dindirməyə cürət etməzdik.
O məktubları oxuya-oxuya anası, bacıları, əzizləri neçə dəfə qəhərlərini udublar, neçə dəfə gözləri yaşarıb? Hər o gözlər yaşaranda, hər o qəhər udulanda, hər o məktublar oxunanda həmin məktublardakı anlar diriydi, təzədən dünənləri qaytarırdı və həmin dünənlərin içərisindəki o cavan da sağ-salamat, sabahlara ümidli idi.
Gün gəldi, o məktubları oxumaqdan doymayanlar bir-bir dünyadan getdilər. Hər gedənlə də həmin məktublardakı cavan da qocalmağa, vaxtca uzaqlaşmağa başladı.
İkinci Dünya müharibəsinin bitməsindən 80 il, Mehdinin həlak olmasından 81 il keçir.
Bacısının oğlu, babasının adını daşıyan, Mehdinin üzünü görməmiş, ancaq ailədəki söhbətlərdən onu elə görmüş kimi olan Hənifə qəzetlərdə qəhrəmanımız haqqında dərc edilən məqalələrimdən sonra mənə təşəkkür etməkçün zəng vurub, sözlərini deyə bilmir, doluxsunur. Bu doluxsunan o deyil, anasıdır, bibisidir, nənəsidir. Mehdinin adı çəkilincə duyğulananlar, kövrələnlər varsa, demək, o, hələ də lap yaxındadır.
...Bu məktublarda da Mehdi darıxır. Ancaq bu, müvəqqəti ayrılıqdır, Leninqraddadır, ali məktəbdə dərs alır, xarici dilləri öyrənir. Doğrudur, buraların havası ona düşmür, amma hələlik dözür, nə qəm, lazım gəlsə, görsə ki, daha tab gətirmir, müraciət edib institutdan instituta köçürülə, qaydıb oxumağını Bakıda da davam etdirə bilər.
Dostu, özünün görməyəcəyi gələcəyin tanınmış rəssamı, sənətşünası Mürsəl Nəcəfova yazır: "Mürsəl, mənə kitab göndər, qəzetə bük və 50 qəpiklik marka vurub mənim adresimə göndər. Bacar "Qoşmalar" olsun, özü də cildi zərli olsun".
Hələ həyat zər-zibalı, işıqla, rənglərlə doludur, sabahlarda ümidlər sayrışır.
Gözəlcə anlayır ki, əli-qolu bağlı deyil, yollar açıq, imkan olsa lap günü sabah Bakıya yola düşə bilər, ən azı bir qədər sonra qış tətili, ondan da bir neçə ay ötmüş yay dincəlişi başlanacaq, onsuz da buraxılacaqlar, asudəcə heç olmazsa qışda 10 gün, yayda 2 aylığa evə dönə biləcək. Ancaq doğmalarından ötrü burnunun ucu göynəyir: "Bibi, qadanı alım, səndən ötrü darıxıram. Əgər yanvarda gəlməsən, bağrım çatlar".
Həyat insana yaşada-yaşada, sınaqlardan keçirə-keçirə hər sıxıntıya sadəcə dözməyi deyil, alışmağı öyrədir. İnsan torpağın oğludur, əvvəli də, sonu da torpaqdır. Yəqin, elə bununçün də belə dözümlüdür.
El, torpağı dözümün son həddi sayanda, "daş olsaydım əriyərdim, torpaq idim dayandım" söyləyəndə elə düşüncəsində tutduğu bu mətləblər olub.
Bu məktublarında da Bakıda deyil. Amma hər halda Vətənə Leninqraddakından yaxındadır - Tbilisidədir. Əsgər gedib, artıq dəhşətli müharibə başlanıb və sanki qısa vaxtda Mehdi yaşından daha yaşlı olub. Tbilisidə top-tüfəngdən, dava qırğınlarından uzaqdadırsa da, o da lap yaxın zamanda həmin atəşlərin qoynuna atılmağa hazırlanır, hərbi əhatədə olduğundan vəziyyətin nə qədər böhranlı olduğunu yaxşı dərk etsə də, Bakıdakı əzizlərini ovundurur, ümidləndirir, hər şeyin yaxşı olacağına inandırmağa çalışır.
Bu, Mehdinin əsgər gedəndən bəri yazdığı ilk məktublardandır. Tbilisiyə çatan kimi tanışlar vasitəsilə Bakıya, evlərinə ünvanını da göndəribmiş, qısa məktublar da yollayıbmış. Deyəsən, məktubları gəlib çatmayıb, amma ünvanı ailəsinə xəbər veriblər. Məktubların çatmadığını ona görə ehtimal edirəm ki, Mehdidən gələn hər kağızı ailəsi illərcə qoruyub saxlayıb. Əldə olan ilk məktub 1941-ci il dekabrın 5-də yazılandır.
Aqşin Əlizadə dayısının əsgər gedən gününü də xatırlayırdı. Xırdaca uşaqmış, hələ heç 5 yaşı yoxmuş, ancaq açıq-aydın bir fotoşəkil kimi o anlar yaddaşına biryolluq həkk olunmuşdu. Anası Bikəxanım, xalası Hürriyyət, "Bibinənə" çağırdıqları Kəblə Meyransa, Aqşindən də 2 yaş kiçik olan bacısı Gülarə gediblərmiş Mehdini yola salmağa: "Mehdi dayımı ilk dəfə o vaxt şineldə gördüm. Elə bil boyu bir az da uzanmışdı. Amma üzü hafizəmdə kədərli qalıb".
Bəlkə Mehdi ona görə pərişanmış ki, məchul bir fəhmlə bu gedişin qayıdışsız olduğunu hiss edir, bir daha əzizləriylə görüşməyəcəyini öncədən görürmüş?!
Artıq altıncı aydır ki, sonu görünməyən dava gedir. Mehdi Tbilisidən yazır: "Qardaşım Əli, (Məşədi Əzizbəyovun kiçikoğlu, Mehdinin bacısı Bikəxanımın həyat yoldaşı - R.H) Aslan (Mehdinin bacısı Hürriyyətin əri - R.H.), bacım Bikə, Şura və anam, salam. Bu gün Bakıdan bir arayış aldım ki, sənə 50 manat pul yollanıb. Bu xəbər məni sevindirdi ki, adresimi sizə çatdırıblar və ya yazdığım kağızları almısınız. İkinci tərəfdən çox pis oldum ki, sizdən kim pul istəyir ki, mənə pul yola salmısınız. Olduqca ricam budur ki, mənə heç nə göndərməyiniz. Pulum var, heç şeyə də ehtiyacım yoxdur. Mənə belə gəlirdi ki, məni buraxacaqlar. Mən də pulumu xərcləməyib gözləyirdim ki, medkomissiya buraxsa, evə gələndə bir, ya iki kilo çay alıb gətirəm. İş belə oldu ki, medkomissiya buraxmır. Odur ki, puluma İranın "Setac" firmasının ülgücünü götürdüm və qalanını da xərclədim. Burada olduqca gözəl keçir. Şəhərdən müharibə iyi gəlməyir. Buraya gələnlər elə bil öz evlərindədir, heç orduya getməyib. O bizim vilayətlərdir tez boşaldı. Mən də axırı bu fikrə gəldim ki, "çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu". Dərsdə əla oxuyuram. Müharibəyə tezliklə yola düşürəm. Orada da görünməyən cəsurluq göstərəcəyəm. Məndən üz döndərməyin, hələ sağ ikən məni unutmayın. Yəni sizin məndən yaxşı adamınızmı var? Bu yaxında burada Xan, Zülfi çıxışda oldular. Mən səhər Seyidin (Xanəndə Seyid Şuşinski nəzərdə tutulur - R.H.) görüşünə getmişdim. Məndən rica etdi axşam gəl. Odur ki, mən də axşam bilet alıb onların konsertinə getdim. Olduqca razı qaldım. Yaman darıxıram. Burada bizi sıxmayırlar. Bizi günorta tiatroya aparırlar. Mən isə getmirəm. Dünən "Əsli və Kərəm"ə getdilər, yenə mən getmədim. Bu yaxında Xanımın qardaşı Abbası gördüm. Amma bizim məktəbin hansı sinfində oxuduğunu tapa bilmirəm. Hidayət (sonraların tanınmış ədəbiyyatşünas alimi Hidayət Əfəndiyev /1908-1979/. Onun zövcəsi Səfurə xanımla Mehdinin bacısı Bikəxanım rəfiqə idilər. Ailələrin yaxınlığı və dostluğu sonrakı onillərdə də davam etdi - R.H.) burada intendant dərsi oxuyur. Onun da yalanbaşdan adresini tapdım, kağız qoydum. Bu yaxında düzgün adresini taparam. Xəndana (Mehdinin məktublarındakı kimliyini hələ dəqiqləşdirə bilmədiyim adları ixtisara salmadım. Ailə üzvlərindən soruşsam da, dəqiq cavablar almaq mümkün olmadı. Köhnə nəsildən qalanlar olsaydı, heç olmazsa, Aqşin müəllim yaşasaydı, yəqin ki, anındaca cavab alardım. Amma hər halda Mehdigilin qohumlarından xahiş etmişəm ki, maraqlansınlar. Tbilisidə təmasda olduğu şəxslərin kimliyini müəyyənləşdirməkdə mənə kömək etsinlər - R.H.) kağız yazmışam, cavab yoxdur".
Müharibə davam edir, "qara kağız"lar da gəlir, düşmən də irəliləyir, faşistlər bir-birinin ardınca kəndləri, şəhərləri də zəbt edirlər. Amma buralar alovlu döyüş meydanlarından uzaqdadır. Vahimədən də əsər-əlamət yoxdur. Görünür, bu ucqarda heç davanın əsl dəhşəti nəhəng miqyaslarıyla hələ gərəyincə qavranılmır. Sanki Tbilisi, elə Mehdinin də yazdığı kimi, bir dinclik adasıdır. Konsertlər də verilir, tamaşalar da göstərilir, Mehdi Tbilisidə özünü elə Bakıdakı kimi hiss edir. Artıq 42-ci ildir, aprel ayının 22-si. Mehdi doğmalarına növbəti məktubunu yollayıb, elə özü də yol üstündədir: "Əziz anam, bacım, qardaşlarım! Salam. Söz yox ki, bu məktub sizə çatana qədər mən burada olmayacağam. Getdiyim vaxt və getdiyim yerdən tel (teleqram - R.H.) vuraram. Məndən nigaran qalmayın. Teli aldım. Əziz bacılarım və anam. Mənə belə gəlir ki, mən sizi görə biləcəyəm. Odur sizə yaxşı bəxşişlər almaq tədarükündəyəm. Əlbəttə, ala bilməsəm, indiyə qədər aldığım bəxşişlərlə gələcəyəm. Əgər mənə gəlmək mümkün olmasa, onda aldıqlarımı Səfurənin evində qoyaram ki, o, sizə versin. Bəlkə o sizə son yadigarım oldu, kim bilir?!
Nəşənin qədrini bilməzdi insan,
Qüssə olmasaydı, qəm olmasaydı.
Mənə kağız yazmayın, nigaran da qalmayın. Səfurəgilə də hərdənbir gedirəm. Adət üzrə bu xarabanı da əla qurtarıram (Tanıyanların hamısı təsdiqləyir ki, Mehdi çox zarafatcılmış. Elə burada da zarafatcıllığındaan qalmır. "Xaraba" dediyi də Tbilisidə keçdiyi hərbi kurslardır - R.H.).
Məndən özünüzə "salam" almaqla yalnız ürəyində olduğum və unutmayan dostlara çoxlu salam yetirin. Vəzifəm minaatandır, minomyot işi üzrə leytenantam.
Öpürəm, Mehdiniz".
"Mənə elə gəlir ki, sizi görəcəyəm" yazır, əzizlərini ümidləndirir ki, lap yaxın vaxtlarda görüşə də bilərik. Ancaq hər halda özünə hər kəsdən dah çox agahdır ki, yolu uzağadır.
"Öpürəm" yazır, amma ona daha heç vaxt istəklilərini qucaqlamaq, bağrına basmaq, elə gerçəkdən öpmək qismət deyil. Bundan belə yalnız qiyabi, uzaqdan-uzağa, elə məktublardakı öpüşlər olacaq.
Hələ şiddətli döyüşlər gedən cəbhələrdən uzaqdadır. Təhsilini, təlimlərini başa vurub, onu cəbhəyə sabah da göndərə bilərlər, bir neçə həftə sonra da. İstənilən halda lap az qalır.
Hələ ki Gürcüstandadır, hələ ki asudə məktublar yazmaq imkanı var, bunu qənimət sayır. Az sonra səsi cəbhədən gələcək, düzdür, oradan da məktublar göndərə biləcək. Ancaq həmin məktubların qarışıq xəttindən, Mehdinin daimi səliqəliliyinə tən gəlməyən nahamvarlığından, qırıqlığından elə vəziyyətinin, şəraitinin də nə qədər narahat olması seziləcək.
Hələ o nigaran günlərə həftələr, aylar qalır. Ancaq lap tezliklə cəbhəyə göndəriləcəyi də müəyyənləşib. Hələ ki Tbilisidədir, səliqəli xətti ilə Bakıya daha bir məktubunu yollayır: "5 may 1942-ci il. Əzizlərim, salam. Bu gün sizə tel vurdum. Artıq mənim adresim bəlli olmayınca kağız yazmayın. Ehtimal ki, Krım tərəfə yola düşdük. Yemək isə 4-5 günlüyə verilib. Deməli, səfərimiz çox da könülaçan tərəfə deyil. Nə etməli?! Tale yazanı pozmaq olmaz. Bunu el belə işarə edir:
Əzizinəm qalasız,
Şəhər olmaz qalasız.
Mən ki getməli oldum,
Siz sağlıqla qalasız.
Bu qala daşlı qala,
Torpağı daşlı qala.
Qorxuram cavan öləm,
Yar gözü yaşlı qala
Şeirlərimin bəzilərini Hidayətin evində qoydum.
Öpürəm, Mehdiniz".
Nəhayət ki, bir dəstə başqa kursant yoldaşı ilə bərabər Tbilisidən ayrılıb, lakin bura hələ cəbhə deyil, yolayrıcıdır. 1942-ci il may ayının 14-də Qaqradan yazır: "Əziz, mehriban anam və bacım, salam. Sağ və salamat gəlib Qaqraya çıxdım. Burada Qara dənizin sahilində gözəl mənzərəli bir yerdə əyləşib sizi unutmadığımı isbat etmək üçün sizə kağız yazıram. Kefim lap yaxşıdır. Burada qonağam. Kağız yazmayın. Çünki çatmaz. Ehtimal ki, 9-10 gündən sonra Krım tərəfə səyahət edəcəyik. Nə isə. Gələcəyi gələcək göstərər. Öpürəm sizi. Pul almalı olsa, anama deyin ki, ayıq olsun, onu aldatmasınlar. Mən 9 avqustdan oradayam. Bu hesabla 1000 manat edir. Uşaqları öpürəm. Aqşınıma, Gülarama, Svetlanama (Mehdinin bacısı Hürriyyətin qızı) salam. Mehdiniz".
İş elə gətirir ki, həmin gün daha bir məktub yazası olur. Mayın 14-də gəlib yetişir Stalinqrada. Elə çatan kimi də "birdən sonra yazmağa macal olmaz" gümanı ilə yazmağa başlayır. Bunu böyük bacısı Bikəxanıma yazır: "Qadasını aldığım anam əvəzi, salam. Bibiyə 400 manat pul göndərdim. Sizə üç kağız yazmışam ki, nigaran qalmayasız. Mənim doğru adresim sabah məlum olar. Bu haqda tel vuraram. Öpürəm Aqşını, Güllünü və Kamranı (Gülarə xanım söyləyirdi ki, Mehdinin anasının adı Güllüxanım olmuşdu. O, erkən vəfat etmişdi (bu, 1936-cı ildə olub) və Mehdi anasının adı dilində olsun deyə Gülarəni həmişə "Güllü" çağırarmış - R.H.). Çoxdan kağız yazmadığınız üçün mənim adresimi alan kimi mənə əvvəl ətraflı kağız yazınız. Unutma. Mehdiniz. Öpürəm.
Qıyya deyib orduya yola düşdüm".
Növbəti məktubu artıq barıt qoxulu olacaq. Tbilisidən yolladığı kağızları mürəkkəblə qələmə alardı, bunusa daha elə silah kimi həmişə üstündə gəzdirəcəyi qara karandaşla yazıb. Bu məktubda 1942-ci il iyunun 17-sidir: "Əziz anam, salam. Məndən hamıya çoxlu salam deyin. Top səsləri gurlayır. Mən qvardeyski leytenantam. Nigaran qalmayın (Burada bir-iki cümlə qaralanaraq pozulub. Özümü edib, ya bəlkə o vaxt hərbi hissələrdən çıxan məktublara nəzarət edənlər məxfilik xatirinə belə ediblər? - R.H.). Kağız yazın. Sağlıq və salamatlıqdır. Öpürəm".
...Mehdinin o məktubları ilə indi əlimdə tutduğum bu yazısı arasındakı vaxt üzdən baxanda sanki çox da deyil. Heç 2 il etmir. Ancaq bu 2 il 20 il qədər uzundur. Mehdinin bu yazısını da məktub saymaq olar. Ancaq bu bir parçanı əvvəllərdəki kimi Vətənə, evə, doğmalarına göndərməkçün yazmamışdı. Heç gedib ünvanına çatacağına əmin olsa da, bəlli səbəblərə görə doğmalarına çətinliklər yaratmamaqçün məktub göndərməzdi. İndi elə uzaqlardaydı ki, özü məktub olmaq, küləyə çevrilmək, yağışa dönmək, bir yarpaq kimi uçaraq Vətənə çatmaq arzusundaydı. İtaliyadadır, 1944-cü il aprelin 4-üdür:
"Mən bir sarı yarpaq olaydım,
Sabahın yelləri alaydı məni.
Aşıb başı qarlı hündür dağları
Vətən torpağına salaydı məni,
Sabahın yelləri alaydı məni!..
Əzizim ellər ayrısı,
Bülbüləm, güllər ayrısı.
Bir gününə dözməzdim, yar,
Olmuşam illər ayrısı".
Yəqin ki, bu sətirləri yazdıqca 4-5 il öncə hələ Leninqradda, Tbilisidə ikən, Bakıya o qədər yovuqkən doğmalarından ötrü o təhər uşaq kimi qəribsəməsi ona sadədillik kimi gəlirmiş...
...1957-58-ci illərdə Mehdi Hüseynzadəyə həsr edilmiş "Uzaq sahillərdə" filmi çəkilirdi. Dövlət Təhlükəsizlik Komitəsi bütün çəkiliş gedişində kinostudiyanın və çəkiliş qrupunun yanında olduğundan bir sözlərini iki eləyən yoxdu. Sovet İttifaqının müxtəlif kinostudiyalarına bağlı istənilən aktyoru dəvət etməklə əlaqədar, ən müxtəlif texniki təminat məsələləri dolayısınca, ən yaxşı bəstəkar, operator, rəssam dəvət etməkdə sorğu-sual yoxdu. Nəticədə filmin o cür uğurlu alınmasında bunun birbaşa təsiri olmuşdu. Təbii ki, çəkilişlərdə hərbi mütəxəssislərin də məsləhətlərinə ehtiyac duyulmuşdu, bunun həlli də çətin deyildi. Ancaq nisbətən asan həll olunmayası bir işbilən də umulurdu. Filmdə Mixaylonun da daxil olduğu partizan dəstəsinin gizli düşərgədəki günlərini əks etdirən səhnə də nəzərdə tutulurdu. Bu məqamda o işdən yetərincə başı çıxan adamı tapıb çəkilişə cəlb etmək nə rejissorun, nə kinostudiyanın gücü çatacaq məsələ idi. Bu müşkülün öhdəsindən gəlsə-gəlsə, elə Dövlət Təhlükəsizlik Komitəsi gələrdi.
Belə məqamda faydalı tövsiyələrini Mehdinin vaxtilə sıralarında olduğu partizanlar arasından birisi verə bilərdi. O cür adamların əksəri isə faşist həbs düşərgələrindən qaçıb qurtulandan sonra partizanlara qoşulanlar idi. Belələrininsə bir qismi müharibədən sağ çıxmışdısa belə, adlarının sovet təhlükəsizlik şəbəkəsinin "qara siyahı"larında olduğunu bildiyindən, qarşıdakı acınacaqlı aqibəti təsəvvür etdiyindən SSRİ-yə qayıtmamış, mühacirətdə qalmağı üstün tutmuşdu. Qayıdanlarısa hansı şəraitdə əsir düşməyindən asılı olmayaraq ya həbsə atmışdılar, ya sürgün etmişdiər.
Mənə nəsib oldu ki, Sloveniyada partizanların dağlarda düşərgə saldıqları meşələri də, qayalıqları da, sığındıqları mağaraları da gördüm və həmin yerlərdə neçəsi elə vaxtilə Mixaylo ilə birgə çarpışmış, indi də xüsusi günlərdə partizan geyimi əyinlərində olan qocalmaz cəsurlarla gəzib-dolaşdım (Faşizm üzərində böyük Qələbənin 80-ci ildönümündə yenə 2025-ci ilin 7 mayında Sloveniyada olacağam, yenə həyəcansız seyr etmək mümkünsüz olan həmin məkanlara qayıdacağam. 5 il qabaq - 2020-nin mayında da orada idim, hələ köhnə partizanlardan neçəsi Mixaylo abidəsinin ziyarətinə, Mixaylonun muzeyinin həndəvərindəki mitinqə toplaşmışdılar, bizimlə oradan dağlara da qalxdılar. Görəsən, bu səfərimdə onlardan hansınısa yenə görə biləcəyəmmi?
"Uzaq sahillərdə" filmində Mixaylo və silahdaşlarını kənar gözlərdən uzaq düşərgədə göstərən kadrlar var. Söz yox, hamısı aktyorlardır. Ancaq partizan rolu oynayan o qədər aktyorun arasında aktyorluq edən bir gerçək partizan da var - Cavad Həkimli. Əslən Ermənistandakı Noyemberyandan (əslində İncəsu, Barana) olan Cavad Həkimli o çəkilişlər əsnasında Gürcüstanda yaşayırdı və bu da sürgünün, dustaqlığın bir növü idi ki, onunçün ayrılmış kənddən qırağa çıxa bilməzdi. DTX onun Bakıya gəlişinin icazəsini həll etmişdi və partizanların gündəlik həyatı və fəaliyyətlərinin gerçək təfərrüatları ilə çəkiliş heyətini məlumatlandırmaqçün o, bir neçə aylığa Bakıya gətirilmişdi. Filmin rejissoru Tofiq Tağızadə də fürsətdən yararlanaraq tarix içində tarix yaratmağa müvəffəq olmuşdu, Cavad Həkimlini də partizanları düşərgədə nişan verən səhnədə "silahdaşlarıyla" birgə lentə almışdı.
Bu isə Cavad Həkimlinin Bakıya gəlməsi yasaq olduğu vaxtlarda Mehdinin bacısına göndərdiyi məktublardır. Sonra ilk girəvədə özü də gələcək, Mehdiyə görə qaibanə qəlbən bağlı olduğu bu ailəni ziyarət edəcək, Mehdidən qalan xırda-para yadigarları da bacısına çatdıracaq.
Ancaq özündən qabaq məktubu gəlmişdi və həmin məktubu Mehdinin doğmaları heç vəchlə həqiqət kimi qəbul etmək istəməmiş, qəbul etməmək bir yana, o məktubda yazılanları yaxına buraxmayaraq təxribat kimi qavramışdılar.
Necə yəni Mehdi əsir olub?
Necə yəni Mehdi həlak olub?
Bikəxanıma elə Mehdi kimi "bacım" müraciəti ilə başlayan Cavad Həkimli 1945-ci il avqustun 16-da belə yazırdı: "Mehriban bacı. Ən əvvəl səmimi qəlbdən sizin qohum-əqrəbanızı salamlayıram və xahiş edirəm, siz təəccüb edib bu məktubu yazan kimdir deyə çox da fikir etməyin. Məktubumun başlanğıcında sizə tanışlıq vermək istəyirəm. Mənim adım Cavad Həkimovdur, Gürcüstanın Borçalı rayonunda yaşayıram. Mən əsirlikdə və partizanlıqda sizin ən əziz və sevimli olan qardaşınız Hüseynzadə Mehdinin qardaşı olmuşam. İkimiz də əl-ələ verib, bir-birimizə qardaş deyib, bir yerdə çörək yeyib dolanırdıq. Bilirəm, bu xəbəri eşidən kimi çox ağlayacaqsınız. Amma nə etməli?! Sizdən də çox mənim ürəyim yanır. Olan işi və yaxud hadisəni qaytarmaq mümkün deyil. Çox əfsuslar olsun ki, mümkün olmadı sizinlə görüşəm ki, sizə qardaşınız Mehdinin barəsində bir neçə ətraflı məlumatlar verəm. Ona görə məcbur oluram məktub vasitəsilə sizə ürəkdən salam yetirim və qardaşımdan artıq istədiyim Mehdi qardaşımın başına gələn əhvalatdan bir neçə məlumat verəm. Bütün bunların sizi necə ağrıdacağı və nə qədər ürəyinizi üzəcəyi məlum bir məsələdir, bu, çətin və ağır bir xəbərdir. Noyabr ayının 2-də 1944-cü ildə Qoritsa (Sloveniya) şəhərinin yaxınlığında əziz qardaşım Mehdi öz vətən torpağında vəhşi alman faşistlərinə qarşı vuruşmada cavan canını qurban etdi. Mehdinin qanı nahaq yerə batmadı. Tək Mehdinin özü bir neçə yüz məlun alman faşistini məhv etdi. Hətta bizim cəngavər rus briqadası Mehdinin dəfnindən sonra bir neçə vuruşmada yüzlərlə vəhşi alman faşistini məhv etdi. Mərhum Mehdinin adı bütün Yuqoslaviyada məşhurdur. Bütün Sloveniya xalqı Mehdini "xalq qəhrəmanı" deyə adlandırır. Hətta Mehdinin gördüyü işlər barəsində vətənimizin mərkəzi şəhəri Moskva belə bilir. Bu yazdıqlarım nağıl deyil, həqiqətdir. Qardaşım Mehdinin gördüyü işlər, yəni düşmənə qarşı vuruşması barədə məndə çox dokumentlər, vəsiqələr vardır. Bu sənədlər qəhrəman Mehdinin igidliyini, yüzlərcə alman faşistini qırmağını təsdiq edir. Əzizim Mehdinin məndə bir neçə şeiri vardır. Əgər mümkün olarsa, özünüz istəsəniz, mənim yanıma gəlib o şeirləri ala bilərsiniz. Mən çox istərdim ki, sizinlə görüşəm. Amma mümkün deyil. Əgər sizlərdən bir nəfər gəlsə, Mehdinin gördüyü işlər, özü barədə məlumatları və dokumentləri verə bilərəm. Mehdinin dəfn olunması barədə heç bir fikir etməyin. Çünki onun tabutunu öz çiynimdə aparıb qanun-qayda ilə dəfn etmişik. Məktub ilə onun şəkillərindən birini göndərmək istəyirdim. Amma qorxdum ki, gəlib çatmaya. Sizdən çox xahiş edirəm ki, mümkün olsa, mənim yanıma bir nəfər göndərin, əmioğlu Ələkbəri, yaxud başqa bir adam. Məktubla hər bir şeyi yazmaq mümkün deyil. Bununla məktubu bitirib əllərinizi sıxıb ayrılıram. Sizin ailəni ən səmimi qəlbdən sevən qardaşınız Cavad Həkimli. Cavabı tezliklə gözləyirəm. Mənim yazdığım ikinci məktubumu da alacaqsınız. Mən hələlik gəlib müəyyən yerə çatmamışam. İkinci məktubumu alan kimi tez cavab verin".
Cavad Həkimli ona görə özü gələ bilmir, o səbəbdən "kimsə gəlib aparsın" deyir ki, gələ bilmir, gəlməsi yasaqdır.
Cavad əslən Ermənistandan idi. Noyemberyan rayonundan. Partizanlıq dövründə Mehdinin komandiri olmuşdu. Vətənə qayıdan kimi vaxtilə əsir düşdüyünə görə bütün SSRİ boyu yüzlərlə, minlərlə insanın başına gələnin ondan da yan keçməyəcəyini, dərhal nəzarətə götürüləcəyini təxmin etsə də, həbs düşərgəsindən qaçandan sonra Yuqoslaviyada faşistlərə qarşı mübarizədə göstərdiyi hünərlərin çoxlarına bəlli olduğunu fərz edərək ona fərqli yanaşılacağını düşünmüşdü. Ancaq belə olmamışdı. Qayıdan kimi onu da tutmuşdular, ancaq araşdırandan sonra nisbətən yumşaq yanaşmış, "vətən xaini" saydıqları kimi uzunmüddətli həbsə, ya Sibirə sürgünlə cəzalandırmamış, elə yaxına - Gürcüstana sürgün etməklə kifayətlənmişdilər. Ancaq əslində bunun özü də elə həbsin, hərəkət imkanının məhdudlaşdırılmasının daha bir şəkli idi. Təyin olunduğu rayon nədir, kənddən belə qırağa çıxmaq ixtiyarı yoxdu. Mehdinin bacısına ilk məktubunu göndərəndə hələ heç yeri-yurdu da sonacan dəqiqləşməyibmiş. Ona görə də təvəqqe edir ki, cavabı son təyinat məntəqəsinə gedib çatandan sonra bildirəcəyi ünvana göndərsinlər.
Cavad Həkimli yeni ünvanında yerləşəndən az sonra Bakıdan həsrətlə gözlədiyi məktubu alır və ləngimədən yenə qələmi götürür: "Hörmətli bacım Bikə! Sizin 25 sentyabr 1945-ci il tarixli məktubunuzu dekabrın 12-də 1945-ci ildə aldım. Mehriban bacı! Siz yazırsınız ki, mənim əziz qardaşım Mehdi barəsində verdiyim xəbərə sizlər o qədər də inanmayırsınız. Amma çox əfsuslar olsun ki, sizə yazdığım xəbərlər doğru və düzgündür. Mən əsirlikdə və partizanlıqda doğma qardaşdan artıq istədiyim qardaşım Mehdi ilə bir yerdə olmuşam. Mehdi ilə nə kimi işlər görmüşük, onun hamısını yazmağa kağız çatmaz. Ən ürəkdən sevdiyim mərhum qardaşım Mehdi bütün bizim hərbi hissələr arasında və yerli əhali içərisində qəhrəman oğul hesab olunur. Bunu söz ilə yox, bir neçə vərəqlərlə təsdiq etməliyəm və mərhum Mehdi qardaşın partizanlıqda düşmənə vurduğu zərbələr kimi şəxsən heç bir kəs o qədər zərbə vurmayıb. Azərbaycan əsgərləri arasında Mehdiyə bərabər qəhrəman hələlik olmayıb. Noyabr ayının 2-də 1944-cü ildə Qoritsa deyilən kəndin (Sloveniya) yaxınlığında 600 vəhşi alman soldatları onu mühasirəyə salmışdır. Bir neçə müddət vuruşandan sonra düşmən gülləsi əziz qardaş Mehdini əlimizdən almışdır. Düşmənin əlindən onun meyitini vuruşma ilə aldıq, onu noyabr ayının 19-da qanun-qayda ilə özüm dəfn etmişəm. Mehriban bacı! Səndən də çox mənim və Mehdini tanıyan yoldaşların ürəkləri yanır. Nə etmək? Olan olub. Daha onu qaytarmaq qeyri-mümkündür. Onun məndə bir neçə dokumentləri var. Amma indi onları poçta ilə göndərmək istəməyirəm. Çünki siz Yuqoslaviya dilindən Azərbaycan dilinə tərcümə edə bilməzsiniz. Ondan başqa, qorxuram ki, postada itər. Bu məktub ilə sizə Mehdinin bir neçə şəklini və şeirlərini də göndərirəm. Mehriban bacı. Əgər mümkün olub evə getməli olsam, mütləq sizə gələcəm. O zaman ətraflıca onun barəsində danışaram. Mehriban bacı! Bu məktubu alan kimi mənə tez cavab veriniz ki, bu məktubla sizə göndərdiyim şəkilləri aldınız və ya yox. Bağışlayınız, ətraflı olaraq yazmağa mümküniyyat olmadı. Məndən çoxlu salam sizə və anaya, Ələkbərə (Mehdinin əmisi Əlinin oğlu - R.H.).
Qardaşım Mehdi yatanda axşamlar bəzən söhbət edərdi Ələkbərin barəsində. Bununla məktubu bitirib sizə, sizin ailəyə artıq dərəcədə mütəəssir olaraq başsağlığı verirəm. Salamat qalın. Sizin qardaşınızı səmimi qəlbdən sevən qardaşınız Cavad. Cavabınızı gözləyirəm".
Cavad Həkimli təcrübəli adamdı, odlardan-alovlardan keçmişdi, kəşfiyyatçı olmuşdu, anlayırdı ki, Mehdinin ailəsi şəklənə, bu məktubun qurama olduğunu da düşünə bilər. Ona görə ikinci bir məktub da yollamışdı, birinci məktubunda yazdıqlarını bir də təkrarlayırdı. Amma belə görünür ki, Mehdinin doğmaları bu məktuba da etibar etməmişdi, hətta doğru saysalar belə, heç vəchlə bu həqiqəti ürəklərinə yaxın buraxmağa ürəkləri gəlməmişdi. Bakıdan, Mehdigildən gələn cavab məktublarında bir tərəfdən tərəddüdü hiss etdiyindən, digər tərəfdən də elə gerçəkdən qardaş kimi bağlandığı Mehdinin ailəsi ilə şəxsən görüşməkdən ötrü ilk imkanda bir dostunu da götürərək Bakıya gəlmiş, bir zamanlar Mehdinin özünün ona verdiyi ünvana - Qasım İsmayılov küçəsinə yollanmışdı.
Bu gənc insanların - Mehdi və silahdaşlarının ən çətin anlarda da əzmi və inamı itməmişdisə, onlar qarşılaşdıqları müdhiş qarşıdurmalarda sınmamış, sarsılmamış, bezməmişdilərsə, ruhdan düşməyərək gələcəyə qətiyyətlə baxmışdılarsa, ümidin hətta lap zəif işıqla sozaldığı nicatsız kimi görünən anlarda da daim qələbələrə can atmışdılarsa, bu, sadəcə gənclik qanıqaynarlığı deyildi.
Onları idarə edən qüvvə, qəlbən bağlandıqları, uğrunda ixtiyarsız bir fədakarlıqla hər cəfaya sinə gərməyə hazır olduqları dəyərlər vardı!
Ən başda Vətən və ailə!
Əslində bunlar ikisi də fəlsəfəsi ilə eyni dəyərlərdir.
Mahiyyətcə bir olan bu iki dəyərə sevgini yavrularına bağışlamağı bacaran millət və yurd heç zaman yenilməz!
Bu şeiri Mehdi 1943-cü ildə Almaniyada yazmışdı. Onda sadəcə Almaniyada deyildi, nasistlərin arasında idi - guya onlarla idi.
O anlarda da əslində harada olduğu isə bu misralarındadır:
Od tutub bədənim, yanır ürəyim,
Qovuşur varlığım eşqinlə, Vətən!
Bu uzaq ölkədə səni anıram,
Andıqca yanıram sevginlə, Vətən!
Doğuldum, böyüdüm, səndə boy atdım,
Günəşinlə durub, ayınla yatdım.
Qəlbimi eşqinlə, nurla boyatdım,
Məzara gedərəm səninlə, Vətən!
Kim deyər qəlbimdə kinim sönəcək?
Kim deyər ürəyim səndən dönəcək?
Ağlayan gözlərim, bil, sevinəcək,
Tarixlər dolanar səninlə, Vətən!
Eşitsin qoy məni yarım, yoldaşım,
İftixar eyləsin torpağım, daşım.
Adımı səsləsin qohum-qardaşım,
Qollarım güclüdür elimlə, Vətən!
...Cavad Həkimli qardaşa bərabər tutduğu Mehdini şücaətdə, göstərdiyi hünərlərə görə bütün tanıdığı partizanların arasında ən birinci sayırdı və bunu bütün nəsil iftixar etsin deyə qəhrəmanın bacısına hələ 1945-ci ildə xəbər verirdi.
Bunu ən əvvəl ona görə edirdi ki, özü az öncə KQB müstəntiqləri ilə üz-üzə olmuşdu, əsir düşdüyünə görə üzünə çırpılan ittihamlara cavab verməli olmuşdu. Anlayırdı ki, sabah Mehdinin ailəsinə də o əsirlik söhbəti hansısa sıxıntılar yaradar, əsl həqiqətlərdən bixəbər hansısa nadanlar bunu ailənin başına qaxa bilər. İstəyirdi ki, ən azı haçansa belə umulmaz söhbətlər ortaya çıxanda ailə bilsin ki, onların balası necə mərdmiş, necə əfsanəvi bir cəngavərmiş! Ən azı ürəkdə təsəlli tapsınlar.
1945-ci ildə Mehdi Hüseynzadənin qəhrəmanlığının hamıya elan ediləcəyi illər çox uzaqda idi.
O dövrdə hələ ki ailəsinin də xəbəri olmadan Dövlət Təhlükəsizlik Komitəsində Mehdiyə "vətən xaini" kimi cinayət işi açılmışdı. Çox da artıq həyatda olmadığını bilirdilər, qovluq yerində idi. Həmin sənədlərin arasında da yaxın ailə üzvləri haqqında məlumatlar.
Digər tərəfdən də, o məktubları göndərməsi, inadla Mehdinin ailəsi ilə görüşə tələsməsi, onun şücaətləri haqda ağız dolusu bəhs etməsi, Mehdinin bütün başqa partizanlardan daha qabil olmasını dönə-dönə vurğulaması Cavad Həkimlinin, o unudulmaz kişinin nəcibliyindən, insani təmizliyindən, pak mənəviyyat sahibi olmasından deyir.
Hər şey olub keçmişdi. Onlarla birgə döyüşmüş partizanların çoxunun da son saatı o qanlı çarpışmalarda çatmışdı. Cavad özü Mehdinin də daxil olduğu dəstəyə rəhbərlik etmişdi. Hünərləri öz adına da çıxa bilərdi, uğurların onun yaxşı təşkilatçılığı ilə bağlı olduğunu nağıl edərdi. Kim gəlib dilindən tutacaqdı? Bunu səbəbsiz yazmıram. Axı onların sabiq partizan yoldaşları arasında belələri də tapılmışdı. Həm də çox sonralar, artıq Mehdiyə rəsmən Sovet İttifaqı Qəhrəmanı adı veriləndən, haqqında kitab yazılıb, film çəkiləndən sonra. İddia etmişdi ki, Mehdiyə aid edilən o igidliklərin hamısı əslində mənim işimdir.
Odur ki, adama çıxılmaz kimi gələn girdablardan salamat qurtararaq ömrünü davam etdirən Cavad Həkimli kimi şəxsiyyətləri Allah Özü qoruyur, Pərvərdigar Özü onları şahid kimi sabahlarçün hifz edir. Cavad kişinin öz sözüdür, deyirmiş ki, mən və döyüşçü yoldaşlarım o illərdə ölümü bir yox, bir neçə dəfə görmüşük, bir yox, bir neçə dəfə ölüb-dirilmişik. Demək, o gedən dostlarımız da əslində ölməyib, onlarla mütləq yenə görüşəcəyik. Haqqı deməsəm, onların yanında üzüqara olaram.
Əziz Cavad əmi, dəyərli yurddaşım! Siz və sizin kimi uca insanlar bu millət və yurd, əslində insanlıq qarşısında həmişə üzüağsınız. Bu qatmaqarışıq, bu haqsızlıqları ədalətindən qat-qat çox dünyanı məhvərindən çıxmağa qoymayan elə sizin kimi dürüst, büllur saflıqlı, mərd kişilərin varlığıdır. Əlbəttə ki, həmişə varsınız! Bu cür pak ruhlar uçub getmir ki! Qalır və insanlara insanlıq dərslərini verməyi davam edir!
6 aprel 2025


