Icma.az
close
up
RU
Duyğu yaddaşından poetik meditasiyaya... Sevinc Mürvətqızı yazır

Duyğu yaddaşından poetik meditasiyaya... Sevinc Mürvətqızı yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sevinc MÜRVƏTQIZI

Yaddaş, xüsusilə də duyğu yaddaşı qəlbin toxunulmaz, mistik saxlancıdır. Bu mənəvi arxivdə bəzən elə məqamlar qoruna bilir ki, bir tanış ətir, bir doğma qoxu, bir təbii rayihə, bir nəfəslik melodiya, bir eşitməlik səs, bir öyrənilmiş toxunuş, bir qıyqacı baxışla bizi unudulmuş sandığımız hisslərlə bir anın içindəcə üz-üzə qoyar, heç uf da deməz... Zaman içində zaman çevrilməsi ilə hansı paraleldə necə duyğularla baş-başa qaldığımızın fərqinə varanadək mövsümlər də dəyişər, reallıq da...

Xalq şairi Rəsul Rzanın 1965-ci ildə yazdığı "Üç girdın arçan odunu, divar sobası və yuxu" şeiri duyğu yaddaşını (elə bəşəri yaddaşı da) oyadan modernist poeziya örnəyidir. Şeir elə adından başlayaraq duyğu yaddaşımı təxminən bir qərinəlik keçmişə - otuz il əvvələ atdı...

...Bizim tərəflərin qışı ilikdondurandı. Soyuq qış gecələrində mərhum atam sobamızın böyrünə gecədən mişarla bir boyda kəsilmiş, amma hissələrə doğranmamış nisbətən böyük odun parçalarını - girdınları yığardı. Yatmazdan əvvəl odun sobasına atdığımız üç girdın bəs edərdi səhərəcən bütün evi çölün soyuğundan qorumağa... O girdınların içərisində təsadüfən ya şam ağacından, ya da yabanı ardıcdan (arçan) da düşərdisə, səhərəcən evin istiliyinə burun qıcıqlandıran xoş ətri ilə məst edən yapışqanlı, meditativ mistik odun qoxusu da qarışardı. Ölənlərin sağ olduğu, gələcəklə bağlı elə yuxu kimi şirin xəyalların qurulduğu 30 il əvvəlki, amma həm də sanki min il əvvələ aid uşaqlıq keçmişim film kimi zehnimin ekranında göründü:

Qalan bir az kül,

bir də hərarəti 5 dərəcə qalxmış

termometrin civəsi...

Bu, hamımızın uşaqlığına aid güvən və etibar qoxuyan odun sobalı doğma, isti evin təsviridir. Bu istilik təkcə fiziki anlayış deyil, həm də mənəvi hərarətin ifadəsidir, çünki ardınca bütün duyğu orqanlarının yaddaşını bircə-bircə oyandıracaq... Ardınca da yaddaşın təqdim etdiyi rəngli, qoxulu, melodiyalı, dadlı hisslər buketi:

Bir də,

göz yaddaşımda

qırmızı zolaqlar

Bir də,

qulaq yaddaşımda

ocağın çırtıltısı

Bir də,

burun yaddaşımda

yapışqan qoxusu.

Bir də,

dil yaddaşımda

tüstü acısı...

O illərin uzaqlığında azmı zilləmişdik gözümüzü çırthaçırt yanan ocağın yaratdığı o sehrli qırmızı aləmə? Beynimiz bizlə oyun oynayaraq o qıpqırmızı alov dillərindən azmı mistik görüntülər yaratmışdı? O laylay kimi odun çırtıltısının sədaları altında gözümüzün qarasına hopan o qırmızılıqda, burnumuzdakı o xoş ağac yapışqanı qoxusu ilə əslində uşaqlıq cənnətinin lap içində yaşadığımızın da fərqində deyildik... Doğma evdəki hərarətdən canımızın isinməsini isə "barmaqucu yaddaşımda soyuğun yumşaq ölümü" adlandırmaq elə Rəsul Rza modernist təfəkkürünün misilsiz bədii bəhrəsi ola bilərdi. Bu misralarda duyğunun yaddaşa çevrilməsi və geriyə - yaddaşın yenidən duyğulara qaytarması şeirin bütün poetik tonunu müəyyənləşdirib. İlk baxışda adi görünən və eyni zamanda insanın ocaq başında qızınma kimi ilkin instinktini dirildən bu misralar oxucunu təkcə fərdi keçmişə deyil, bəşəri hafizə kodlarına da götürüb aparır.

Şeir adi bir epizodla - odun yandırmaq, divar sobası ilə evi isitmək və yuxuya getməyin təsviri ilə başlayır. Lakin bu sadə məişət aktı şairin yaddaşında və hissiyyatında çoxqatlı izlər buraxır: hisslər, görüntülər, qoxular, səslər, dadlar vasitəsilə keçmiş və indiki zamanın sərhədi ilğım kimi bir-birinə qarışır. Bu kiçik məişət hadisəsi ilə kainatın, insan yaddaşının və şüuraltının dərinliklərinə qədər yol görünür.

Şeirin əsas dayaq nöqtəsi yaddaşdır - lakin bu yaddaş adi xatirə deyil. Rəsul Rza yaddaşı beş duyğunun prizmasından keçirir: göz yaddaşı, qulaq yaddaşı, burun yaddaşı, dil yaddaşı və təmas (barmaqucu) yaddaşı. Beləcə, xatırladır ki, xatirələr sadəcə düşüncələrdə yox, bədənin hər nöqtəsində yaşayır. Sonra müəllif sanki xatirələrin müvəqqəti irrealığından reallığa - odunun, kibritin, qəzetin olduğu gündəlik həyata qayıdır:

Odunu odunçu gətirmişdi,

Kibrit keçən həftədən qalmışdı,

Çəkdim, qəzetin

dördüncü səhifəsi alışdı.

Ardınca fərdi xatirələrdən bəşəri hafizəyə, məişətdən dünyaya "poetik tunel" açılır:

Qara Konqo

qaraldı, qaraldı,

Vaşinqton

qıpqırmızı zehli göründü.

Bir qafiyə qaçdı

sətrin ortasına.

Qara çərçivəli elan

əyilib - bükülüb

tüstüdən keçib

qalxdı başa.

Qaraldı, bozardı,

partladı rezin şar kimi

"Yüzüncü tamaşa".

Burada - biri Afrikada, digəri ABŞ-da yerləşən Qara Konqo və Vaşinqton kimi iki fərqli məkanın birləşdirilməsi yəqin ki, həm coğrafi, həm sinfi, həm də ideoloji fərqi vurğulamaq məqsədi daşıyır. "Qara Konqo qaraldı, qaraldı" misrasında Afrika qitəsinin tarixi, sinfi təbəqələşmə, müharibə və səfalət kimi bəşəri mövzulara göndərmələr edilir. Bu, əslində, qara təbəqənin üzləşdiyi ədalətsizlikləri və yoxsulluğu simvolizə edir. Vaşinqtonun "qıpqırmızı zehli görün"məsi isə bütün siyasi "yanğınların" oradan körükləndiyinə incə bir işarədir bəlkə də?!. Qəzetin səhifələri yanır və dünyadakı hadisələr alovun içində vizual metafora kimi görünür gözümüzə. Yanan qəzet deyil, bəlkə də informasiya bolluğu ilə siləbəsilə yüklənmiş yaddaşımızdır.

Altmış il əvvəl yazılan bu şeir müasir dövrümüzə də sanballı göndərmədir. Çağdaş dövrümüzdə informasiya bolluğunun müvəqqəti və yanıb yox olan təbiətini bu simvolika yenidən bizə xatırladır. Burda diqqətimi "Qafiyənin sətrin ortasına qaçması" fikri xüsusilə cəlb edir, bu modernist sərbəst şeirlə sanki bilərəkdən ənənəvi poeziyanın struktur qaydalarına, formalarına qarşı çıxan şair obrazı yaradılıb.

Əcaib kölgələr yüyürüşüb

doluşdu otağın güncünə

Gözün əcaib naxışları

hopdu kərpiclərə

Divarlar çəkilmişdi geri

yenə irəli gəldilər

Qalan bir az kül oldu.

Ağ çarpayı da, ağ yastıq da,

ağ köynəkli yorğan da

yox oldu.

İşığın hökmü artanda qaranlıq yüyürüb künclərə atır özünü... Görünüşcə, divar sobasında adi bir qəzetin yanması, onun hər bir səhifəsindəki xəbərlərdən alovun dillərinin necə keçməsi verilib. Fəqət misraların dərin qatında bir dağılma baş verir, dualist dünyanın qara tərəfini görürük. Bu, bəlkə elə yaddaşın da zamanın hansısa yanma nöqtəsində qaranlığa gömülməsinin işarəsidir... Ya da bəlkə ekzistensialist böhranın yaradıcı ruhda yaratdığı psixoloji təlatümdür?

Divar qara!

Döşəmə qara!

Tavan qara!

Qara boya axdı kitablara...

Buracan duyğu yaddaşı hər şeyə hökmran idi, şair buracan şeirdə reallıqla xəyal arasında var-gəl eləsə də, daha çox reallıq şərtlərinə tabe olurdu. Bundan sonra isə beynin yuxu ilə oyanıqlıq arasındakı dalğası, elmi dillə ifadə etsək, theta dalğası aktivləşir, amma bədii dillə söyləsək, buradan o tərəfə şüurun da, təhtəlşüurun da, zehnin də, qəlbin də dərin poetik meditasiyası başlayır. Düşüncələr burada poeziya qiyafəsində zamanla məkan qatlarının bir-birinə qarışdığı mistik ruhi səfərə çıxır:

Soyunub girdim yuxuma

Axtardım, axtardım.

yuxumun yuvasını

Mən, ayaqlarım, iki gözüm!

Yuxuma bələdçilik edirdim özüm.

Gəzirdik dünyanı

Yuxuda yuxum gəlirdi,

yata bilmirdim.

Tarixi eposlarımızdan üzübəri "yuxu kiçik ölümdür" deyirlər. Burada "soyunub yuxuya girmək" metaforası bir tərəfdən gündəlik həyatın adi prosesi kimi görünsə də, digər tərəfdən klassik ədəbiyyat ənənələrimizdə yer alan öldükdən sonra Yaradanın hüzuruna hər şeydən arınıb üryan çıxmağı da xatırladır... Bir neçə illik şüuraltı meditasiya təcrübəmin verdiyi hissiyyata əsasən, şeirin bu hissəsində tamamilə dərin şüuraltı meditasiya gözəl bədii təsvirlə çatdırılır. "Yuxuma bələdçilik edirdim özüm, yuxuda yuxum gəlirdi" - gəlişigözəl misralar kimi seçilməyib, müasir spiritualizmdə də bu fenomen öz əksini tapıb. Bu cür nəzarət edilə bilən yuxular ezoterik ədəbiyyatda "lüsid röya" anlayışı kimi yer alıb. Və beyin dərin meditasiyada olanda bütün varlığı vahid olaraq qavrayır, bu zaman hər bir duyğu orqanına xas olan yaddaş bütövlükdə ruhun yaddaşı kimi çıxış edir. O məqamda bütün ruhunla duyğu yaddaşının tam təbii şəkildə yerdəyişmələrini hiss edirsən:

Göz yaddaşımda səslər:

zolaq-zolaq

Qulaq yaddaşımda mənzərələr:

ağappaq!

Dil yaddaşımda

hərarətin sakit ölümü!

Barmaqucu yaddaşımda

yapışqanlı havanın dadı?

Burun yaddaşımda

qaranlığın səsi!

Bəlkə də fərqinə varmayanlar üçün absurd görünən bu abstrakt lövhələr poeziyanın meditasiyasına dala bilənlərə son dərəcə mümkün və həyati təsir bağışlayır. Bu şeir təkcə duyğu yaddaşını yox, ruhun ortaq hafizəsini da oyadır: Məsələn, mən gözüm bağlı olanda səsləri "gördüyümü" də, qulağım bağlı ağappaq mənzərələri "eşitdiyimi" də xatırlayıram - yuxu ilə oyanıqlığın arasında... Bu şeirdəki yuxu motivi həm realdır, həm metaforik. Çünki özündə varolmanın nigaranlığını da ehtiva edir, hələ üstəlik, dillər əzbəri olan Quran ayəsinin mahiyyətini də yada salır: "İnsanlar yuxudadır, öləndə oyanacaqlar"...

Yuxuda ayıldım yuxudan

Beynimdə dünyanın nigaranlığı!

Milyon işıq ilinin

bir anlıq pərişanlığı!

Bu yuxudakı oyanış rahatlatmır, şeirin bu kosmik-fəlsəfi kulminasiya misraları ilə faniliyin bütün mənzərəsini göz önünə sərilir! Milyon illik zaman-məkan sonsuzluğunun içində bir anlıq pərişanlıq - yəni insanın acizliyi, varlıq qarşısındakı zəifliyi, qorxusu, müvəqqətiliyi və ağlasığmaz kosmik miqyasların içindəki tənhalığı lakonik bədii möhtəşəmliklə təqdim edilir. Yaradanın milyon işıq ili zamanından ayırıb bəxş etdiyi bir anlıq ömrümüzə ifrat qəliz mənalar yükləmədən hər anını sevinc və sevgi ilə yaşayaraq xatırlamalıyıq... Ki, ömür deyilən elə üç girdın arçan odununun divar sobasında yanması qədər davam edən yuxu içində yuxudur, bunu biləndə həyat daha yaşanmalı olur. Bütün bu poetik meditasiyanın məqsədi də əslində bu bəşəri olduğu qədər ilahi olan həqiqəti dərk və qəbul etmək, bununla barışmaqdır... Çünki bu ilahi sonluq əzəldən yazılıb - həyatda da, elə şeirdə də: Qalan bir az kül...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 19 May 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

06 İyul 2025 08:45see247

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see125

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see122

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see120

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see120

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see119

Azərbaycan Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı Əmirbəyov detalları açıqladı

06 İyul 2025 09:42see117

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see117

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see115

Enerjinizi tükədən səhər yeməkləri

07 İyul 2025 13:06see115

“Zenit” Juninyonun hücumdakı rəqibini heyətinə qatır

06 İyul 2025 12:57see114

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see114

Ucarda ağır qəza: üç nəfər...

06 İyul 2025 19:55see113

SEPAH iki əsgərini itirdi

06 İyul 2025 15:51see112

Yanvarın əvvəlində Sabah ın direktoru əlaqə saxladı və onunla bütün detalları müzakirə etdik

06 İyul 2025 22:12see112

Paşinyan “Hraparak”ı məhkəməyə verdi

06 İyul 2025 19:03see112

Azərbaycan millisindən ardıcıl ikinci məğlubiyyət

06 İyul 2025 22:12see111

Keyptaunda minlərlə sakin daşqın səbəbilə evsiz qalıb

06 İyul 2025 23:50see111

Peskov Makronu təriflədi: Onun Putinlə danışığı...

06 İyul 2025 17:56see110

Kişi yeməyini suyunu alırsa, daha nə istəyirsən?! Nardaran sakini müasir gəlinləri topa tutdu

06 İyul 2025 23:48see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri