Icma.az
close
up
RU
Duadan təslimiyyətə... Sevinc Mürvətqızı yazır

Duadan təslimiyyətə... Sevinc Mürvətqızı yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Sevinc MÜRVƏTQIZI

...Ömrün gündöyənində çarəsizlikdən nəfəsimiz kəsiləndə - sevgi ilə ümidin, qorxu ilə ehtiyacın ən saf anında əlimizi də, ürəyimizi də göyün Sahibinə açmışıq. İnanmışıq ki, dua sadəcə istəmək deyil, həm də Hakimi-Mütləq qarşısında öz acizliyinin səmimi etirafıdır. Ondan cavab almadığımıza, səsimizin eşidilmədiyinə bəşəri tərəfimiz inananda, dualarımız kimi, ruhumuzu da nagümanlığın qaranlıq labirintlərinə tapşırmışıq. Ruhumuz o dibsiz lağımdan çıxmağı bacaranda isə duadan daha ali mərhələyə qədəm basıb: Təslimiyyətə...

Təslimiyyət - səssiz razılıqdır, sorğu-sualsız qəbul etmə halıdır. "Niyə belə oldu?" sualını ürəyinin içindən çıxarıb yerinə "Onun hikmətinə inanıram" cümləsini yerləşdirməkdir. Təslimiyyət duanın cavabını gözləməkdən vaz keçmək deyil, hər cavabsızlığın içində gizli bir cavabın olduğunu duymaqdır. Təslimiyyətdə də istəyirsən, amma israr etmirsən... Duanı eşq məktubu kimi Yaradana yollayırsan və təslimiyyət içində bilirsən ki, o məktub ilahi məqamda mütləq oxunacaq... Duadan təslimiyyətə yol alanlar zahirən yenilmiş görünərlər, amma bu hal məğlubiyyət deyil, ən böyük ruhani zəfərdir. O, sevgidə də, həyatda da, inancda da azadlığın zirvəsidir. Təslimiyyətlə heç nəyi itirmədən, hər şeyi olduğu kimi qəbul etməkdir...

Dahi Məhəmməd Füzulidən böyük Mirzə Ələkbər Sabirə uzanan poetik yolçuluqda da bir çox məqamda məhz duadan təslimiyyətə keçidin sənətkarlıqla qələmə alınmış bədii təsvirləri var. Əlbəttə, Sabirin qəzəllərində klassik ənənələrdən bəhrələnmə baxımından Füzulinin irsi məxsusi rol oynayır. Ancaq Sabirin qəzəllərində Füzulidən bəhrələnmə sadəcə təsirlənmə və bənzərliklə məhdudlaşmayıb, bir çox hallarda məzmun və mahiyyətcə, eləcə də lirik-romantik üslubla ifadə edilən dərin mütəsəvvif mənası, bədii dəyərləri və incə ifadələrlə sələfinin mənəvi tamamlayıcısı rolunda çıxış edir.

Füzulinin

Mənim tək hiç kim zarü pərişan olmasın, ya Rəb!

Əsiri-dərdi-eşqü daği-hicran olmasın, ya Rəb!

beyti ilə başlayan qəzəli ilə Sabirin

İstəsən könlüm kimi zülfün pərişan olmasın,

Ol qədər cövr et mənə, ah etmək imkan olmasın!

mətləli qəzəli, mövzu və ifadə tərzinin "qohumluğu"ndan daha çox, bir-birini tamamlayan, dəstəkləyən "dostluğa" yaxındır. Məhz bu iki qəzəldə duadan təslimiyyətə keçidin misilsiz məna oturuşması heyranedicidir. Füzuli elə ilk beytdən Yaradana yönəltdiyi "ya Rəb!" xitablı səmimi duasında heç kəsin onun kimi pərişanlıq, iztirab, nigaranlıq içində - eşqə əsir olmamasını, qəlbinə hicran dağı çəkilməməsini ən dərin empatiya hissi ilə diləyir. Xələfi Sabir isə ilk beytdən incə bir lirizm və klassik eşq fəlsəfəsi ilə tam təslimiyyətə keçib: "Könlümün də saçların kimi dağılmamasını istəyirsənsə, mənə o qədər əzab ver ki, ah etməyə belə macalım qalmasın..." Şair sevgilinin eşqi qarşısında hətta özünü inkar etmə dərəcəsinə varan məhəbbət duyğusu ilə hazır dayanıb. Şikayət yoxdur, hətta məmnuniyyət və bu halıyla razılaşma var...

Füzulinin aşiq qəhrəmanının empatiya və mərhəmət hissi pikdədir:

Dəmadəm cövrlərdir çəkdigim birəhm bütlərdən,

Bu kafərlər əsiri bir müsəlman olmasın, ya Rəb!

Rəhmsiz gözəllərdən mütəmadi zülmlər gördüyünə görə heç bir müsəlmanın belə kafirlər əlində əsir olmamasını dua kimi Yaradana yollayır... Müsəlman üçün kafir zülmünə, fiziki və mənəvi işgəncəsinə məruz qalmaqdan daha ağır, daha iztirablı nə ola bilər ki? Sabirin qəhrəmanı isə qeyri-adi dözümlə "kafir" sevgilinin işgəncəsinin hər növünə çoxdan özünü hazırlayıb:

Dərdi-eşqin qəsdi-can etdisə, mən həm şakirəm,

İstərəm cismimdə dərd olsun, dəxi can olmasın!

Eşqin dərdi canına qəsd etsə də, buna şükür edir, hələ azmış kimi, cisminin büsbütün dərddən ibarət olmasına könlü çoxdan razılaşıb. Dərdlə bu cür barışmağın, eşqin kədərinə bu şəkildə yenilməyin qəlbə sirayətedici təsiri var... Bu beyt yolun başındaca çətinlikdən çəkinib geri qayıdanların yoxluğunu da xatırladır, canından imtina edəcək qədər sevə bilənlərin varlığını da...

Ardınca Füzuliyanə vird səslənir:

Görüb əndişeyi-qətlimdə ol mahi, budur virdim

Ki, bu əndişədən ol məh peşiman olmasın, ya Rəb!

Sevən öz "qatil" sevdiyinə müasir çağın diliylə desək, əsl Stokholm sindromu ilə bağlanıb: Sevgilinin onun qətlinə fərman verməsindən yaranan əndişəsinə görə Rəbbindən dilədiyi odur ki, bu əndişəyə görə o "qatil" peşman olmasın. Öz canından çoxdan imtina edib, təki ayüzlü sevgilini peşmanlıq bürüməsin. Öz canının öz gözündə sevgilinin peşmanlığı qədər qiyməti yoxdur! Bu duadan da ötədir - eşqin insanın gözünü kor etdiyi məqamdır...

Növbəti oxşar qarşılaşdırmada Füzuliyanə duanın Sabiranə təslimiyyətə keçidini mahiyyətcə "nöqtələyən" beytdə bədii zövqün klassik zirvəsində izləyirik:

Derlər, aşiqküş nigarım qətlimə amadədir,

Allah, Allah, bir səbəb qıl kim, peşiman olmasın!

Sabirdə artıq aşiqə hücum edəsi qatil nigar çoxdan hazırdır. Sabirin lirik qəhrəmanının duası da, təslimiyyəti də burda bir-biri ilə çulğaşıb qaynayıb-qarışıb. Allahdan tək təvəqqesi bu qətlə səbəb yaratmaqdır, sadəcə ona görə ki, qatil sonra etdiyindən peşman olmasın! Yaxud başqa məna pəncərəsindən baxsaq, bəlkə də qətlin sonradan gətirəcəyi peşmanlıq hissindən sevgilini hifz etmək üçün onu can almaqdan yayındırmaq diləyidir?.. Bütün hallarda Sabirdə də mövzu canının əldən getməsi deyil, sevgilinin hiss burulğanında peşmanlıq keçirməməsi arzusudur. Amma bu dəfə daha xəlqi dillə...

Füzulidə sevgilidən gələn hər müsibət nemət kimi qəbul edilir:

Çıxarmaq etsələr təndən, çəkib peykanın ol sərvin,

Çıxan olsun dili-məcruh, peykan olmasın, ya Rəb!

Sərvboylu gözəlin kirpiyinin oxlarından ürəyi də, vücudu da yaralar içindədir, amma o "oxlar" ən böyük təsəllidir, yaralanmış ruhu bədənindən çıxsın, amma Yaradan təki o "oxlara" toxunmasın! Füzulidə məna daha real ikən dilək daha məcazidir, birbaşa Rəbbiylə ünsiyyətdədir. Sabirin növbəti beytində isə mətləb daha sufiyanə ifadə olunsa da, dünyəvi mərtəbədə təbiblə həsbi-hal edir. Dərdinə dərman gəzərkən birdən-birə dərvişanə müdrikliklə anlayır ki, dərdi elə dərmanı imiş... Eşqin vəcd halı sufiyanə cəzbə sürükləyir, o məcnunanə əhvaldan çıxmaq istəmirsən:

Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib!

Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!

Ardınca Füzulinin Yaradanla mütləq ilahi razılaşması gəlir:

Demən kim, ədli yox, ya zülmü çox, hər hal ilə olsa,

Könül təxtinə ondan qeyri sultan olmasın, ya Rəb!

Ədaləti olmayıb zülmü ərşə dirənsə də, sevgilinin hər halına, hər davranışına razıdır, könül sarayında ancaq onun sultan olmasını çılğıncasına istəyir! Bu, dəlicəsinə sevilərkən eşqin hamımız tərəfindən arzulanan ən ali məqamıdır, çünki nə baş verirsə versin, burda tərk edilməkdən söhbət gedə bilməz.

Sabirdə isə sultanlıq məqamına dair beytdə təslimiyyətdən daha çox insani qısqanclıq hissi sezilir:

Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!

Əhrimənlər maliki-mülki-Süleyman olmasın!

Yadların (rəqiblərin) o pərinin həndəvərində dolanıb durmasını istəmir, çünki sevgilinin Süleyman mülkü qədər qiymətli varlığına şər sultanlıq edə bilməz. Beytdə qədim zərdüştilikdəki şər tanrısı Əhrimənin Süleymanla qarşılaşdırılması mifik-dini göndərmədən əlavə, sevgilinin bütün məxluqatın dilini, sirrini bilən peyğəmbəranə təsviri ilə onu göyün yeddinci qatına çıxarır. Çünki yaxşı bilir ki, Əhrimənlər nə anlar Süleymanın cazibəli hikmətindən?!.

Füzulidə mətləblər daha sufiyanədir, bəzən də Əzəli-Mütləq Yaradana bəslənən eşqin ifadəsi kimi önə çıxır. Bundandır ki, maddi dünyada içki məclislərinin qurulduğu yer kimi anlaşılsa da, sufi fəlsəfəsində Allaha bəslənilən ilahi sevgidən sərxoş olunan son məkan kimi məqtə beytə möhürlənib:

Füzuli buldu gənci-afiyət meyxanə küncündə,

Mübarək mülkdür, ol mülk viran olmasın, ya Rəb!

Yalnız o mübarək mülkdə - meyxanədə ilahi eşqin qoynunda dinclik tapıb ruhən aram olmaq mümkündür, duaların ən qutsalına o mülkün viran olmaqdan qorunması üçün Yaradanın qarşısında diz çöküb axıdılan göz yaşı şahidlik edir. O mülk viran olarsa, onda bəşəri səfillik başlayar... Bax, bu, sonda tam duadır!

Sabirin yekun beyti isə adına və isminin mahiyyətinə layiqdir, tam təslimiyyətdir:

Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz,

Hansı bir müşküldi kim, səbr ilə asan olmasın?!

Ümid varsa, dözülməz ayrılığa da tab gətirmək olar. Tək lazım olansa, səbirdir... Doğrudan da, səbirlə çözülməyən müşkül varmı? Ya elə, ya belə - hansısa yolla həllinə qovuşur hər müşkül! Beytdə "İnşirah" surəsinə xəfif bir göndərmə də dalana qısılan ümidimizi dirildir, qəlbimizi genişləndirir: "Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)

Füzulidə "ya Rəb!" kəlməsinin təkrarı ilə yaranan təvazökar, səmimi dua atmosferində Allaha təvəkkülün və ilahi rəhmətə inamın mükəmməl bədii təsviri təqdim edilib. Sabirdə isə dünyəvi mülahizələrlə təslimiyyət halı daha xəlqi dillə işlənib. Həm Füzulidə, həm Sabirdə dua ilə təslimiyyət ab-havasının beytlərdə növbəli yerdəyişməsinə rast gəlirik. Hər iki qəzəldə bəzi oxşar fikirlər və tematik paralellər mövcud olsa da, müəlliflər mövzuya fərqli yanaşıb. Hər iki qəzəl poetik və dramatik olaraq güclü təsirə malikdir, lakin üslubda fərqli baxış bucaqları və yanaşmalar mövcuddur.

Əslində, mənzərəyə bütöv baxılsa, fərqlilik və oxşarlıq nisbidir, tək bir həqiqət var: Füzulinin Yaradana yönələn səmimi duaları Sabirdə səbr və təslimiyyətlə qəbul olunub... İndiyədək nə olubsa olub, sonda bir dua da bizim könlümüzdən qopdu, olmayanı "OL"duran Yaradana pərvazlandı: Füzulinin "olmasın" dediyi nə varsa, olmasın, fəqət təslimiyyətlə yaşamağa Sabir səbri olsun, ya Rəb!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see213

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see202

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see173

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see168

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see158

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see155

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see151

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see143

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see142

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see137

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see134

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see133

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see131

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see130

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see128

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see122

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri