Əbədiyaşar liderə ümumxalq ehtiramı
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Adını hər zaman sevgi və qürurla çəkdiyimiz, əziz xatirəsini daim ehtiramla andığımız ümummilli lider Heydər Əliyev xalqımızın qəlbində əbədi yaşayır. Bu günlər Azərbaycanda müstəqil dövlətimizin memarı və qurucusunun əziz xatirəsinə həsr olunmuş anım mərasimlərində də bu barədə danışıldı, dahi şəxsiyyətin xalqının layiqli övladı olduğu qeyd olundu, onun Vətən və dövlət qarşısında ölçüyəgəlməz xidmətləri yada salındı.
Naxçıvan
Muxtar respublikada dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi anılıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları Ulu öndərin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər. Abidə önünə güllər qoyulub, Ümummilli liderin xatirəsi dərin ehtiramla yad olunub.
Dahi şəxsiyyətin əziz xatirəsi Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın bütün rayonlarında da anılıb. İcra hakimiyyətlərinin, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, sakinlər Ulu öndərin rayon mərkəzlərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
***
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Babək rayonu ərazisində ayrılmış 1 hektarlıq sahədə keçirilən aksiyada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri, eləcə də ekokönüllülər iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə quraqlığa davamlı və yerli iqlim şəraitinə uyğun 1800 üzüm tənəyi əkilib. Yeni salınan yaşıllıq sahəsində damcı suvarma sistemi qurulub. Həmçinin Uzunoba su anbarı ətrafındakı badam bağında 600 yeni ting əkilib.
Gəncə
Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 22 il ötür. Bununla əlaqədar olaraq, ulu öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət olunub.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri, şəhid anaları, qazilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Qeyd edək ki, gün ərzində abidə önünə minlərlə şəhər sakini gəlmiş, böyük şəxsiyyətə öz dərin ehtiramlarını bildirmiş, gül dəstələri düzmüşlər.
Sumqayıt
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, vəkilləri ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsini ziyarət edərək, abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra vurğulanıb ki, Azərbaycanın ictimai-siyasi, iqtisadi və elmi-mədəni həyatında elə bir istiqamət yoxdur ki, xalqımızın dahi oğlu Heydər Əliyevin uzaqgörən siyasətinin, müdrik liderliyinin və misilsiz quruculuq fəaliyyətinin izləri görünməsin. Ölkənin formalaşması və inkişafında böyük əhəmiyyət kəsb edən hər bir layihədə Ulu öndərin düşünülmüş strategiyası, dövlətçilik fədakarlığı və xalqına sonsuz sevgisi özünü aydın şəkildə göstərir.
Bu gün inkişafının yeni mərhələsinə qədəm qoyan Sumqayıtın simasında aparılan genişmiqyaslı sənaye quruculuğu, müasir sənaye parkının yaradılması, yeni ixracyönümlü müəssisələrin inşası, sosial infrastruktur layihələrinin ardıcıl şəkildə həyata keçirilməsi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji iqtisadi və siyasi kursun bəhrələridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan islahatlar, şəhərin inkişafına yönəlmiş kompleks tədbirlər Sumqayıtın sürətli tərəqqisini təmin edib.
Lənkəran
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində “Sən elə bir zirvəsən!” adlı foto-sərgi və “Gənclərin inkişafında Heydər Əliyev irsinin rolu” mövzusunda forum keçirilib. Tədbir iştirakçıları əvvəl Ulu öndərin şəhərin mərkəzi meydanında əzəmətli abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Forumda xalqımızın əbədiyaşar liderinin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Dövlət Himni səsləndirilib.
Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli liderin Azərbaycan tarixində müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, dahi rəhbərin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində ölkəmizin müstəqilliyi, dövlətçiliyi möhkəmləndirilib. Əsası ümummilli lider tərəfindən qoyulan müstəqil, müasir Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə dayanıqlı və sürətlə inkişaf edir.
Milli Məclisin üzvü Fariz İsmayılzadə bildirib ki, dünya şöhrətli görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biridir, onun dövlətçilik təfəkkürü, siyasi iradəsi, xalqına olan sonsuz sevgisi hər bir azərbaycanlı, xüsusilə də gənclərimiz üçün əvəzsiz örnəkdir.
Qazax
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda keçirilən mərasimdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, partiya veteranları, KİV nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov mərasim iştirakçıları ilə birlikdə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıb. Tədbir iştirakçıları daha sonra Ümummilli liderin adını daşıyan mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.
Balakən
Ulu öndər Heydər Əliyevin xatirəsi rayonda böyük ehtiram və minnətdarlıq hissi ilə yad edilib. Dahi şəxsiyyətin anım günü ilə bağlı rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, rayon icra hakimiyyəti başçısı aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları Ulu öndərin abidəsini ziyarət ediblər. Ümummilli liderin abidəsi önünə tər çiçəklər düzülüb, əziz və unudulmaz xatirəsinə ehtiram ifadə olunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin hörmət əlaməti olaraq Şəhidlər xiyabanı ziyarət edilib.
Daha sonra ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar “Dövlət və xalq üçün yaşanan ömür” mövzusunda konfrans keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Balakən Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev çıxışında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Ömrünü öz xalqına həsr edən ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb.
Konfransın sonunda ulu öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib. Sonra Ümummilli liderin anım günü ilə əlaqədar ehsan mərasimi təşkil olunub.
Mingəçevir
Şəhərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Şəhər icra hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların, şəhər ictimaiyyətinin nümayəndələri, sakinlər Ulu öndərin şəhərdə ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Vətənini, xalqını sonsuz məhəbbətlə sevən ulu öndər Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı bildirilib.
Ağdam
Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar rayon sakinləri Quzanlı qəsəbəsinin mərkəzi meydanına gələrək, dahi rəhbərin abidəsini ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri böyük siyasi xadim Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyublar.
Xocalı
Rayonun Ballıca kəndində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı ərazidə badam, şam və digər müxtəlif növ 220 ağac əkilib.
Aksiyada Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli, xüsusi nümayəndəliyin və xidmətin əməkdaşları, yerli sakinlər və Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin sədri Sərxan Həşimov, Memorialın baş hakim Rauf Hacılı, Vüqar Həşimov Fondunun direktoru Anar Allahverdiyev də iştirak ediblər. Əkilən ağaclara ilkin qulluq göstərilib, suvarma işləri həyata keçirilib.
Tədbir Heydər Əliyevin yaşıllaşdırma və təbiətin qorunması sahəsində formalaşdırdığı dövlət siyasətinə hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirilib.
Tərtər
Rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, ziyalılar, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, gənclər, ictimaiyyət nümayəndələri dahi rəhbər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər. Sonra mərasim iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-stendlərlə tanış olublar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və YAP rayon təşkilatının sədri Eldar Əsədov mərasimdə ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb, dahi şəxsiyyətin fəaliyyətinin yalnız bir dövrün deyil, bütövlükdə müasir respublikamızın inkişaf konsepsiyasının əsasını təşkil etdiyini vurğulayıblar.
Şəmkir
Rayon icra kakimiyyətinin başçısı Rəşad Tağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilat nümayəndələri, eləcə də rayon ictimaiyyəti ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Ümummilli liderin anım günü ilə əlaqədar rayon ictimaiyyəti üçün ehsan süfrəsi təşkil olunub.
Mərasimdə çıxış edən icra kakimiyyətinin başçısı bildirib ki, Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə göstərdiyi misilsiz xidmətlər, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi sahəsində atdığı addımlar xalq tərəfindən daim dərin minnətdarlıqla xatırlanır.
Rəşad Tağıyev vurğulayıb ki, dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhz bu siyasət nəticəsində Azərbaycan öz tarixinin ən şərəfli dövrünü yaşayır.
Çıxış edən digər natiqlər Ulu öndərin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələrdən bəhs ediblər. Bildirilib ki, Ümummilli lider fəaliyyətinin bütün mərhələlərində ölkənin inkişafı, milli maraqların qorunması və milli-mənəvi dəyərlərin yaşadılması naminə misilsiz işlər görüb.
Göyçay
Ölkəmizin inkişaf yoluna, dövlətçilik təməllərinin möhkəmlənməsinə və müstəqilliyimizin əbədiliyinə ömrünü həsr etmiş böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyevin xatirəsi Göyçayda böyük ehtiram və minnətdarlıq hissi ilə yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, rayonun məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, dövlət qurumları, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri Ulu öndərin abidəsini ziyarət ediblər. Ümummilli liderin abidəsinin önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Samux
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı rayonda anım mərasimi keçirilib. Rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, sakinlər Ulu öndərin şəhərdə ucalan abidəsini ziyarət edərək, əziz xatirəsini böyük ehtiramla anıblar.
Mərasimdə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsində müstəsna tarixi xidmətlərindən bəhs olunub. Ölkəmizin uzunmüddətli inkişaf strategiyasının banisi olan Heydər Əliyevin siyasi xəttinin bu gün də uğurla davam etdirildiyi, regionların sosial-iqtisadi yüksəlişində həmin xəttin həlledici rol oynadığı qeyd edilib.
Anım mərasimi ilə əlaqədar Samux rayonunda ağacəkmə aksiyası da keçirilib. Samux-Kür yolunda rayonun iqlim şəraitinə uyğun 300 ədədə yaxın həmişəyaşıl ağac tingi əkilib.
Zaqatala
Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü Zaqatalada böyük ehtiramla anılıb. Ulu öndərin şəhərin Heydər Parkında ucalan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Sonra rayondakı Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Azərbaycan Konstitusiyasının banisidir” mövzusunda elmi-praktik konfrans keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Ulu öndərin xatirəsinə həsr edilmiş film nümayiş olunub.
Konfransda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən Ümummilli liderin əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, xalqı və dövləti qarşısındakı misilsiz tarixi xidmətləri ilə əbədiyyət qazanmış görkəmli dövlət xadimi Heydər Əliyev həm də dünya miqyasında XX əsrin qüdrətli liderlərindən biri kimi qəbul olunur.
Konfransda Milli Məclisin deputatı Asif Əsgərov, rayon prokuroru Qabil Səfərov, YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov və Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov çıxış edərək, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı söz açıblar.
Şirvan
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü Şirvan şəhərində ehtiramla qeyd olunub. İcra hakimiyyətinin başçısı İlqar Abbasov, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəsissələrin rəhbərləri, şəhid ailəsi üzvləri və müharibə iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Həmçinin Şirvan şəhərində yerləşən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri gün ərzində şəhərin mərkəzi meydanınında ucalan ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək unudulmaz xatirəsinə ehtiramlarını bildiriblər.
Salyan
Ümummilli lider Heydər Əliyevin xatirəsi Salyan rayonunda da dərin ehtiramla yad edilib. Sübh tezdən RİH başçısı Rüstəm Xəlilov, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, “N” saylı hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri Ulu öndərin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Daha sonra anım günü ilə əlaqədar mərasim salonunda ehsan süfrəsi təşkil olunub. Orada da Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub. Mərasimdə rayon rəhbəri R.Xəlilov çıxış edərək bütün həyatını və fəaliyyətini xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıb, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini vurğulayıb.
Şamaxı
Şamaxıda müasir Azərbaycan dövlətinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq-mühafizə strukturlarının, eləcə də müvafiq idarə, müəssisə və təşkilat kollektivlərinin məsul şəxsləri və ictimaiyyət nümayəndələri Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək onun əziz xatirəsi ehtiramla yad ediblər.
Şamaxı Mədəniyyət Mərkəzində təşkil olunmuş anım tədbirində öncə Ümummilli liderin həyatı və fəaliyyəti barədə “Geosiyasi Kod” adlı film nümayiş olunub.
Daha sonra çıxış edənlər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı bütün varlığı ilə vətəninə, xalqına bağlı olan böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qurulmasında, xalqımızın əmin-amanlığının təmin edilməsində və milli-mənəvi dəyərlərimizin qorunmasındakı əvəzsiz xidmətlərindən geniş söhbət açıblar.
Hazırladılar:
Vaqif BİNYATOĞLU,
İlqar HƏSƏNOV,
Hamlet QASIMOV
XQ
Baxış sayı:55
Bu xəbər 13 Dekabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















