Icma.az
close
up
RU
Ədəbiyyatın qeyri peşəkar Peşəkarı Aydın Qacar

Ədəbiyyatın qeyri peşəkar Peşəkarı Aydın Qacar

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Adilə NƏZƏROVA
Filologiya üzrə fəlsəfə doktoru

Bəzən ədəbiyyata ömrünü həsr edənlərdən çox, ona ömrünü qarışdıranlar iz salır. Aydın Qacar da belə adamlardandır - peşəkar ədəbiyyatçı deyil, amma ədəbiyyatın içində, onun nəfəsini daşıyaraq yaşayan bir qələm sahibidir. Onun yazılarında sənət iddiasından çox, sənət hissi var; "yaratmaq" ehtirasından çox, "yaşatmaq" qayəsi görünür. Elə buna görə də, o, ədəbiyyatın qeyri-peşəkar Peşəkarıdır - tituldan yox, ruhdan güc alan, sözdən mövqe yox, mənəvi dayaq quran biridir.

Aydın Qacarın yazılarını bir janra aid etmək çətin olar, çünki o, yazılarında bir neçə üslub qatını eyni anda işlədir. Şəxsi müşahidə və təcrübələrdən doğan, faktiki həyat materialı olan yazılarını - Xatirə, tarixi-mədəni hadisələrin içindən keçən, özünün də şahid olduğu, bilavasitə yaşadığı mətnlərini - Memuar, fərdi düşüncə, fəlsəfi ümumiləşdirmə və subyektiv baxışını təqdim edən bədii mətnlərini - Esse adlandırmaq olar. Bunları ümümiləşdirərək onun yazılarına ən yaxın anlayış "bədii-publisistik esse-oçerk"dir.

Aydın Qacarın üslubu kənd bulağından su içmək kimidir: şəffaf, sərin, amma dərinliyində daşların sərtliyi, yosunların qədimliyi gizlidir. Sözləri bircə oxunuşda əzbərlənəcək qədər sadə, amma üzərində düşündükcə yeni qatlarını açacaq qədər mürəkkəbdir. Hər sətirdə bir az etnoqraf, bir az tarixçi, bir az da həyatın özünə çevrilmiş bir qələm adamının nəfəsi duyulur. O, mətnlərində həm kövrəkliyi, həm də cəsarəti eyni anda yaşadır.

Bu günlərdə feysbuk səhifəmdə bir "Şərur yallısı" videosu paylaşmışdım. O, videonu yenidən paylaşaraq, altında "El yallıları" adlı bir memuar yazdı. Memuarda gəlinən nəticə bu idi: Azərbaycan mədəniyyətinin daşınmaz abidələri - qala divarları, məscidlər, körpülər, karvansaralar olduğu kimi, daşına bilən, amma mənəvi yükü onlardan az olmayan simvol və rəmzlər də var. Onlar bəzən sazın köksündə, bəzən zurnanın nəfəsində, bəzən də bir toy məclisinin qızğın anında yaşar. Hər kəs öz kəndindən, elindən şəhərə bir sevda, bir nəfəs, bir ahəng gətirir. Kimi bayatıları, kimi laylaları, kimi isə yallıları...

Aydın Qacarın memuarda təsvir etdiyi el yallıları elə bu daşınan rəmzlərin ən möhtəşəmlərindəndir. O yallılar ki, kənar kəndlərdə, düzənlərin ortasında toz-torpaq içində başlayıb, şəhər toylarında öz ritmini, öz ahəngini qoruyub saxlayır.

Aydın Qacar yallını "Vətən rəmzi, Vətən nişanəsi, cəngi" adlandırır. Bu, təsadüfi deyil. Çünki yallının çevrəsi döyüşqabağı bir halqadır - qədim türklərin, Qafqaz xalqlarının birləşmə, güc yığma ayinlərinin davamıdır. Müəllifin onu çeçenlərin döyüş yallıları ilə müqayisə etməsi də tam yerinə düşür.

Təxminən iki səhifəlik memuarda müəllif yallının fəlsəfəsini, ritmin sirrini, "unudulan, amma unudulmayan yallını - milli cəngi" dəqiq və sadə xalq dili ilə açır. Yallını şəxsi yaddaşın simvolu kimi oxucunun yaddaşına ötürür və sonda bir sevgi nəğməsinin - bir türk şərqisinin sözlərini xatırladır: "Sev, canım senin olsun".

Çox maraqla oxuduğum essedə, həqiqətən də, hər şey onun dediyi kimidir. Məncə də, yallıların min illəri aşan sədası sanki ulu babaların nəfəsi, daş yaddaşlı mifoloji eposun musiqili hekayəti kimi qulaqlarda çalınır. Onun duyumu torpağın nəfəsi, düzümü qədim nizamın qaydası, ritmi həyatın döyünən ürəyi, musiqisi dağların əks-sədası, simfoniyası bir millətin birləşmiş nəfəsi, cazibəsi isə insanı sehrinə salan əbədi bir ayindir. Və ən sadə həqiqət budur - sev ki, sənin olum!

Müəllif bu sözləri yazarkən özünü gizlətməmiş, əksinə, sətirlərin arasından boylanmışdı. Bu ifadə təkcə yallıya, vətənə, dostluğa deyil, elə onun (ümumiyyətlə, insanın) özünə də aiddir. Hiss olunur ki, o, sadəcə mövzu barədə fikirləri deyil, öz varlığını da paylaşır. Bunu Məmməd Araz haqqında yazılarında da hiss etmişəm (bu barədə az sonra). Bu, səmimiyyətin ən gözəl formasıdır və hamıda alınmır.

Haşiyə: "El yallıları" adlı yazısına yazdığım yuxarıdakı rəyi çox bəyəndiyi üçün zəng edib, genişləndirməyimi istədi. Mən də bu minvalla davam edərək digər yazılarını da dəyərləndirmək istədim.

Aydın Qacar tamamilə başqa sahənin adamı olsa da, sanki ədəbiyyatla yoğrulub. Saytlarda bir neçə yazısı yayımlansa da (yayımlanmayanların daha çox olduğunu düşünürəm), bu məqalədə "əsərləri" deyə bilmirəm, çünki o nə publisistdir, nə də yazıçı. Belə deməyimi, yəqin ki, heç özü də istəməz, amma "yazıçıyam" deyib ortada dolaşanların yarısından daha iti, daha dürüst qələmi var. Söz onun əlində məqsəd deyil, vasitədir. Vasitə isə gerçəyi göstərmək, insanı düşündürmək, yaddaşı oyatmaq üçündür. Yazdıqlarının hamısında eyni güc - həqiqətin, sadəliyin və bəzəksiz bir səmimiyyətin cazibəsi var. Ədəbiyyatla "məşğul" olmaq onun peşəsi olmasa da, ədəbiyyatla "yaşamaq" onun ruh halıdır.

Aydın Qacarın "Asan deyil sən olmaq, sənsiz olmaq, Məmməd Araz!" essesi poeziya, insanlıq və vətənpərvərlik mövzularının dərin emosional qatlarına toxunaraq oxucunu sanki Məmməd Arazın ruhunun dərindən qavranıldığı mistik bir səyahətə dəvət edir. Məmməd Araz poeziyasının yalnız sözlərdən ibarət olmadığını, onun hər bir misrasında duyulan kədər, ümman kimi dərin mənalar və mənəvi işıq olduğunu hiss etdirir.

Maraqlı bir nüans da var ki, bəzən şairin öz yaradıcılığını oxuyanda oxucu bu qədər ruhani, duyğulu bir atmosferə düşmür, nəinki onu Aydın Qacar "dilindən eşidəndə" (Mən mətnləri müəllifin öz səsindən dinləyirmiş kimi oxuyuram həmişə. Hətta romanları da).

Aydın Qacar essedə həmçinin şəxsi dostunun, yol yoldaşının üzərindən insanın yaşadığı ağrıları, məhdudiyyətləri təkliyi, kədəri, ümumiyyətlə, həyatın mürəkkəbliyini göstərir. Burada bəyənilən məqamlardan biri Məmməd Araz poeziyasının təbiət elementləri, dağlar, qayalar, duman və çay kimi obrazlarla zənginləşdirilməsi və şeirin özünün vətən coğrafiyası ilə səsləşməsi, bir-birinə toxunmasının təqdimatıdır. "Məmməd Araz qayası"na aid nağılvari hissələr, dağların, dumanın dili ilə danışmaq cəhdi, sözün vətənlə, yer üzünün taleyi ilə birləşməsinin təsviri, poetik dilin və təbiətin insan ruhu ilə səmimi dialoqudur.

Məmməd Araz poeziyası insanları həm düşündürür, həm də qoruyur, onlara mənəvi dayaq verir. Aydın Qacarın ifadəsi ilə desək, Məmməd Araz sözü "sal qaya kimi" hərəkət etdirir, dirildir, oyadır. Bu sözlərin ruhumuzdakı təsiri onun heç də ölümünün bizim üçün son olmadığını göstərir.

Aydın Qacarın Məmməd Araz haqqında yazdığı "Dünyamız əyib yükün, düzəlmir ki düzəlmir..." adlı ikinci essesi Məmməd Araz poeziyası və dünyagörüşü barədə dərin düşüncələri, şairin yaradıcılığından və milli ruhdan ilhamlanan həssas, səmimi analizi kimi oxunur.

Esse oxucunu həm Məmməd Araz poeziyasının içinə salır, həm də həmin misraların arxasında dayanan tarixi, ictimai ağrını sadə və doğma dillə izah edir. Essenin gücü ondadır ki, müəllif hər fikrini şairin misrası ilə bağlayır, sonra o misranı həyatın reallığı ilə üz-üzə gətirir.

Məsələn, Məmməd Arazın məşhur: "Dünya düzəlmir ki düzəlmir, baba!" misrası burada təkcə poetik deyim kimi yox, həm də bugünkü sosial ədalətsizliklərin rəmzi kimi təqdim olunur. Müəllif yazır ki, "milyonçu qəpik, kasıb çörək davası" hələ də davam edir, "əyan yükü düzəltmək istəyən də yoxdu". Bu, misranın yalnız şeir kimi deyil, zamanın bəlgəsi kimi işlədiyini göstərir.

Başqa yerdə Məmməd Arazın: "Bir ümidin ətəyindən tutub da fırlan" misrasını müəllif ümidin itirilməməsi kimi şərh edir. Ardınca isə realist bir müşahidə gətirir: "Yıxılan "dünya sənin" deyir, duran kimi yenə "dünya mənim" iddiasına düşür". Bu ziddiyyət oxucuya həm insan təbiətinin eyhamını verir, həm də şairin dediklərinin həyatdakı qarşılığını göstərir.

Aydın Qacar bu essedə həm ümidini, həm qəzəbini, həm də sarsıntısını açıqca ifadə edir. O, poeziyanın insan ruhunu sakitləşdirən, ona işıq verən qüdrətini sərgiləyir: "Sıxılmış yay kimi yorğun və həyəcanlıyam - əmək, iş, qurmaq-yaratmaq istəyirəm, amma məmləkətdə bu imkanlar həm azalıb, həm də hər kəsə eyni rəva görülmür. Belə vaxtlarda isə böyük, dərin bir tənhalıq axtarıram, özümdə poeziyanın sərinliyini tapmaq, Məmməd Arazla üz-üzə qalmaq istəyirəm. Çünki şairin yaradıcılığı mənim üçün işıq, ümid və qüdrətdir".

Bu sözlərə həm ümidsizlik, həm də Tanrıdan ədalət, kömək diləmək hissləri qarışır. Aydın Qacar yazır ki, bu şeirlər yalnız sadə ifadələr deyil, həm də xalqın, millətin taleyinin, acılarının poetik əksidir.

Vətənpərvərlik mövzusunda da yazı çox təsirlidir. "Ayağa dur, Azərbaycan!" şeirinə toxunarkən müəllif deyir ki, bu nida astaca gəlməyib, Məmməd Araz onu qışqıraraq yazıb, elə ki, "otağının divarları da əsib". Bu bənzətmə oxucuya həmin çağırışın emosional gücünü hiss etdirir.

Esse Məmməd Arazın "Ya Rəbbim, bu dünya sən quran deyil" misralarına münasibət də diqqətəlayiqdir. Müəllif bunu "Allaha şikayət" adlandırır və dərhal ictimai reallığa bağlayır: "Gücümüz, sərvətimiz, qüdrətimiz vətəni qorumağa yox, özümüzü məhv etməyə yönəldilib". Burada misra ilə həyatın acı gerçəkliyi bir-birinə calanır.

Ən təsirli hissələrdən biri isə "Dilənçi qaçqın" şeirinə həsr olunub. Məmməd Arazın "İlahi, varımdan yox oldum bu gün, / mən öz yumruğumdan yıxıldım bu gün" misrasını müəllif elə təqdim edir ki, oxucu o illərin köçkünlük ağrısını, millətin düşdüyü vəziyyəti bütün kəskinliyi ilə hiss edir.

Beləliklə, Aydın Qacarın yazısı sadəcə ədəbi tənqid deyil - o, misraların arasından dövrün səsini, xalqın dərdini eşidən bir oxucu kimi danışır. Misralar həyatla birləşir, şeir isə publisistik gücə çevrilir.

"Qarda bir cüt iz açmaq yanğısı - Xizək - başımda sevda, ayağıma bəla kimi" - bu xatirə yazısı (təhkiyə ilə yazılan hekayə də demək olar) Aydın Qacarın özünəməxsus, səmimi və həm də dərin duyğularla dolu xatirə və düşüncə ovqatı ilə yazılıb. Xatirədə əsasən xizək sürməyə olan sevgi, bu idman növüylə bağlı xatirələr, yaranan yeni sosial-mədəni reallıqlar, dağlarda yaşanan qəzalar və bu qəzalara münasibət, eləcə də şəxsi sağlamlıq və yaşama fəlsəfəsi əks olunur. Xatirədə xizəkçilik və onun insana verdiyi ruh yüksəkliyi bədii səhnələrlə təqdim olunur. Oxucu sanki bir bədii filmə baxır bu səhnələri oxuduqca. Aydın Qacar uşaqlıqdan başlayan xizəkçilik sevgi və ehtirasını, bu idman növünün ona verdiyi fərqli duyğu və enerji mənbəyini böyük həvəslə təsvir edir. Dağlarda sürüşmə, qarlı yamaclarda özünəməxsus ahəngdə hərəkət etmək, dağla təbiətlə iç-içə olmaq onun üçün yalnız idman deyil, eyni zamanda mənəvi, bədii ilham mənbəyidir. Müəllif Azərbaycan dağ-xizək turizminin inkişafından danışır. Bu yeniliklərin həyatımıza gətirdiyi yeni tərz və imkanlardan söz açır, bir növ "Şahdağ" Qış-Yay Turizm Kompleksini təqdim və təbliğ edir.

Müəllif özü yaşadığı ayaq sınığı hadisəsi, hadisədən sonra təşkil olunan tibbi yardımın operativliyi, sığorta xidməti və xəstəxanada göstərilən peşəkarlıq barədə geniş məlumat verir. Bu, yeni dövrün insan həyatına olan qayğısını, müasir xidmət səviyyəsini əks etdirir. Aydın Qacar uşaqlıq xatirələrindən söhbət (xizəklə bağlı, həm də velosiped həsrəti) açır, bugünkü uşaqlarla keçmiş nəsillər arasındakı fərqləri müqayisə edir. Bu paralel quruluş vasitəsilə zamanın, həyat tərzinin dəyişməsini, bəzi arzu və ehtirasların itirilməsini göstərir. Yaşın gətirdiyi problemlərə baxmayaraq, müəllif təbiətlə sıx bağlılığını, aktiv həyat tərzini, idmana olan sevgisini qoruyur və "həyatı dolğun, təbiətlə sıx təmasda yaşamaq" prinsipini əsas deviz kimi önə çəkir.

Elə buradan aydın görünür ki, Aydın Qacar gündəlik həyatındakı hadisələri və düşüncələrini ədəbi materiala çevirə bilir. O, yazılarında həyatındakı məqamları dəyərləndirməklə bilərəkdən və ya bilməyərəkdən atalar sözləri, deyimlər, yeni məntiqli bədii ifadələr yaradır. Təkcə bu mətndə yaratdıqlarına baxaq: "Yaddaş misilsiz xəzinədir", "Yaddaşın qəribəlikləri adamı mat qoyur. İnsan yaddaşında qorunan hansısa hiss, həyəcan, yaşantı ən gözlənilməz məqamda təkrar geri qayıda bilir", "...rahatlıq, təmənnasızlıq adası - "Asan xidmət", "Bolluqda çox şey adiləşir.", "Zirvənin, dağın, yüksəkliyin insan təxəyyülünün genişlənməsində rolu böyükdür. Bu mənada, dağlar mənim mənəvi dünyamda həmişə canlıdır... Mən hesabatımı da dağlara verirəm", "...amma dağlar da ona qalib gəlmək istəyənlərə qarşı hərdən dağ qədər amansız ola bilir", "Bu, bir gerçəklikdir ki, bəzən insan, orta ömürdən hələ beş-on ildə artıq yaşayandan sonra, ömrün astar üzünə bürünüb yaşam mücadiləsi verir" və s.

"Qabıllının itirdiyimiz Lomonosovu..." xatirə yazısı müəllimlik peşəsinin əhəmiyyətini, hörmətini, müəllimlərin cəmiyyətdəki mövqeyinin dəyişməsini reallıq prizmasından ustalıqla əks etdirir. Yazı Səfəralı müəllim obrazı vasitəsilə kənd həyatının, təhsil mühitinin tarixi şəklini də təqdim edir. Səfəralı müəllimin həyat yolu, onun kənddə, daha sonra Bakıda keçdiyi çətin, lakin fədakar yolu çox təəssüratlı təsvir olunub. Bu obraz müəllim peşəsinin qarşılaşdığı maddi çətinliklərə, ictimai ehtiramsızlığa rəğmən, yüksək mənəvi dəyəri göstərir. Səfəralı müəllimin hələ də "Qabıllıdan çıxan alim, Lomonosov" kimi xatırlanması isə müəllifin daxilindəki hörmət və ehtiramın, eyni zamanda sədaqətin göstəricisidir. Bu xatirə təkcə Qabıllı kəndinin deyil, bütövlükdə Azərbaycan müəllimliyinin şərəfli tarixini yaşadan qiymətli bir sənəd kimi qiymətləndirilməlidir.

Aydın Qacarın qələmində yazı bitmir - yazıdan sonra da oxucunun içində yaşamağa davam edir. Ədəbiyyat onun üçün peşə deyil, nəfəsdir; bu nəfəs isə hələ uzun illər sözün yaddaşında qalacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Avqust 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan ermənilərə: Artıq bundan əl çəkin

25 Avqust 2025 18:29see278

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see207

Mançester Yunayted Fulhem lə heç heçə etdi Video

25 Avqust 2025 01:13see177

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see151

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see138

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see134

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see133

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see129

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see129

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb

25 Avqust 2025 00:58see126

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see122

Anton Krivotsyukun komandası iki dəfə hesabda irəli çıxıb, 72 ci dəqiqədə azlıqda qalıb

24 Avqust 2025 22:01see122

Qalatasaray səfərdə Kayserispor u sökdü

25 Avqust 2025 00:32see122

Almeyda Türkiyəyə başş mıqçi kimi geri dönüb

25 Avqust 2025 00:24see120

Zaqatalada acınacaqlı DURUM Ağaclar məhv olur

25 Avqust 2025 10:19see120

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see120

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see119

Trampdan Merilend ştatı ilə bağlı təklif: Tez bir zamanda cinayətkarlıqdan qurtulacağam

25 Avqust 2025 10:24see118

“Azərbaycanla bağlı bu cəhdlər uğursuzluğa məhkumdur...” Tofiq Zülfüqarov

25 Avqust 2025 10:53see117

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri