Əgər məqsəd pulun mümkün qədər ölkə daxilində saxlanılmasıdırsa, həll yolu kartdan imtina deyil
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
“Turistləri nəzərə almasaq, Türkiyədə kredit kartları ilə hər ay təxminən 600 milyon TL xərclənir”. Bu fikirləri məşhur türk jurnalist, televiziya aparıcısı və yazar Erem Şentürk bildirib. “Kartın Visa və ya Mastercard loqolu olması fərq etməz – istər hissə-hissə, istər nağd, istərsə də birbaşa ödənişlə istifadə edilsin, bu kartlarla edilən hər əməliyyatda satış məbləğindən təxminən 2,5% komissiya çıxılır.
Məsələn, siz 100 TL-lik alış-veriş etdikdə, satıcıya real olaraq 97,5 TL ödənilir. Bu pul növbəti alış-verişdə də eyni sistemə daxil olur və hər dəfə 2,5% kəsildiyi üçün dövriyyə zamanı pul tədricən "yoxa çıxır". Təxminən 16 əməliyyatdan sonra ilkin 100 TL Visa və Mastercard sistemləri vasitəsilə ölkə xaricinə ötürülür. Əksinə, əgər nağd puldan istifadə edilsəydi, 100 TL olduğu kimi qalacaq və dövriyyədə itki olmayacaqdı. Beləliklə, hər ay milyonlarla lirə komissiya şəklində ölkədən çıxar və bunun qarşılığında heç bir məhsul və ya xidmət alınmır. Bu da iqtisadi baxımdan ciddi valyuta itkisi deməkdir”.
Bu hesablama Türkiyədə belədir, bəs Azərbaycanda necədir?Ölkədən milyonların çıxmasına gözmü yumuruq nəticədə?Kartlardan və vasitəçilərdən deyil, birbaşa və şəffaf ödəniş üsullarından istifadə etməliyik?“Türkiyədə səslənən bu arqumentin məğzi ondan ibarətdir ki, kartla edilən hər ödənişdə müəyyən faiz komissiya tutulur və bu komissiyanın bir hissəsi beynəlxalq kart şəbəkələrinə getdiyi üçün ölkədən pul axını yaranır. Bu fikir sadələşdirilmiş formada səslənsə də, tamamilə əsassız da deyil. Amma Azərbaycan üçün eyni məntiqlə və eyni rəqəmlərlə danışmaq düzgün olmaz”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda kartla ödəniş zamanı tutulan komissiya Türkiyədə deyilən kimi hər əməliyyatda avtomatik 2,5 faiz deyil: “Bu faiz bankdan banka, kartın növünə və POS müqaviləsinə görə dəyişir. Bəzi hallarda 0,7–1 faiz civarında olur, bəzi hallarda 2 faizə yaxınlaşa bilir. Bu komissiya birbaşa alıcıdan yox, əsasən satıcıdan tutulur və satıcı da çox vaxt bunu məhsulun qiymətinə daxil edir. Yəni vətəndaş bunu ayrıca hiss etmir, amma faktiki olaraq ödəyir. Tutulan bu komissiyanın hamısı xaricə getmir. Onun böyük hissəsi yerli bankda, yerli prosessinq mərkəzlərində qalır. Visa və Mastercard-a gedən hissə xidmət haqqıdır: şəbəkə, təhlükəsizlik, beynəlxalq qəbulolma və texniki infrastruktur üçün ödənilir. Bu, valyuta çıxışı yaradır, amma Türkiyədə iddia edildiyi kimi “pul 16 dövrədən sonra tam yoxa çıxır” tipli mexaniki hesablamanı Azərbaycan üçün tətbiq etmək doğru deyil. Bizdə əməliyyatların əksəriyyəti manatla aparılır və sistem daxildə balanslaşdırılır”.
Akif Nəsirli
Akif Nəsirli vurğulayıb ki, kart sistemindən imtina etmək real və faydalı deyil: “Bununla belə, problem ümumiyyətlə yoxdur demək də olmaz. Kart ödənişlərinin geniş yayılması fonunda hər ay milyonlarla manat komissiya toplanır və bunun müəyyən hissəsi xarici ödəniş şəbəkələrinə gedir. Bu, birbaşa məhsul və ya real istehsal qarşılığında yox, maliyyə infrastrukturu xidmətinə görə ödənilən puldur. İqtisadi baxımdan bu, “itki”dən çox “xidmət xərci” kimi qiymətləndirilir, amma həcmi böyüdükcə ölkə üçün əhəmiyyətli rəqəmlərə çevrilir”.
Nağd pulla müqayisədə kart ödənişlərinin üstünlükləri də var: şəffaflıq artır, kölgə iqtisadiyyatı azalır, vergi yığımı asanlaşır, təhlükəsizlik yüksəlir. Yəni yalnız komissiyaya baxıb kart sistemindən imtina etmək real və faydalı deyil. Problem kartın özündə yox, komissiyaların səviyyəsində və alternativlərin zəifliyindədir.
Əgər ölkə olaraq məqsəd pulun mümkün qədər daxildə qalmasıdırsa, həll yolu kartdan imtina deyil. Daha aşağı komissiyalı yerli ödəniş sistemlərinin inkişafı, banklar arasında real rəqabət, QR və hesabdan-hesaba birbaşa ödənişlərin genişləndirilməsi, dövlət və özəl sektorun eyni infrastruktura inteqrasiyası daha sağlam yanaşmadır. Bu zaman həm vətəndaş kart rahatlığını itirməz, həm də komissiya yükü azalaraq ölkədən çıxan vəsait minimuma enər.
Yəni Azərbaycanda “milyonların səssizcə ölkədən çıxmasına göz yumuruq” demək müəyyən qədər emosional yanaşmadır, amma mövzu diqqət tələb edir. Doğru sual kartdan istifadə edib-etməməklə bağlı deyil, bu istifadənin nə qədər səmərəli və nə qədər ucuz təşkil olunmasıdır”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 24 Dekabr 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















