Elçin Mirzəbəyli: ABŞ nin bu addımı beynəlxalq hüququ selektiv şəkildə tətbiq etdiyini bir daha nümayiş etdirir
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Venesuela Prezidentinin və onun həyat yoldaşının hər hansı beynəlxalq sanksiya, BMT Təhlükəsizlik Şurasının mandatı və ya hüquqi ekstradisiya mexanizmi olmadan suveren dövlətin ərazisində hərbi əməliyyat yolu ilə saxlanılaraq ABŞ-yə aparılması beynəlxalq hüququn fundamental əsaslarının açıq və kobud şəkildə pozulmasıdır. Bu əməl BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində təsbit olunmuş gücdən istifadə və güclə hədələmə qadağasını, dövlətlərin suveren bərabərliyi prinsipini, habelə daxili işlərə qarışmamaq normasını tam şəkildə tapdalayır”.
Bu sözləri Gununsesi.info-ya Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib.
O, həmçinin qeyd edib ki, beynəlxalq hüquqda dövlət başçısının statusu xüsusi hüquqi müdafiə altındadır:
“İstənilən ittihamdan asılı olmayaraq, bir dövlətin digər dövlətin legitim və ya faktiki rəhbərini zor tətbiqi ilə ələ keçirməsi nə cinayət təqibi, nə də milli məhkəmə qərarı ilə əsaslandırıla bilər. Bunun üçün qarşılıqlı ekstradisiya sazişləri, beynəlxalq məhkəmə instansiyalarının qərarları və ya BMT Təhlükəsizlik Şurasının səlahiyyət verdiyi tədbirlər kimi beynəlxalq hüquqi mexanizmlər mövcuddur. Bu mexanizmlərin heç biri tətbiq olunmadan həyata keçirilmiş hərbi əməliyyat hüquqi baxımdan zorakılıq aktıdır. Bu baxımdan, ABŞ-nin atdığı addımın nə hüquqi, nə də siyasi müstəvidə müdafiə olunması mümkün deyil. “Cinayətlə mübarizə”, “narkotrafik” və ya “milli təhlükəsizlik” kimi arqumentlər beynəlxalq hüquqda başqa dövlətin ərazi bütövlüyünün pozulması üçün legitim əsas sayılmır. Əks halda, bu yanaşma beynəlxalq sistemi hüquqi qaydalardan deyil, gücün iyerarxiyasından asılı vəziyyətə salır ki, bu da beynəlxalq nizamın mahiyyətinə ziddir”.
Parlamentari eyni zamanda bildirib:
“Ən təhlükəli məqam isə məhz presedent məsələsidir. ABŞ-nin bu addımı beynəlxalq hüququ selektiv şəkildə tətbiq etdiyini bir daha nümayiş etdirir və gələcəkdə Rusiya, Çin və ya digər güc mərkəzləri tərəfindən atılması mümkün olan analoji addımların əsaslandırılmasına zəmin yaradır. Əgər bir dövlət özünü beynəlxalq hüquqdan kənarda hesab edərək başqa bir dövlətin rəhbərini güc yolu ilə ələ keçirə bilirsə, o zaman Ukraynanın işğalı, Gürcüstanın ərazi bütövlüyünün pozulması və ya digər hərbi müdaxilələrə qarşı irəli sürülən hüquqi arqumentlər ciddi şəkildə zəifləyir. Putinin Ukraynaya qarşı təcavüzü ilə bu hadisə arasında mahiyyət fərqi olsa da, prinsip eynidir. Burada söhbət güc yolu ilə suveren iradənin sındırılmasından gedir. Fərq yalnız miqyasdadır, hüquqi mahiyyətdə deyil. Beynəlxalq hüquq baxımından normanın pozulması ya var, ya da yoxdur, yəni beynəlxalq hüquqda “daha az pozuntu” anlayışı mövcud deyil. Bu səbəbdən, ABŞ senatorlarının belə müqayisələr aparması emosional deyil, məhz hüquqi məntiqə əsaslanan yanaşmadır”.
O son olaraq bildirib:
“Nəticə etibarilə, bu hadisə beynəlxalq hüququn universallığına ağır zərbə vurur və “qaydalar əsasında dünya nizamı” iddiasının ciddi şəkildə sual altına düşdüyünü göstərir. Hüquq yalnız rəqiblərə qarşı tətbiq olunub, müttəfiqlər və ya güclü dövlətlər üçün kənara qoyulduğu anda beynəlxalq sistem sabitliyə deyil, xaoss sürüklənir. Hesab edirəm ki, ABŞ-nin bu addımı təkcə Venesuelanın suverenliyinə deyil, bütövlükdə beynəlxalq hüququn legitimliyinə qarşı yönəlmiş təhlükəli bir presedent kimi tarixə düşəcək”.
Qeyd edək ki, ötən gün ABŞ Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores barəsində “narkoterrorizm” ittihamı irəli sürərək həbs edib.
Orxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 05 Yanvar 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















