Icma.az
close
up
RU
Elə dəyərlər var ki, onları maddiyyata qurban vermək olmaz

Elə dəyərlər var ki, onları maddiyyata qurban vermək olmaz

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni arzularla, yeni ümidlərlə qarşıladığımız 2025-ci ildən iki ay keçər-keçməz bir də gördük ki, Novruza hazırlaşırıq. Çərşənbələri adladıq və gəlib çatdıq Novruza. Bu gün 20 martdır və astronomik olaraq saat 13.01-dən etibarən  Azərbaycanda Yaz fəsli başlayır. Dədə-baba dililə desək, bu saatda il təhvil olur.

Yaşımın yarısı sovetlər dövrünə təsadüf edib və özümü dərk edəndən evimizdə təmtəraqla Novruz hazırlığını, biş-düşünü görmüşəm. İndiyədək o da yadımdadır ki, ilin təhvil olma vaxtı gecə saatlarına düşsəydi belə, bizi yuxudan oyadardılar ki, Novruzu qarşılayaq və bu bayramda mütləq yeni geyimlərimiz olmalı idi. Yəni bu gün çal-çağırla, yüksək səviyyədə qarşılanan Novruz zamana, qadağalara baxmayaraq, Azərbaycanın hər bir guşəsində qeyd olunub.

Məlum bayram tətilinə görə bu gün oxucularımızla mart ayının son görüşünə gəlmişik. Bunu hər dəfə vurğulayıram ki, təsadüfün özündə həmişə bir uyğunluq var. Bugünkü müsahibimizlə söhbət planımızda olsa da, onun məhz bayram gününə təsadüf edəcəyini təxmin etməmişdik. Özü də Bakının şah damarı İçərişəhərdə. Son vaxtlar İçərişəhərə bağlı olan bir neçə həmsöhbətimiz olub və bunun özündəki uyğunluq qoy elə məndə də qalsın. Həqiqət naminə demək lazımdır ki, qəzetimizin bayram günü qonağını mənə təklif etdilər. Məsləhətli don gen olar fikrilə onu axtarıb tapdım, görüş vaxtını təyin etdik. Vaqif Səmədoğlunun dililə desək: "Əyrin-üyrün dar küçələr"lə gəlib mənzil başına çatdım və özü də daxil olacağım qapının arxasında nələrlə rastlaşacağımı bilmədən. Müsahibimiz Azərbaycan  Rəssamlar İttifaqının, Karikaturaçı Rəssamlar Birliyinin üzvü, Gürcüstan Rəssamlar İttifaqının fəxri üzvü, beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısı, rəssam, keramika ustası Mir Teymur Məmmədovdur.

- Bayram ab-havasında əhvalımız da yaxşı olur...

- Sevdiyim işim olduğu üçün əhvalım həmişə yaxşı olur. Qrafika, rəngkarlıq, heykəltaraşlıq kimi işlər mənə böyük stimul verir və Allahın mənə verdiyi bu istedadı xoşbəxtlik hesab edirəm.

- Əksər hallarda yaradıcılıqla məşğul olanlara istedad genetik ötürülür. Böyüdüyünüz mühit mənə maraqlıdır...

- Böyüdüyüm mühitdə gördüyüm və bu yöndə aldığım tərbiyə hörmətdir. Kiçik yaşlarından bizə təlqin ediblər ki, əgər biri danışırsa, onun söhbətinə müdaxilə etmək olmaz. Zamanla bu keyfiyyəti digərlərinə ötürməyi bacardığımdan, bu gün söhbətlərimdə bu hörməti özümə qarşı həmişə görürəm. Mən elə bir ailədə böyümüşəm ki, orada ya həkim olmalı idim, ya da rəssam, hətta deyərdim ki, bu, nəsildən gəlmə bir xətdir.

- Deməli, ailədə rəssam olub...

- Bəli, anam.

- Bir az yaxından tanıyaq rəssam ananı...

- Anam Dilarə Məmmədova o zaman Bakı Zərgərlik fabrikində baş rəssam olub. Onun istedadı və bacarığı haqqında bir nümunə çəkəcəyəm. 1972-ci ildə Venesiyada dünyanın ən qədim və nüfuzlu incəsənət sərgisində onun eskizi əsasında hazırlanan tac, sinəbənd, bilərzik və üzükdən ibarət zinət dəsti birinci yerə layiq görülüb. Bir ildən sonra - 1973-cü ilin qış aylarında həmin dəst ölkəmiz tərəfindən Britaniya kraliçası II Yelizavetaya hədiyyə edilib. Düşünürəm ki, bu fakt yetərli sayıla bilər.

- Ailənizdə ənənəvi olaraq iki sənətdən siz rəssamlığı seçdiniz...

- Həkim də ola bilərdim, lakin beş yaşından plastilinlə müxtəlif fiqurlar düzəltməyə başlayan uşaq üçün incəsənət daha maraqlı oldu. Düzəltdiklərimi evdə pencərələrin altına yapışdırırdım, günəşin qızmar istisi onları əridib yerə tökürdü. Vəziyyəti belə görəndə qərara gəldilər ki, mənə gil versinlər və bundan da sonra evdə ancaq gilin töküntüləri təmizlənərdi. Bu o demək idi ki, artıq yolumu tapmışam.

- Və bu yol sizi əvvəl Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə gətirdi, oradan da üz tutdunuz o zaman Leninqrad adlanan indiki Sankt-Peterburqa. Burada ali Rəssamlıq Məktəbini və Leninqrad Dövlət İnstitutunun  Teatr, musiqi, kino rəssamı fakültəsini bitirdiniz...

- Başlayaq Ə.Əzimzadə adına Məktəbdən. Sovetlər birliyində bu məktəbi bitirmək elə ali təhsil almağa bərabər idi və dövrün çox nüfuzlu məktəbi sayılırdı. Bilirsiniz niyə? Çünki orada Mikayıl Abdullayev, Tahir Salahov, Elbəy Rzaquliyev, Eyyub Məmmədov, Vidadi Nərimanbəyov, Lətif Feyzullayev kimi dahilər dərs deyirdi. Hamısı da Moskvada, Leninqradda təhsil alan korifeylər idi və özlərindən sonra Azərbaycan rəssamlıq məktəbində böyük iz qoya biliblər. İki ali təhsilə gəlincə isə həm keramika və dizayn, həm də teatr məni özünə cəlb edirdi. Bunlar isə iki ayrı ali məktəblərdə tədris olunurdu. İstəyimə nail olmaq üçün hər ikisini bitirdim.

- Bir az rəssamdan danışaq...

- Rəssam düşüncə və ruh adamıdır. Kifayər qədər yetirmələrim var, gənclərlə işləyirəm. Baxırsan ki, gəncin iti gözü var, möhkəm əli var, amma yaradıcılıq təşəbbüsü olmayan biridir. Yəni qarşısına bir şəkil qoy, ona baxıb eynisini çəksin. Bu, rəssam deyil. Rəssamda əsas fikir və düşüncədir və onun yaratdığı onların harmoniyasından süzülüb gəlir.        

- Fəaliyyətə karikaturaçı rəssam kimi başlamısınız, özü də "Kirpi" jurnalında. Bir qədər cəsarət tələb edən bir sahədir və hər şeyə rəğmən, sovet ideologiyasına xidmət edirdi həmin jurnal...

- Karikaturanı 16 yaşından çəkirəm və burada məni özünə cəlb edən çılpaq fikrin olması idi. Lakin mənə iti karikatura çəkməyə icazə verirdilər. Rəsmdən fərqli olaraq karikaturada fəlsəfi fikir özünü göstərməlidir. O dövrdə karikaturada elə çərçivələr vardı ki, onlardan kənara çıxmaq olmazdı. Mənim karikaturalarımın adı sözsüz olurdu, yəni şəklə baxan özü düşünməli, fikir yürütməli idi.

- Yəqin ki, küsənlər, inciyənlər də olub...

- İnciyirdilər də, redaksiyaya zənglər də olurdu, kəskin sözlər işlədənlər də. Mən həmişə öz bildiyim kimi işlərimi görmüşəm.  O dövrdə rəhbərliyin reklam işləri də mənə tapşırılmışdı. "Moskva" mehmanxanasının, "Bakı" və "Moskva" univermaqlarının reklamları mənim işlərimdir. Bundan başqa, respublikada "Alya-arabik" şriftini də mən yaratmışam.

- Keramika və saxsıdan hazırladığınız əl işləriniz təbii ki, öz təxəyyülünüzün məhsuludur...

- Burada bir düzəliş etmək istəyirəm. Saxsı fayansdır, yəni tərcümə düzgün edilməyib. Yeri düşəndə bu düzəlişi edirəm. Qarşınızdakı bu iş Xocalı faciəsinə həsr olunub, özü də qırmızı gildən hazırlanıb. Bu gilin dünyada 128 növü var, bunların 98-i Azərbaycandadır. Səbəbi də odur ki, Mendeleyev cədvəli bizim dağlarımızdadır. Yapmaq, hazırlamaq istədiyim işləri mövzuya uyğun olaraq sırf özüm düşünüb, eskizini çəkib hazırlayıram.

- Möcüzələr yaratmaqdan əlavə, etnoqrafiya ilə maraqlanırsınız, xüsusilə türk xalqlarının tarixi ilə. Yəqin ki, bu maraq qala divarları arasında yaşamaqdan qaynaqlanır...

- Elədir ki var. Bu marağı da məndə nənəm yaradıb. Kiçik yaşlarımdan əlimdən tutub bütün İçərişəhəri gəzdirərdi, qohum-əqrəbanın evini tanıtdırardı. Çox ziyalı olan nənəm Nərgiz Hacınskaya böyük bir nəslin qızı olub, Fransada təhsil alıb, beş dil bilirdi. Fransada provizor ixtisası üzrə (Yüksək ixtisaslı aptek işçisi, əczaçı) təhsil alan ilk on qızdan biri idi. Onun mənim dünyagörüşümdə xüsusi rolu olub.

- İçərişəhərli müsahiblərimə ənənəvi bir sualım olur həmişə, aldığım cavablar isə müxtəlif.  İçərişəhərin sırf özünün bir şarmı var...

 - Bu şarm yalnız İçərişəhərin insanlarına məxsus olan hörmətdir. Qarşıdan gələn birinin ağzını açmadan onun içərişəhərli olub-olmadığını dərhal bilirəm. İçərişəhərə məxsus ab-hava çox az da olsa, qalıb. Son otuz ildə İçərişəhər böyük rotasiya yaşadı, amma buna vaxtında əncam çəkildi. 60-70-ci illərdə İçərişəhərdə böyük söküntü işləri başladı. Sonradan o sökülən mülklərin yerində müasir tipli tikililər meydana gəldi. Qatır ləqəbli Zeynalabdin Tağıyevin mülkünü söküb yerində Ensiklopediyanın binasını tikdilər. O zaman mən bir vətəndaş kimi açıq şəkildə buna qarşı öz etirazımı bildirdim. Bu gün İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğudur, Qız qalası və Şirvanşahlar sarayı  UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən ilk obyektlərdir. Bura açıq səma altında muzeydir. Muzeydə də bu qədər kababxana olar? Hazırda İçərişəhər turizmin inkişafında böyük rol oynayır, etirazımız yoxdur. Amma bütün ərazinin başdan-başa yemək qoxusuna bürünməyinin adı varmı? Filarmoniya bağının aşağı hissəsində Əliağa Vahidin büstü qoyulmuşdu. Onu gətirib İtaliya səfirliyinin aşağı hissəsindəki kiçik bir meydançada yerləşdirdilər. Hər hansı bir heykəl və ya monument təhvil veriləndə onun planına ərazinin toxunulmazlığı da daxildir. Bu gün o böyüklükdə şairin büstünün beş addımlığında çayxana fəaliyyət göstərir. Elə mənəvi dəyərlər var ki, onları maddiyyata qurban vermək olmaz.

- Yaratdığınız Keramika Yaradıcılıq Mərkəzi sanki muzey içində bir muzeydir...

- Gördüyünüz bu divarlar 25 il ərzində ərsəyə gəlib və İçərişəhərin ekskursiya siyahısına daxil edilib. Demək olar ki, hər gün bu qapını döyənlər olur və artıq gələnlərin üzündəki təəccübü də, heyrəti də, marağı da ilk baxışdan hiss edirəm. Yaratdığım ən kiçik parçada belə, milliyimizi əks etdirən element mənim üçün vacibdir.

- Yetirmələriniz mütləq ki var...

- Demək olar ki, dünyanın hər yerində var. Şəkidə "ABAD"ın dəstəyilə Keramika və Tətbiqi Sənət Mərkəzlərini açaraq incəsənətin bu növünün inkişafına xidmətimi göstərmişəm. Bu tip məktəblər ölkəmizin bir neçə bölgəsində fəaliyyət göstərir ki, bu da gənc nəslin bu sahə üzrə yetişməsi deməkdir. Bununla kifayətlənməyib  ilk dəfə olaraq Beynəlxalq Keramika Simpoziumunun keçirilməsinə nail olmuşam. Ölkə başçısı ilə görüşümüzdə mən bu təkliflə çıxış edəndə bildirdim ki, keramikanın incəliklərini əsasən yerli xalq bilir və indiyə qədər belə bir simpozium keçirilməyib, çünki Sovetlər Birliyi buna imkan verməyib. O dövrdə bir dəfə Lətif Kərimovun böyük səyi sayəsində Xalçaçılıq simpoziumu keçirilib. Bilirsiniz, beynəlxalq simpozium bir ölkə, bir xalq üçün müasir dillə desək, piardır. Buna da o zaman erməni əlinin müdaxiləsilə bizə imkan verilməyib. Təklifim Prezidentimizin xoşuna gəldi və Şəkidə ilk simpoziumu keçirməyə nail olduq. I Beynəlxalq Keramika simpoziumu 2019-cu ilin may ayında "Təbiətdən tarixə" adı ilə işinə başladı. Burada ölkəmizlə birlikdə 14 xarici ölkədən 25 nəfər keramikaçı iştirak etdi. Artıq bu ilin fevral ayında Bakıda III Beynəlxalq duet-simpoziumunu keçirdik. Mənimlə yanaşı, burada britaniyalı keramikaçı İrina Denev də iştirak etdi. Belə tədbirlərə ev sahibliyi etmək ölkəmizın tək mədəniyyət və incəsənət sahəsində deyil, bütövlükdə Azərbaycanın beynəlxalq müstəvidə öz yerinin olduğunun sübutudur.

- Yaradıcı adamların təklikdə öz-özü ilə ünsiyyəti, söz-söhbəti də olur...

- Mənim söz-söhbətim də, etmək istədiklərim də hamısı beynimdədir. Orda düzüb-qoşuram və artıq nə edəcəyimi bilirəm. O da var ki, iş prosesində düşüncəmdə olanlara dəyişiklik də edirəm. Bu da normaldır.

- Mir Teymur Məmmədovun yaradıcılığında Qarabağ mövzusu...

- Biz artıq torpaqlarımızı geri almışıq, lakin Qarabağ mövzusu həmişə aktual olaraq qalacaq. 30 il dildə asan səslənə bilər, amma o illərin hər saniyəsinin ağrı-acısını yazmaq, rəsm əsərlərinə, heykəllərə çevirmək üçün gərək zamanı tutub saxlayasan ki, buna ömür yetsin. Bu mövzu ilk gündən yaradıcılığımda olub, var və olacaq da. İşlərin böyük əksəriyyətini alıb aparırlar, amma Qarabağ mövzusunun son nöqtəsi yoxdur.

- Tətbiqi sənətlə məşğul olan bir peşəkarın sifarişləri də olur...

- Təbii ki, olur. Dövlət tərəfindən sifariş edilən doqquz işim hazırda Azərbaycan Milli İncəsənət Muzeyindədir. Fərdi sifarişlər də müraciət edənlər var. Tək Azərbaycandan deyil, ölkədən kənar yazanlar da olur ki, mənim işimi istəyirlər. İlk növbədə mövzunu soruşuram, çünki hər mövzunu  işləmirəm. İşləmirəm ona görə ki, o mövzular mənlik deyil. Çox vaxt məndən heç eskiz də istəmədən: "yetər ki, sizin əlinizdən çıxan iş olsun" deyənlər də olur. Sifarişlərin haradan və ya kim tərəfindən verildiyinə baxmayaraq, həmin işlərdə millilik mütləq şəkildə özünü göstərməlidir, bu, heç zaman dəyişə bilməz.

- Yaratdığınız bu möcüzəli Keramika evinə gənclərimiz marağı...

- Buradan keçən və ya sosial şəbəkədən görərək maraqlanıb gələnlər çoxdur. Mən ilk növbədə onlara tariximizdən məlumat verməyə çalışıram, əsasən də torpaqdan danışıram. Axı torpaq gildir. Yunancadan tərcümədə keramika yanmış torpaq deməkdir. Hiss edirəm ki, onlar belə məlumatlardan xəbərsizdirlər. Əslində bu bilgilər onlara məktəbdə verilməlidir. Bizim üstündə gəzdiyimiz torpaq elə bir sərvətdir ki, onun misli belə, yoxdur. Bunu gənclərimizə çatdırmaqla çalışıram ki, necə bir bir torpaq üzərində gəzdiklərinin dəyərini bilsinlər.

- Olub ki, belə bir fikirlə rastlaşmışam - rəssamların əksəriyyəti Bakı əhlindən çıxır...

- Yəqin rəssamlıqda Abşeron məktəbinə görə belə bir fikir söyləyənlər var. Lakin elə deyil. Hər rayonun öz məktəbi var. Gəncə,  Mingəçevir, Göyçə məktəbləri mövcuddur ki, hamısında da  istedadlı rəssamlar var. Belə baxanda İmişli o qədər də böyük bölgə deyil, lakin mən oradan da istedadlı uşaqlar seçmişəm. Bir məqamı xüsusi vurğulamaq lazımdır. Bölgələrin heç fərqi yoxdur, əsas odur ki, sevgi olsun. Sevgini də verən birinci anadır, ondan sonra müəllimlər. Müəllimlər ona görə deyirəm ki, onların əksəriyyəti qadınlardır, çünki onlar qədər sevgini çatdıra biləcək qüvvə yoxdur. Amma təəssüf ki, bu gün həm müəllim adı ucuzlaşdırılıb, həm də onların daşıdıqları ada münasibəti. Bu, məni çox ağrıdır.

- Amma hər ağrının da səbəbi var...

- Səbəb odur ki, bisavad, 45 dəqiqənin bitməyini səbirsizliklə gözləyən, şagirdə sevgisini verə bilməyənlər çoxalıb. Məni onların daşıdığı müəllim adı ağrıdır. İşini bitirib evinə tez gedərək məişət qayğıları ilə məşğul olmağa tələsənləri başa düşürəm. Amma sənə bir millətin gələcəyi etibar edilibsə, ona sırf iş yeri kimi baxmaq məhz müəllim adına yaraşmır. Milləti ayaqda saxlayan bir ordudur, bir də müəllim, çünki ailədən sonra gələcək nəslin təminatçısı odur. Zamanında müəllim adı o qədər yüksək idi ki, ona böyük hörmət, ehtiram vardı, müəllim daxil olan məclisdə ayağa qalxardılar. Amma indi mən küçədə birinin digərinə: "Müəllim, gəl gedək bir çay içək" və ya taksiyə əyləşən müştərinin sürücüyə: "Müəllim, filan ünvana sür" dediyini eşidəndə, bax, bu ağrıya dözə bilmirəm. Heç kəsi aşağılamaq niyyətində deyiləm. Həmin sürücü öz peşəsi üzrə müəllim ola bilər, bu, öz yerində... Kiçik yaşlarından mənim beynimə yeridilib ki, anandan sonra ikinci yerdə sənin müəllimin dayanır. Bu gün mən artıq özüm müəlliməm, gələcək mədəniyyətimizin inkişafı naminə bölgə-bölgə gəzib istedadlı uşaqları tapıram, onları yönləndirirəm, dərs verirəm, çünki mən bu düşüncə ilə indiki məqama çata bilmişəm. Sözün kəsəsi, müəllim adını ona layiq şəkildə daşımaq və yaşatmaq lazımdır.

- Dediniz ki, yetirmələriniz çoxdur. Öz ailənizdə də var yəqin ki...

- Övladlarımın hamısı rəsm də çəkir, yapır da, lakin hərə öz seçdiyi yolun ardınca gedib və mən də onları lazım olan şəraiti yaradaraq, valideyn kimi köməkliyimi etmişəm. Yəni yaradıcılıq qabiliyyəti onlara genetik olaraq keçə bilib.

- İnsan yaranışından bəri dünyadan narazıdır...

- Çünki onun qarşısında özünü zəif görür. Amma biz 44 gündə bir həqiqətin şahidi olduq. Cismən nə qədər zəif, çəlimsiz oğlanlarımız bir nəhəngə çevrilib tək düşmənə deyil, elə dünyaya da meydan oxudular. Həmin vaxtlarda mən dünyanı haqq qarşısında aciz gördüm.

SÖZARDI: İçərişəhərin dolanbac döngələrini çox gəzmişəm, elə bu küçədən də az keçməmişəm. Amma bu gün mənə tanış olan küçədəki evlərin birinin qapısından daxil olanda sirli şəhərin içində sehrli bir dünyaya düşdüm. Ətrafda o qədər möcüzə vardı ki, hansına heyrət edəcəyini insan ayırd edə bilmir.  Bura gələcək yolunu beş yaşında ikən çizən bir sənətkarın alınmaz qalasıdır desəm, heç də yanılmaram. Baxdığım, ehtiyatla toxunduğum hər əşyada tarixlə yanaşı, bir ömrün də izləri vardı. Kökünə, tarixinə sadiq qalan Mir Teymur Məmmədov ömrü...

Tamilla M-ZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicablı qadın uşağı ilə metro relslərinə yıxıldı VIDEO

27 Mart 2025 20:55see465

Myanmada güclü zəlzələ yüzlərlə insan həlak oldu və yaralandı — ANBAAN VİDEO

28 Mart 2025 20:35see456

Qız kirayə puluna görə tualetdə yaşayır İNANILMAZ

27 Mart 2025 20:01see302

Putin: Tramp səmimi şəkildə Ukraynadakı münaqişəyə son qoymaq istəyir

28 Mart 2025 01:28see127

Fərdi evdə baş vermiş yanğında 4 nəfər ölüb

27 Mart 2025 21:14see114

Myanmada güclü zəlzələ: iki ölkə də silkələndi

28 Mart 2025 11:04see114

Xarkovda əks hücumun qarşısını aldıq, irəliləyirik Qançev

28 Mart 2025 01:04see111

İş adamı Fərhad Əhmədovun keçmiş arvadı vəkilinə qarşı iddiasını geri götürüb

28 Mart 2025 02:42see110

Xavi Simons və daha 3 ulduzun qiyməti 10 milyon avro ucuzlaşdı

27 Mart 2025 20:36see110

Mövsümü erkən başa vurdu

27 Mart 2025 20:51see109

Zəlzələdən sonra xarici ölkələrdən yardım istədilər

28 Mart 2025 23:06see109

Superliqada 29 cu tur start götürdü “Fənərbaxça”dan qələbə

29 Mart 2025 01:05see108

Tayfur Əliyev Avropa çempionatında köhnə çəkisinə qayıdacaq

27 Mart 2025 23:23see107

Kadi “Turan Tovuz”un qapıçısından üzr istəyib

29 Mart 2025 01:08see107

ABŞ nin Cənubi Qafqazda öz maraqları mövcuddur Elçin Xalidbəyli

27 Mart 2025 21:50see107

Yer atmosferində yerdənkənar həyatın mümkün izləri aşkar edilib..?

29 Mart 2025 01:10see107

Ukraynanın bu 3 bölgəsinə yeni hücum gözlənilir

28 Mart 2025 01:47see107

Fransanın dövlət borcu rekord səviyyədədir

29 Mart 2025 06:25see106

Hər bir DTX əməkdaşı bu amalı öz qarşısında məqsəd qoyub Komitə sədri

28 Mart 2025 15:35see106

Ən çox asılılıq yaradan 2 növ spirtli içki...

29 Mart 2025 01:50see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri