Icma.az
close
up
RU
Ənənədən müasir yaradıcı təhsilə doğru

Ənənədən müasir yaradıcı təhsilə doğru

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

İncəsənət təhsilinin müasirləşdirilməsi artıq yalnız təhsil sahəsinin deyil, bütövlükdə mədəniyyət siyasətinin əsas istiqamətlərindən biridir. Çünki mədəniyyətin gələcəyi bu gün incəsənət məktəblərində formalaşan insan kapitalından başlayır.

Son iki ildə Mədəniyyət Nazirliyi incəsənət təhsilində sistemli islahat proqramı həyata keçirir. Məqsəd zəngin sənət ənənələrimizi qorumaqla yanaşı, məktəbləri müasir yaradıcı sənayelərin, rəqəmsal texnologiyaların və yeni peşələrin tələblərinə uyğunlaşdırmaqdır.

Bu dəyişikliklərin mərkəzində isə bir prinsip dayanır: keyfiyyətli incəsənət təhsili müəllimdən, müasir məzmundan və istedadın inkişafına imkan verən mühitdən başlayır.

10 min müəllimin səriştəsi qiymətləndirilib.

İslahatların ən mühüm istiqamətlərindən biri pedaqoji heyətin peşəkarlığının qiymətləndirilməsidir.

Son iki ildə 10 minə yaxın müəllimin bilik və bacarıqları qiymətləndirilib. İncəsənət təhsili sistemində ölkə miqyasında ilk dəfə həyata keçirilən bu proses müəllim potensialı haqqında real mənzərəni görməyə imkan yaradıb.

Nəticələr göstərir ki, müəllimlərin böyük əksəriyyəti tələb olunan peşəkarlıq səviyyəsini nümayiş etdirir. Bununla yanaşı, 2500-ə yaxın müəllim qiymətləndirmədən keçə bilməyib.
Proses sistem daxilində fərqli mənzərələri də üzə çıxarıb. Elə region məktəbləri var ki, burada müəllim və şagird kontingenti, eləcə də tədrisin faktiki vəziyyəti ciddi təhlil tələb edir. Eyni zamanda yüksək peşəkarlığı və nəticələri ilə seçilən, müəllimlərinin fəaliyyəti nümunə göstərilə biləcək məktəblərimiz də az deyil.

Əsas yanaşma dəyişməzdir: qiymətləndirmə cəza mexanizmi deyil, keyfiyyətin yüksəldilməsi alətidir.

Müəllim peşəsinə maraq artır

Müsbət tendensiyalardan biri incəsənət məktəblərində müəllim kimi çalışmaq istəyənlərin sayının artmasıdır. Bu il keçirilən müəllim qəbulu imtahanlarında 1200-dən çox namizəd iştirak edib.

Növbəti mərhələdə müəllimlərin qiymətləndirilməsi daha sistemli və ölçülə bilən mexanizm — sertifikasiya vasitəsilə davam etdiriləcək. İlin sonunadək müəllimlərin səriştələrinin qiymətləndirilməsi prosesinin bütövlükdə yekunlaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, qiymətləndirmə müəllimlərin təlimi, ixtisasartırması və metodiki dəstəyi ilə paralel aparılmalıdır. Çünki müəllimin fəaliyyətini ölçmək qədər onun peşəkar inkişafına şərait yaratmaq da vacibdir.

Tədrisin məzmunu yenilənir

İslahatların ikinci böyük xətti təhsilin məzmununun müasirləşdirilməsidir.

İncəsənət təhsilinin güclü klassik bazası qorunmalıdır. Lakin bugünkü şagird yalnız repertuarı mənimsəməli və texniki bacarıq qazanmamalıdır. O, yaradıcı düşünməyi, layihə hazırlamağı, rəqəmsal vasitələrdən istifadə etməyi, əməkdaşlıq etməyi və öz ideyasını təqdim etməyi də bacarmalıdır.

Son iki ildə incəsənət məktəblərində tədris olunan ixtisasların proqramları yenilənib, yeni dərsliklərin hazırlanmasına başlanılıb. Növbəti iki il ərzində isə kurikulumların bütövlükdə yenilənməsi istiqamətində iş davam etdiriləcək.

Əlamətdar yeniliklərdən biri fortepiano ixtisası üzrə yeni dərsliyin hazırlanmasıdır. Bu sahədə sonuncu belə dərsliyin ötən əsrin 50-ci illərində nəşr edilməsi məzmun yenilənməsinə nə qədər böyük ehtiyac olduğunu göstərir.

İlk dəfə yeni yaradıcı ixtisaslar

Mədəniyyət anlayışı artıq yalnız klassik musiqi, rəssamlıq və ənənəvi sənətlə məhdudlaşmır. Rəqəmsal texnologiyalar, dizayn, animasiya, audiovizual sənaye və yaradıcı iqtisadiyyat müasir mədəniyyət ekosisteminin ayrılmaz hissəsinə çevrilib.

Məhz bu dəyişikliklər nəzərə alınaraq yeni tədris ilindən ilk dəfə olaraq yaradıcı istiqamətlər üzrə yeni proqramlara start verilir.

Yeni istiqamətlər:

Bu proqramlar üzrə müsabiqədə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəblərinə şagird qəbulu üzrə qabiliyyət imtahanında 70 və daha yüksək bal toplamış namizədlər iştirak edə biləcəklər. Seçilən şagirdlər üçün təhsil ödənişsiz olacaq.

Bu addım incəsənət məktəblərinin ənənəvi sənət təhsilindən müasir yaradıcı sənayelərə doğru açılmasının mühüm göstəricisidir.


Nəticəni ölçmək vaxtıdır

İslahatların üçüncü istiqaməti nəticəyönümlü idarəetmə və obyektiv qiymətləndirmə mexanizmlərinin yaradılmasıdır.

Musiqi və incəsənət məktəblərinin məzunları üçün buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili məktəblərin real nəticələrini görməyə, müqayisəli keyfiyyət göstəricilərini müəyyənləşdirməyə və daha şəffaf qiymətləndirmə mühiti formalaşdırmağa imkan verir. Bu il 8 mindən çox incəsənət məktəbi şagirdlərinin ilk dəfə olaraq mərkəzləşdirilmiş imtahanı keçirilib. Nəticələrdə xeyli maraqlı məqamlar var. Təxminən 2000-dən çox şagird ya yekun imtahanda iştirak etməyib, ya da ki qeyri-kafi qiymət alıb.
Məqsəd sadəcə imtahan keçirmək deyil. Əsas sual budur: şagird məktəbi bitirərkən nə bilir, nə bacarır və qazandığı bilik və bacarıqları necə nümayiş etdirə bilir?

Beynəlxalq standartlara doğru

Növbəti mühüm addımlardan biri beynəlxalq qiymətləndirmə modellərinin Azərbaycan incəsənət təhsilinə inteqrasiyasıdır.

Bu istiqamətdə ABRSM modeli əsasında beynəlxalq qiymətləndirmə yanaşmalarının pilot tətbiqi nəzərdə tutulur. Belə mexanizmlər şagirdlərin hazırlıq səviyyəsini beynəlxalq meyarlarla müqayisə etməyə, istedadlı uşaqların inkişaf trayektoriyasını daha aydın müəyyənləşdirməyə və Azərbaycan incəsənət təhsilinin beynəlxalq mühitə inteqrasiyasını gücləndirməyə imkan verir.

Burada məqsəd milli məktəbi başqa modellə əvəz etmək deyil. Məqsəd Azərbaycanın güclü incəsənət təhsili ənənəsini beynəlxalq standartlarla zənginləşdirməkdir.
İdarəetmə rəqəmsallaşır.

Müasir təhsil sistemində keyfiyyət yalnız sinif otağında formalaşmır. Effektiv idarəetmə də onun vacib şərtidir.

Bu baxımdan incəsənət təhsilində rəqəmsallaşma mühüm mərhələyə çatıb. Direktor, müəllim və şagird qəbulu elektronlaşdırılıb, təhsil müəssisələrinin fəaliyyətinin rəqəmsal idarə olunması üçün yeni mexanizmlər yaradılıb.

Bu proses şəffaflığın artırılmasına, inzibati prosedurların sadələşdirilməsinə və qərarların real məlumatlar əsasında qəbuluna imkan verir.

Məzunlara elektron şəhadətnamələrin verilməsi də bu transformasiyanın mühüm tərkib hissəsidir.

Yeni məktəblər, yeni imkanlar

Keyfiyyətli təhsil üçün müasir infrastruktur da vacibdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bilgəh, Şəki və Gəncədə incəsənət təhsili infrastrukturu yenilənir və ən müasir təhsil imkanları yaradılır.

Eyni zamanda Xankəndi şəhərində və Cəbrayıl rayonunun Şükürbəyli kəndində yeni incəsənət məktəbləri fəaliyyətə başlayacaq.

Bu proses xüsusilə regionlarda uşaqların keyfiyyətli incəsənət təhsilinə çıxışının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

İstedadı daha erkən kəşf etmək

İncəsənət təhsilinin qarşısında duran əsas vəzifələrdən biri istedadlı uşaqları mümkün qədər erkən müəyyənləşdirmək və onların inkişafını sistemli şəkildə dəstəkləməkdir.
Bu məqsədlə Elm və Təhsil Nazirliyi ilə birlikdə Uşaq İncəsənət Olimpiadasının keçirilməsi imkanları müzakirə olunur.

Belə bir platforma uşaqların istedadının üzə çıxarılması ilə yanaşı, onların motivasiyasını artırmağa və gələcək peşəkar inkişaf istiqamətlərini daha erkən müəyyən etməyə kömək edə bilər.

Məktəbdən yaradıcı platformaya

Bütün bu dəyişikliklərin yekun məqsədi yalnız ayrı-ayrı göstəriciləri yaxşılaşdırmaq deyil. Qarşıda daha böyük hədəf dayanır: musiqi və incəsənət məktəblərini müasir yaradıcı inkişaf platformalarına çevirmək.

Bu məktəblər tədricən qapalı tədris məkanından açıq yaradıcı mühitə çevrilməlidir.

Burada uşaq yalnız fortepiano çalmağı, rəsm çəkməyi, keramika hazırlamağı və ya başqa bir texniki bacarığı öyrənməməlidir. O, həm də düşünməyi, yaratmağı, əməkdaşlıq etməyi, layihə qurmağı, sosial və emosional bacarıqlarını inkişaf etdirməyi, özünü ifadə etməyi öyrənməlidir.

Çünki gələcəyin yaradıcı insanına yalnız yaxşı texnika deyil, dünyanı anlamaq, fərqli düşünmək və yeni ideya yaratmaq bacarığı da lazımdır.

Təhsil həqiqətən incəsənətdir

Azərbaycanın incəsənət təhsili böyük ənənəyə malikdir. İslahatların məqsədi həmin ənənədən imtina etmək deyil, onu gələcəyə daşımaqdır.

Müəllimin peşəkarlığının artırılması, məzmunun yenilənməsi, yeni yaradıcı ixtisasların açılması, beynəlxalq qiymətləndirmə modelləri, rəqəmsallaşma, müasir infrastruktur və istedadların erkən aşkarlanması eyni məqsədin ayrı-ayrı hissələridir.

Bu məqsəd isə aydındır: ənənəsini qoruyan, dünyaya açıq, yaradıcı düşünən və gələcəyin mədəniyyətini formalaşdırmağa hazır yeni nəsil yetişdirmək.
Çünki təhsil özü də bir incəsənətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Avqust 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see245

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see245

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see230

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see217

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see216

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see215

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see209

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see195

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see188

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see188

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see186

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see185

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see185

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see182

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see181

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see181

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see176

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see170

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see169

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri