Eramızdan əvvəl XII yüzillikdən bu günədək... Azərbaycan Təbabəti Muzeyindən REPORTAJ
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 13 may, G.Mahmudlu, S.Məcnun, R.Fəttahov, AZƏRTAC
Burada ta qədim dövrlərdən son illərə qədər səhiyyəmizin inkişafını göstərən sübut və eksponatlarla qarşılaşmaq olar. Girişdəki barelyeflər isə bizi qədim yunan mifologiyasına görə sağlamlıq allahı hesab edilən Asklepin dövrünə apardı.
Azərbaycan Təbabəti Muzeyi ilə tanışlığa eramızdan əvvəl XII yüzillikdən səyahətlə başladıq…
Muzeyin qısa tarixi
Muzeyin direktoru Sevinc Maniyeva AZƏRTAC-ın əməkdaşı ilə söhbətində bildirdi ki, 1986-cı ilin yanvarında açılan Azərbaycan Təbabəti Muzeyi xalqımızın mədəni irsinin mühüm hissəsini, qədim dövrlərdən başlamış bugünkü günə qədər ölkəmizdə tibb və səhiyyənin inkişaf tarixini, habelə alimlərimizin ölkə və dünya elmindəki nailiyyətlərini geniş ictimaiyyətə çatdırmaq məqsədilə təşkil olunub. Muzey 1889-cu ildə tikilmiş qədim arxitektura abidəsi olan binada yerləşir, inqilaba qədərki dövrdə bura Qaraşəhər müalicəxanası kimi fəaliyyət göstərib. 1914-1917-ci illərdə görkəmli dövlət xadimi Nəriman Nərimanov həmin müalicəxanada həkim kimi çalışıb.

Bunu muzeyin giriş hissəsindəki qranit barelyefin üzərindəki xatirə lövhəsi təsdiq edir. Doqquz zalda nümayiş olunan ekspozisiyaya sənədlər, şəkillər, kitablar, Azərbaycan həkimlərinin tibb alətləri, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Moskva, Sankt-Peterburq, Bakı şəhərlərinin arxivlərindən götürülmüş qiymətli əlyazmaların fotosurətləri daxildir. Ekspozisiya tarixi ardıcıllıq üzrə yerləşdirilib.
Muzeyin ekspozisiya zallarında minə yaxın eksponat nümayiş olunur. Fondda ümumilikdə 13 min 845 əşya saxlanılır. Onlardan 8 min 162-si əsas, 5 min 683-ü köməkçi fonda aiddir. Fond daim yeni materiallarla zənginləşir. Qədim tibb alətlərinin və materialların toplanması məqsədilə müntəzəm ezamiyyətlər təşkil olunur.
Muzeyə “Hippokrat andı” içərək daxil olduq

Ekspozisiya Asklepi və onun qızları Gigiyeya və Panaseyanın təsviri olan barelyeflə başlayır.
Birinci zalda Hippokratın, Əbu Əli İbn Sinanın büstləri, həmçinin İbn Sinanın “Tibb elminin qanunu” əsərinin 1143-cü ilə aid olan cildlərindən birinin əlyazması nümayiş etdirilir. Əlyazmanın əsli Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Frizlərdə qədim yunan və Roma tibbinin ayrı-ayrı elementləri, həmçinin orta əsrlər Şərq və Qərbi Avropa dövrünə aid şəkillər təsvir olunur.
Muzeydə iri sərlövhədə nümayiş etdirilən Hippokrat andını isə görməmək mümkün deyil.
1968-ci ildə Umnisə Musabəyova Fransada ikinci deontologiya konfransında çıxış edərək Hippokrat andına bir cümlə əlavə olunmasını təklif edir: “And içirəm ki, ömür boyu öyrənəcəyəm”. Onun təşəbbüsü müsbət qarşılanır və qəbul olunur.
Əlavə edilən cümlə sırf tibb sahəsinin təmsilçilərinə aid olsa da vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəs ömrünün sonuna kimi nələrisə öyrənməli və onu tətbiq edərək cəmiyyətə faydalı olmağa çalışmalıdır. Andı cümlə-cümlə oxuduqdan sonra muzeylə tanışlığı davam etdirdik.
İkinci, üçüncü və dördüncü zallar: Burada səhiyyəmizin “ilk”ləri yer alıb

İkinci zalın ən diqqətçəkən hissəsi kənd ailə məişətinin nümunəsi olan dioramdır ki, burada xalq təbabəti üsullarından biri təsvir edilir. Zaldakı ekspozisiyada, həmçinin Qarabağ və digər bölgələrdə bitən dərman bitkilərinin bir qismi nümayiş olunur.
Muzeyə gələnlərin nəzərini orta əsr cərrahlıq alətləri, xalq həkimləri Qayıbovlar sülaləsinin müalicə məqsədləri üçün istifadə etdikləri şəxsi əşyalar cəlb edir. Zalda Ağdam rayonunda qədim yaşayış məskənlərindən olan Çalağantəpədə qazıntılar zamanı aşkarlanan və insan beynində aparılan əməliyyat zamanı istifadə olunan tibbi ləvazimatlar, orta əsr İslam dünyasının ən məşhur cərrahlarından biri olan Əbdül Qasım Əl-Zəhravinin kitabı, onun cərrahi alətləri əsasında hazırlanan alətlər saxlanılır. Daha sonra burada əsli Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar Fondunda saxlanan Azərbaycan həkimlərinin XIII-XIX əsrlərə aid olan ayrı-ayrı tibbi traktatlarını görmək mümkündür.
İkinci zalda XIX əsrin II yarısında Rusiyanın müxtəlif universitetlərində və xaricdə təhsil alan ilk azərbaycanlı həkimlərin – Abdul Xalıq Axundovun, Bakıda ilk pulsuz müalicəxananın təşkilatçısı Məmmədrza Vəkilovun, Bəhram Axundovun, Kərimbəy Mehmandarovun, İbrahim Rəhimovun, ilk sanitar həkim Mustafa Şərifovun portretləri, diplomları, monoqrafiyaları, dissertasiyaları nümayış etdirilir. Sinir və kardiologiya sahələrini elmi eksperimentlərlə zənginləşdirən görkəmli alim, Kazan Universitetinin professoru Mirzə Kazım bəyə ayrıca bölmə həsr olunub.
Xüsusi diaramada biz 1917-ci il inqilabına qədərki Bakı neft mədənlərində işləyən fəhlələrin ağır həyat şəraiti ilə tanış oluruq.
Eyni zamanda, həmin zalda Azərbaycanın ilk diplomlu qadın həkimləri haqqında məlumat almaq olar: ilk azərbaycanlı alim qadın professor Sona xanım Vəlixan, o cümlədən Leyla Şahtaxtlı, Ayna xanım Əhmədbəyova, Qəmər xanım Əmiraslanova (İsgəndərova), Nəzirə Qulamşah Mirzə qızı Yaqubova, Ceyran Sultanova…
Növbəti zal Bakı Soveti neft sənayesi işçiləri qurultayının qərarına əsasən müasir tibbi avadanlıqlarla təchiz olunmuş ilk Azərbaycan tibb müəssisələrinin təşkilinə həsr edilmiş eksponatlarla başlayır. Ekspozisiya bizi burada işləyən müxtəlif millətlərə mənsub həkimlərin fəaliyyəti ilə də tanış edir. Burada, həmçinin Ramanı feldşer məntəqəsinin təsvir edildiyi fotoşəkil də nümayiş olunur. XX əsrin əvvəllərində Rusiyanın müxtəlif şəhərlərində təhsil almış azərbaycanlı həkimlərin fotoşəkilləri də maraq doğurur.
Görkəmli cərrah, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımova, Azərbaycanda pediatriyanın əsasını qoyan tibb elmləri doktoru Yevsey Gindesə, Azərbaycanın ilk səhiyyə naziri olmuş Xudadatbəy Rəfibəyova də ayrıca bölmə həsr olunub.
1914-cü ildə vəba xəstəliyi dövründə tikilmiş 19-cu barakın lazareti, yoluxucu xəstəliyə tutulmuş xəstənin yerləşdirilməsinə həsr olunmuş diarama nümayiş etdirilir. Yeri gəlmişkən, hazırda 19-cu barakın yerində Kliniki Tibbi Mərkəz (Semaşko) fəaliyyət göstərir.
Stendlərdə, həmçinin XX yüzilliyin əvvəllərində Azərbaycan həkimlərinin işlətdikləri tibbi alətləri görürük.
Dördüncü zalda Xalq Komissarları Sovetinin nəzdində təşkil olunmuş Azərbaycan İnqilab Komitəsinin yaradılmasından bəhs edilir. Burada komitənin apteklərin milliləşdirilməsi haqqında ilk dekreti, Xalq Komissarlığının 1920-ci il 29 aprel tarixli ilk əmri, Bakı Universitetinin (indiki Bakı Dövlət Universiteti) ilk rektorları Vasili İvanoviç Razumovski və Davidenkovun fotoşəkilləri nümayiş etdirilir. Eyni zamanda, Bakı Universitetinin (1922-ci ildən Azərbaycan Universiteti) tibb fakültəsinin ilk buraxılışı, professor və müəllim heyəti, ilk elmi–tədqiqat institutlarının fəaliyyəti ilə tanış olmaq mümkündür. Universitetin ilk azərbaycanlı rektoru Tağı Şahbaziyə və görkəmli dövlət xadimi, ədib və həkim Nəriman Nərimanova xüsusi stendlər həsr olunub. Zalda N. Nərimanov və dövlət xadimi Qəzənfər Musabəyovun büstləri qoyulub. Onların hər ikisi Azərbaycan Xalq Komissarları Sovetinin sədrləri olublar.
Səhiyyə xidmətinin yaxşılaşdırılması tədbirləri və İkinci Dünya müharibəsinin qəhrəman həkimləri…

Beşinci zal keçmiş Sovet İttifaqının xalq səhiyyə komissarı Nikolay Aleksandroviç Semaşko ilə Azərbaycanın səhiyyə komissarı Möhsün Qədirlinin (İsrafilbəyov) birlikdə çəkilmiş portreti ilə başlayır.
1934-1936-cı illərdə kənd əhalisi üçün sanitariya xidmətini yaxşılaşdırmaq məqsədilə təşkil olunmuş “Göyçay hərəkatı”na ayrıca bölmə həsr olunub. Burada Azərbaycan Dövlət Tibb Universitetinin ayrı-ayrı kafedraları, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkili və fəaliyyətindən söhbət açılır. Daha sonra bu zalda Qırmızı Aypara Cəmiyyətinin təşkilinə həsr olunmuş materiallar təqdim edilir.
Muzeyin bəzi eksponatları bizi görkəmli alim, həkim Sonaxanım Vəlixanın elmi yaradıcılıq yolu ilə tanış edir. Burada, həmçinin oftalmoloq, professor Umnisə Musabəyovanın 30-cu illərdə Berlində nəşr olunan elmi əsərləri nümayiş etdirilir.
Təbii sərvətlərlə zəngin olan respublikamızda çıxan Naftalan nefti dünya şöhrəti qazanıb. Naftalan sanatoriyasının açılışı da həmin dövrə təsadüf edir. Naftalan nefti haqqında ilk məlumata Heradotun və Plutarxın əsərlərində rast gəlmək mümkündür. Onun müalicəvi əhəmiyyətindən Nizami Gəncəvinin poemalarında da bəhs edilib. Naftalan neftinə bu zalda xüsusi stend və vitrin həsr olunub.
Altıncı zalda İkinci Dünya müharibəsi zamanı ön və arxa cəbhədə borclarını şərəflə yerinə yetirən tibb işçiləri haqqında onlarca maraqlı eksponat var. Burada Kerç boğazını keçərkən göstərdiyi igidliyə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Səməd Abdullayevin, 1945-ci ildə Almaniyada yaralıları xilas edərkən həlak olan Sovet İttifaqı Qəhrəmanı Məmməd Məmmədovun fotoşəkilləri nümayiş etdirilir. Burada həmçinin Sovet İttifaqı Qəhrəmanı tibb xidməti polkovnik-leytenantı Valentin Akimoviç Mironova dair foto və məlumata da rast gəlmək mümkündür.
Həmin zalda Bakı vağzalına sanitar qatarla yaralıların gətirilməsi, həmçinin akademik Topçubaşovu əməliyyat zamanı əks etdirən maket-diaramalarla tanış oluruq. Diqqəti cəlb edən eksponatlardan biri də partizan-həkim Aliyə Rüstəmbəyovanın “Baba” partizan dəstəsindəki fəaliyyətindən bəhs edən materiallardır.
İkinci Dünya müharibəsindən sonrakı dövrdə respublikada müalicə-profiklaktika müəssisələrinin tikilməsinə və bərpasına başlanılır. Azərbaycanda tibb elminin inkişafında Mustafa Topçubaşov, Mirəsədulla Mirqasımov, İvan İlyin, Cahangir Abdullayev, Hüseyn Əliyev, Rüstəm Əliyev, Fuad Əfəndiyev, Umnisə Musabəyova, Əbülfəz Qarayev, Kamil Balakişiyev, Vəli Axundov, Bahadur Sultanov, Adilə Namazova böyük rol oynayıblar. Muzeydəki materiallar əsasında onların fəaliyyəti haqqında məlumat almaq mümkündür. 1935-ci ildən 1938-ci ilədək Azərbaycan Tibb İnstitutuna rəhbərlik etmiş, Azərbaycan Dövlət Universitetinin rektoru və Azərbaycan SSR-nin Xalq Səhiyyə Komissarı olmuş Əziz Əliyevə xüsusi stend və vitrin həsr olunub.
Həmçinin strendlərdən biri Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, akademik, tibb elmləri doktoru professor Mustafa Topçubaşov və onun oğlu görkəmli cərrah İbrahim Topçubaşova həsr edilib. Mustafa Topçubaşov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş həkimlərimizdəndir. Bu ada layiq görülən daha 3 həkimimiz - Şamama Ələsgərova, Böyükxanım Əliyeva və Zəhra Qazıyevanın da fotoşəkilləri həmin zalda yer alıb.
Zaldakı stendlərdən biri isə Azərbaycanın Şuşa, Kəlbəcər və digər rayonlarını, eləcə də Abşeronda yerləşən sanatoriyaların fəaliyyətini əks etdirir. Eyni zamanda, burada Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımovun və görkəmli dövlət xadimi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Əziz Əliyevin büstləri qoyulub.
Azərbaycan səhiyyəsinin tərəqqisi naminə Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın açdığı cığırlar

Növbəti zal Ulu Öndər Heydər Əliyevə həsr olunub. Respublikamızda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əldə edilən uğurlar Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Belə ki, Ulu Öndərin rəhbərliyi dövründə Bakıda və digər şəhərlərdə ittifaq əhəmiyyətli ixtisaslaşdırılmış mərkəzlər açılıb, həmin müəssisələr o dövr üçün ən yeni cihaz və avadanlıqlarla, tibbi ləvazimatlarla təmin olunub. Həmçinin keçmiş ittifaqda və xarici ölkələrdə çoxsaylı yüksək ixtisaslı kadrlar hazırlanıb. Sahə həkimlərinin I qurultayı, Oftalmoloqların konfransı, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun və s. açılışı məhz bu dövrə təsadüf edir. Burada Ümummilli Lider Heydər Əliyevin müxtəlif konfranslarda iştirakı, tibb işçiləri ilə, dünya şöhrətli M. Rastrapoviç, Maykl Debeyki və İhsan Doğramacı ilə görüşlərini əks etdirən fotoşəkillər nümayiş etdirilir.
Azərbaycanda oftalmologiyanın inkişafı sahəsində əvəzsiz xidmətləri olan Əməkdar elm xadimi, M. İ. Averbax adına mükafata layiq görülmüş akademik Zərifə xanım Əliyevanın müxtəlif illərdə çəkdirdiyi fotoşəkillər, elmi fəaliyyətinə dair sənədlər də bu zalda nümayiş etdirilir. Zərifə xanım Əliyevanın çoxistiqamətli elmi yaradıcılığında 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif, bir ixtira da öz əksini tapıb.
Səhiyyəmizin XXI əsrdə yüksələn xətlə inkişafının təcəssümü, Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəman həkimləri

Əminliklə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin bütün sahələr kimi səhiyyəyə göstərdiyi diqqət və qayğı da Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb müəssisələri, yüksəkixtisaslı tibb işçilərinin hazırlanması və onların təkmilləşməsi üçün görülən işlər bunun sübutudur. Muzeyin sonuncu zalında dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə açılan, əsaslı təmir olunan tibb ocaqlarının fotoşəkilləri təqdim edilir. Stendlərdə Respublika Diaqnostika Mərkəzinin, Milli Oftalmologiya Mərkəzinin, Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun, regionlarda tikilən, əsaslı təmir olunan tibb ocaqlarının açılışı zamanı çəkilən şəkillər nümayiş etdirilir.
Qeyd edək ki, son 22 il ərzində 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub, müasir tibbi avadanlıqlarla təchiz edilib.
Zalın sonuncu stendi Hippokrat andına, Vətənə və millətə layiqli xidmət əhdinə son nəfəsinə qədər sadiq qalan şəhid tibb işçilərinə həsr olunub. Burada Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəman tibb işçilərinə dair məlumatlar yer alıb.
Göründüyü kimi, səhiyyəmizin tarixinə addım-addım nəzər saldıq. Muzeyin doqquz zalı bizi sağlamlığımızın peşəkar müdafiəçiləri və səhiyyə xidmətlərinin pillə-pillə yaxşılaşdırılması naminə görülən işlərə dair müfəssəl məlumatlarla təmin etdi. Zamana səyahətimizi Hippokrat andı ilə başlayıb əhdinə vəfalı olanlarla bitirdik…


