Ərlərini dəyişərək ictimai ağrını “öz bədənində susdurmaq”... Anam məni sevibmi?
Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kulis.az ədəbiyyatşünas alim, esseist Mətanət Vahidin "Öz həyatını danışmaq ədəbiyyatdırmı?" yazısını təqdim edir.
Tove Ditlevsenin “Uşaqlıq. Gənclik dövrü. Evlilik” trilogiyası dünyada, belə demək olarsa, “gec kəşf edilmiş” kitablar sırasındadır. Xanım Ditlevsen 1917-1976-cı illərdə yaşayıb, bu illər ərzində yaradıcılıqla da məşğul olub, az-çox tanınıb və unudulub. Amma həmişə dediyim kimi, hər əsərin öz taleyi var, qismətində ulduzunun parlaması varsa, müəllifi həyatda olsa da, olmasa da, onu xatırladacaq.
Tovenin bu romanı məhz 2020-ci illərdə birdən-birə yada düşdü; oxucu üçün (əlbəttə, ondan öncə naşirlər üçün) maraq kəsb etdi. Səbəb isə sadədir: dünya oxu modası T.Ditlevsenin ötən əsrin 60-cı illərinin sonlarında yazdığı roman(lar)a gəlib çıxdı. Maraqlıdır, görəsən, Tove xanım da o vaxt “mənim yazdıqlarımın qədri sonra bilinəcək” deyirmişmi?!
“Uşaqlıq. Gənclik dövrü. Evlilik” trilogiyası müəllifinin simasında yalnız bir qadının taleyi haqqında deyil. Müəllif nəzərdə tutsa da, tutmasa da, bu roman(lar) bu gün daha çox ötən əsrin ilk yarısında Avropanın aşağı təbəqəsində böyüyən, sinfi sərhədlərdən, ailə mexanizmlərindən və qadının boyuna biçilmiş rollarından çıxmağa çalışan bir insanın tarixçəsi kimi oxunur. Məncə, dünya bu gün bu trilogiyada protaqonistin yaşantılarını şəxsi qayğılar və ya zəiflik kimi yox, səbəb-nəticə əlaqəli sistemli problem kimi oxumağa hazırdır.
Trilogiyanın fonunda yoxsulluq, işçi məhəllələri, sosial ədalətsizlik, gündəlik həyatın boğucu ritmi ilə müşahidə olunan interbellum* Kopenhageni dayanır. Ditlevsenin təsvir etdiyi bu aləm sanki heç uşaqlıq üçün nəzərdə tutulmayıb; burada uşaq gələcəyə hazırlanmır, kiçik yaşlarından böyük kimi düşünməyə, qayğılarla narahat olmağa, bir sözlə, vaxtından tez böyüməyə məcbur olur.
Məncə, bu tanış mənzərədə uşağa ucuz işçi qüvvəsi kimi baxılması, erkən evliliyə sövq edilərək, bir növ, ondan can qurtarılması, çarəsizcə vəziyyətlə barışmaq\uyğunlaşmaq kimi məsələlər heç də bizim oxucumuza yad nəsnələr deyil.
Bu sosial fon T.Ditlevsenin dünyagörüşünü formalaşdırır. Atası sosialist qəzetləri oxuduğundan və evdəki söhbətlərdən qız uşaq yaşından başa düşür ki, fərdi ağrı ilə ictimai ədalətsizlik bir-birindən ayrı deyil. Yeri gəlmişkən, trilogiyada bu məqamda Maksim Qorkinin təsiri də təsadüfi sayıla bilməz.
Ditlevseni cəlb edən Qorkinin romanında insanın qəddar dünyada necə formalaşdığını göstərmək və uşaqlığın onun xarakterinin və əxlaqi qaydalarının inkişafında həlledici mərhələ kimi əhəmiyyətini vurğulamasıdır.
Maraqlısı budur ki, bu ideoloji həssaslıq\dərketmə Toveni nə öz həyatında, nə də roman(lar)ında kollektiv həllərə aparır; o, ictimai ağrını ərlərini dəyişərək “öz bədənində susdurmaqla” və müxtəlif asılılıqları ilə psixikasında yaşayır. Çünki onun əsas problemi maddi yoxsulluqdan daha çox, emosional yoxsulluq – sevgisizlikdir.
Trilogiyanın əsasını təşkil edən fikir, məncə, budur: uşaqlığında anası tərəfindən sevilmədiyini hiss edən qız üçün xoşbəxtlik duyğusu həmişəlik şübhə altına düşür. Tove Ditlevsenin qəhrəmanı nə istədiyini bilmir kimi görünür, amma əslində, onun ən böyük ehtiyacının sevilmək istəyi olduğunu dərk edir.
Sadəcə, bu sevgini tanımır, ona güvənmir, yəqin elə bu səbəbdən də həyatına sevgi girəndə onu qoruyub saxlamağı bacarmır və həyat boyu onu müxtəlif formalarda axtarır: partnyorlarını dəyişir, ictimai normaları pozur, qadın üçün “uyğun” sayılmayan seçimlər edir və s… Bunlar isə azadlıq aktları deyil, daxili boşluğun simptomlarıdır.
“Evlilik” hissəsində bu xətt kulminasiyaya çatır. Sosial azadlığa nail olan qəhrəman tanınır, maddi imkanları da pis deyil, di gəl daxili sabitliyə nail ola bilmir. Onun narkotik asılılığı da reallıqdan qaçmaq ehtiyacıdır. Çünki uşaqlıqdan hiss etdiyi həyatın dözülməzliyi, onu hər hansı bir şəkildə ya yüngülləşdirmək, ya da söndürmək lazım olduğu düşüncəsinə malikliyidir.
Müasir dünya kitabçılarının fikrincə, bu trilogiya qadının düşüncə azadlığını vurğulayır.
Məncə, Ditlevsenin romanını “azad qadının seçimi” kimi şərh etmək səthi yanaşma olardı; çünki azadlıq burada məqsəd yox, alətdir. Tove sevgisizliyin qurbanı idi və bütün axtarışları bir kənara qoyub özünü yaratmaqla məşğul olmalı idi. O isə özünü məhv etməyi seçdi. Azadlıq istəyi var, amma daxili dayaq nöqtəsi yoxdur. Sevgisizlikdən doğan boşluğu nə insanlarla, nə yaradıcılıqla doldura bildi. Nəticədə, azadlıq onun üçün seçim deyil, yükə çevrildi.
Çağdaş dünya ədəbiyyatında avtofikşn çoxoxunan və çoxsatılan, səbəbləri də anlaşılandır. Amma Tove Ditlevsen öz həyat hekayəsini layihə kimi təqdim etmir, onu “narrativə çevirmək” üçün yazmır.
Məncə, Tove üçün yazmaq sadəcə, yaşamağın başqa formasıdır. Ona görə də bu mətnlərdə estetika həmişə bir neçə addım geridə qalır. Əsərin hədsiz dərəcədə sadəliyini üslubi keyfiyyət kimi də təqdim etmək mümkündür, qüsur kimi də.
Tove Ditlevsenin qınaqlardan çəkinmədən, həyatını bəzəmədən, özünə haqq verməyə çalışmadan və oxucuya təsəlli satmadan yazıya aldığı “Uşaqlıq. Gənclik dövrü. Evlilik” trilogiyası gerçəyin çılpaq üzü ilə qarşılaşmaqdan qorxmayan oxucu üçün maraqlı əsərdir.
Xanım Ditlevsen yaradıcılığı xilas yolu kimi deyil, yaşamaq cəhdi kimi təqdim edir və insanın bəzən nə istədiyini bilmədən, sadəcə içindəki boşluğu doldurmağa çalışaraq ömür sürdüyünü, bəlkə də gün keçirdiyini göstərir.
Bəzən insanın bütün həyatı sadəcə bircə suala, məsələn, “anam məni sevibmi?” sualına cavab axtarmaqdan ibarət olur. Və bəzən bu sualın cavabı özünü hamının əvəzinə sevmək olmalıdır.
"Avatar" 6 milyard dolları keçən ilk film seriyası oldu Jurnalist Nailə Əkbərova vəfat etdi Qəlb ağıldan üstündür... - Günün mahnısı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 13 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















