Ermənistan ərazi iddialarından əl çəkə biləcəkmi?
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Yeni konstitusiya layihəsi millətçiliyə yoluxdurulmuş toplumun müzakirəsinə verildi
Baş nazir Nikol Paşinyanın söz verdiyi kimi, Ermənistan hökuməti yeni konstitusiya layihəsini rəsmi saytında dərc edib. Ən önəmlisi odur ki, yeni konstitusiya layihəsinin preambulasının mətnində 1990-cı ildə qəbul olunmuş Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Paşinyan da xüsusi vurğulayıb: “Çox yaxşı ki, layihədə “Ermənistanın 23 avqust 1990-cı il tarixli İstiqlal Bəyannaməsi”nə heç bir istinad yoxdur”.
Yeni konstitusiyanın preambulasında indi belə deyilir: “Biz, Ermənistan Respublikası xalqı, beynəlxalq səviyyədə tanınmış ərazimizdə müstəqil, dinc, təhlükəsiz və çiçəklənən bir dövlət qurmaq missiyası ilə və bu dövləti gələcək nəsillərə ötürmək əzmi ilə dövlətçiliyimizin davamlılığı və inkişafı naminə Ermənistan Respublikasının Konstitusiyasını qəbul edirik. Konstitusiya Ermənistan Respublikasının daxili və xarici əlaqələrinin fundamental prinsipləri üzrə ortaq razılığımızdır”.
Yeni layihə mətbuatda dərc ediləndən sonra ayrı-ayrı siyasi xadimlər, o cümlədən Nikol Paşinyan bu məsələ ilə bağlı açıqlamalar verirlər.
Müzakirələr başlamışdır – deyə bilərik. Nikol Paşinyanın xalqa müraciətinin də şahidi olduq. Ən əsası isə bizi, Azərbaycanı maraqlandıran və tələb etdiyimiz məsələlərdən biri – Ermənistanın yeni konstitusiyasında 1990-cı ildə qəbul edilən və əvvəlki konstitusiyalarda yer alan Müstəqillik Bəyannaməsinə istinadın olmamasıdır.
Gözlənildiyi kimi, bu məsələ Paşinyan hakimiyyəti tərəfindən gündəmə gətiriləndə çox böyük müzakirələr aparılmışdı. Çünki həmin sənədi tarixi akt hesab edərək onun çıxarılmasını xəyanət hesab edənlər var idi. Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə Ermənistan Respublikasının birləşdirilməsi haqqında bəyannamə birbaşa konstitusiyaya daxil edilərkən bölgədə durum fərqli idi. Bu, indi də qalardısa Ermənistan Azərbaycan torpaqlarına iddianı gələcək nəsillərə ötürə bilərdi. Artıq bu istinad aradan qaldırılır. Bu da o deməkdir ki, konstitusiya bu şəkildə qəbul edilərsə, Azərbaycan torpaqlarına olan iddiaların konstitusion əsasını təşkil edən istinad aradan qalxmış olacaq. Konstitusiyanın ən böyük özəlliklərindən biri də budur və bu məsələ öz həllini tapa bilər. Ermənistanda hesab edirlər ki, bu, xaricdən, yəni Azərbaycan və Türkiyədən təzyiqlərin nəticəsində edilən məcburi addımdır və referendum zamanı hətta Paşinyanın əleyhinə işləyə bilər. Amma konstitusiya layihəsini hazırlayan heyət hesab edir ki, bu istinad olmamalıdır və artıq layihədə o yoxdur.
Paşinyan dünənki müraciətində qeyd etdi ki, əgər istinadı saxlasaydılar, bu, Azərbaycanla müharibə vəziyyətinin davam etməsi və yaxın zamanda yenidən müharibəyə cəlb olunmaq ehtimalı demək olardı. Bu mənada, sənəd “sülh layihəsi” adlandırıla bilər. Yeni konstitusiyada yalnız Azərbaycan deyil, Türkiyə ərazilərinə iddialar da yer almayıb. Köhnə konstitusiyada “Ermənistan Respublikasının rəmzləri”ndə yer alan bayraq, gerb və himnlə bağlı müddəalar da yeni layihədə yenidən işlənib. Əvvəlki konstitusiyanın 21-ci maddəsində ölkənin bayrağı və gerbi ilə bağlı “Nuhun gəmisi və Ararat dağı” təsvirləri daxil idi. Yeni konstitusiyada bu məsələlərlə bağlı yalnız aşağıdakı ifadə daxil edilib: “Ermənistan Respublikasının rəmzləri gerb, bayraq və himndir. Gerb, bayraq və himnin tərifi referendum yolu ilə qəbul edilmiş qanunla müəyyən edilir”. Gerb və rəmzlər layihədə ətraflı şəkildə göstərilməyib.
Deməli, rəmzlərlə bağlı yeni qanun nəzərdə tutulur. Digər diqqətəlayiq dəyişiklik 1-ci maddəyə “dünyəvilik” prinsipinin əlavə edilməsi və yeni konstitusiya layihəsindəki müddəanın “Ermənistan Respublikası qanunun aliliyi ilə idarə olunan suveren, demokratik, dünyəvi və sosial dövlətdir” kimi təqdim edilməsidir. Bu, dövlət-kilsə münasibətlərinin nizamlanması üçün önəmli bir məqamdır. Əgər Ermənistan dünyəvi dövlətdirsə, dini mərkəzlərin dünyəvi dövlətin işinə qarışa bilməsi məhdudlaşdırılır.
Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində yeni konstitusiya layihəsinin fərdlərə və ya hökumətə məxsus olmadığını, Ermənistan xalqının dövlət üzərində suverenliyinə əsaslandığını bildirib və mətnin xalqı dövlətin qurucusu və güc mənbəyi kimi müəyyən etdiyini vurğulayıb. Paşinyan Ermənistan Respublikasının qurulmasının məqsədinin xalqın təhlükəsizliyini, azadlığını və rifahını təmin etmək, onların kimliyini qorumaq və insan hüquq və azadlıqlarını təmin etmək olduğunu bildirib və layihənin bu məqsədlərə uyğun hazırlandığını əlavə edib.
Paşinyan yeni konstitusiya layihəsinin yalnız hüquqi tənzimləmələri deyil, həm də “dördüncü respublika” adlandırdıqları yeni dövlət modelini təqdim etdiyini vurğulayıb. O, dördüncü respublika ilə üçüncü respublika arasındakı fərqi “münaqişənin olmaması” kimi izah edərək, ölkənin mühacirətə səbəb olan münaqişəyə əsaslanan siyasətin zəiflədildiyini və keçmişdə hakimiyyətdə olanların “böyük Ermənistan” ritorikasından istifadə edərək ölkəni talan etdiyini bildirib.
Yeni konstitusiya layihəsinin 8-ci maddəsinin xarici siyasətin məqsədini sülhə nail olmaq kimi müəyyən etdiyini deyən Paşinyan bunun 1990-cı il İstiqlal Bəyannaməsinin münaqişəyə əsaslanan məntiqindən imtina etmək demək olduğunu söyləyib. Paşinyan Ermənistanın gələcək mövqeyi üçün məqsədlərini izah edərək deyib: “Məqsədimiz Ermənistanı “Sülh yollarının kəsişməsinə” çevirməkdir”. Eyni zamanda, biz dövlət sərhədlərinin toxunulmazlığını və beynəlxalq səviyyədə tanınmış ərazilərini müstəqil şəkildə qoruya bilən bir orduya malik bir ölkə yaratmağı hədəfləyirik”.
***
Qarabağ məsələsi və Azərbaycanla münaqişə üzrə əvvəlki danışıqlar prosesinin Ermənistanı dövlətçiliyini itirmək həddinə çatdırdığını deyən Paşinyan vurğulayıb: “Yeni konstitusiyanın qəbulundan sonra biz yalnız Azərbaycanla sülh müqaviləsi imzalayıb təsdiqləməyəcək, həm də institusional, davamlı və dönməz bir sülhə sahib olacağıq. Bu, görünməmiş və tarixi bir vəziyyətdir, çünki həm sülh, həm müstəqillik, həm də sülh və dövlətçilik olacaq”. Paşinyan keçmişdə sülh və dövlətçiliyin əks variantlar kimi təqdim edildiyini, lakin bu gün Ermənistanın həm sülh, həm də müstəqillik əldə etmək imkanına malik olduğunu diqqətə çatdırılıb.
Paşinyanın çıxışında önəmli məqamlardan biri də ondan ibarətdir ki, daha əvvəl Ermənistan Respublikasının əsası erməni xalqı hesab edilirdi. Yəni belə bir fikir yer alırdı ki, Ermənistan Respublikası erməni xalqına məxsusdur. Amma konstitusiyanın elə birinci maddəsində bu ifadə dəyişdirilib və qeyd olunub ki, Ermənistan Respublikasının əsasını Ermənistan xalqı qoyur. Beləliklə, “erməni xalqı” ilə “Ermənistan xalqı” anlayışları arasında seçim edilib. Çünki Ermənistanda yalnız ermənilər yaşamır. Əslində, əhalisinin 95 faizi ermənilərdən ibarət monoetnik dövlət olsa da, gələcəkdə demokratik və sivil dövlət qurmaq üçün belə bir ifadədən istifadə edilib.
Yeni layihədə Ermənistan dövlətinin hüquqi və siyasi sistemini əsaslandıran bir çox müddəalar var. Onların içərisində diqqətçəkən məsələlərdən biri də ordu ilə bağlıdır. Ermənistan ordusu başqa ölkəyə hücum ordusu deyil, müdafiə ordusu kimi təqdim edilir. Bu da normal qarşılana bilər. Paşinyan öz çıxışında deyir ki, bu layihənin elan olunması bir məsələdir, konstitusiya kimi qəbul edilməsi isə tamam başqa məsələdir. Çünki Ermənistan parlamentində konstitusiya dəyişikliyi üçün tələb olunan səs çoxluğu yoxdur. Parlamentdə 64 nəfərlik çoxluq var, amma konstitusiya layihəsinin qəbul edilməsi və referenduma gedilməsi üçün 70 səsə ehtiyac var.
Paşinyan müxalifətə bir daha müraciət etdi ki, layihəyə dəstək versinlər. Əgər xalq konstitusiya layihəsinə “yox” desə, Paşinyan istefa verəcəyini bildirib. İstefa verəcəyi təqdirdə yeni parlament seçkilərinə gediləcək və bu seçkilərdə indiki müxalifətin parlamentdə indiki qədər səs əldə etməməsi də mümkündür. Əgər xalq konstitusiya layihəsinə “hə” desə, Paşinyan növbəti seçkilərdə Baş nazirliyə öz namizədliyini irəli sürməyəcəyini də açıqlayıb.
***
Ermənistanda Paşinyanın bu gedişini növbəti hiylə hesab edənlər də var. Məsələn, politoloq Abraham Qasparyan deyir ki, yeni konstitusiyada əslində baş nazirin səlahiyyətlərinin azaldılması mexanizmləri var. Bu o deməkdir ki, Paşinyan baş nazirlik vəzifəsindən gedəndən sonra bütün səlahiyyətlər Milli Məclisə verilsin və o özü də MM-in sədri olsun. Bu ssenari Paşinyan komandasının ölkə idarəçiliyini uzun müddət əldə saxlamaq cəhdidir və buna konstitusiyanı qəbul etdirməklə nail olacaq. Bu da istisna deyil ki, Paşinyan “dördüncü respublika” adlandırdığı yeni Ermənistanın əsaslarını qoyur və gələcəkdə parlament daxilində siyasi fəaliyyətini davam etdirəcək. Ölkədə parlament üsuli-idarəsinə uyğun olaraq baş nazir və digər qurumlar seçiləcək və onlar yenə də Paşinyanın nəzarəti altında fəaliyyət göstərəcəklər. Bəzi şərhçilər hesab edirlər ki, Ermənistan əsas məsələni, partiyasını və komandasını qalıcı etmək üçün bu addımı atır.
Bu, inkaredilməz gerçəkdir ki, yeni konstitusiya Azərbaycan və Türkiyə ilə sülhə nail olmağa hesablanıb. Paşinyan özü bu konstitusiyanı “sülh konstitusiyası” adlandırır. İndi söz Ermənistan xalqınındır. Onlar nə istəyirlər: sülh, yoxsa müharibə? 2026-cı il iyun seçkilərində işləyən narrativlər işə düşəcək. Yaxın aylarda yeni konstitusiya layihəsi, şübhəsiz ki, müzakirə ediləcək və referendum təyin olunacaq. Əsas addım atılıb və Ermənistan köklü dəyişikliklər ərəfəsindədir.
Qafar Çaxmaqlı,
XQ-nin Türkiyə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 24 Noyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















