Icma.az
close
up
RU
Əsrlər keçsə də, səbəbi hələ də bilinmir: Kiçik buz dövrü tarixin axarını necə dəyişdi?

Əsrlər keçsə də, səbəbi hələ də bilinmir: Kiçik buz dövrü tarixin axarını necə dəyişdi?

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İqlim dəyişikliyi deyiləndə ilk növbədə qlobal istiləşmə yada düşür. Halbuki Yer üzündə tarix boyu müxtəlif iqlim dəyişiklikləri baş verib. Bəziləri təxminən 200 il davam edən istiləşmələr, bəziləri isə 400 ildən artıq sürən soyuq dövrlər olub.

Qaynarinfo xəbər verir ki, qlobal istiləşmədən əvvəl yaşanan son böyük iqlim dəyişikliyi o qədər də uzaq tarixə aid deyil. Təxminən XIV əsrdən XIX əsrə qədər davam edən Kiçik buz dövrü xüsusilə Avropada ciddi ictimai dəyişikliklərə səbəb olub. Bu dəyişikliklərin bəzi təsirləri müasir dünyada bu gün də hiss olunur. 

Bu soyumanın nədən qaynaqlandığı isə uzun illərdir cavabı axtarılan sualdır. Aparılan çoxsaylı araşdırmalar bizi cavaba yaxınlaşdırsa da, masada bir neçə fərqli amil var. Həmin dövrdə artan vulkanik fəaliyyətlər, Günəşdəki dəyişikliklər və hətta bir "soyqırım” Kiçik buz dövrünü tətikləyən faktorlar sırasında göstərilir. Dövrün kəşfləri, hadisələri və müstəmləkəçilik fəaliyyəti fonunda Kiçik buz dövrünün detalları belədir.

Nələr baş verdi?

Xüsusilə Avropa və Şimali Atlantik bölgəsindəki təsirləri ilə tanınan Kiçik buz dövrü texniki baxımdan Avropa Alplarında, Yeni Zelandiyada, Alyaskada və Cənubi And dağlarında buzlaqların genişlənməsi, qlobal temperaturun isə 2 dərəcə selsiyə qədər enməsi ilə xarakterizə olunan iqlim dəyişikliyi kimi təsvir olunur.

Bu dövrdə yaşanan sərt qışlar və quraq yaylar xüsusilə Avropada gündəlik həyata ciddi təsir göstərib. Soyuma mərhələli şəkildə başladı. İlk temperatur enişi təxminən 1300-cü illərdə qeydə alınıb, 1570-ci ildə isə daha kəskin və ani soyuqlar başlayıb.

Alplərdə buzlaqların sərhədləri daha aşağı ərazilərə doğru genişləndikcə İsveçrə və Fransa kimi bölgələrdəki fermalar, kilsələr və kəndlər yox olub. Soyuq qışlar və sərin, yağışlı yaylar Şimali və Mərkəzi Avropada məhsul qıtlığına və aclığa yol açıb. Okean sularının soyuması isə Şimali Atlantikdə treska balıqçılığını ciddi şəkildə zəiflədib.

Alman tarixçi Filipp Blom Kiçik buz dövrünün sivilizasiyaya təsirlərini araşdırdığı "Təbiətin üsyanı: Uzun XVII əsrdə Kiçik buz dövrü Qərbi necə dəyişdirdi və bu günü necə formalaşdırdı” adlı kitabında bu iqlim dəyişikliyinin sosial, iqtisadi və intellektual nəticələrini təhlil edir. O, həmçinin Kiçik buz dövrü ilə Maarifçilik dövrü arasında əlaqə olduğunu vurğulayır.

Blomun sözlərinə görə, təsirlər əsasən Avropada hiss olunsa da, proses qlobal nəticələr doğurub. Tarixçi buna ilk nümunəni Çindən verir. Onun fikrincə, 1644-cü ildə Min sülaləsinin süqutunun səbəblərindən biri qeyri-sabit məhsul yığımının nəticəsi idi. Avropada isə məhsulun davamlı azalması feodalizmin sonunu gətirən amillərdən biri ola bilərdi. Blom bildirir ki, dondurucu havaların ən kritik təsiri taxıl məhsulunu sıradan çıxarması idi və bu, qitə miqyasında ciddi ictimai dəyişikliklərə yol açıb. Avropada taxıl istehsalı 180 il ərzində əvvəlki səviyyəsinə qayıtmadı və bu, cəmiyyətin bütün strukturunu dəyişdirib.

Kiçik buz dövründən əvvəl Avropada cəmiyyət feodal qaydalarla idarə olunurdu. Əhalinin böyük əksəriyyəti zadəganlara məxsus torpaqlarda yaşayan kəndlilərdən ibarət idi. Feodal sistemdə kəndli məhsulun bir hissəsini özünə saxlayır, bir hissəsini növbəti il üçün əkir, qalanını isə feodala verirdi. Blomun fikrincə, kəndlilərin əlində artıq taxıl qalmayanda bu sistem çökməyə başlayıb.


Ticarət bacarıqları önə çıxdı

Məhsulun azalması ticarət bacarığı yüksək olan şəhərlərin ön plana çıxmasına səbəb olub. Bir vaxtlar Habsburq imperiyasında sıradan əyalət şəhəri olan Amsterdamın yüz ildən bir qədər artıq müddətdə inkişaf edərək Cənub-Şərqi Asiya ilə ticarətə başlaması buna nümunədir. Amsterdam mərkəzli "Hollandiya Şərqi Hindistan Şirkəti” bugünkü İndoneziya ərazisində yerləşən Cakartada apardığı ticarət nəticəsində ölkəni müstəmləkəyə çevirib və bölgədə törədilən işgəncələr və qırğınlarla tarixə düşüb.

Avropada göllərin və çayların donması Temza çayında olduğu kimi "buz yarmarkaları”nın yaranmasına səbəb olub. O dövrdə havada uçan quşların donaraq yerə düşdüyü, insanların hipotermiyadan həyatını itirdiyi, Fransa kralının isə yuxuda olarkən saqqalının donduğu qeyd olunur. 1588-ci ildə İngiltərəyə çıxarma etməyə gedən İspan armadası görünməmiş bir fırtınada məhv olub. 1666-cı ildə baş verən Böyük London yanğınının əsas səbəbi isə sərt qışdan sonra yaşanan həddindən artıq quraq yay idi.

Soyuqlarla bağlı yazılı mənbələr əsasən məktublar, gündəliklər, dini vəzlər, üzümçülərin qeydləri, eləcə də Qrenlandiya ətrafındakı dənizin donması səbəbilə adaya gediş-gəlişin dayandığını yazan dənizçilərin qeydlərindən ibarətdir. Bir sözlə, bu iqlim dəyişikliyi dövründə həm buz üzərində yarmarka quranlar, həm də məhsul qıtlığı yaşayanlar eyni reallıqla – soyuğa uyğunlaşmaq məcburiyyəti ilə üz-üzə qalıblar.

Stradivarius skripkaları bu soyuqlarda yarandı

Bu sərt qışların təsiri gözlənilməz sahələrdə də özünü göstərib. Musiqi tarixinin ən keyfiyyətli skripkalarını hazırlayan Stradivarius və Guarneri ustalarının uğurunun arxasında da Kiçik buz dövrü dayanır. Blom kitabında qeyd edir ki, soyuq iqlimdə ağaclar daha yavaş böyüyür, bu isə daha sıx və keyfiyyətli ağac materialı yaradır. Nəticədə səs keyfiyyəti yüksəlir və rezonans daha dərin olur.


Bəs bu soyuqları nə başlatdı?

"Kiçik buz dövrü” anlayışı ilk dəfə 1939-cu ildə geoloq Fransua Matyes tərəfindən işlədilib. Lakin dövrün dəqiq zaman aralığının müəyyənləşdirilməsi və səbəblərin aydınlaşdırılması uzun illər çəkib. Əsas ehtimallar arasında artan vulkanik və Günəş fəaliyyəti, həmçinin Amerikanın kəşfindən sonra yaşanan soyqırımlar yer alır.

2015-ci ildə aparılan araşdırmada buz nüvələrindən əldə olunan məlumatlar əsasında son 2 500 ildə baş vermiş 25 böyük vulkan püskürməsi təhlil edilib. Nəticələrə görə, 1200–1400-cü illər arasında İndoneziya, Ekvador və Meksikada son dərəcə güclü püskürmələr qeydə alınıb.

Qeorqetaun Universitetindən Dağomar Deqroot bu püskürmələrin soyuq hava ilə əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə, adətən böyük bir püskürmə bir neçə il davam edən soyuqlara səbəb ola bilər. Lakin ardıcıl şəkildə baş verən böyük püskürmələr iqlim sistemində müsbət geri qidalanma mexanizmlərini işə sala bilər. Bu halda uzunmüddətli soyuma dəniz buzlaqlarının genişlənməsinə gətirib çıxarır. Ağ rəngli buzlar tünd mavi su ilə müqayisədə Günəş şüalarını daha çox əks etdirir və bu da soyuğun daha da uzanmasına səbəb olur.

2018-ci ildə aparılan başqa bir araşdırmada isə Kiçik buz dövrünün vulkanik püskürmələr olmadan izah edilə bilməyəcəyi, lakin bu faktorun digər ehtimalları tam istisna etmədiyi vurğulanıb.

Günəş fəaliyyəti təsirli oldumu?

Digər ehtimal Günəşdəki aktivliklə bağlıdır. Günəşin yaydığı enerji 11 illik dövrlərlə dəyişir və adətən bunun Yerə təsiri çox zəif olur. Lakin bəzi dövrlərdə bu tsikldən kənar böyük minimum və maksimum mərhələlər yaşanır. Araşdırmalar son min ildə Günəşdə bir neçə il davam edən dörd böyük minimum dövrü olduğunu göstərir. Bu dövrlərin temperaturu 0,3 dərəcə selsidən çox azaltmadığı bildirilir və bu səbəbdən təkbaşına həlledici rol oynaması ehtimalı zəif hesab olunur.

Amerikanın kəşfi və soyqırımlar

Kristofor Kolumb 1492-ci ildə Amerika qitəsini kəşf etdikdən sonra avropalılar qitəni müstəmləkələşdirməyə başladılar. Yerli xalqlarla müharibələr aparılıb və suçiçəyi kimi yoluxucu xəstəliklər qitəyə gətirilib. Nəticədə milyonlarla insan həyatını itirib. 2019-cu ildə aparılan modelləşdirməyə görə, 1600-cü ildən sonra Amerikada 56 milyon yerli sakin ölüb.

Bu faciənin iqlimə də təsir göstərdiyini iddia edən nəzəriyyə mövcuddur. Yerli xalqlar əkin sahələri üçün meşələri qırırdı. Onlar məhv olduqdan sonra meşələr yenidən böyüyüb, bu isə atmosferdən daha çox karbon qazının sorulmasına və planetin soyumasına səbəb olub.

İqlim böhranının dərinləşdiyi indiki mərhələdə keçmiş cəmiyyətlərin Kiçik buz dövrü kimi iqlim dəyişikliklərinə necə reaksiya verdiyini araşdırmaq bu günü anlamağa kömək edə bilər. Deqroot bu mövzuya diqqət çəkərək deyir: "Ümid edirəm ki, onların nəyi doğru, nəyi yanlış etdiyini öyrənə bilərik”.

Mənbələr: "The New Yorker”, "The Guardian”, "Britannica”

Tərcümə: Qaynarinfo

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:32
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Fevral 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri