Etibarlı gələcəyimiz olan mübariz GƏNCLİK!
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Ulu Öndər Heydər Əliyevin "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir" fikri, dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla gəncləri Azərbaycanın uğurlu gələcəyi naminə səfərbər edir. Ulu Öndər gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşmış, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermiş, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirmişdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
1999-cu ildə "Dövlət gənclər siyasəti haqqında" Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə "Gənclər siyasəti haqqında" Qanunun qəbulu Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğının və etmadın nümunəsidir.
Vurğulayaq ki, Ulu Öndər Heydər Əliyev hələ ölkəmizə sovet dövründə rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ümumilikdə. ötən əsrin 70-ci illərində Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük dönüş yaratmış oldu. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu.
GƏNCLƏR SİYASƏTİNDƏ KEYFİYYƏTCƏ YENİ MƏRHƏLƏ
Bu gün dövlət gənclər siyasəti ölkə başçısı Cənab İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Bunun nəticəsidir ki, bugünki Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir, yüksək intellekt yetişir. Prezident İlham Əliyev gənclərin dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi, onların potensialından düzgün istifadə məqsədilə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin edirdi. "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı" gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin parlaq ifadəsidir. Bütün bunların nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. 2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı təsdiq edildi. Bu proqram dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, onlar tərəfindən innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri etmiş oldu. Dövlət Proqramının əsas məqsədi isə respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsini təmin etməkdir. Bu gün Azərbaycanda gənclərin uğurlu gələcəyi üçün hər bir şərait vardır.
2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi barədə imzaladığı Fərman Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını özündə təcəssüm etdirir. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili və s. məqsədilə "Gənclər Evi" sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması da elə gənclərə dövlət qayğısıdır. İlk "Gənclər Evi" 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlasa da, sonradan onların sayı artdı.
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.
"QƏLƏBƏ AZƏRBAYCANDA VƏTƏNPƏRVƏRLİYİN ÇOX MÜHÜM AMİLİNƏ ÇEVRİLDİ"
Azərbaycan dünyanın idman arenasında, artıq özünə layiqli yer tutub, istər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə. Təbii ki, idman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən olduğundan, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrılır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, idman ictimai həyatın mühüm amilidir: "İşğal dövründə idman qələbələrimiz insanların şüurunda Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bir növ rəmzi kompensasiya oldu. Beləliklə, biz göstərdik ki, qalib gələ bilərik və qələbə Azərbaycanda vətənpərvərliyin çox mühüm amilinə çevrildi. Çünki idmançılarınız qalib gələndə, bayrağımız qalxanda, himnimiz çalınanda adamı böyük qürur hissləri bürüyür. Bu, gənc nəsil üçün vətənpərvər olmaqda mühüm amil idi, çünki mən aydın şəkildə anladım ki, bunsuz biz qələbə qazana bilməyəcəyik. Bəli, biz müdafiə imkanlarımıza, hərbçilərimizin təliminə böyük sərmayələr yatırdıq. Biz İkinci Qarabağ müharibəsinə hazırlaşmaq üçün çox işlər gördük. …Torpaqları azad edənlər həyatlarında heç vaxt Qarabağı görməmişdilər, çünki çox gəncdirlər. Qarabağ işğal ediləndə onlar heç anadan olmamışdılar. Beləliklə, onları bu məqsədə aparan nə idi? Qələbə ruhu, vətənpərvərlik və ləyaqət idi. İdman həm budur, həm fiziki sağlamlıq deməkdir, çünki biz istəyirik ki, cəmiyyətimiz sağlam olsun. "
Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu.
İDMAN TƏDBİRLƏRİ ÜÇÜN BEYNƏLXALQ MƏKAN
Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına xüsusi diqqət yetirir. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub.
Azərbaycan Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artdı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə, tezliklə öz müsbət nəticəsini verdi.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman növləri - güləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindən kənarda qalmayıb. İdmana ayrılan diqətin nümunəsidir ki, mötəbər idman yarışları, tədbirlər ölkəmizdə davamlı olaraq təşkil olunub. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməklə yanaşı, idmançılarımız mötəbər yarışların qalibi olub. Son illərdə Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. "Hazırda biz idmanın kütləviliyi üzərində çalışırıq ki, hər rayonda idman infrastrukturumuz olsun. Bunu artıq yaratmışıq", - deyə Prezident diqqətə çatdırıb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunub. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. İlk Avropa Oyunlarının da Bakıda keçirilməsi böyük nailiyyət oldu. "Bakı - 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı. Dünyanın 17 gün ərizində izlədiyi bu elit Oyunlarda xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi. İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri də yaddaqalan oldu. Bu idman, dostluq və qardaşlıq bayramına çevrilən oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Azərbaycan 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldü.
Avropa Liqasının 2019-cu ildəki final matçı və UEFA 2020-ci ilin matçları 2021-ci ildə Bakıda keçirildi. Bəli, Bakı artıq böyük idman tədbirləri üçün beynəlxalq məkana çevrilib.
"İLK AVROPA OYUNLARI HƏQİQƏTƏN AZƏRBAYCANI AVROPAYA AÇDI"
Paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan "Formula 1" idman tarixində yeni maraqlı səhifəyə çevrildi. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"-in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradıldı. Dünyanın elit yarışmalarından olan "Formula 1" dünyanın 190 ölkəsində 500 milyondan artıq azarkeş tərəfindən izlənildi. Bu da paytaxtımız ətrafında kifayət qədər məlumatı dünya ictimaiyyətinə çatdırmış oldu. "İlk Avropa Oyunları həqiqətən Azərbaycanı Avropaya açdı" – deyən Prezident Formula 1 yarışlarının artıq Azərbaycanda yeddi dəfə keçirildiyini bildirib: "Xüsusən də, nəzərə alsaq ki, o, şəhər küçələrində baş verir. Bu, Bakını heç vaxt görməyən üçün şəhərimizin təqdimatıdır. Formula 1-in auditoriyası 500 milyondur."
Bütün bu uğurlar onu göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.
Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz çiçəklənmə dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür.
Cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti, Azərbaycan əsgərinin qələbəsi əminliklə deməyə əsas verir ki, gənclər mütəşəkkil, vətənpərvər, geniş dünyagörüşlü və mübariz gənclərdir.
Nəzakət ƏLƏDDİNQIZI


