Icma.az
close
up
RU
Fərid Qasımzadə Türkiyədəki fəxarət ünvanımız

Fərid Qasımzadə Türkiyədəki fəxarət ünvanımız

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Elə insanlar var ki, Vətəndən uzaqda yaşasalar da, ürəkləri, düşüncələri, əməlləri ilə daim doğma torpağa bağlıdırlar. Onlar qazandıqları uğurlarla yalnız öz adlarını deyil, mənsub olduqları xalqın adını da ucaldır, fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanı ləyaqətlə təmsil edən mənəvi elçilərə çevrilirlər. Onların hər bir nailiyyəti Vətənə uzanan bir qürur körpüsü, hər bir uğuru milli fəxarətimizin yeni ünvanıdır.

Bu gün qardaş Türkiyədə yaşayan və müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən soydaşlarımız arasında belə fəxarət ünvanlarımız az deyil. Onlar öz bilikləri, peşəkarlıqları, zəhmətləri, mənəvi keyfiyyətləri ilə Azərbaycan adını ucaldır, xalqımızın intellektual potensialını, zəngin mənəvi dünyasını layiqincə nümayiş etdirirlər. Belə insanların qazandığı uğurların sorağı Azərbaycana çatanda onların sevincini öz sevincimiz, nailiyyətlərini ümummilli qürurumuz kimi qarşılayırıq.

Ankarada yaşayan soydaşımız, Ankara Şəhər Xəstəxanasının Ürək və Damar Cərrahiyyəsi Klinikasının həkimi, dosent Fərid Qasımzadənin son uğuru da məhz belə bir fəxarət hissi doğurur. Ulularının doğma yurdu Qarabağdan gələn mənəvi köklərini özündə yaşadan Fərid müəllim həkimlik fəaliyyəti, yüksək peşəkarlığı və insanlara xidmət amalı ilə Azərbaycan adını Türkiyədə ucaldan ziyalılarımızdandır. Onun qazandığı nailiyyətlər bir daha göstərir ki, Vətənin böyüklüyü həm də onun yetişdirdiyi insanların dünyada qazandığı hörmət və nüfuzla ölçülür.

Oktyabrın 31-də İstanbul şəhərində Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında, Türkiyə Sağlamlıq İnstitutları Başkanlığının (TÜSEB) təşkilatçılığı ilə keçirilən 12-ci Türk Tibb Dünyası Qurultayı çərçivəsində “2026 TÜSEB Əziz Səncər Elm, Xidmət, Təşviq və Səhiyyə Texnologiyaları Prestij Mükafatları” mərasimində baş verən əlamətdar hadisə bu qürur hissini daha da artırdı. “Əziz Sancar Elm, Xidmət və Təşviq Mükafatları”nın təqdimetmə mərasimi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirildi. Mərasimin ən sevindirici məqamlarından biri isə Ankara Şəhər Xəstəxanasının ürək həkimi, azərbaycanlı dosent Fərid Qasımzadənin mükafata layiq görülməsi oldu.

Xüsusilə qürurverici və diqqətəlayiq məqam ondan ibarətdir ki, bu mötəbər mükafatı soydaşımız Fərid Qasımzadəyə şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim etdi. Türkiyənin səhiyyə naziri Kamal Məmişoğlu və TÜSEB-in sədri Ümid Kervanın iştirakı ilə dövlət başçısının mükafatı birbaşa təqdim etməsi soydaşımızın peşəkar fəaliyyətinə, səhiyyə sahəsindəki xidmətlərinə və əldə etdiyi nailiyyətlərə göstərilən yüksək ehtiramın əlaməti kimi xüsusi məna daşıyır. Bir azərbaycanlı həkimin Türkiyə Prezidentinin iştirakı ilə keçirilən belə mötəbər mərasimdə təltif olunması, üstəlik, mükafatın şəxsən dövlət başçısı tərəfindən təqdim edilməsi, əlbəttə, yalnız Fərid müəllimin deyil, bütün Azərbaycan ictimaiyyətinin sevincinə çevrilən hadisədir.

Mükafatın adını daşıdığı böyük şəxsiyyət – Nobel mükafatı laureatı Əziz Sancar dünya elminə verdiyi töhfələrlə yalnız Türkiyənin deyil, bütün türk dünyasının qürur mənbəyinə çevrilib. Onun adını daşıyan mükafatların təqdim edilməsi elmə, biliyə, zəhmətə, insanlığa və cəmiyyətə xidmətə verilən dəyərin rəmzidir. Belə bir mükafata layiq görülmək isə insanın öz peşəkar fəaliyyətində qazandığı etimadın, əməyinin və xidmətlərinin yüksək səviyyədə tanınması deməkdir.

Fərid Qasımzadənin bu mötəbər təltifə layiq görülməsi, ilk növbədə, illərlə davam edən zəhmətinin, peşəsinə sədaqətinin, yüksək məsuliyyət hissinin və insanlara göstərdiyi diqqət və qayğının layiqli qiymətidir. Onun uğuru yalnız fərdi nailiyyət kimi dəyərləndirilməməlidir. Bu, həm də xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalıların, elm və səhiyyə nümayəndələrinin fəaliyyətinə göstərilən ehtiramın, Azərbaycan insanının intellektual imkanlarına verilən yüksək dəyərin ifadəsidir.

Həkimlik elə bir peşədir ki, onun mahiyyətində insan həyatı, sağlamlıq, mərhəmət və məsuliyyət dayanır. Bu sənətin böyüklüyü yalnız tibbi biliklərin dərinliyi, elmi dərəcə və peşəkar təcrübə ilə ölçülmür. Həkimin əsl böyüklüyü həm də xəstənin ağrısını duya bilməkdə, ümidsizliyə qapılan insana ümid verməkdə, çətin anlarda onun yanında olmaqda, insan həyatına müqəddəs bir dəyər kimi yanaşmaqdadır.

Hər bir həkimin fəaliyyətində görünən və görünməyən zəhmət var. Gecələr yuxusuz qalmaq, məsuliyyətli qərarlar vermək, insan taleləri qarşısında böyük məsuliyyət daşımaq, daim öyrənmək və öz üzərində çalışmaq bu peşənin ayrılmaz xüsusiyyətləridir. Həkim bəzən bir insanın həyatını xilas etməklə bütöv bir ailənin sevincini, ümidini, gələcəyə inamını geri qaytarır. Elə buna görə də həkimlik yalnız ixtisas deyil, həm də böyük mənəvi missiyadır.

Fərid Qasımzadənin fəaliyyətinə bu prizmadan yanaşanda onun qazandığı mükafatın əsl mahiyyəti daha aydın görünür. Bu təltif insan sağlamlığının keşiyində dayanmağın, seçdiyi sənətə vicdanla xidmət etməyin, peşəkarlığı insanlıq keyfiyyətləri ilə birləşdirməyin təqdiridir. Çünki bilik insanı mütəxəssis, mərhəmət isə onu əsl həkim edir.

Fərid müəllimin uğurunda bizi xüsusilə sevindirən başqa bir məqam da var. Bu, onun Qarabağla bağlı mənəvi kökləridir. Qarabağ Azərbaycan xalqının yaddaşında yalnız bir coğrafi məkan deyil. Qarabağ böyük şəxsiyyətlər, zəngin mədəniyyət, musiqi, ədəbiyyat, elm və mənəviyyat deməkdir. Bu torpaq neçə-neçə görkəmli ziyalı, sənətkar, alim, dövlət xadimi yetişdirib. Onun övladlarının dünyanın müxtəlif ölkələrində öz bilik və bacarıqları ilə tanınması, xalqımıza başucalığı gətirməsi Qarabağın mənəvi zənginliyinin davamıdır.

İnsanın doğulduğu və ya ulu babalarının yaşadığı torpaqla bağlılığı bəzən onun bütün ömür yoluna xüsusi bir məna verir. Bu bağlılıq insanın xarakterində, dünyagörüşündə, mənəvi dəyərlərində, həyata münasibətində yaşayır. Fərid Qasımzadənin Qarabağ kökləri də onun Azərbaycan adına qazandığı uğura xüsusi bir çalar əlavə edir. Qarabağdan gələn bir soyun nümayəndəsinin qardaş Türkiyədə belə yüksək səviyyədə təqdir olunması, sözün həqiqi mənasında, qürur doğurur.

Bu gün dünyaya səpələnmiş azərbaycanlıların arasında öz peşəsi, elmi fəaliyyəti, yaradıcılığı və ictimai xidmətləri ilə seçilən çoxsaylı soydaşlarımız var. Onların bir qismi dünyanın nüfuzlu universitetlərində dərs deyir, elmi tədqiqatlar aparır, bir qismi səhiyyə sistemində insanlara xidmət göstərir, digər qismi mədəniyyət, incəsənət, ədəbiyyat, iqtisadiyyat və müxtəlif sahələrdə mühüm nailiyyətlər əldə edir. Onların qazandığı hər bir uğur Azərbaycan xalqının intellektual potensialının dünyaya təqdimatıdır.

Belə soydaşlarımızın uğurları haqqında danışmaq, onları tanıtmaq, əməyinə qiymət vermək həm də milli mənəvi borcumuzdur. Çünki Vətənin sərhədləri daxilində və xaricində əldə edilən hər bir layiqli nailiyyət ümumi milli sərvətimizdir. Harada yaşamasından asılı olmayaraq, öz fəaliyyəti ilə Azərbaycanı ləyaqətlə təmsil edən insan xalqının mənəvi nüfuzuna xidmət edir. Bu baxımdan, Fərid Qasımzadənin mükafata layiq görülməsi Türkiyədə yaşayan soydaşlarımızın uğurlarına göstərilən diqqətin daha bir əlamətdar nümunəsidir. Onun timsalında biz yalnız peşəkar həkimi deyil, həm də doğma xalqının adına hörmət qazandıran, milli kimliyini və mənəvi köklərini qoruyub saxlayan ziyalını görürük.

Türkiyə ilə Azərbaycan arasında münasibətlərin özünəməxsusluğu da bu cür uğurlara xüsusi məna verir. Bu iki dövlətin və xalqın qardaşlığı ortaq tarixə, dilə, mədəniyyətə, milli-mənəvi dəyərlərə söykənir. “Bir millət, iki dövlət” fəlsəfəsi yalnız siyasi ifadə deyil, milyonlarla insanın qəlbində yaşayan, gündəlik həyatında özünü göstərən mənəvi həqiqətdir.

Bu qardaşlığın ən gözəl təzahürlərindən biri də hər iki ölkənin insanlarının bir-birinin uğurlarına sevinməsi, əldə etdikləri nailiyyətləri ortaq sevinc kimi qəbul etməsidir. Türkiyədə Azərbaycan əsilli bir həkimin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən şəxsən mükafatlandırılması da məhz bu mənəvi yaxınlığın, qarşılıqlı ehtiramın və etimadın yadda qalan nümunəsidir. Fərid Qasımzadənin uğuru Azərbaycanla Türkiyə arasında elm və səhiyyə sahəsində mövcud olan əlaqələrin, insan amilinə əsaslanan dostluq münasibətlərinin də rəmzi kimi dəyərləndirilə bilər.

Əslində, insanın qazandığı uğurun böyüklüyü onun harada mükafatlandırılması ilə yanaşı, hansı dəyərləri təmsil etməsindədir. Fərid müəllimin timsalında peşəsinə bağlılıq, insanlara xidmət, doğma köklərə sədaqət və zəhmətə hörmət kimi keyfiyyətlər bir araya gəlir. Bu keyfiyyətlər isə hər bir ziyalının, hər bir peşə sahibinin həyatında örnək ola biləcək dəyərlərdir.

Fərid Qasımzadə kimi soydaşlarımızın uğurlarını diqqətdə saxlamaq, onların fəaliyyətini cəmiyyətə tanıtmaq, gənc nəslə nümunə göstərmək olduqca vacibdir. Çünki gənclər üçün ən təsirli örnəklərdən biri zəhməti, biliyi və vicdanlı fəaliyyəti ilə uğur qazanan insanlardır. Fərid Qasımzadənin həyat və peşə yolunun bu baxımdan da dəyərli nümunə olduğuna inanırıq.

Fərid Qasımzadənin Türkiyədə layiq görüldüyü mükafat onun şəxsi uğur salnaməsinə yazılan mühüm hadisə olmaqla yanaşı, Azərbaycan ziyalılarının beynəlxalq aləmdə qazandığı nüfuzun da göstəricisidir. Bu uğur həm də Qarabağın adını, onun yetirdiyi insanların istedadını və zəhmətini xatırladan xoş bir hadisədir.

İnanırıq ki, Fərid müəllimin bu nailiyyəti son deyil, yeni uğurların başlanğıcı olacaq. Onun insanlara xidmət yolunda qazandığı təcrübə, peşəkar fəaliyyəti və nüfuzu bundan sonra da Azərbaycan-Türkiyə münasibətlərinin mənəvi zənginliyinə öz töhfəsini verəcək. Qoy onun timsalında Türkiyədə yaşayan bütün soydaşlarımızın uğurları artsın, Azərbaycan adını ucaldan belə fəxarət ünvanlarımız daha da çoxalsın.

Hikmət Xudiyev

Əməkdar jurnalis

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Noyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri