Icma.az
close
up
RU
Fəxrəddin Manafov: Elə yaşdayam ki, artıq öz qiymətimi bilirəm

Fəxrəddin Manafov: Elə yaşdayam ki, artıq öz qiymətimi bilirəm

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan kinosunun və mədəniyyətinin görkəmli siması Fəxrəddin Manafov sanki səssizliyin özüdür. Bəzən susar... O, sükut, sözün çatmadığı yerdə başlayan bir düşüncə dənizidir, yalnız ruhunu dinləməyi bacaranlar orada boğulmadan üzə bilir. Bilirəm, Fəxrəddin Manafov bir qədər sonra oxuyacağınız bu tərif dolu sözləri sevmir. Ancaq bu sətirlər tərif deyil; qəlbin dərinliyindən gələn səmimi düşüncələrin ifadəsidir. Onun təvazökar duruşuna, zərif aktyorluğuna və dərin mənəvi aləminə duyduğum heyranlıqla, icazəsinə sığınıb bunları yazıram.

Fəxrəddin Manafov təkcə aktyor deyil; o, varlığın səhnəsində insan ruhunun sərhədlərini yoxlayan bir filosof kimidir. Onun səhnədə yaratdığı dünya reallıqla ilahi sualların kəsişdiyi bir metafizik səfərdir. Canlandırdığı obrazlar tamaşaçının iç dünyasında varlığın mənasına açılan səssiz qapıları aralayır. Hər bir rolunda insanın kainatdakı yerini, taleyin oyunlarını, əxlaqi dilemmaları və zamanın yorucu izlərini müdrikcəsinə işləyir. F.Manafovun sənəti Aristotelin "mimesis", yəni təqlid nəzəriyyəsini aşır. O, təqlidlə kifayətlənmir, obrazların mahiyyətinə nüfuz edir və onları yenidən var edir. Bu mənada onun teatrı Platonun ideyalar aləminə açılan bir pəncərə kimidir: səhnədə canlanan hər bir obraz həqiqətin bir iz düşümüdür. Oynadığı hər rolda insan təbiətinin işıqlı və qaranlıq yönlərini bir-birinə qarışdırır. Bu baxımdan o, Dostoyevskinin qəhrəmanlarını xatırladır; ruhun ziddiyyətləri, vicdanın pıçıltıları, azadlığın bədəli və s. onun sənətinin bünövrəsidir. Tamaşaçı onun səhnəsində sadəcə izləyici deyil; onunla birgə düşünən, hiss edən və dəyişən bir şüurdur. Məhz buna görə Fəxrəddin Manafovun aktyorluğu, Sokratın "Sorğulanmamış həyat yaşamağa dəyməz" sözlərinin əks-sədası kimi, düşüncə ilə duyğunun əl-ələ verdiyi bir məkan yaradır. Fəxrəddin Manafov çox izləyicinin qəlbinə toxunaraq ruhlarının ən dərin qatlarında silinməz izlər buraxdığı kimi, mənim də ruhuma təmas etmişdi. Uzun müddət idi ki, ona suallarımı birbaşa ünvanlamağı arzulayırdım. Və nə xoş ki, o an gəldi, bu müsahibə gerçəkləşdi. Bu görüş mənim üçün sadəcə peşəkar bir hadisə deyil, ruhani bir qarşılaşma, daxili bir zənginlik anı oldu. Səmimiyyəti və zəngin düşüncəsi ilə müsahibəyə dərinlik qazandıran Fəxrəddin bəyə dərin ehtiramla təşəkkürümü bildirirəm.

- Ruhən yaralanmadan böyük sənət yaratmaq mümkündürmü?

- Öncədən təşəkkür edirəm. Bir az əvvəl danışdıqlarım boşuna deyilmiş. Yəqin hiss edirdim. Ümumiyyətlə, "sən"ləmi danışım, "siz"ləmi danışım?

- "Sən"lə danışa bilərsiniz, Fəxrəddin bəy.

- Tamam. Səninlə görüşməyimizi yaxşı mənada, hardasa şüuraltı düz hiss eləmişəm. Çox qəribədir ki, zaman-zaman özüm-özümə deyirəm ki, şükürlər olsun, intuisiyan ölməyib, hələ hissiyyatın var. Mənə, mənim küçəmə, mənim ruhuma çox-çox yaxın bir sualdır. Mən, təbii ki, öz peşəmdən çıxış edərək bu suala böyük məmnuniyyətlə cavab verərəm. Ümumiyyətlə, aktyorluq peşəsinə mənim öz yanaşmam var. Mən bunu iki yerə bölürəm: biri texnikadır, digəri isə ruh, hiss. Bunlar bir yerdə olarsa, bir yerdə tam birləşirlərsə, onda böyük sənət yaranar. Əgər yalnız texnikadırsa, gözəl. O zaman sən texnikanı görürsən və deyirsən ki, nə gözəl, böyük bir texnikadan xəbərdar olan sənətkar bu texnikanı icra edir. Amma təəssüflər olsun ki, burada hissiyyat yaransa da, sona qədər olmur. Aktyor səhnədə olanda o emanasiya zala gedib tamaşaçının ruhuna toxunmalı, oradan aktyora qayıtmalıdır. Əgər bu baş vermirsə, aktyorun tamaşada davam etməsi çox çətin olur, aktyor çətinliklə davam edir. Buna cürbəcür ad vermək olar. Məsələn, "tamaşaçı mənə laqeyddir", yaxud "mənə hissiyyatı ilə təşəkkürünü bildirmir" və s. Amma peşəkarlıq səndən asılıdır. Əgər sən bunu edə bilmirsənsə, bu emanasiyanı göndərə bilmirsənsə, deməli, səndə nəsə bir problem var. O zaman elə bil ki, sən divara tamaşa göstərirsən. Divar, təbii ki, sənə nə qaytaracaq? Divara deyir, düşür yerə. Bəlkə exo varsa, onda yalandan aldada bilərsən özünü (gülümsəyir). Ona görə bu, iki yerə bölünür. Mənim üçün dünyada çox böyük aktyorlar var, olub. Tanrı mənə elə bir imkan yaradıb, böyük ustad Rasim Ocaqovun sayəsində, onun əliylə mənə o imkanlar verilib. Mən çox böyük aktyorları məhz Rasim müəllimin - mənim kino ustadımın filmlərində o ustadları görmüşəm. Adlarını da çəkə bilərəm: Donatas Banionis, Aleksandr Kalyagin, Yuri Yakovlev, Qalina Polskix və b. Mənim üçün Amerikada iki böyük aktyor var. Şükürlər olsun, hər ikisi ixtiyar yaşlarında olmasına rəğmən, hələ də həyatdadırlar. Allah onlara dəyməsin, çünki çox böyük sənətkarlardır - biri Cek Nikolsondur, o biri Entoni Hopkins. Məndən soruşsalar ki, hansı daha böyükdür, mən onları iki yerə bölərəm. Deyərəm ki, Cek Nikolson texnikanın mükəmməlliyində olan bir aktyordur, amma Entoni Hopkins texnika ilə ruhu bir yerə gətirən ən böyük aktyordur. İkisi də onda var. Əlbəttə, Cekdə də ruh məsələsi var. Belə izah eliyim: yəqin ki, Hollivudun "Canavar" filminə baxmısınız. Bu film iki dəfə çəkilib. Bəlkə də üç, dörd dəfə çəkilib, bilmirəm. Amma bu iki filmi görmüşəm. Bunların birində baş rolu Cek Nikolson oynayır, o birində Entoni Hopkins. Hər ikisi eyni canavarı oynayır. Sadəcə, Cek Nikolson plastikasını oynayır, Entoni Hopkins isə matritsasını. Fərq bundadır. Entoni Hopkinsin gözləri oynayır, gözləri danışır, düşüncəni gözləri ilə verir, nə bığ qoyur, nə xal qoyur. Aktyorluğun ən yüksək pilotajı Entoni Hopkinsdə var. Mən onda bir çox şeyləri görərək dərk etmişəm. Ən yüksək pilotaj məhz fikri çatdırmaqdır. Budur ən vacibi. Ona görə "Yara olmadan böyük sənət yaratmaq olarmı?" sualı məni vadar elədi bunu deməyə: olar, texnikaya istinadən etmək olar, amma bu, çox qəliz bir şeydir, dərin bir formadır. Əlbəttə ki, ağrını, yaranı hiss edəndən sonra bunun nə olduğunu anlayırsan, amma inandıram ki, əgər səndə texnika olmasa, bunu oynamaq mümkün deyil. Əzizini itirirsən, eləmi? Sən onu neçə dəfə oynaya bilərsən? Sən onu bir dəfə yaşadın, oynamadın. Çünki yanında getdi o adam və sən heç düşünmədən çox böyük əzablar çəkdin. Sonra sən onu oynaya bilməyəcəksən. "Mən bunu yaşadım, gördüm və indi bunu oynayacağam" deyirsən? Bu, mümkün deyil. Bu, sadəcə səndə bir yaddaş kimi, hansısa detallarla qalacaq. Bax, o detallar çox vacibdir. O da texnikaya aiddir, inanın mənə. Tutaq ki, mən stəkanı tutarkən əllərim titrəyir, amma mən tamaşa oynayanda o stəkanı götürürəm və əllərim titrəmir. Bu detal olmalıdır. Ümumiyyətlə, aktyor sənətində hər hansı bir fikri çatdırmaq üçün bunların hamısı detallarla bir-birinə bağlıdır. "Oynamaq" sözü düzgün deyil. Rəqs oynayarlar, şahmat oynayarlar. Oynamaq ora aiddir. Aktyor oynamır. Verdiyin o sualın mənim mövqeyimdən cavabı budur. Əgər bunların ikisi bir yerdə ola bilirsə, çox böyük nəticələr verir. Yox, əlbəttə, bir yerdə olmasa da, nəticələr verir, amma təbii ki, ideal, mükəmməl sonluq olmur. Bu, kainatda belədir. Bilinmir hara gedir, hardan başlayır - bu "qara dəliklər" və s. Hər bir sahədə belədir, məncə. Düşünürəm ki, sizin sahədə də belədir. Mən həmişə eşidəndə ki, biri: "Mən obraza girmişəm və obrazdan hələ çıxa bilmirəm" deyir, bunu anlaya bilmirəm, başa düşmürəm. Bu nə deməkdir? Bu geyim deyil axı (gülümsəyir). Girə bilmisənsə, deməli, çıxmağı da bacarmalısan. Necə yəni "çıxa bilmirəm"? Bunların hamısı bir düsturdur. Həmişə demişəm, yenə də təkrar edirəm: aktyorluq sənəti bir riyaziyyatdır, həndəsədir. Bu, texnikasıdır. Bu bir kənara. Bunun fəlsəfəsi də var. Fəlsəfəsi ruhdur. Nə edirik edək, başımızı qaldırıb göyə baxanda biz orada nə görürük? Riyaziyyatı, həndəsəni, dəqiqliyi, necə ölçülüb-düzüldüyünü görürük. Və bunun arxasında çox böyük ruh görürük.

- Ruhun tənhalığı sənətə ilham verirmi, yoxsa insanı tükəndirir?

- Ruhda heç vaxt tənhalıq yoxdur. Ruhun özü-özlüyündə kimsə olması düzgün deyil. Ruh onsuz da təkdir, amma tənha deyil. Təkliklə tənhalıq arasında çox böyük fərq var. Tənhalıq  seçimdir. Təklik başqa şeydir. Ruh elə bir şeydir ki, məsələn, oturmuşuq, ruhdur - mənim və sənin ruhun. Biz nəyi istəsək, kimi istəsək, hansı düşüncəni, fəlsəfəni, keçmişi, gələcəyi istəsək, o ruha gətirə bilərik. Bu mənada sufilik mənə çox yaxın olan varlıqdır. Varlıq deyirəm, mənim üçün bu, "izm" deyil. Bu, mənim üçün varlıqdır. Çünki "Məni məndə demə, məndə deyiləm. Bir mən vardır, məndə məndən içəri". Saysız, hesabsız... Əgər bu varsa məndə, necə tənha ola bilərəm? Və o ruh məni bezdirə bilərmi? Mümkün deyil. Biz gözümüzü açırıq, açmırıq, biz yatırıq, yatmırıq, biz ruhlayıq həmişə. Biz, hətta artıq düstura çevrilmiş vərdişləri belə, hansısa bir işi görəndə, məsələn, əlimi uzadıb bu çayı götürüb süzürəm və s. bunların hamısına ruhla yanaşırıq. Ruhsuz mümkün deyil. Mən elə bir insan tanımıram ki, özü-özüylə şüuraltında, ruhuyla "bunu beləmi edim, yoxsa beləmi edim?" deyə danışmasın. Biz belə yaranmışıq, belə qurulmuşuq. Bunun tənhalığı mümkün deyil. Əksinə, böyük bir varlıq və zənginlikdir bu. Sən ruhunda nə qədər çox olsan, ruhunla nə qədər çox münasibətdə olsan, o qədər təmiz və pak olacaqsan. Amma əgər sən ruhunu basdırırsansa, ruhun eləcə orada qalırsa, onda o, səndən ayrılacaq. Səndən asılı olmayaraq ayrılacaq. Özü çəkilib gedəcək. Çünki ruhu saxlayan elə ruhun özüdür. Ruh görür ki, sən onunla ruhən yaxınlıq etmirsən, sən onu qəbul etmirsən, yaxud da qəbul edib ondan qorxursan - o, sənə hər şeyi deyir... Şüuraltından insana elə düşüncələr gəlir ki, insanın tükləri biz-biz olur. Hər şeyə qarşı - ən əzizindən düşməninə qədər - elə fikirlər çıxır ki, deyirsən: "Əstəğfürullah!" Amma gəlir axı o fikir. Hardan gəlir o fikir? Ruhdan gəlir. İndi de mənə, tənhalıq ola bilərmi? Mümkün deyil. Mən hər zaman fikirləşirəm ki, insan oğlu bu dünyaya gəlibmi, yoxsa gətirilibmi? Onu ancaq Yaradan bilir. Yaradan da hardadır, kimdir? Allah deyirik, bir başqası "God" deyir. Fərqli yanaşmalar var. Amma hamı bir nöqtəyə - Yaradan anlayışına  yönəlir. İstər-istəməz , hər kəs ona "Yaradan" deyir. Fərqli kəlmə ilə adlandırsalar belə. Əgər varsa o Yaradan, amma var, əlbəttə ki, ola bilməz ki, o var olmasın. Təsadüf ola bilməz, mümkün deyil. Hər şey zərurətdir. Kainatın dağılıb yenidən qurulması da, Günəşin işıq saçması da... Deyirlər ki, neçə milyard ildən sonra Günəş sönəcək. Təbiidir bu deyilənlər. Ya sönəcək, ya partlayacaq. Bu, mümkün olacaq şeydir və olacaq da. Deməli, bunlar hamısı öncədən düzülmüş, qurulmuş bir şeydir. Və bunların hamısının içində ruh var, bizim ruhumuz var. Bu necə tənha ola bilər? Mən təsəvvür edə bilmirəm ki, ruhum olmasın. Mən onda yəqin daş olaram. Hərçənd, inanıram ki, daşın da ruhu var (gülümsəyir).

- Bir insanı dərk etmək üçün onun sözlərinə, yoxsa susqunluğuna qulaq asmaq lazımdır?

- Ən sadə şəkildə irəliləyək, istəyirsənsə. İlk növbədə hansısa düsturlardan istifadə edirik də. "Bu bunu belə elədisə, deməli, bu belə adamdır" filan. Boş ver. Mən belə yanaşmıram. Çünki dəfələrlə o düsturlarda yanılmışam, o düsturlarda itib-batmışam. Eləsi olub ki, qarşımda quzu kimi bir insan olub. Allah, Allah, mənim üçün əlindən gələni edən birinə bənzəyən bir adam olub. Amma sonunda mən onu şeytan görmüşəm. Və o qədər güclü bir şeytan olub ki... Bir tərəfdən də Tanrıma təşəkkür etmişəm ki, mənim qarşıma belə bir quzu şəklində şeytan göndərib. Hətta namaz qılır. Adətən namaz qılan adam belə şeylərdən uzaq durmalıdır. Nəysə, bunu bir kənara qoyaq. Mənə elə gəlir ki, ilk növbədə çalışmaq lazım deyil ki, görüşdüyün adamı görən kimi dərk edəsən, bu necə adamdır, nədir deyə. "Ay bununla yol get, yolda bilinir kim nədir" belə düsturlar var da. Məsələn, deyirlər ki, ağır vəziyyətə düşəndə tanıyacaqsan hər kəsi. Çox qəribədir, yadıma bir şey düşdü, indi onu danışım. Məncə, Hollivud filmi idi. Deməli, gələcəkdən gələn bir qəhrəman gəlir ki, keçmişdəki indiki zamanın bir fəlakətli halını saxlamaq lazımdır deyə. Orada bir dialoq yadımda qalıb. Həmin gələcəkdən gələn qəhrəman keçmişdəki insana deyir:

- Siz qəribəsiniz, insanlar.

Digəri soruşur:

- Nədədir bizim qəribəliyimiz?

- Sizin ən yaxşı cəhətiniz yalnız pis hala düşəndə üzə çıxır. Siz çox pis vəziyyətdə olan zaman yaxşı xüsusiyyətlər üzə çıxır. Çox maraqlı yanaşması var ssenaristin. Əlbəttə ki, biz filmə baxanda hardasa 80-90 faiz inanırıq ki, bu böyük bir düsturdur, belə də olmalıdır. Amma bunu yazan ssenaristdir. Amma bunun özündə doğrudan da maraqlı bir fikir var: Niyə insanların yaxşı və insani cəhətləri yalnız pis olanda üzə çıxır? Bu baxımdan, mən məsələyə belə yanaşıram: əgər mən kiməsə yaxşı yanaşıramsa, doğrudan da onu qəbul edirəmsə, sona qədər mən ona nəyim var danışıramsa, əslində onu yox, özümü anlayıram. Özümü tanımağa başlayıram. Cavabı nə olacaq, zaman göstərəcək. Və zaman da göstərir. Dəfələrlə mən bunun şahidi olmuşam. Deyirlər ki, düsturlar var, məsələn, "heç vaxt filan şeylərini danışma, bunlar dönüb sənə qarşı çıxa bilər". Məndə o yoxdur, mən danışıram. Mən, hətta, mənə aid olan hər hansısa hadisəni də rahat və qorxmadan danışa bilirəm. Çünki burada günah və ya utancverici nəsə görmürəm. Amma bir müddətdən sonra mənə cavab qayıdanda artıq anlayıram ki, bu insanla yoluma davam edim, ya yox. Bu mənim mövqeyimdir. Və belə də yaşayıram. Çox qəribədir, yadımda deyil neçə yaşımdan belə olmuşam, yəqin ki, həyatım boyu belə yaşamışam. Bir də insan münasibətləri ilə bağlı bir şey deyim. Uşaqlıqda hardasa 1-2-3 dostun olur. Sonra sən bu mərhələni keçirsən, həddi-büluğa çatırsan, orta məktəb və s. Orada da başlayır dostların olmağa. Uşaqlıqdakı dostların elə bil ki, yox olurlar, birdən-birə yoxa çıxırlar. Və ya biri qalır onlardan. Çox nadir hallarda olur ki, kimsə uşaqlıqdan dost kimi qalır və həyatının sonuna qədər dost olursunuz. Mən daha çox bunları kitabda, filmlərdə görmüşəm. Amma həyatda rast gəlməmişəm ki, 70-80 yaşlarında kimsə desin ki: "Bax, bu mənim uşaqlıqdan dostumdur". Var, yəqin ki, var. Bəlkə yaddaşımı eşələsəm, yadıma düşər kimsə. Amma bu, çox nadir hallarda olur. Yəni elə bil, dostlar yavaş-yavaş ələnir, sən həyatına davam etdikcə, bu dostlar ələkdən keçirlər. Kimsə qalır yanında, kimsə yox. Kimsə əlaqə saxlayır, bəlkə 1 il, 5 ildən sonra zəng edir: "Yadındadır, mən filankəsəm. Nə var, nə yox?" deyir. Sabahısı gün isə sənə heç maraqlı olmur ona zəng etmək. Çünki zaman sizi ayırıb. İnsan bir yerdə olanda, bir işdə, bir sahədə olanda, hansısa nəticəyə getmək istəyəndə bir yerdə olurlar. Amma arada fasilələr olanda münasibət soyuyur. "Zəng edim, nədən danışım?" deyə düşünürsən. Çünki arada böyük bir məsafə yaranıb. Buna baxmayaraq, mən bunun tərəfdarıyam ki, hardasa 10-20 il əvvəl tanıdığım, dostluq etdiyim biri gəlsin, qapımı döymədən içəri girsin, desin: Necəsən? Yaxşısan? Filan şey vardı, bilmirsən necə oldu? Mən də demərəm ki, "nə danışırsan, biz illərlə görüşməmişik" filan. Yox. Sadəcə, mən də deyərəm: Bu, filan cür oldu. Ona görə də bu münasibət məsələsi insanın özündən asılıdır. Sən yaşadıqca hər şey bir-bir aydın olur.

- Aktyor obrazlar vasitəsilə öz həqiqətini axtarır, yoxsa gizlədir?

- Heç nəyi gizlətmir, əksinə, daha da gizlində olanı bir-bir ortaya çıxarır, amma rəsmiləşdirmir. "Bu mən deyiləm ha, mən bunu sadəcə oynaya bilirəm" deyir. Yalan deyir, özündə də var bu. Çünki "Məni məndə demə, bir mən vardır məndə. Minlərlə mən vardır məndə". Heç nəyi gizlətmir, hamısı ondadır - o insanda. Bu dünyanı yaradan, bu insanı yaradan, inciməsinlər (gülümsəyir), eyni çipi hamımıza qoyub. Bizdə hər şey var. Bizdə böyüklük də var, qəhrəmanlıq da, satqınlıq da var, yalan da, dürüstlük də - hər şey var bizdə. İsa peyğəmbər demişkən: Kimdə günah yoxdursa, daşı o atsın. Günahsız heç kim yoxdur. Anton Çexovun çox böyük bir ifadəsi var: "Mən həyatım boyunca köləliyi canımdan, həyatımdan çıxardıb atmaq istəyirdim" deyir. Bizim aktyor səhnəyə çıxanda, bizdə nə varsa - əgər gözəl dramdırsa, əsərdirsə - bunlar yalnız klassikada var. Klassika niyə ölmür, niyə bezdirmir? Çünki həqiqət var orada. Necə var, onu da yazıb. Ona görə böyük yazıçıdırlar onlar. Orada hər şey var. Şekspirdə də var, Dostoyevskidə də, Hüseyn Caviddə də. Biz gizlətmirik, əksinə, şükür deyib çıxarırıq ki, biz çıxartdıq onu. "Amma baxın ha, mən obraz yaratdım" deyir. Yalan deyirsən. Nəyi ki sən inandıra bilirsən, deməli, səndə o birə-bir var. Mən romantik, təmiz qəhrəmanı da oynamışam, amma elə birini də oynamışam ki, baxsan filmlərə deyərlər: "Allah, Allah! Bunda bu da var imiş?!" Var! Əlbəttə ki, var! Yalandan niyə deyim ki, yoxdur? Bundan öncəki suallarımızda yadındadır, demişdim ki, insanın fikirində nələr olur? Bax, elə həmin onlardır, eyni şeylərdir. Bu arada, bu söhbət mənim çox xoşuma gəlir. Mən deyim bu səpkidə mən hələ uzun illərdir müsahibə vermirdim. Gəncsən, amma çox dürüst və düz yaxınlaşırsan. Şükürlər! Təşəkkür edirəm ki, mənim öncəki müsahibələrimi oxumusan, məlumatlanmısan və anlamısan ki, Fəxrəddinə başqa cür yanaşmaq lazımdır. Sənin bu yanaşman məni çox sevindirdi. Təşəkkür edirəm.

- Çox təşəkkür edirəm. Sizdən bunları eşitmək qürurumu oxşadı.

- Tam səmimi, həqiqəti deyirəm.

- Minnətdaram. Həyatda ən çox qorxduğunuz şey nədir - unudulmaq, yoxsa anlaşılmamaq?

- Nə ondan qorxuram, nə də digərindən. Çünki anlaşılmamaq ilk növbədə mənim öz qüsurum ola bilər. Əgər məni anlamadılarsa, deməli, bu, mənim problemimdir. Mən özümü anlada bilmədim və yaxud mən anlanası biri olmadım (gülür). Əgər anlada bilmirsənsə, onda mən niyə küsməliyəm, nədən inciməliyəm? Yalnız özümə qarşı ola bilər o küskünlük. Problem yalnız özümə aiddir. Unudulmağa gələk. Əlbəttə, biz hamımız çalışırıq ki, təvazökar olaq. Biz hamımız insanıq. Və necə deyərlər, biz özümüzü çox sevən varlıqlarıq. Eqoizm bizdə çox güclüdür. Səhər tezdən evdən çıxanda güzgüyə baxırıq ən azından, saçımızı darayırıq. Yəni biz özümüzə diqqət yetiririk. Biz çalışırıq unudulmaqdan qaçaq. Və bu belə də olmalıdır. Çünki əgər səni unudurlarla, deməli, heç kimə lazım deyilsən. Tutalım, meşədə yaşıl ağaclar var, amma bir yazıq ağac da var ki, quruyub, qupqurudur. Gələn-gedən buna təpik atır. Axırda ağacları yığan birisi gəlir, bunu sındırıb götürür, aparır, yandırır, yox edir. Belə bir şeydir unudulmaq. Pis şeydir. Amma bunun bir tərəfi də var. Şəxsən mən çox istərdim ki, unudulum.

- Unudulmaq istəyirsiniz?

- Bəli, unudulum. Görüm axı bu nədir? Unudulmaq nə deməkdir? Mən bunu nəzəri cəhətdən bilirəm, hətta nümunələr də deyə bilirəm. Amma bunu doğrudan da yaşamaq istəyirəm. Mən sizə hər kəsə demədiyim bir şeyi açıb deyim. Peşəmlə bağlıdır bu. Ruhdan başladıq deyə, mən burada yalandan danışmaq istəmirəm. Bu günə qədər demişəm, deməmişəm yadımda deyil. Ola bilsin ki, birinci dəfədir sizə deyirəm. Bəlkə də ixtiyarım yoxdur bunu deməyə. Amma elə bir yerə toxundun ki... Mən deyəcəyəm bunu. Maraqlı gəldi elə deyilmi? (gülümsəyir).

- Həm də çox.

- Bu peşəyə mən "iblislik" deyirəm. Mənim peşəm iblislik peşəsidir. Yəqin ona görə də dində bu qəbul olunmur. İslamda aktyorluq, teatr sənəti qəbul olunmur. Yəni dinə zidd sayılır bu. Bəlkə də buna görədir, bilmirəm. Mən özüm elə bir yaşdayam ki, avqustda 70 yaşım olacaq. Bu uzun-uzadı yolu getdikcə, anlamağa başladım ki, bu peşə doğrudan da iblis peşəsidir. Mən səhnəyə çıxıram, Akademik Rus Dram Teatrında çalışıram. Orada son tamaşam Ejen İoneskonun "Kral ölür" tamaşası idi. Absurd janrındadır, çox çətin bir janrdır. Bizim azərbaycanlı Ərşad Ələkbərovla - Sankt-Peterburqda yaşayır - bu işi ərsəyə gətirdik. Çox böyük bir tamaşa idi. Çox böyük fəlsəfə daşıyan bir pyesdir. Ejen İonesko rumındır, o dövrdə kommunistlərdən Fransaya qaçıb, orada olduğu dövrdə xəstəlikdən, ağrılardan çıxıb bu əsəri yazıb. Öncədən dediyim o "yaralanma" məsələsinə nümunə ola bilər. Yaralanıb və bu əsəri yazıb - qəribədir, elə bil, addım-addım keçdiyi əzabları, hissləri yazıb. Niyə görə "iblislik" deyirəm bu peşəyə? Mən böyük qnozisdən danışıram, Fərhad, adi, sıravi aktyor dili ilə demirəm. Mən elə bir yaşdayam ki, artıq öz qiymətimi bilirəm, nəyə qadir olduğumu bilirəm. Mən bu gün peşəmin mənə aid olan, mənə verilən hər tərəfini çox mükəmməl bilirəm. Mən bu gün səhnəyə çıxsam... (Bir neçə saniyəlik sükut yaranır və Fəxrəddin bəy gözünü qırpmadan diqqətlə gözümün içinə baxır)...bax elə indi sənə etdiyim kimi, bütün tamaşaçıları, ardımca apara bilirəm. Bu həm texnikadır, həm ruhdur. Mən bunu bacarıram. Bunu artıq əldə etmişəm. "Kral ölür" tamaşasında səhnəyə çıxarkən "Seremoniya" adını qoyduq, çünki Fransa səfirliyi xahiş etmişdi bizdən. Demişdilər ki, bunun orijinal adı "Seremoniya"dır. Bu çox güclü, böyük bir əsərdir. Bunu çox yerdə oynayıblar. Və mən onların hamısını yutubda tapıb baxmışam. Tam səmimi və tam məsuliyyətlə deyirəm ki, bizim tamaşa onların heç birindən geri qalmırdı, hətta bəzi məqamları ilə daha da güclü idi. Niyə görə iblislik? Çünki mən səhnəyə çıxa bilirəm və tamaşaçını manipulyasiya edə bilirəm. Onu manipulyasiya edib, özümlə dartıb aparıram. Mənim rəhmətlik yoldaşımla cəmi 8 tamaşa oynadıq. Sonra isə o tamaşanı teatrdakı bəzi adamlar bütün vasitələrlə pozmağa çalışdılar, məni özümdən çıxarmaq istədilər. Və nail oldular. Mənim o teatrla aramda çox incikliklər yarandı. Yoldaşım mənə deyirdi: "Bu, çox böyük tamaşadır". Mən isə cavab verirdim: "Mən bilirəm, çoxdan bilirəm bu əsəri. Teatr ustadım Vaqif İbrahimoğlu hələ ötən əsrin 80-ci illərinin əvvəlində istəyirdi bu tamaşanı bizimlə hazırlasın. Amma janr çox çətin idi, biz aktyorlar hazır deyildik. Ona görə də qaldı". İllər sonra, yoldaşımla bərabər bu pyesi dəfələrlə oxuduqdan sonra razılaşdıq. Mənim yoldaşım filoloq idi, çox ağıllı, zəkalı bir insan idi. Həm televiziyada spiker idi, həm Bakı Slavyan Universitetində dərs deyirdi. Biz bir yerdə analiz etdik bu əsəri. O deyirdi: "Mən 8 tamaşaya baxdım. 48 ildir bir yerdə yaşayırıq. Amma bu 48 il ərzində mən sənin belə cəhətlərindən xəbərsiz olmuşam. Sən 8 tamaşanın səkkizində də tamaşanın başından sonuna qədər məni əlinə alıb, hara istəsən, aparırdın. Ya ağladırdın, ya güldürüdün. İstədiyini edirdin". İndi soruşuram: iblislik deyilmi bu? İblislikdir. Biz nəyə görə yaxşı filmə, yaxşı tamaşaya böyük məmnuniyyətlə, dəfələrlə baxırıq? Çünki o, bizi alır, aparır özü ilə. Çünki bizim ona ehtiyacımız var. Çünki bizim hər birimizdə, hər bir insanda, tamaşaçıda həmin o "iblislik" var. Sadəcə, biz özümüz qorxuruq onu çıxartmağa. Onun vasitəsilə çıxardırıq və deyirik: "Mən deyildim, o çıxartdı". Bu peşə doğrudan da belə bir peşədir. Amma bir şərtlə - həddini bilib, əxlaqi çərçivədən çıxmamaq şərti ilə. Əxlaqi çərçivədən çıxmadan mən insanları manipulyasiya edə bilirəmsə, mən iblis deyiləmmi? Mən özümü nəzərdə tuturam.

- Aktyor üçün həyat da bir səhnədirsə, o zaman "həqiqi mən" nə zaman görünür - rol bitəndə, yoxsa səhnədə tam yaşananda?

- İndi biz üzbəüz oturmuşuq. Sən bu gün Azərbaycan aktyoru Fəxrəddin Manafov ilə oturmusan. Sənin qarşında aktyor oturub. Məni aktyor kimi qəbul edirsən?

- Əlbəttə.

- Sən gedib başqa aktyorlardan da müsahibə götürə bilərdin, amma nədənsə Fəxrəddini seçdin. Elə deyilmi? İndi sən bu sualıma cavab ver: niyə məni seçdin? Xahiş edirəm yazarkən bunların hamısını yazasan.

- Bunun bir neçə səbəbi var, amma bunlardan ən önəmlisi sizin canlandırdığınız obrazların mənim ruhuma çox toxunmuş olmasıydı.

- Tamam. Mən həmişə gənclərə, tələbələrə, yeni başlayan aktyorlara deyirəm, demişəm və yenə deyəcəyəm: ilk növbədə, sən yenə də ruhdan bəhs etdin. Bizim bugünkü söhbətimiz ruhdan gedir və bu da olduqca maraqlıdır. Əgər mən sənin ruhuna toxuna bilmişəmsə, deməli, mən sənin şüuraltına daxil ola bilmişəm. Necə olur ki, Fəxrəddin Manafov sənin ruhuna təsir edə bilir, şüuraltına nüfuz edə bilir? Sualın çox maraqlı sualdır. Faktiki olaraq, indiyə kimi verdiyin sualların hamısı bir-birinə zəncir kimi bağlıdır. Çünki sən eyni xətt üzrə düşünürsən, yolundan çıxmırsan və bu da təqdirəlayiqdir. Niyə zəncirvaridir? Mən deyə bilərəm ki, artıq bu suallara cavab vermişəm. Amma mən yenə də çalışacağam ki, bu zənciri sındırmadan cavab verim. İndi bir qorxulu həqiqəti deyəcəyəm: heç vaxt artıq məni necə görmək istədikləri olan istər yaxınlarım, əzizlərim, dostlarım, istərsə də qarşımdakı jurnalist görməyəcək məni. Mən necə idim və yaxud necə varam. Mən necə idim, indi də eləyəm. Mən necə varamsa, elə eləyəm. İstər səhnədə, istər səhnədən kənarda, istər rolu bitirim, istər səninlə müsahibəni. Bax, necə varamsa, eləyəm. Çünki mən artıq peşəmlə vəhdət təşkil edən bir varlığa çevrilmişəm. Bu, məndən asılı deyil. Çünki mən bu peşənin fədaisiyəm. Mən bu sənətə hər şeyimi qoymuşam. Mən necə varamsa, eləyəm. Mən səhnədə və həyatda eyniyəm. Mənim əziz dostum, çox sevimli insan, həmkarım, məndən yaşca böyük olan ustad Rasim Balayev necə var, elədir. Ona görə də mən onu çox istəyirəm. Ona görə də mənim onun şəxsiyyətinə böyük hörmətim var, peşəsinə isə yüksək dəyər verirəm. Çünki bu insan həyatda necədirsə, yaratdığı obrazlar da elədir. Sadəcə birində Nəsimi olub, birində Babək olub. Amma hər ikisində Rasim olub. Mənim çox sevdiyim aktyor Entoni Hopkins də heç kimi oynamır, yalnız özüdür. Kimsə deyirsə ki, mən obraz yaradıram, onu oynadım, amma mən elə deyiləm, o, yalan danışır. Mən onu aktyor saymıram. Bəlkə bu fikrimdən sonra mənimlə mübahisəyə girəcəklər, amma özləri bilər (gülümsəyir).

- Sizcə, insan həyatında təsadüf var, yoxsa hər şey səbəb-nəticə qanununa bağlıdır?

- Bunu az öncə sənə demişdim. Dedim ki, kainatda və dünyada təsadüf yoxdur, hər şey zərurətdir. Dağılıb yenidən doğmaq - başqa heç nə yoxdur. Orada olan o qanunları biz bilmirik. Biz o qanunları bildiyimiz gün, yəqin ki, axirət olacaq. Biz onu bilməməliyik. Ramiz Rövşənin bir misrası var, deyir: "Son şair boğulub öləndə göydən ölü Allah düşəcək". Zərurətdir, heç nə təsadüf deyil. Mənim sənə axşam saat beşdə zəng edib "İndi vaxtım var, sonra vaxtım olmayacaq" deməyim də zərurətdir.

- Sizin kimi bir ustad sənətkarı bu gün çəkilən filmlərdə nadir hallarda görürük. Halbuki siz təkcə bir aktyor deyil, eyni zamanda canlı məktəbsiniz. Səhnədəki bir baxışınız, kameradakı bir pauzanız belə gənc aktyorlar üçün dərs ola bilər. Amma nədənsə bu "məktəbdən" yetərincə istifadə olunmur. Bunun səbəbi nə ola bilər? Gənc rejissor və aktyorların sizinlə işləyə biləcək sənətkarlıq çevrəsinin olmaması, yoxsa sizin ruhunuza toxunacaq səviyyədə ssenarilərin, filmlərin çəkilməməsidir?

- Çalışaram bu suala cavab verim. Hərçənd ki, sən artıq sual konseptindən qırağa çıxıb, jurnalistika ilə məşğul olmağa başlamısan. Halbuki bundan əvvəl sən mövzuya psixoloji tərəfdən yanaşır, bu yöndə suallar verirdin və bu, çox düzgün və gözəl idi. Amma son iki sualdır konsepti dəyişmisən, sıradan suallar verirsən. "Mən niyə son illərdə çəkilən filmlərdə yoxam?" Əslində, verdiyin sualda cavabı da özün tapıb vermisən. Amma mən çalışaram ki, bizim əvvəldən başladığımız ruh söhbətindən kənara çıxmadan cavab verim. Bundan əvvəl, yadındadırsa, sualların birində demişdim ki, biz ruhu unutmağa başlayanda, ruh özü də bizdən ayrılır və başlayır jurnalistika. Ona görə xahiş edirəm bunu yazasan. Ümid edirəm ki, bunu yazmağa cəsarətin çatacaq. Və buna görə mən sənə minnətdar olaram. Çünki bu, çox vacibdir. Artıq jurnalistikaya keçəndən sonra mən marağımı itirirəm. Mən müsahibədən bezirəm, yoruluram. Çünki sıradan jurnalist suallarını biz bilirik. Əsrlərdir bizə yönəldilən suallardır. Ona görə, cəsarətin çatsın, xahiş edirəm, bunu yaz. İndi gələk cavaba. Söhbət ondan getmir ki, mən nəyisə qəbul etmirəm və ya mənim ruhumdan kənardadır, uzaqdır və s. Hər bir dövrün öz cazibəli anları olur. Hər bir həyat mərhələsinin də özünəməxsus anları olur. O zamanlar elə bil ki, hər şey bir-birini tapırdı. Bu gün mən, tutaq ki, hansısa bir nöqtəni tapmaq istəyirəm. Onu görürəm. Ora getmək istəyəndə sağ tərəfdə başqa bir nöqtə çıxır və getmək istədiyim nöqtə ilə birləşir. Mən isə həmin nöqtəyə çatdıra bilmirəm özümü. İstəyirəm çatım, görürəm çatmıram. Deyirəm, eybi yoxdur... Yadındadırmı, məktəbdə riyaziyyatda və ya həndəsədə öyrədirdilər: A nöqtəsindən B nöqtəsinə, B nöqtəsindən C nöqtəsinə keçid. Mən indi məhz bundan danışıram. İndi mən şəxsi, öz məkanımdan, öz mənzilimdən çıxıb A nöqtəsinə getmək istəyirəm və deyirəm ki, gedəcəyəm, o nöqtədə istədiyimi alacağam. Amma ora gedəndə görürəm ki, artıq orada B nöqtəsi var və bu, məni qane etmir. Qane etmir, çünki mənim istədiyim dağılmış vəziyyətdədir. Düşünürəm ki, eybi yoxdur, A, B burdadır, indi C-yə gedərəm. Amma dönüb baxıram ki, C yoxdur. Orada E nöqtəsi var. Nə Ç var, nə D. Bu düsturu davam etdirməyin, məncə, artıq heç bir mənası yoxdur. Məncə, suala cavab verdim.

- Suala keçməzdən əvvəl bunu qeydə etmək istəyirəm: əmin olun, söylədiyiniz hər şeyi nöqtəsinə, vergülünə qədər yayımlayacağam. Buna heç bir şübhəniz olmasın. İnsanın ən böyük savaşı öz içindəki hansı hisslədir: qorxu, tənhalıq, yoxsa anlam axtarışı?

- İnsanları deyə bilmərəm. Çünki mənim insanlar haqqında bu sualı cavablamağa haqqım yoxdur. Amma öz haqqımda deyə bilərəm (gülür). Mənim özümdə yalnız bir savaşım var, əgər o, savaşdırsa. O da "axı mən bunu edə bilərdim, niyə etmədim?"

- Kaş ki. Peşmanlıq hissimi?

- Peşmanlıq da deməzdim, sadəcə, öz-özümə deyirəm. Dediyim kimi, əgər bu, bir savaş sayılırsa. Mən bunu edə bilərdim, niyə etmədim? - sadəcə bu qədər. Başqa heç bir savaşım yoxdur.

- Fəxrəddin Manafov kimi böyük aktyor olmaq üçün insanın içində hansı hisslər daim diri qalmalıdır: qorxu, sevgi, ağrı, yoxsa boşluq?

- Mənim bu suala yalnız bir cavabım var. Mən bu böyük peşənin, yer üzündəki bu vacib peşənin bir parçasıyam. Çünki bu peşə faktiki olaraq hər bir insanda var. Yadındadırmı, bilmirəm, o öncəki ruhlardan danışanda demişdim ki, insanların hamısı oynayır. Gözünü açıb dünyaya gələndən ölənə qədər oynayırlar. Biz də onu oynamalıyıq. Sadəcə biri pis oynayır, biri yaxşı. Biri səmimi oynayır, biri qeyri-səmimi. O ki qaldı mənə "böyük aktyor" kimi titul verməyinə, mən böyük aktyor deyiləm. Mən sadəcə sevdiyim peşənin içində çalışıram, istəyirəm onun sirlərinə, çalarlarına bürünə bilim. Bunu da heç kimə öyrətmək mümkün deyil. Bu ya insanda olur, ya olmur. Bu gün bir mənzərəyə şahid oldum. Evdən çıxmazdan əvvəl pəncərədən bayıra baxdım ki, görüm insanlar nə geyinir. Pəncərədən baxarkən aşağıda bir qaraj var, qarajın üstündə bir Allah bəndəsi, kimdirsə çox yaxşı insandır, hər dəfə ora bir qaba su qoyur qarğalar, quşlar üçün. Bəzən pişiklər, itlər də o sudan içir. Amma daha çox qarğalar içir. Və mən o səhnəni gördüm: bir neçə qarğa bir-birini qıra-qıra su içmək üçün yer tapmağa çalışırdı. Birdən yuxarıdan bir qarğa şığıyıb düşdü, su içmək istədi. Digər qarğalar bir anda səpələndilər. Sadəcə kənardan onu izlədilər. O isə rahatca oturdu, suyunu içdi. Heç bir qarğaya başını belə çevirib baxmadı. Sanki heç onlar yox imiş kimi davrandı. Suyunu içdikdən sonra qanadlandı və uçub getdi. Mən düşündüm: "Allah-Allah, Tanrıya qurban, gör necə lider yaradır!" Adi bir qarğadır. Amma o ora şığıyıb düşməklə 6-7 qarğanı bir anda dağıtdı. Hamısı ona baxdı, geri çəkildi. Halbuki eyni rəngdədirlər, eyni boydadılar. Qarğaları bir-birindən ayırmaq çox çətindir. Bir-birlərinə çox oxşayırlar. Yəqin qarğalar bizə baxanda da deyirlər ki, "bu insanlar nə qədər bir-birinə bənzəyirlər" (gülümsəyir). Və o qarğaların içində bu qarğaya qorxumu var idi, hörmətmi var idi, bilmirəm. O, suyunu içdi və uçub getdi. Mən bu səhnəni gördüm və sənin sualına cavab üçün bunu danışmaq istədim. Kiminsə içində liderlik olur. Haradan alır bunu, haradan bunu öyrənir, onu bilmirəm. Kimisi qıraqlarda oturur və gözləyir ki, lider onun suyunu içsin, uçsun getsin. Bunu öyrətmək mümkün deyil. Sadəcə texnikanı hansısa şəkildə izah etmək olar - "bu budur, burada bu olacaq" deyə. Amma o ruh var ha, bu gün səhərdən bəri haqqında danışdığımız o ruh, onu öyrətmək mümkün deyil. O ruh hər insanda var. Sadəcə bir şeyi təkrar edirəm: ruhunu bağlama. Şüuraltını bağlama. Daim açıq saxla. Çünki ruh və şüuraltı çox ağıllıdır. Əgər hiss etsə ki, ora pis bir əl, pis bir fikir yaxınlaşır, qapını özü bağlayır. Yenə deyirəm, öyrətmək çox çətindir. Əlifbanı mənə öyrətməsəydilər, onu bilməsəydim, mən oxuya bilməzdim. Texnikadır bu əlifba. Bunu öyrəndikdən sonra qalan nə varsa yazacaqsan, oxuyacaqsan - o, sənlikdir. Öyrənmək üçün əvvəlcə texnikanı öyrənirlər. Sonra isə ruhunu açırsan və yaradırsan.

- Son olaraq, yemək, səmimi söhbət, ən əsası isə dəyərli zamanınızı ayırdığınız üçün sizə minnətdaram.

- Mən təşəkkür edirəm.

Fərhad DOST

[email protected]

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://525.az
archiveBu xəbər 19 May 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elgün öldürülüb, yoxsa intihar edib? Ekstrasens

18 May 2025 13:59see377

Elçin Quliyev general mayoru vəzifəsindən azad etdi FOTO

17 May 2025 18:47see263

Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə saxlanıldı

17 May 2025 20:26see214

Tut yığmaq üçün ağaca çıxan kişi yıxılaraq öldü

18 May 2025 21:32see153

Makron növbəti dəfə qeyri adi vəziyyətə düşdü Video

18 May 2025 01:29see144

Neftçi Səbail ə, Qarabağ Kəpəz ə qarşı

18 May 2025 08:01see130

Türkiyə və İran XİN rəhbərləri nüvə danışıqlarını müzakirə etdilər

18 May 2025 01:34see128

ABŞ da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

18 May 2025 03:08see125

Misir aeroportunda bədbəxt hadisə: Reklam lövhəsi sərnişinlərin üzərinə aşdı

18 May 2025 17:49see120

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

18 May 2025 02:35see119

Messi tarixin ən yaxşı oyunçusu seçildi

18 May 2025 17:38see118

Xudafərin körpüsündə qazıntı aparan şəxsin meyiti tapıldı

18 May 2025 17:52see117

Ciorcia Meloni Aİ nin ekologiya siyasətini tənqid edib

18 May 2025 04:00see117

Azərbaycanlı futbolçu Almaniyada mövsümü 14 qolla başa vurub

19 May 2025 02:58see116

Mərkəzi Avropa ölkələrində uşaqlar arasında zəhərlənmə halları artır

18 May 2025 01:04see116

Azərbaycanın Aİ ilə münasibətlərində nəzərəçarpan inkişaf ölkənin dünya siyasətindəki rolunun artdığını göstərir ŞƏRH

17 May 2025 20:39see115

Kannda qanlı hadisə: Palma ağacı festivalın qonağını xəstəxanalıq etdi

18 May 2025 07:21see114

Türkiyədə hoteldə baş vermiş yanğınla bağlı müttəhimlərə 2 min ilədək həbs cəzası tələb olunur

17 May 2025 21:36see114

İtaliyada çempion son turda müəyyənləşəcək

19 May 2025 01:07see112

CNN də Ermənistan təmsilçisinə lağ etdi

17 May 2025 21:02see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri