Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

Prezident İlham Əliyev:

"Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır...

Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər... Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər".

lll

Jurnalistlər üçün təlimlərin birində "mentor" sözünü çox işlədirdilər. Soruşdum ki, axı bu "mentor" nə deməkdir?

İzah etdilər. Dedim, onda "ustad" deyin də, dilimizdə gül kimi qarşılığı var, "mentor" niyə deyirsiniz ki?

Təəssüf ki, savadlı görünmək üçün bəzən belə sözlərdən istifadə edirlər.

Bu gün "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda keçirilən konfransda peşəkar media mütəxəssislərinin narahatlıqları həmin hadisəni yadıma saldı. Əslində belə məqamlar, misal gətiriləsi oxşar hadisələr çoxdur. İnanmaq istərdim ki, bugünkü konfrans yabançı sözləri yeri gəldi-gəlmədi işlədənləri düşünməyə vadar edəcək.

lll

"Özüm üçün heç nə, cəmiyyət üçün hər şey!"

1907-ci il noyabrın 30-da Həsən bəy Zərdabinin dəfn mərasimində çıxış edən Bakı şəhər bələdiyyəsinin rəisi M.Rayevski Həsən bəyin həyat prinsipini qısaca belə izah edirdi.

M.Rayevskinin bu fikrini hörmətli professor Vilayət Quliyevin "TEAS Press" Nəşriyyat Evində bu yaxınlarda işıq üzü görən "Yorulmaz Əkinçi - Həsən bəy Zərdabi" kitabından götürmüşəm.

Kitabın nəşrə hazırlandığından məlumatlı olsam da, çapdan çıxdığından xəbərsiz idim. Bu günlərdə "Libraff" kitab mağazalar şəbəkəsinin "Park Akademiya" filialında Nik Nvolisanın "Mənim Qarabağa səfərim" adlı kitabının təqdimatı zamanı yeni nəşrləri və həm də elə bu kitabı görmək ümidilə rəflərə yaxınlaşdım. Gördüm və məmnuniyyətlə kitabın 2 nüsxəsini aldım. "Libraff"ın təvazökar rəhbəri Nicat müəllimə kitabın çapına görə təşəkkür elədim, nəşrin mətbuatımızın 150 illiyinə sanballı töhfə olduğunu, Vilayət müəllim Bakıya gələndə mütləq kitabın təqdimatının keçirilməsinin vacibliyini bildirdim.

Vilayət müəllim uzun illərdir "525-ci qəzet"in ən ardıcıl və ən çox arzulanan müəlliflərindəndir. Onun tariximizin qaranlıq səhifələri ilə bağlı ən müxtəlif mövzuları yorulmadan, davamlı şəkildə araşdırması, içdən, şövqlə, həvəslə yazıb-yaratması xüsusi rəğbət və ehtirama layiqdir. Təsadüfi deyil ki, hörmətli professorun tədqiqatlarını istər elmi, istərsə də ictimai mühitimiz, oxucu auditoriyası böyük maraqla və məmnunluqla izləyirlər.

Kitabdakı məqalələrin bəzilərini "525-ci qəzet"də ayrı-ayrı vaxtlarda çap eləmişik və mən həmişəki kimi o yazılardakı ilk dəfə ortaya çıxarılan faktları təşnəliklə oxumuşam. Ümumilikdə kitabda Həsən bəy Zərdabiylə bağlı çox qiymətli araşdırmalar yer alıb. "Xatirələr", "Nekroloqlar və vida sözləri", "Məktublar" bölümlərindəki materiallar mətbuatımızın banisinin həyat yolunu öyrənmək baxımından olduqca qiymətli məxəzlərdir.

Milli humanitar elmimizin 19-cu yüzilliyi bəzən "Mirzə Fətəli əsri" adlandırmasına toxunan Vilayət Quliyev Həsən bəy Zərdabinin gördüyü çoxşaxəli fəaliyyəti, cəmiyyətimizə müxtəlif sahələrdə bəxş etdiyi "ilk"ləri sadalayaraq 19-cu yüzilliyin daha ədalətli şəkildə "Axundzadə-Zərdabi əsri" adlandırıla biləcəyini qeyd edir.

"Yalnız "Əkinçi" qəzetinə görə Zərdabinin adı Azərbaycan mədəniyyəti və ictimai fikri tarixinə qızıl hərflərlə yazılmağa layiqdir.

Yalnız Bakıda tələbələrinin yardımı ilə hazırlayıb nümayiş etdirdiyi ilk teatr tamaşasına görə korifeylər sırasına daxil olmaq haqqı qazanıb.

Yalnız Vətəninin, ikiqat, üçqat zülm altına düşmüş həmvətənlərinin müdafiəsinə qalxdığı, ən azı milli-mədəni "zindəganlıq davasının" carçısı kimi çıxış etdiyi üçün Zərdabinin tarixi hünəri xalqın yaddaşında əbədi yaşamalıdır".

Vilayət müəllimin Həsən bəy Zərdabiyə böyük məhəbbət və ehtiram dolu araşdırmalarında çoxsaylı faktlar var ki, unutmamalı və yaddaşımızın ən diri yerində saxlamalıyıq:

"Amma Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı, general Abdulla ağa Bakıxanov "Əkinçi"nin nəşrə başlaması üçün Həsən bəyə 1000 manat verəndə məlum oldu ki, "tatarlar" anadilli mətbuata o qədər də biganə deyilmişlər..."

"Həsən bəylə Qafqaz Senzura Komitəsi arasındakı səmərəsiz yazışmalar iki ildən çox davam etdi. Yalnız azərbaycanlı ziyalıya rəğbətlə yanaşan Bakı qubernatoru D.S.Staroselskinin (1832-1884) işə qarışması "Əkinçi"nin başı üzərindəki qara buludları dağıda bildi. Qubernatorun təkidli tələbi nəticəsində qəzetin senzurası istisna hal kimi quberniya idarəsinin dilmancı Nuh bəy Hüseynbəyova həvalə edildi. Staroselski meydana çıxacaq hər hansı məsələ ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bildirdi".

Kitabdakı araşdırmaların hər biri olduqca əhatəlidir və böyük sevgi ilə qələmə alınıb.

Kitabda yer alan "Həsən bəy Zərdabi: ölümdən sonra ölümsüzlük" yazısı kövrək məqamlarla yoğrulub. Həsən bəyin vəfatı və dəfn mərasimi barədə zəngin məlumat və faktların yer aldığı bu araşdırmanı oxuyarkən sanki baş verənlər incəliklərinə qədər, anbaan göz önündə canlanır:

"Zərdabilərin mənzilindən başlayaraq Qasım bəy məscidinə qədər, habelə Bazar küçəsi ilə "Kaspi" redaksiyasına (indiki Sabir bağı) qədər Bakıdakı bütün rus-müsəlman məktəblərinin (o dövrdə şəhərdə əsasını Həsən bəyin qoyduğu 11 belə məktəb vardı) şagirdləri yolun hər iki tərəfində sıra ilə düzülmüşdülər".

"İlk izdihamlı mitinq məscidin həyətində keçirildi".

"İkinci matəm mitinqi "Kaspi" redaksiya binasının önündə keçirilmişdi".

"Nikolay küçəsi ilə üzüyuxarı hərəkət edən izdiham Bakı Dumasının qarşısında bir daha ayaq saxlamışdı".

"Mərhumu torpağa tapşırmaq üçün Bakının Şıx qəbiristanlığına yollanan mərasim iştirakçıları indiki Azneft meydanında bir neçə dəqiqəliyə ayaq saxlamışdılar. Əhməd bəy Ağayev camaata Zərdabi ailəsi adından təşəkkürünü bildirmiş, havanın soyuq, yolun uzaq olduğunu nəzərə alaraq, Bibiheybət məzarlığına getməyə imkanı olmayanların mərhumla burada vidalaşa biləcəklərini xatırlatmışdı. Lakin mərasimə qatılanların əksəriyyəti Həsən bəyi son mənzilə yola salmaq üçün təxminən 5 kilometrə yaxın məsafəni piyada qət etmək əziyyətindən çəkinməmişdi!"

Dəfn mərasimindəki matəm mitinqlərində çıxış edənlər, çıxışların təfərrüatı dəqiqliklə və ətraflı qələmə alınıb.

Bu yerdə Vilayət müəllimin qədirbilənliyini məxsusi qeyd etməyi vacib sayıram. O, Həsən bəyin dəfn mərasimi barədə mətbuatımızda getmiş ilk müfəssəl araşdırmanın müəllifini də unutmur: "Professor Şirməmməd Hüseynovun 2007-ci ildə Zərdabinin vəfatının 100 illiyi münasibətilə "525-ci qəzet"in 24 noyabr-15 dekabr tarixli saylarında çap etdirdiyi "Tarixi bir dəfn mərasimi" adlı silsilə yazılar böyük şəxsiyyətin ölümünün və yasının o dövrün anadilli mətbuatımızdakı əks-sədası barədə dolğun təəssürat yaradır. "İrşad" və "Tazə həyat" qəzetlərindən, "Molla Nəsrəddin" məcmuəsindən yeni, qiymətli materialları ilk dəfə elmi dövriyyəyə daxil etməklə ömrünün ixtiyar çağında da yorulmadan, gənclik eşqi ilə çalışdığını göstərən Şirməmməd müəllim, həqiqətən, nəcib, gərəkli iş görmüşdü".

Müəllif Həsən bəyin ailə üzvlərinin kədərli taleyi barədə də müfəssəl məlumatlar təqdim edir. Onun Həsən bəy Zərdabinin həyat yoldaşı, silahdaşı Hənifə xanım Abayeva-Məlikova haqqında "Yüzlərin, minlərin anası..." yazısı da maraqlı faktlar və kövrək məqamlarla doludur.

Əlbəttə, mən kitabı ətraflı təhlil etmək fikrindən uzağam. İstəyim sadəcə mətbuatımızın 150 illiyində özündə Zərdabi irsini əhatəli əks etdirən kitab barədə oxucuları məlumatlandırmaq idi. Yəqin "Libraff"a yolu düşənlər kitabı mütləq əldə edəcəklər. Gözlənilən təqdimat mərasimi də əminəm ki, qələbəliyə çevriləcək - böyük şəxsiyyət Həsən bəy Zərdabiyə sonsuz ehtiramın və professor Vilayət Quliyevin təvazökar fəaliyyətinə kübar minnətdarlığın ifadəsi kimi...

lll

Axşamın müjdəsi...

- Salam, axşamınız xeyir, Rəşad müəllim. Necəsiniz? İtburnu bəhməzi hazırlayıb anam, sizə də ayırmışıq - müalicəvidir. Bir də Şuşanın gül suyu və sizə buradan qoz yığmışam. Sizin tanışlardan gələn olsa, deyərsiniz, çatdıraram həmin adama.

- Təşəkkür edirəm! Sən də sağ ol, ana da sağ olsun!

lll

Sizə əla keçi pendiri, çay və bal payı var. Amma status yazmayın.

lll

Sosial şəbəkələrdə gerçək sənətdən bəhs edən çıxışlara, estetik məzmunlu layihələrə az hallarda rast gəlirik. Bu mənada, Şərif Ağayarın sosial mediada yeni açdığı "Söz Analizi" video rubrikası sevindirici faktdır. Rubrika müəllifi çıxışlarında Füzulinin, Aşıq Ələsgərin, Səməd Vurğunun, Əli Kərimin, digər klassik və çağdaş şairlərin şeirlərini təhlil edir, müqayisələr aparır, misranın cövhərini çıxarır, bədii dərinliklərə gedir. Poeziyamızın təbliği və təhlili baxımından çox müsbət addımdır, həm də Şərifin yaxşı bildiyi sahədir: şövqlə danışır, özünü suda balıq kimi rahat hiss edir. Alqışlayıram, təbrik edirəm və arzulayıram ki, yarı yolda dayanmasın, yorulmasın, bezməsin. Baxış sayı və bəyənmələr az olsa da, gördüyü işin lazımlılığına inamı heç vaxt azalmasın.

Yeri gəlmişkən, Şərif analizlərinin birində Əli Kərimin məşhur misrasıyla Səməd Vurğunun şeiri arasında paralellər aparır və yenə də çox dəqiq qənaətə gəlir. Əli Kərimin "Sərt üzünə bircə anlıq səhər doğardı" misrasında səhər sözünün elə bil yad olduğunu, yerinə düşmədiyini söyləyir, Səməd Vurğunda bunun daha uğurlu alındığını deyir.

Birdən yadıma düşdü ki, uzun illərdir əzbər bildiyim, bəzən qısa, bəzən uzun fasilələrlə efirdə, məclislərdə dediyim "Atamın xatirəsinə" şeirindəki həmin misranı mən də çox zaman intuitiv olaraq "Sərt üzünə bircə anlıq Günəş doğardı" kimi səsləndirmişəm və bunun fərqinə varmamışam. İndi Şərifin bu izahı o gözəl şeiri bir daha yadıma saldı. Şərifə minnətdarlıqla Əli Kərimin "Atamın xatirəsinə" şeirini paylaşmaq istədim.

Yeni nəsil, elə köhnə nəsildən də oxumayanlar oxusunlar. Zövq alanlar var olsunlar, Şərifin "Söz Analizi"nə də diqqət səngiməsin.

Atamın xatirəsinə

O sərt idi. Səhər dərsə tələsəndə mən

Bildirməzdi yolda durub boylandığını.

Bircə dəfə söz açmazdı qəlbindəkindən,

Söyləməzdi övlad üçün çox yandığını.

Gizli-gizli məni süzüb gülərdi hərdən,

Durub-durub güc gələrdi əyri qəlyana.

Övladına bircə dəfə "can" söyləməkdən

Övlad üçün can verməyi asandı ona.

Zəhmətsevər, ağır, enli, cod əli vardı

Tale kimi endirərdi çiynimə hərdən,

Sərt üzünə bircə anlıq səhər doğardı

Bilməzdim ki, hansı nurlu düşüncələrdən.

Sevgisi də soyuq idi - təzə əkini

Hər bəladan hifz eləyən qalın qar kimi.

Moskvada oxuyurdum,

tərk etdi məni.

Gələn zaman bir əbədi ayrılıq dəmi

Gah istəyib məni görə, gah deyib ki, mən

Qoy bilməyim.

O utanıb öz ölümündən!

Ah, o niyə belə etdi, bu nə qübardı?!

Nə zamansa bu nişanda bir atam vardı.

lll

Tələsmək gecikdirir.

lll

Fürsət düşən kimi onun-bunun dalınca danışıb, qeybətini edən adamlar ikrah doğurur, iyrəndirir.

lll

Nə qədər yuxusu qaçanlar, yatmayanlar varmış...

lll

Media adına o qədər şarlatanlar iddia edir ki... İnanılmaz alçaqlıq və rəzalətlərə imza atmağa hazır olan belələrinin hardan və necə peyda olduğu da müəmmalıdır. Texnologiyaların sürətli axını həm də üfunəti üzə çıxarır.

lll

Aldadıcı başlıqlar ilk növbədə onu yayan media subyektinə etibarı azaldır. Oxucu çox aldanmaz.

lll

Mollaya və müğənniyə mikrofon vermək təhlükəlidir.

lll

Özünü jurnalist hesab etməklə deyil ki!..

Jurnalist üçün vacib olan savadlılıq, intuisiya, obyektivlik, qərəzsizlik kimi başlıca keyfiyyətlərdən təməlindən məhrumsansa, şər-şəbədə yaya-yaya özün səviyyədə bir-iki nəfərin diqqətini çəkməklə özünəheyranlıq mərəzinin əsirinə çevrilmək aldadıcıdır. Ağıllı adamların gözündə sən elə nadan, küt və xəbis olaraq da qalırsan. Arada dəyərli, yüksək Jurnalist adına vurduğun ləkə göz çıxardır.

lll

Xəbis xislət sahibi əlində balta gözləyir ki, görüm kim yıxılacaq, birini də mən vurum.

lll

İnsan yorular, ChatGPT (çat-cipiti) yorulmaz.

lll

Təsadüfən Real TV-də Aybəniz Məhərrəmovanın müəllifi olduğu "Səhv düzəliş" verilişinə gözüm sataşdı və diqqətimi çəkdi. Maraqla baxdım. Kor-koranə, dəb xatirinə edilən estetik əməliyyatlar barədə maarifləndirici məlumatlar və inandırıcı təbliğat, gərəkli müqayisələr, vacib informasiyalarla dopdolu bir veriliş. Təəssüf ki, belə ciddi verilişlər diqqətdən kənarda qalır, geniş auditoriyaya lazımınca çatmır. Sosial medianın avanturist, yüngül çarxları tamaşaçıları ciddi, lazımlı verilişlərdən uzaq salıb. İndi pis dəblərin təbliğatçıları meydan sulayır. İnanaq ki, bu, pis vərdişlər ənənəyə çevrilməyəcək və ağıllı tövsiyələr çatdıran verilişlər yenə üstünıük qazanıb ünvanına çatacaq.

lll

Çap mətbuatının rəqabətə davam gətirməsi mümkünsüzdür. Dövlət yazılı mətbuatın yaşaması üçün uzun illər dəstək olub və bunun hesabına qəzetlər fəaliyyət göstərir.

Qəzetlərin gəlir yeri reklamlardır, bu isə yoxdur. Qəzet satışı sıfırlanıb, yeni nəsil qəzet oxumur, bəziləri isə heç onun nə olduğunu bilmir. Təəssüf ki, Azərbaycanda yazılı mətbuat son günlərini yaşayır. Mən düşünmürəm ki, onu xilas etmək mümkündür. Çünki dünya tamamilə dəyişib, yeni nəslin qəzet yaddaşı yoxdur. Yalnız köhnə nəslin nümayəndələrindən bəziləri qəzet oxuyur.

Mətbuatda indi "ChatGPT"nin yazdığı yazılar çap olunur. Onlar da hissiz və duyğusuz olur. Bu baxımdan çap mətbuatının gələcəyi çox pessimist görünür. Lakin çalışmaq lazımdır ki, yeni mediada çox peşəkar təhlil, müsahibə, reportaj janrlarını qoruyub saxlayaq. Çünki bu xaotik dövr keçib gedəcək və peşəkar jurnalist araşdırmalarına ehtiyac yaranacaq. Hər halda ümid sonda ölür.

lll

İllər öncə "Yeni paytaxt ehtiyacı" adlı bir yazı yazmışdım. Televiziyalarda da bu yazı o zaman müzakirə obyektinə çevrilmişdi. O zaman bəzi alimlər deyirdilər ki, cümhuriyyət dövründə də belə bir ideya olub; Göyçay və İsmayıllının arası Qaraməryəm ərazisi paytaxt üçün ən münasib yer hesab edilib. Çünki mərkəzdədir, arana və dağa, su mənbələrinə yaxındır. Hazırda paytaxtın dəyişdirilməsini real hesab etmirəm. Ancaq Bakı həddən artıq yüklənib. Qarabağda da quruculuq işləri aparılır. Mənim fikrimcə, Qarabağdakı rayonlardan birini, ən münasib də Ağdamı böyük bir şəhərə çevirmək olar. Ağdam 500 minə yaxın əhalisi olan böyük şəhər olsa, Azərbaycanın bəzi universitetləri, nazirlikləri Ağdama və Qarabağdakı digər rayonlara köçsə, bu, Bakının yükünün azalmasına kömək olar.

lll

Kitab seçərkən hər şeydən öncə diqqət yetirdiyim əsas nüanslardan biri müəllifin kimliyidir. XI Beynəlxalq Kitab Sərgisi də bu baxımdan istisna olmadı. "Altun Kitab" nəşriyyatının stendi önündən keçərkən, qaçaraq da olsa, kitablara, müəllif adlarına nəzər yetirdim. Arif Əliyevin imzası, onun "Sənət əbədidir, ömür amanat..." kitabı, təbii ki, dərhal diqqətimi cəkdi. Elə stendin önündə təsadüfən qarşılaşdığım professor Qulu Məhərrəmlidən soruşdum ki, Arif Əliyevin kitabı çıxıb? O da təsdiqlədi və dedi ki, pandemiyadan əvvəl çıxmışdı, qısa zamanda ardıcıl baş verən mürəkkəb hadisələr fonunda diqqətdən kənarda qaldı. Nəşriyyatın əməkdaşına yaxşı fəaliyyətlərinə görə tərif-təşəkkürümü çatdırıb kitabı aldım...

Arif Əliyevin Azərbaycan müstəqil mətbuatının təşkilatlanmasında, formalaşmasında böyük xidmətləri var. O, uzun illər bir neçə mətbu orqana, jurnalist təşkilatına rəhbərlik edib. Amma eyni zamanda fürsət taparaq, vaxt və zəhmət sərf edərək sanballı bədii-sənədli əsərlər yazıb. Onun "Yalama" sənədli povesti Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 350 qəhrəman əsgər haqqında dəyərli yaradıcılıq işidir. Müəllif bu əsərdə tarixi faktlarla bədiiliyi qovuşdurub, bir çox toxunulmamış məqamları ustalıqla qələmə alıb. Zamanında çox böyük müsbət reaksiya doğuran bu əsərlə bağlı mən də öz xoş fikirlərimi bildirmişdim. Kitab, həqiqətən də, tariximizin qaranlıq bir səhifəsini aydınlatmaq baxımından çox maraq doğurmuşdu.

Arif Əliyevin hər adi mövzunu qələmə almayacağını bildiyim üçün "Sənət əbədidir, ömür amanat..." kitabının da mövzusunu, məzmununu tez öyrənmək arzusundaydım. Ona görə ilk fürsətdəcə oxumağa başladım. Bu bədii-sənədli povestdə ictimai-mədəni tariximizin maraqlı bir hadisəsi işıqlandırılıb: 1938-ci ilin 28 sentyabrında "Vaqif" pyesinin ictimai baxışı keçirilir və o baxışda respublika rəhbəri Mircəfər Bağırov da iştirak edir. Tamaşanın hazırlanması prosesi, bu ərəfədə gəzən şayiələr, müəllifin tarixi faktlardan istifadə edərək bədii təxəyyülün gücüylə yaratdığı həyəcan, hətta məhəbbət hekayəsi ustalıqla qələmə alınıb. Həmin məqamda ehtimallar dolaşır ki, baş rejissor Ədil İskəndərovla müəllif Səməd Vurğunun bu pyesdən sonra taleyi necə olacaq... Respublika rəhbərinin bir qərarı ilə onların taleyi həll oluna bilərdi. Məhz bu tamaşanın ictimai baxışı ətrafında Arif Əliyev bədii təxəyyül vasitəsilə əsərin qəhrəmanlarının həyatı ilə bağlı maraqlı sujetlər qurur.

Təbii ki, həmin dövrü nəzərə alsaq, respublika rəhbərinin tamaşaya olan reaksiyası çox həyəcanlı bir məqamdır. Bunu müəllif ustalıqla təsvir edir: "Nəhayət, Bağırov əvvəlcə başını, sonra yavaş-yavaş əllərini qaldırdı. Yerindən durmadan ovuclarını səssizcə bir-birinə vurmağa başladı. Onun sağ və sol tərəfindən, ardınca balkondan alqışlar yüksəldi.

Səhnədə Sidqi Ruhulla sevincindən ağlayırdı. Aktyorlar - Ələsgər Ələkbərov, Fatma Qədri, Möhsün Sənani, Sona Hacıyeva, Mustafa Mərdanov, Əli Qurbanov, İsmayıl Dağıstanlı, Əzizə Məmmədova, dublyorlar Kazım Ziya, Rza Əfqanlı uşaq kimi atılıb-düşür, müəlliflə rejissoru qucaqlayırdılar. Səməd Vurğunla Ədil İskəndərov onların qolları arasından qurtarıb pərdənin önünə çıxdılar".

Povest Ədil İskəndərovun tələbəsi, teatr və kino rejissoru Rövşən Almuradlının 1975-76-cı illərdə "Sənətkar və zaman" mövzusunda düşüncələr əsasında danışdığı xatirələrə nəzərən yazılıb. Eyni zamanda müəllif, Mehdixan Vəkilovun, İsmayıl Şıxlının, Süleyman Rüstəmin və Vidadi Babanlının da xatirələrindən istifadə edib.

Kitabda çox nadir fotoşəkillərdən istifadə olunub və müəllif bunun üçün də Teatr Muzeyinin, Milli Kitabxananın kollektivinə minnətdarlığını bildirib.

Əsər 2019-cu ildə nəşr olunsa da, yetərincə təbliğ edilməyib, diqqətdən kənarda qalıb. Amma hesab edirəm ki, Arif Əliyev çox yaxşı iş görüb, vaxtını lazımlı bir mövzuya həsr edib, maraqlı əsər yaradıb. Rövşən Almuradlını da bu xatirələrinə görə minnətdarlıq və hörmətlə yad etməliyik.

Arif Əliyev Azərbaycanın teatr tarixinin mühüm bir hadisəsini qələmə almaqla yanaşı, eyni zamanda həmin ictimai baxışdan sonra kommunist dövrünün və respublika rəhbərinin tələbinə uyğun olaraq məşhur əsərin finalının xoşbəxt sonluqla dəyişdirilməsini də qeyd edir, tamaşa ilə bağlı o vaxt "Kommunist" qəzetində çıxan resenziyalardan da sitatlar gətirir.

Arzu edirəm ki, Arif Əliyev yenə bu cür mövzulara vaxt ayıra bilsin, belə qeyri-adi əsərlərlə oxucuları, dostları daha tez-tez sevindirsin.

"Sənət əbədidir, ömür amanat..." kitabı diqqətəlayiq  ictimai-mədəni hadisədir və bu əsər münasibətilə Arif Əliyevi bir daha ürəkdən təbrik edirəm!

lll

Uzun illərin müşahidəsidir, Aqil Abbasın təzə əsər yazmağını gözlərinin işartısından, şövqlə danışmağından, coşqulu halından bilirəm. Hələ ötən əsrin səksəninci illərində "Elm və həyat" jurnalının əvvəlcə Doktor, sonra Adil Babayev döngəsində yerləşən redaksiyasında Qarabağ tarixindən, Məhəmməd bəydən yazdığı, əlyazmasını da sonralar avtoqrafla mənə bağışladığı "Batmanqılınc" povestini yazarkən onun belə hallarının şahidi olmuşam. Sonra digər əsərlərini, məşhur "Dolu" romanını yazanda da onun yaradıcılıq şövqündən vəcdə gəldiyini çox müşahidə etmişəm.

Bu yaxınlarda Qarabağa səfərimizdə Aqilin oxşar halını gördüm, coşquyla danışırdı, "Rəmişlə Qədiri Əmir Teymurla görüşdürmüşəm" deyirdi. Cavanlıq dostu Rəmişin macəralarından söhbət açırdı. Hiss edirdim ki, yeni bir əsər doğulmaq ərəfəsindədir. Dünən "525"də çap olunmağa başlayan "Rəmiş" povestinin birinci hissəsini oxuduqca yadıma Aqilin şövqlə danışdıqları düşdü. Tanış hadisələr idi. Bu gün isə ikinci hissəsini oxuyanda gördüm ki, bu hadisəni deyəsən, mənə danışmayıb. Zövqlə oxudum. Bol informasiya caynağından uzaqlaşa bilsəniz, siz də oxuyun, mistik, sirli aləmə səyahət edin, bir az dincəlin:

"... Sonra da restoranın gitaraçalanından gitaranı alıb bunlar üçün rus bəstəkarlarının əsərlərini çaldım. Çaşıb qalmışdılar. Elə bil birinci dəfəydi gitaraçalan görürdülər. Biri fotoaparatı verdi ofisianta, xahiş elədi ki, bizim şəkillərimizi çəksinlər. Heç demə, mən gitara çalanda da şəkillərimi çəkibmiş. Soruşdular kiməm, mən də dedim Rəmiş, gitara çalanam. Dedilər yəqin sən Leninqradda gitara akademiyasını bitirmisən. Güldüm, dedim Ağdamda Muzuçilişdə oxumuşam, onu da yarımçıq atmışam"...

lll

Zəng edirsinizsə, deməli, hələ texnologiyalara yaxşı bələd deyilsiniz.

lll

Qərəz hər cümləsindən boy göstərir, hələ dili də var deyir ki, ədalətliyəm. Belə baxanda qərəzi də gizlətməyə məharət lazımdır. Dediklərinin yalan olduğunu özün də bilə-bilə şər atmaqla, insinuasiya ilə nəyəsə nail olmaq illuziyadır, əbəsdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Noyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see14020

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see813

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see274

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see241

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see203

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see183

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see156

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see151

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see134

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see134

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see132

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see132

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see131

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see130

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see129

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see128

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see127

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see127

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri