Fırıldaqçılar kart məlumatlarını necə ələ keçirirlər? AİKTSA sədrindən xəbərdarlıq
Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.
“Son vaxtlar Azərbaycanda geniş yayılan “bank adından zəng” və “kartınız bloklanıb” kimi fırıldaqlar sosial mühəndislik və telefon fişinqi (vishing) üsullarına əsaslanır. Dələduzlar özlərini bank əməkdaşı kimi təqdim edir, danışıq tonlarını rəsmi saxlayaraq insanlarda təcili qərarvermə təzyiqi yaradırlar. Ən çox istifadə edilən hiylələr arasında “kartınız bloklanıb”, “hesabınızdan şübhəli əməliyyat qeydə alınıb”, “3 dəqiqə ərzində kodu deməsəniz, pul silinəcək” kimi cümlələr yer alır. Əsas məqsəd – vətəndaşı qorxuya salmaq və kart məlumatlarını (PAN, CVV, SMS kod) ələ keçirməkdir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib.
O, həmçinin qeyd edib ki, geniş yayılmış digər bir üsul saxta sosial media profilləri vasitəsilə aparılan yazışmalardır.
“Dələduzlar dostunuzun və ya ailə üzvünüzün adından yaradılmış saxta profildən sizə yazaraq təcili pul istəyirlər: “kartımda problem var, 200 manat göndər”, “təcili ehtiyacım var”, “qəza keçirmişəm” və s. Belə hallarda profilin aktivlik tarixçəsinə, foto keyfiyyətinə, yazı tərzinə və orfoqrafik səhvlərə diqqət yetirmək vacibdir. Ən önəmlisi isə – həmin şəxslə başqa platforma (zəng, videozəng, səsli mesaj) vasitəsilə birbaşa əlaqə saxlamaqdır.
Qorunmaq üçün əsas tövsiyələr:
• Heç vaxt bank və ya dövlət qurumu adından gələn zənglərə tam etibar etməyin.
• Kart məlumatlarını və SMS kodları heç kimə, heç bir şəraitdə verməyin.
• Dost və ya qohum adı ilə yazan şəxsə dərhal pul göndərmədən əvvəl onun şəxsiyyətini yoxlayın.
• Şübhəli vəziyyətlərdə bankın rəsmi nömrəsi ilə əlaqə saxlayın və ya Daxili İşlər Nazirliyinə məlumat verin”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az


