Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Gec saatlarda və ya gecə yemək vərdişi təkcə artıq çəki və ürək problemləri ilə deyil, həm də qaraciyərin xroniki xəstəlikləri ilə əlaqəli ola bilər. ABŞ alimlərinin apardığı genişmiqyaslı araşdırma gec qidalanmanın qaraciyər sağlamlığı üçün mümkün risklərini üzə çıxarıb.
Əvvəlki tədqiqatlar göstərib ki, axşam və gecə saatlarında müntəzəm olaraq həddindən artıq qidalanmaq, xüsusilə də gündəlik kalori normasının 30 faizini və ya daha çoxunu saat 22:00-dan səhər saat 05:00-dək qəbul etmək, ikinci tip şəkərli diabet, ürək-damar xəstəlikləri və bu xəstəliklərdən ölüm riskinin artması ilə əlaqəlidir. Gec saatlarda yemək həmçinin artıq çəkiyə və qarın nahiyəsində piylənməyə səbəb ola bilər.
ABŞ-ın Oreqon Sağlamlıq və Elm Universitetinin tədqiqatçıları isə gec qidalanma ilə qaraciyərin metabolik disfunksiya ilə əlaqəli piylənmə xəstəliyi - MASLD və qaraciyər sirrozu arasında əlaqə aşkar ediblər.
MASLD zamanı maddələr mübadiləsindəki pozuntular nəticəsində qaraciyər hüceyrələrində həddindən artıq yağ toplanır. Xəstəlik bəzi hallarda irəliləyərək sirroza çevrilə bilər. Bu zaman qaraciyərin sağlam toxumaları çapıq toxuması ilə əvəz olunur.
Clinical Gastroenterology and Hepatology jurnalında dərc olunmaq üçün qəbul edilən araşdırmada üç böyük ümummilli tədqiqatın məlumatları təhlil edilib. Təxminən 200 min iştirakçını əhatə edən bu araşdırmalarda insanların qidalanma vərdişləri, gündəlik rejimi və həyat tərzinin digər xüsusiyyətləri nəzərdən keçirilib. Daha sonra iştirakçıların qaraciyər sağlamlığı ilə bağlı tibbi məlumatları təhlil olunub.
Nəticələrə əsasən, gec saatlarda, xüsusilə yatmazdan az əvvəl yemək yeyən insanlarda MASLD və ya sirroz riski adətən gec qidalanmaqdan çəkinənlərlə müqayisədə 20–30 faiz daha yüksək olub.
Alimlər bu əlaqənin mümkün izahlarından birini orqanizmin sirkadiyalı ritmləri ilə əlaqələndirirlər. Bu ritmlər yuxunu, maddələr mübadiləsini və digər fizioloji prosesləri 24 saatlıq dövr ərzində tənzimləyən daxili bioloji mexanizmlərdir.
Qaraciyər qida maddələrinin emalında, qanda şəkərin səviyyəsinin tənzimlənməsində, enerjinin saxlanmasında və istifadəsində mühüm rol oynayır. Tədqiqatçıların ehtimalına görə, orqanizmin bioloji saatının yuxuya uyğunlaşdığı vaxtda qida qəbulu maddələr mübadiləsini poza və qaraciyərə mənfi təsir göstərə bilər.
Bununla belə, alimlər araşdırmanın səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayırlar. Tədqiqat müşahidə xarakteri daşıyıb və yalnız qidalanma vərdişləri ilə qaraciyər xəstəlikləri riski arasında əlaqəni müəyyən edib. Bundan əlavə, məlumatların bir hissəsi iştirakçıların özlərinin təqdim etdiyi cavablara əsaslanıb.
Tədqiqatçılar daha erkən saatlarda qidalanmanın qaraciyər xəstəliklərinin qarşısını alıb-almadığını müəyyənləşdirmək üçün əlavə, daha ciddi nəzarət olunan araşdırmalara ehtiyac olduğunu bildirirlər.
Hazırladı:
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 17 Oktyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















