Icma.az
close
up
RU
Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 oktyabr, AZƏRTAC

Bu il sentyabrında paytaxt Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunan beynəlxalq konfransın iştirakçılarını qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı özündə daha çox xalqımızın yaratdığı mənəvi sərvətdən duyduğu qürurun ifadəsi ilə yadda qaldı.

Konfransı, “Böyük bir beynəlxalq tədbir” kimi dəyərləndirən ölkə Prezidenti çıxışını belə davam etdirdi: “Biz öz dahi şəxsiyyətlərimiz, mütəfəkkirlərimiz, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. ... XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli- onların hər biri böyük bir dünyadır. Adını səsləndirdiyim və səsləndirə bilmədiyim bu şəxslərin qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir”.

Bu fikirlər ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları" sərlövhəli yazısında yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Prezident İlham Əliyev “Azərbaycan xalqı öz tarixi şəxsiyyətləri, mütəfəkkirləri və şairləri ilə həmişə fəxr edir və bu tədbirlər mənəvi bağların qorunmasına xidmət edir”- deyərkən ancaq dünənimizin yaratdığı maddi və mənəvi dəyərlərlə qürur duymağı deyil, Türk dünyası və İslam aləminin birliyi kontekstində həmin dəyərlərin tətbiqini məqbul sayır. Ona görədir ki, Türk dünyası birliyinin yalnız siyasi-iqtisadi əməkdaşlıqla məhdudlaşmamalı olduğu, ortaq mənəvi keyfiyyətlərin qorunması, inkişafı ilə möhkəmlənməli zərurəti gündəlik fəaliyyət norması kimi vurğulanır. Həmin kontekstdə dini liderlərin üzərinə düşən böyük məsuliyyət, onların türk-islam birliyinin möhkəmlənməsində oynayacaqları rola xüsusi önəm verilməsi, həmçinin tarixən formalaşmış milli-mənəvi dəyərlər, sülh və qardaşlıq təşəbbüslərinə sadiqlik çağırışlarının epizodik səslənməməsi də bundan xəbər verir.

O tarixi görüşdə Prezident İlham Əliyevin ancaq Azərbaycan xalqının deyil, türkdilli, həmçinin Yaxın Şərqdə möhtəşəm tarixlə bərabər zəngin fikir xəzinəsi yaratmış xalqların da fəlsəfi dünyagörüşündə dərin iz buraxan mənşəcə azərbaycanlı, tanınmış filosof alim və şair, böyük zaman və arealda geniş yayılmış, İslam tarixində, təsəvvüfdə əsas sufi təriqətlərindən biri olan xəlvətilik təriqətinin ikinci qurucusu Seyid Yəhya Bakuvi şəxsiyyəti ətrafında etdiyi vurğular ibrətamiz keçmişə qayıtmağımızı zəruri edir. Bu o Bakuvidir ki, əsas yaradıcılarından biri olduğu təriqət insanları Azərbaycandan başlamaqla İran, Osmanlı imperiyası, Balkanlar, Orta Asiya və Şimali Afrikaya qədər geniş bir coğrafiyada yayılmaqla insanları bu gün də dünya üçün prioritet dəyərlərə dəvət edirdi.

Əlbəttə, bütün bunlar müasirləri, gələcək nəsillər və bütün dünya üçün cəlbedici olan poeziyada, fəlsəfədə, insanların sosial istəklərində ən incə məqamları tərənnüm edən əsərlər ortaya qoyan, coğrafi və zaman hüdudlarını aşaraq bəşəri mövqeyə qalxan fikir insanlarının işığında böyüyən Seyid Yəhyanın yetişməsi üçün münbit mühit idi. O mühiti yaradan insanlardan biri öz yaradıcılığında bəşəri və humanist dəyərləri ən yüksək bədii səviyyədə tərənnüm edən, Şərq İntibahına misilsiz töhfələr verən Nizami Gəncəvidir. XII əsrin Yaxın Şərqində yaşayıb yaradan Nizami yaradıcılığını ancaq müasiri olduğu dünya üçün deyil, zamanımızda da unikal və cəlbedici edən əsas amillər bəşəri humanizm insan amilidir. Bu, yaradıcılığın mərkəzində insan və onun mənəvi ucalığı dayanır. O, insanları irqinə, dininə və ya milli mənsubiyyətinə və yaxud silkinə görə bölmür, əksinə, bu təsnifatı aparanlara etiraz edirdi. Şairin hələ doqquz əsr əvvəl yaratdığı "Yeddi gözəl" poemasında dünyanın müxtəlif yerlərindən- Hindistan, Çin, Xarəzm, Slavyan ölkəsi, Məğrib, Rum və İrandan olan şahzadələrin timsalında multikulturalizm və mədəniyyətlərarası dialoq ideyasını irəli sürməsi onun mənəvi dünyasının izharı idi.

Onun ideal cəmiyyət axtarışının son nəticəsi sosial ədalət axtarışı idi və buna görədir ki, Nizami Gəncəvi dünya ədəbiyyatında sonralar ədəbiyyatşünas və filosofların “utopik sosial ədalət modeli” adlandırdıqları mövzularda ilk qələmə alanlardan biri kimi səciyyələndirilirdi. Təsadüfi deyil ki, onun bu yöndə yaratdığı ədəbiyyat nümunələri avropalı filosoflar Tomas Mor və ya Tommazo Kampanellanın utopik baxışlarından əsrlər öncə insanlara təqdim edilirdi. Nizaminin yaratdığı sənət əsərlərinə nəzər salmaq kifayət edər ki, onun ancaq gələcək cəmiyyətlə bağlı arzularını deyil, o cəmiyyətdə görmək istədiyi qadınların yerini hansı xüsusiyyətlərlə səciyyələndirildiyinin şahidi olasan. Onun ədəbi personajları Şirin, Nüşabə, Fitnə və digərlərinin şəxsində qadınlar, ancaq sevgi obyekti deyil- ağıllı, iradəli, dövlət idarə etməyi bacaran, cəsur və kişilərlə bərabərhüquqlu şəxsiyyətlərdir. Digər ədəbi qəhrəmanının- “Leyli və Məcnun”dakı Leylinin şəxsində isə qadının ən zərif keyfiyyətləri qabardılır. Bu zərifliyi ilə bərabər, Leyli eşqin insanı hansı mənəvi ucalığa apardığı, onun mənəvi təkamülünün son nəticədə hara qədər yüksələ biləcəyinin təcəssümü olan obraz kimi təqdim olunur.

Sonralar dünya ədəbiyyatını araşdıran ədəbiyyatşünaslar məhz Nizami yaradıcılığını bu xüsusiyyətlərinə görə yüksək qiymətləndirəcəklər.

Şeyx Nizami təkcə mükəmməl ədəbiyyat nümunələri yaratmırdı, o, bunlarla bərabər, yeni ədəbi janrlar və standartlar formalaşdırırdı. Həmin janr və standartlar, məsələn, onun yaratdığı "Xəmsə" formatı dünya ədəbiyyatı poeziya yaradıcılarının əsərlərində özünə yer tapdı. Bu nümunələr sonralar Əmir Xosrov Dəhləvi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Əbdürrəhman Cami və digər nəhəng Şərq şairləri tərəfindən qəbul olunaraq inkişaf etdirildi. Sonralar onlar Nizami ədəbi məktəbi kimi kimi tanındılar. Təsadüfi deyil ki, həmin məktəb üçün gözəl hekayəçilik (storytelling) qabiliyyəti xarakterikdir və bu gün də qərb şərqşünaslarının diqqət mərkəzində qalmaqda davam edir.

XV əsr Azərbaycanın ictimai-fəlsəfi təfəkkürü tariximizin ən zəngin, lakin bir o qədər də az araşdırılmış maraqlı dövrlərindən birində Şirvanda, o əsrin əvvəllərində doğulan, bütün Yaxın Şərq üçün xarakterik mədrəsədə təhsil alan Seyid Yəhya Bakuvi sahibləndiyi elmə və qazandığı nüfuza görə 25-30 yaşlarında “nəqiblər nəqibi”, “nəciblərin nəcibi”, “şeyxlərin şeyxi”, seyidlərin görkəmlisi və hörmət-ehtiram ifadəsi olan digər adlarla çağırılırdı.Onun sonralar yazdığı, nəinki Azərbaycanda, Yaxın Şərq, Orta Asiyadan başlayaraq bütün türk və İslam qövmünün yaşadığı geniş coğrafiyada idrak və mənəvi psixologiyanın nizamlanmasının traktatı kimi qəbul edilən əsərlərində o, daha çox öz portretini yaradırdı. Bu yanaşmalar özünün ikinci piri olduğu Xəlvətilik təriqətinin əsas zikr dərsliyi hesab olunan "Virdü-Səttar" əsərində- müridlərin günün müəyyən saatlarında müntəzəm oxuduqları dua, salavat və Allah adlarının zikrinin məcmusunda görünürdü. Mənası "Günahları örtən Allahın duası" demək olan "Virdü-Səttar"da o, Allahın bu xisləti ilə əxlaqlanmağı- başqalarının eyiblərini axtarmamağı və onların səhvlərini örtməyi aşılayırdı.

Məhz buna görə də elmi-irfani ədəbiyyatda Bakuvinin irsi araşdırılarkən onun hər məqamda oxucularının şəxsində insanlara üz tutan Bakuvi bu günün özündə də bəşəriyyətə mesaj verir, kamil olan kəsi "Settar" sifətinə bürünərək bağışlayıcı və tolerant olmağa çağırır. O, əmin idi ki, "Virdi olmayanın varidi (qəlbə gələn ilahi ilhamı və intuisiyası) olmaz". Bununla bərabər, sufi filosof makrokosmos və mikrokosmosun harmoniyası tandemində kainatın yaradılışı, Allahın 99 ismi və peyğəmbərlərin mənəvi məqamlarını tərif etməklə bərabər, insanın kainatın digər ünsürləri ilə daxili rabitəsini və ontoloji bağlılığını strukturlaşdırır.

Seyid Yəhya Bakuvi digər əsərlərində də müasirləri ilə yanaşı, gələcək nəsillərə ismarıclarını çatdırır və bu məqamlarda o, ancaq zəmanəsinin deyil, bütün zamanların bəşəri problemlərinin konturlarını cızır, insaları ədalətli yaradıcı və ətrafında baş verənlərə qarşı laqeyd olmamağa ya birbaşa, ya da dolayısı ilə çağırışlar edir. Bu baxımdan onun həmmüasiri, türk-islam dünyasının ən böyük insanlarından biri olan, şair-mütəfəkkir, zamanların ən böyük simalarından biri olan əqidə adamı, Yaxın Şərq, xüsusilə Azərbaycan, Təbriz, Bağdad, Hələb, Şiraz, Diyarbəkirdə kifayət qədər tanınan İmadəddin Nəsiminin ideallarından biri olan Həllac Mənsura həsr etdiyi "Qisseyi-Mənsur" əsəri maraqlıdır. Məsnəvi janrında yazılmış həmin əsər subyektiv və mistik sufiliyin ən radikal nümayəndələrindən olan Mənsur Həllacın fəlsəfi dramına və onun məşhur "Ənəl-Həqq"- “Mən Haqram ideyasına həsr olunub. Söhbət həmin Mənsur Həllacdan gedir ki, hələ sağlığında təsəvvüf tarixinin ən məşhur, ən dramatik və mistik fiqurlarından biri, islam dünyasında ilahi eşq yolunda canından keçən ilk böyük sufi martiri- şəhidi kimi tarixdə qalıb. IX əsrin ikinci yarısı və X əsrin əvvəllərində Abbasilər xilafətinin iqtisadi cəhətdən çiçəkləndiyi, buna baxmayaraq, daxili siyasi böhranlar yaşadığı zamanda "Ənəl-Həqq!"- deyən Həllac mənəvi təkamül nəticəsində öz nəfsini tamamilə məhv edəndə, artıq onun fəlsəfəsində Allaha çatmağın yeganə yolu quru qaydalar, onlardan doğan qorxu deyil, sonsuz həqiqi sevgi və eşq bərqərar olmuşdu.

Buna görə idi ki, Seyid Yəhya Bakuvi islami ehkamların daha da sərtləşdiyi, İmadəddin Nəsiminin 1417-ci ildə Hələb şəhərində edam edildiyi tarixdən elə də uzaq məsafədə dayanmayan sufi mütəfəkkiri ağlasığmaz şiddətlərlə qətlə yetirilən şairin nəyə görə bu hökmə məruz qaldığını bilirdi: “Qətlə fərman verən şəxslər onun müdafiə etdiyi fəlsəfi-dini dünyagörüşün hansı təhlükədən xəbər verdiyinə əmin idilər. Məhz bu təhlükənin hələ də çəkilmədiyi zamandlarda yazılan "Qisseyi-Mənsur" Bakuvi açıq mətnlə yazırdı: “Mənsur Həllac "Ənəl-Həqq" deyərkən özünü Allah elan etmirdi; o, öz "mənliyini" (nəfsini) tamamilə yox edərək fəna məqamına çatdığını və daxilində yalnız İlahi varlığın qaldığını ifadə edirdi”.

Buna dərin daxili inamın nəticəsi idi ki, bu əsərində Seyid Yəhya Həllacın qorxunc edamından altı əsr keçsə də, həmin edamı şərtləndirən amillərin mütləq hakim olduğu vaxtlarda Mənsurun ideyasını müdafiə edir, onun dar ağacına aparan yolunu "İlahi Eşqin intellektual zirvəsi" kimi təqdim etməkdən çəkinmirdi. O, ona da bütü səmimiyyəti ilə inanırdı ki, Həllacın edamı cəmiyyətin həqiqətin dərinliyini dərk edə bilməməsinin gətirdiyi bir faciədir. Digər tərəfdən isə Bakuvi "Qisseyi-Mənsur" əsəri ilə bu yolun pik nöqtəsini- eqonun tamamilə məhv edilməsi və mütləq sevgi ilə birləşmə yolunun işığını göstərir. O faktı isə xatırladırıq ki, bütün bunlar Seyid Yəhya Bakuvi, həmçinin XV əsr Yaxın Şərqdə və Şirvanşahlar dövrünün süquta getdiyi, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin “günəş altında yer axtarışlarının” kəskinləşdiyi Azərbaycanda humanizmin, coğrafi və fəlsəfi fəhmin yüksəldiyi bir mərhələdə baş verirdi.

Seyid Yəhya Şərq fəlsəfəsi tarixində daxili mənəvi kamilliyə, insanpərvərliyə və vəhdəti-vücud fəlsəfəsinə əsaslanan mistik-irfani filosof və mütəfəkkir kimi xarakterizə olunur. O, yalnız dini elmlərlə kifayətlənməmiş, insanın kainatdakı yerini, varlığın mahiyyətini və ruhun təkamülünü fəlsəfi müstəvidə təhlil etmişdir.

Piri-saninin (müasirləri və onlardan sonrakı nəsillər Bakuvini çox vaxt bu adla çağırırdılar) fəlsəfəsinin mərkəzində mənəvi ucalma yolu dayanır və o yolun mahiyyətində insanın daxili ziddiyyətlərini aşmaq üçün öz nəfsini tərbiyə etmək, xəlvətə çəkilərək mənəvi təmizliyə, həqiqətin dərkinə çatmaq dayanır. Filosofun baxışlarında insan kainatın kiçildilmiş modeli, ilahi sirlərin daşıyıcısıdır.

Onun baxışlarında yaradanla yaradılanın mənəvi birliyi ideyası mühüm yer tutur və altqatda formalaşan fəlsəfi məktəb Azərbaycandan başlayaraq Balkanlara, Türkiyəyə, Misirə və digər ərəb ölkələrinə qədər geniş bir məkanda yüzilliklər boyu insanların dünyagörüşünə təsir göstərmişdir.

Onun yaradıcılıq fəaliyyətini araşdıran tədqiqatçılar Bakuvinin dövrün ictimai təfəkkürünə iki böyük töhfə verdiyi qənaətindədirlər. Seyid Yəhyanın elmi baxışları ilk növbədə rasionallığına görə seçilir. O, hadisələri yalnız dini möcüzələrlə deyil, səbəb-nəticə əlaqələri ilə izah etməyə üstünlük verirdi. Onun baxışlarında təbiət hadisələrinin və coğrafi relyefin insan cəmiyyətlərinin inkişafındakı rolu qabardılır.

XV əsr ictimai şüurunda özünəməxsus yer tutan filosof bu dövrün dini-skolastik çərçivəsində qalmır, həm də dünyəvi elmlərə, insana, təbiətə və coğrafiyaya baxışda rasional yanaşmaları ön plana çıxarırdı. Yaradıcılığının enerjili çağlarında

I Xəlilullahın mədəniyyət mərkəzlərinə çevrdiyi Şirvanşahlar sarayında bəşəri mövzularda əsərlər yazan digər alim, şair və mütəfəkkirlər sırasında fəaliyyət göstərən Bakuvinin ərəb dilində yazdığı "Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri" (Tərcüməçi: akademik Ziya Bünyadov) kitabı onun XV əsr elmi və ictimai düşüncəsinin zirvələrindən birinə çevrildi. O həmin əsəri ilə təkcə fiziki coğrafiyaşünas deyil, həm də bir sosial filosof kimi çıxış edir. Həmin fəlsəfi baxışlarda iqlim nəzəriyyəsi və cəmiyyət müstəvisində iqlimin insanların xarakteri, psixologiyası, mədəniyyəti və onun qurduğu ictimai quruluşa təsirini izah etməyə çalışırdı. Bu yanaşma Avropada əsrlər sonra formalaşacaq "coğrafi determinizm" nəzəriyyəsinin erkən rüşeymləri olacağı isə o zaman heç kimin ağlına gəlmirdi. Əsərdə verilən dünyanın müxtəlif xalqlarının adət-ənənələri, inancları, şəhərlərin memarlığı və iqtisadiyyatı barədə məlumatlarda onun digər mədəniyyətlərə və xalqlara münasibətdində tutduğu tolerant mövqe diqqəti cəlb edir. Yeri gəlmişkən, müəllif əsərində Bakı və Abşeronun geniş təsvirinə yer ayırır, buradakı neft və duz yataqlarından bəhs edir, coğrafiyanı güclü küləkləri, sönməyən atəşgahları barədə verdiyi elmi məlumatlarla ensiklopedik biliyi ilə oxucuda heyranlıq yaradır.

O da qəbul olunan faktlardandır ki, XV əsr Azərbaycanın ictimai təfəkkürü fəlsəfi axtarışların, təbiət elmlərinin və humanizmin qovuşduğu dinamik bir dövr idi. Seyid Yəhya Bakuvi isə bu dövrün seçilən nümayəndələrindən biri, insan və məkan münasibətlərini sistemləşdirən görkəmli mütəfəkkir idi. Onun zəngin elmi irsi XV əsrdə Azərbaycanı elmi-fəlsəfi mərkəzlərindən biri kimi qəbul edilməsinə ən böyük töhfə oldu.

Təsadüfi deyil ki, 2013-cü ildə UNESCO Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul etdi. Bu fakt həm də onun göstəricisidir ki, Şirvanşahlar saray kompleksinin yuxarı həyətində, keçmişdə Keyqubad məscidinə bitişik olmuş türbə binasında bu gün də xalq arasında “Dərviş məqbərəsi” kimi tanınan məqbərədə əbədi uyuyan Nəqiblər nəqibinin (Seyid Yəhya Bakuvinin ehtiramla çəkilən adlarından biri) dövrümüzə qədər gəlib çatan 30 əsəri əksər əlyazmaları Türkiyənin Manisa şəhərindəki Muradiyyə kitabxanasında saxlanılır.

O kitablara müraciət edənlər ancaq Arifi-billahın (Filosof həmçinin bu adla da tanınırdı) mükəmməl elmi qənaətləri və fərziyyələri ilə deyil, həmçinin onun yetişdiyi Azərbaycanın şərəfli tarixi ilə də tanış olduğuna isə şübhə yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri