Göy fənər Viktor Pelevinin hekayəsi
Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
22 noyabr məşhur rus yazıçı Viktor Pelevinin doğum günüdür.
Kulis.az bu münasibətlə Aygün Aslanlının tərcüməsində yazıçının "Göy fənər" hekayəsini təqdim edir.
Pəncərənin arxasında yanan göy fənərin işığından palata, demək olar ki, işıqlı idi. İşıq əcaib göy və rəngsiz idi. Və əgər çarpayıdan sağa əyiləndə görünən ay olmasaydı, çox vahiməli mənzərə alınardı. Yuxarıdan konusvari düşən ay işığı cansız parıltını zəiflədir, onu sirli və mülayim edirdi. Ancaq mən sağ tərəfə sallananda, iki dəmir ayaq ani yuxarı qalxır və sonra zərblə döşəməyə dəyirdilər. Həticədə çarpayıların iki sırası arasındakı göy işıq zolağını qəribə şəkildə tamamlayan tutqun səs yaranırdı. - Bəsdir, - Qoltuqağacı dedi və göyümtül yumruğunu mənə göstərdi, - eşidilmir. Mən dinləməyə başladım.
- Ölü şəhərdən xəbəriniz var? - Gombul soruşdu. Hamı susurdu. - Deməli belə, bir kişi iki aylığa ezamiyyətə gedir. Evinə qayıdanda birdən görür ki, ətrafdakı bütün adamlar ölüdür.
- Necə yəni, elə küçələrdəcə uzanıblar?
- Yox, - Gombul dedi, - onlar işə gedirlər, danışırlar, növbədə dayanırlar. Hər şey əvvəlki kimidir. Amma kişi onların əslində ölü olduqlarını görür.
- Bəs kişi onların ölü olduğunu necə başa düşür?
- Mən hardan bilim?- Gombul cavab verdi, - Kişi başa düşüb, mən yox ki. Necəsə başa düşüb də. Nə isə, o qərara gəlir ki, özünü elə aparsın, guya heç nə görmür və gedir öz evinə. Onun arvadı var idi. Kişi onu görən kimi arvadının da ölü olduğunu başa düşür. Kişi öz arvadını çox sevirmiş. Başlayır qadını sorğu-suala tutmağa ki, mən olmayanda nələr baş verib. O da cavab verir ki, heç nə. Özü də ərinin nə istədiyi ona çatmır. Onda kişi hər şeyi danışmaq qərarına gəlir və deyir: «Sən bilirsən ki, ölüsən?». Arvadı da cavabında «Bilirəm!», deyir. Kişi soruşur: «Bəs sən bilirsən ki, bu şəhərdə hamı ölüdür?». Qadın deyir: «Bilirəm. Bəs sən özün bilirsən ki, niyə ətrafda hamı ölüdür?». Kişi deyir: «Yox». Qadın yenə soruşur: «Bəs mənim niyə ölü olduğumu bilirsən?». Kişi yenə deyir: «Yox». Onda qadın bir də soruşur: «Deyim niyə?». Kişi qorxur, amma, hər halda dillənir: «De». Onda qadın: «Ona görə ki, sən özün ölüsən!»-deyir. Sonuncu cümləni Tolstoy elə rəsmi və quru intonasiya ilə dedi ki, hamı doğrudan da qorxdu. - Hə, əmi əcaib səyahətdə olub. Bunu ən balaca oğlan dedi, başqalarından bir, ya iki yaş kiçik idi. Amma ona rəsmi görkəm verən iri eynək taxdığından balacaya oxşamırdı.
- İndi sən danış, - Qoltuqağacı ona dedi: - bir halda ki, ağzını birinci açdın.
- Bu gün belə söz verməmişdik, - Kolya dedi.
- Söz həmişə var, - Qoltuqağacı cavab verdi. - Başla, uzatma.
Kolyanın əvəzinə Vasya dilləndi:
- Yaxşısı budu, mən danışım. Göy dırnaq haqqında eşitmisiz?
- Təbii ki, - o biri küncdən pıçıltı səsi gəldi,- Göy dırnaq haqqında kim eşitməyib ki?
- Bəs qırmızı ləkə haqqında bilirsiniz?- Vasya soruşdu.
- Yox, bilmirik, - Qoltuqağacı hamının əvəzinə cavab verdi, - Başla.
- Bir ailə mənzilə köçür, - Vasya yavaş-yavaş danışmağa başladı, - onun da divarında qırmızı ləkə olur. Ləkəni birinci uşaqlar görürlər və göstərmək üçün analarını çağırırlar. Anaları isə susur. Özü də bir cür baxır və gülümsünür. Onda uşaqlar atalarını cağırırlar. «Ata, bax!»- deyirlər. Ata da anadan çox qorxurmuş. Ona görə də uşaqlara deyir: «Gedək burdan. Sizə dəxli yoxdur». Anaları isə gülümsünür və susur. Elə də gedirlər yatmağa. Vasya susdu və dərindən nəfəs aldı. - Yaxşı, sonra nə oldu?- Qoltuqağacı bir neçə saniyəlik sükutdan sonra soruşdu. - Sonra səhər açılır. Oyanırlar, baxırlar ki, uşağın biri yoxdur. Onda uşaqlar analarına yaxınlaşırlar və soruşurlar: «Ana, ana, qardaşımız hanı?». Anaları da cavab verir: «Nənənin yanına gedib, nənəgildədir». Uşaqlar da inanırlar. Anaları işə gedir, axşamsa qayıdır və gülümsünür. Uşaqlar ona deyirlər «Ana, biz qorxuruq», o isə əvvəlki kimi gülümsünür və ataya deyir «Onlar mənim sözümə baxmırlar. Döy onları». Ata uşaqları döyür. Uşaqlar hətta qaçmaq istəyirlər, amma anaları onlara axşam elə bir şey yedirtmişdi ki, eləcə otururlar, yerlərindən dura bilmirlər… Qapı açıldı və biz hamımız bir anda gözlərimizi yumaraq özümüzü yatmışlığa vurduq. Amma bir neçə saniyədən sonra qapı döyüldü. Vasya bir müddət addım səslərinin kəsilməsini gözlədi. - O biri səhər yuxudan ayılırlar, görürlər uşağın biri də yoxdur. Bir dənə balaca qız qalıb. Qız atasından soruşur ki, bəs ortancıl qardaşım hanı? Atası da cavab verir ki, «Pioner düşərgəsindədir». Anası da əlavə edir: «Ağzından qaçırtsan... səni öldürəcəm». Qızı heç məktəbə də qoymur. Axşam gəlir, yenə qıza nə isə yedirdir, o da oturduğu yerdən dura bilmir. Ata isə qapı-pəncərəni bağlayır.
Vasya yenə susdu. Bu dəfə heç kim ondan davam etməsini istəmirdi, qaranlıqda ancaq nəfəsimizin səsi eşidilirdi.
-Sonra başqa adamlar gəlirlər, - yenə o dilləndi. - Baxmırlar ki, mənzil niyə boşdu. Bir il keçir. Ora təzə adamlar köçür, onlar da qırmızı ləkəni görürlər, divar kağızlarını kəsirlər. Görürlər ki, ana oturub orda, gömgöydür, o qədər qan içib ki, çıxa bilmir. Uşaqları o yeyirmiş, ata da ona kömək edirmiş.
Bir müddət hamı susdu, sonra kimsə soruşdu:
- Bəs sənin anan harda işləyir?
- Dəxli yoxdur.
- Bəs sənin bacın var?
Vasya cavab vermədi, deyəsən ya xətrinə dəymişdi, ya da yatırdı.
- Tolstoy, - Qoltuqağacı çağırdı, - ölülər haqqında nəsə danış.
- Bilirsiz, ölüyə necə çevrilirlər?- Tolstoy soruşdu.
- Bilirik, uzanıb ölürlər, - Qoltuqağacı cavab verdi.
- Bəs sonra?
- Heç nə. Yuxu kimidir, - Qoltuqağacı dedi, - amma daha oyanmırsan. - Yox, - Tolstoy dedi, - onu demirəm. Hər şey nədən başlayır, bilirsiz? - Nədən? - Ondan ki, əvvəlcə ölülər haqqında əhvalatlara qulaq asırlar. Sonra uzanıb fikirləşirlər ki, biz niyə ölülər haqda əhvalata qulaq asırıq?!
Kimsə əsəbi halda hırıldadı, Kolya isə qəflətən çarpayıda oturdu və çox ciddi şəkildə:
- Uşaqlar, qurtarın,- dedi.
- Bax, bax, - Tolstoy özündən razı tonda dedi, - Elə belə də başlayır. Əsası ölü olduğunu anlamaqdı, sonrası asandır.
- Ölü özünsən, - Kolya qətiyyətsiz səslə acıqlandı.
- Bəyəm mən nə isə dedim?- Tolstoy dedi- Yaxşısı budur, sən fikirləş ki, niyə sən birdən- birə ölü ilə danışırsan?
Kolya bir az fikirləşdi. Sonra:
- Qoltuqağacı, - deyə soruşdu, - Axı sən ölü deyilsən?
- Mən, - Qoltuqağacı dilləndi, -necə deyim?
- Bəs sən, Lyoşa?- Lyoşa hələ şəhərdən Kolyanın dostu idi.
- Kolya,- o cavab verdi, - özün fikirləş. Bax, sən şəhərdə yaşayırsan, elədir?
- Hə, - Kolya dedi.
- Səni qəflətən harasa aparırlar, elədir?
- Hə.
- Sən də birdən görürsən ki, uzanmısan ölülərin arasında, özün də ölüsən.
- Hə, - Kolya dedi.
- İndi başını işlət,- Lyoşa dedi.
- Biz çox gözlədik,- Qoltuqağacı da qoşuldu,- Dedik, özün başa düşərsən. Bütün ömrüm boyu bu qədər səfeh ölünü birinci dəfədir görürəm. Sən yəni başa düşmürsən biz bura niyə yığışmışıq?
- Yox, - Kolya dedi. O, ayaqlarını sinəsinə sıxaraq çarpayıda oturmuşdu.
- Biz səni ölülüyə qəbul edirik, - Qoltuqağacı dedi.
Kolya nə isə mızıldandı, ya hıçqırdı, çarpayıdan atıldı və güllə kimi dəhlizə çıxdı, ordan onun yalın ayaqlarının bərk tappıltısı gəldi.
- Hırıldamayın, - Qoltuqağacı pıçıldadı. - Eşidəcək.
- Gülməli nə vardı, - Tolstoy melonxolik səslə soruşdu.
- Uşaqlar, birdən…
- Sən də ağ elmə, - Qoltuqağacı dedi, - Tolstoy, yenə danış.
- Belə bir hadisə olub, -pauzadan sonra Tolstoy dilləndi - Bir neçə nəfər tanışlarını qorxutmaq üçün sözü bir yerə qoyurlar. Ölü kimi geyinib, ona yaxınlaşıb deyirlər: «Biz ölüyük, sənin dalınca gəlmişik». Tanış qorxur və qaçır. Onlarsa doyunca gülürlər, sonra onlardan biri soruşur: «Uşaqlar, biz niyə ölü kimi geyinmişik?». Hamı onlara baxır, amma heç kim nə demək istədiyini başa düşmür. O isə təzədən: «Niyə dirilər bizdən qaçır?»
- Nə olsun?- Qoltuqağacı soruşdu.
- Nə olsun ki, - Tolstoy cavab verdi.- O dəqiqə hamısına çatır.
- Nəyi başa düşür?
- Nəyi lazımdırsa, onu.
Sakitlik çökdü, sonra Qoltuqağacı dilləndi:
- Bura bax, Tolstoy, adam kimi danışa bilmirsən?
Tolstoy susurdu.
- Tolstoy, - Qoltuqağacı yenə dilləndi, - Səsin niyə çıxmır? Ölmüsən?
Tolstoy susurdu və onun səssizliyi get-gedə daha mənalı olmağa başlayırdı. Hər ehtimala qarşı, mən bərkdən nə isə bir söz demək istədim:
- «Zaman» verilişi haqqında eşitmisiniz?- deyə soruşdum.
- Başla, - Qoltuqağacı cəld dedi.
- O çox qorxulu deyil,- mən dedim.
- Dəxli yoxdur, başla.
Mən danışacağım əhvalatın sonunu dəqiq xatırlamırdım. Ancaq fikirləşdim ki, danışa-danışa yadıma düşəcək.
- Deməli, bir kişi olur, otuz yaşlarında. Bir gün oturub «Zaman» verilişinə baxır. Televizoru yandırır, rahat olsun deyə, kreslonu qabağa çəkir. Ekranda əvvəlcə saat görünür. Həmişəki kimi kişi saatının düz işləyib-işləmədiyini yoxlayır. Hər şey həmişəki kimi olur. Nə isə saat düz doqquzu göstərir. Və ekranda «Zaman» sözü peyda olur, amma əvvəllər olduğu kimi ağ yox, nə üçünsə qara rəngdə. Kişi bir az təəccüblənir. Amma sonra fikirləşir ki, yəqin bu təzə tərtibatdır və baxmaqda davam edir. Sonra yenə hər şey həmişəki kimi olur. Birinci hansısa traktoru göstərirlər, sonra İsrail ordusunu, sonra hansısa akademikin öldüyünü deyirlər, sonra bir az idmandan danışırlar, sonra sabahkı gün üçün hava haqqında məlumat verirlər. Vəssalam, «Zaman» qurtarır, kişi də kreslodan qalxmaq istəyir.
- Sonra yadıma salın, sizə yaşıl kreslo barədə danışacam, -Vasya sözümü kəsdi.
- Deməli, kişi qalxmaq istəyir, amma hiss edir ki, bacarmır. Qalxmağa gücü yoxdur. Kişi bərk qorxur, bütün gücünü toplayıb kreslodan qalxır, güclə yeriyə-yeriyə güzgüyə baxmaq üçün hamama gedir. Birtəhər çatır hamama. Güzgüdə özünə baxanda görür ki, bütün saçları ağarıb, sifəti qırış-qırışdır, dişləri də yoxdur. «Zaman»a baxa-baxa bütün həyatını ötürüb.
- Bunu eşitmişəm, - Qoltuqağacı dedi, - amma orda şaybalı futboldan danışılır. Kişi şaybalı futbola baxır.
Dəhlizdə addımlar və acıqlı qadın səsi eşidildi, bir anda hamımız susduq. Vasya isə hətta qeyri-təbii xoruldamağa başladı. Bir neçə saniyədən sonra qapı taybatay açıldı və palatada işıq yandı.
- Burda baş ölü kimdir? Tolstenko, sənsən?- Kandarda ağ xalatlı Antonina Vasilyevna dayanmışdı, ciddi-cəhdlə baxışlarını küncdəki batareyanın altında gizlətməyə çalışan, ağlamış Kolya da yanında idi.
- Baş ölü,- Tolstoy şərəflə cavab verdi, - Moskvada, Qırmızı Meydandadır. Siz niyə məni gecə yuxudan qaldırırsınız?
Belə bir həyasızlıqdan Antonina Vasilyevna çaşdı:
-İçəri keç, Averyanov,- o, üzünü Kolyaya tutub nəhayət ki, dilləndi,- get yat, ölülərlə sabah düşərgə rəisi məşğul olacaq. Evlərinə göndərməsə yaxşıdır.
- Antonina Vasilyevna,- Tolstoy yavaşca dilləndi,- siz niyə ağ xalat geyinmisiniz?
- Çünki belə lazımdır, bildin?- Kolya Antonina Vasilyevnaya baxdı. - Get yerinə, Averyanov,- o dedi,- yatmağa. Sən kişisən, ya yox? - sonra üzünü Tolstoya sarı çevirdi- Sənsə bircə söz desən, qızların palatasında çılpaq dayanmağa gedəcəksən. Başa düşdün?
Tolstoy sakitcə Antonina Vasilyevnanın xalatına baxırdı. O da özünə nəzər saldı, sonra Tolstoya baxdı və barmağını alnında fırladı. Sonra qəfildən hirsləndi, hətta qəzəbindən qızardı da.
- Tolstenko, sən mənə cavab vermədin, - o dedi - nə olacağını sən başa düşdün də?
- Antonina Vasilyevna, - Qoltuqağacı dilləndi, - axı özünüz dediniz ki, bir söz də desə, siz onu… Sizə necə cavab versin?
- Səninləsə, Qoltuqağacı, - Antonina Vasilyevna dedi, - lap xüsusi söhbət olacaq, direktorun kabinetində. Yadında saxla.
İşıq söndü, qapı çırpıldı. Bir müddət - hardasa iki, üç dəqiqə- Antonina Vasilyevna qapının arxasında dayanıb qulaq asdı. Sonra dəhlizdən onun sakit addımlarının səsi gəldi. Hər ehtimala qarşı biz bir-iki dəqiqə də susduq. Sonra Qoltuqağacının pıçıltısı eşidildi:
- Bura bax, Kolya, mən sabah sənə göstərəcəm…
- Bilirəm,- Kolya qəmgin cavab verdi.
- Ax, necə göstərəcəm?!
- Yaşıl kreslo haqda eşitmək istəyirsiniz?- Vasya soruşdu.
Heç kim səsini çıxarmadı.
- Bir dənə böyük müəssisədə - o danışmağa başladı- direktorun kabineti var idi. Orada xalça, şkaf, böyük stol və onun qarşısında yaşıl kreslo qoyulmuşdu. Kabinetin bir küncündə də lap çoxdan ora gətirilmiş keçici qırmızı bayraq dayanmışdı. Bir dəfə bir kişini zavoda direktor təyin edirlər. O, kabinetə girir, o tərəf bu tərəfə boylanır, hər şeyi çox bəyənir. Oturur kresloya və başlayır işləməyə. Sonra direktorun müavini kabinetə girəndə direktorun əvəzinə kresloda skelet görür. Milis çağırırlar, hər yerdə axtarış aparırlar, amma heç nə tapmırlar. Sonra müavini direktorun yerinə qoyurlar. O da oturur kresloya və başlayır işləməyə. Bir azdan kabinetə girənlər görürlər ki, kresloda yenə də skelet oturub. Yenə milis çağırırlar, yenə heç nə tapmırlar. Onda təzə direktor təyin edirlər. O isə o biri direktorların başlarına gələni bilirdi, ona görə də, adam boyda oyuncaq hazırlatdırır. Öz paltarını geyindirir oyuncağa, oturdur kresloya. Özü isə pərdənin arxasında gizlənir - sonra yadıma salın, Sarı pərdə haqqında danışım- nə baş verəcəyini gözləməyə başlayır. Bir saat keçir. Birdən direktor görür ki, kreslodan metal oxlar çıxır və hər tərəfdən oyuncağı sarıyır. Oxlardan biri də oyuncağın düz boğazına dolanır. Onlar oyuncağı boğandan sonra, keçici qırmızı bayraq küncdən çıxıb kresloya yaxınlaşır, oyuncağın üstünə sərilir. Bir neçə dəqiqədən sonra oyuncaqdan heç nə qalmır. Keçici qırmızı bayraqsa stoldan ayrılıb öz küncünə qayıdır. Bütün bunları görən kişi sakitcə kabinetdən çıxıb aşağı düşür, yanğına qarşı müdafiə köşkündən baltanı götürür, kabinetə qayıdıb zərblə keçici bayrağa çırpır. O dəqiqə dəhşətli fəryad səsi eşidilir, bayrağın dəstəyindənsə, döşəməyə qan fışqırır.
- Bəs sonra? - Qoltuqağacı soruşdu.
- Vəssalam- Vasya cavab verdi.
- Bəs kişi nə oldu?
- Bayrağa görə tuturlar.
- Bəs bayraq?
- Düzəldib yerinə qoyurlar, - Vasya bir az fikirləşib cavab verdi.
- Bəs təzə direktor gələndə nə baş verir?
- Eyni hadisə.
Qəflətən yadıma düşdü ki, direktorun kabinetində, küncdə rəngli dəstə nömrələri yazılmış bir neçə bayraq var, bu bayraqları direktor artıq iki dəfə təntənəli düzülüş zamanı paylayıb. Onun kabinetində kreslo da vardı, amma yaşıl yox, qırmızı və fırlanan.
- Hə, yadımdan çıxmışdı- Vasya dedi- kişi pərdənin arxasından çıxanda saçları ağappaq ağarmışdı. Sarı pərdə haqqında eşitmisiniz?
- Mən eşitmişəm, - Qoltuqağacı dedi.
- Tolstoy, sən sarı pərdə haqqında eşitmisən? Tolstoy susurdu.
- Ey, Tolstoy!
Tolstoy cavab vermirdi. Mən fikirləşirdim Ki, Moskvada evimizin pəncərələrindən sarı pərdələr asılıb, daha doğrusu, sarımtıl-yaşıl. Yayda eyvanın pəncərələri daima açıq qalanda və aşağıdan, bulvardan motorların səs-küyü eşidiləndə, hansısa güllərin qoxusu ilə qarışmış, yanmış benzin qoxusu hiss ediləndə mən tez-tez eyvanın yanında yaşıl kresloda otururam və küləyin sarı pərdəni necə yellətməsinə baxıram.
- Qulaq as, Qoltuqağacı, - gözlənilmədən Tolstoy dedi, - ölülüyə sən bildiyin kimi qəbul etmirlər.
- Bəs necə ?- Qoltuqağacı soruşdu.
- Cürbəcür. Ancaq heç vaxt ölülüyə qəbul etdiklərini demirlər. Ona görə də ölülər sonra artıq ölü olduqlarını bilmirlər. Elə bilirlər ki, hələ yaşayırlar.
- Səni artıq qəbul ediblər?
- Bilmirəm,- Tolstoy dedi- Bəlkə də ediblər, bəlkə də sonra edəcəklər, şəhərə qayıdanda. Deyirəm axı, onlar qabaqcadan xəbər vermirlər.
- Kim «onlar»?
-Kim? Kim? Ölülər.
- Yenə başladın,- Qoltuqağacı dedi,- səsini kəssəydin yaxşı olardı. Boğaza yığdın.
- Düppədüz. Bezdik, - Kolya onun səsinə səs verdi.
- Sənsə, Kolya,- Qoltuqağacı dedi, - onsuz da sabah payını alacaqsan.
Tolstoy bir az susdu.
- Ən əsası,- yenə dilləndi,- qəbul edənlər də ölülüyə qəbul etdiklərini bilmirlər.
-Onda necə qəbul edirlər?- Qoltuqağacı soruşdu.
- O qədər yol var ki. Məsələn, sən kimdənsə nə isə soruşdun, ya da televizoru işə saldın, əslində isə səni ölülüyə qəbul edirlər.
- Onu demirəm. Onlar axı qəbul edəndə bilməlidirlər ki, kimisə qəbul edirlər.
- Əksinə, əgər ölüdürlərsə, necə billə bilərlər?
- Əməlli-başlı anlaşılmazlıq alınır,- Qoltuqağacı dedi, - onda kimin ölü, kimin diri olduğunu haradan bilək?
- Başa düşmürsən?
- Yox, - Qoltuqağacı cavab verdi,- belə çıxır ki, heç bir fərq yoxdur.
- Vəssalam. İndi fikirləş, gör sən kimsən? -Tolstoy dedi.
Qoltuqağacı qaranlıqda nə isə hərəkət etdi və Tolstoyun başının yanındakı divardan bərk tappıltı səsi gəldi.
-Axmaq,- Tolstoy dedi,- az qala, başıma dəymişdi.
- Biz onsuz da ölüyük, - Qoltuqağacı dedi,- Böyük iş olacaqdı guya?
- Uşaqlar, - Vasya yenidən soruşdu,- Sarı pərdə haqqında danışım?
- Vasya, cəhənnəm ol. Yüz dəfə eşitmişik.
- Mən eşitməmişəm,- Kolya küncdən dilləndi.
- Nə olsun, bir dənə sənə görə hamı qulaq asmalıdır? Sonra yenə ağlamaq üçün Antoninanın yanına qaçacaqsan.
- Mənim ayağım ağrıyırdı, ona görə ağlayırdım,- Kolya dedi,- çıxanda ayağımı vurub zədələmişdim.
- Yeri gəlmişkən, sən əhvalat danışmalı idin. Bayaq birinci sənin səsin çıxdı. Elə bilirsən yadımızdan çıxıb?- Qoltuqağacı dedi.
- Mənim əvəzimə Vasya danışdı,- Kolya dedi.
- O sənin əvəzinə yox, elə-belə danışdı. İndi isə sənin növbəndir. Yoxsa sabah dəqiq payını alacaqsan.
- Qara dovşan haqqında bilirsiniz?- Kolya soruşdu.
Mən həmin dəqiqə hansı qara dovşandan söhbət getdiyini başa düşdüm: dəhlizdə, yeməkxananın qarşısında qalstuklu yanmış dovşan təsvir olunmuş lövhə asılmışdı. Şəkil çox canfəşanlıqla və dəqiqliklə çəkildiyindən, dovşan doğrudan da tamam qara alınmışdı.
- Görürsən, hələ deyirsən ki, heç nə bilmirsən. Boşla.
- Bir pioner düşərgəsi olur, orda əsas korpusda divarda cürbəcür heyvanların şəkilləri çəkilmişdi, bunlardan biri də təbilli qara dovşan idi. Nədənsə onun pəncələrinə iki mismar batırılmışdı. Bir dəfə bir qız nahardan yatmağa gedəndə şəkilin yanından keçir. Qız yaxınlaşır və dartıb mismarları çıxarır. Dovşana yazığı gəlir. Birdən ona elə görünür ki, qara dovşan ona elə baxır, elə bil sağdır. Qız fikirləşir ki, gözünə gürünüb, gedir palataya. Sakit saat başlayanda qara dovşan da təbilini çalmağa başlayır. O dəqiqə də düşərgədəki hər kəs yatır, hamı yuxuda görür ki, sakit saat qurtarıb, onlar da yuxudan oyanıb, gedir yeməyə. Sonra onlar hər gün elədikləri işləri görürlər, pinqponq oynayırlar, kitab oxuyurlar və s. Bütün bunları isə əslində yuxuda görürlər. Sonar hamı evinə gedir. Sonra böyüyürlər, məktəbi bitirirlər, evlənirlər, işə girirlər, uşaqlarını tərbiyə edirlər. Əslində isə, sadəcə, yatırlar. Qara dovşan bütün vaxt ərzində təbilinə vurur. - Kolya susdu.
- Anlaşılmaz bir şeydir,- Qoltuqağacı dedi,- Bax, deyirsən ki, evlərinə dağılışdılar, axı orda onların valideynləri, dostları olmalıdır, onlar da yatırdılar?
- Yox, - Kolya dedi,- onlar yatanların yuxusuna girirdilər.
- Axmaqlıqdır, - Qoltuqağacı dedi, - Uşaqlar, kimsə nəsə başa düşdü?
Heç kim cavab vermədi. Deyəsən artıq hamı yatırdı.
- Tolstoy, sən nə isə anladın?
Tolstoyun çarpayısı cırıldadı, o döşəməyə əyildi, yerdən nəyi isə götürüb Kolyaya tərəf tolazladı.
- Ay, əclafsan, ha- Kolya dedi- İndi sənə göstərəcəm.
- Bura ver,- Qoltuqağacı dedi.
Bu onun bayaq Tolstoya atdığı idman ayaqqabısı idi. Kolya ayaqqabını verdi.
- Ey,- Kolya məni çağırdı, -Sən niyə susursan?
- Elə-belə, - mən dedim, - yatmaq istəyirəm.
Qoltuqağacı çarpayıda eşələndi. Mən onun yenə nə isə deyəcəyini fikirləşdim, ancaq o susdu. Hamı susmuşdu. Vasya yuxuda sayıqlayırdı. Mən tavana baxırdım. Pəncərənin qarşısında fənərin lampası yellənirdi, onunla birlikdə palatamızdakı kölgələr də tərpənirdilər. Mən üzümü pəncərəyə çevirdim. Ay daha görünmürdü. Ətrafda tam sakitlik idi, təkcə uzaqdan gecə qatarının relslərdə çıxardığı səs eşidilirdi, mən uzun müddət göy fənərə baxdım və necə yuxuya getdiyimi heç özüm də hiss eləmədim.
Baxış sayı:84
Bu xəbər 22 Noyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















