Güney Azərbaycan üçün böyük təhlükə: Yanlış “at”a oynamaq MÜSAHİBƏ
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran rejiminə qarşı kütləvi etirazlar Güney Azərbaycan bölgələrini əhatə edib.
Bu kontekstdə İranın parçalanması və Güney Azərbaycanın müstəqilliyi məsələsi yenidən gündəmə gəlib. İranda yaşayan qeyri-fars xalqlar hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, yaranmış vəziyyəti müstəqillik qazanmaq üçün tarixi fürsət hesab edir. Bu məsələdə ABŞ-nin mövqeyi mühüm rol oynaya bilər.
Qeyd edilən məsələlərlə bağlı suallarını Güney Azərbaycan Milli Oyanış Hərəkatının İdarə Heyətinin üzvü Ağrı Qaradağlı “Cümhuriyət” qəzetinə müsahibəsində cavablandırıb:
- Sosial şəbəkələrdə ABŞ-də yaşayan Güney Azərbaycan diasporunun bir qrup nümayəndəsinin Ağ Evdə Amerika dövlət rəsmiləri ilə görüşdüyünə dair məlumatlar yayılıb. Bəzi məlumatlarda isə belə bir görüşün keçiriləcəyi bildirilir. Ağrı bəy, sözügedən görüş olubmu və ya gözlənilirmi?
- Belə vəziyyətdə bu cür informasiyalar tez-tez yayılar, gündəmə gətirilər. Ola bilsin ki, belə bir görüşün olmasını istəyənlər var. Ona görə də sosial şəbəkələrdə bu cür xəbərlər yayırlar. Həmin xəbərləri sosial şəbəkələrdə mən də görümüşəm. Amma bunu yayanların kimliyi məlum deyil. Hətta bunu Şimali Azərbaycandakı media resurslarında dilə gətirənlər oldu.
Lakin belə durumlarda fərqli yanaşmalar ola bilər. Bəlkə hansısa siyasi mərkəzdən bir təhlil aparmaq məqsədilə diaspor və ya başqa yerlərdən bəzilərini çağırıb nə isə soruşardılar. Ola bilsin ki, belə bir hal olub. Amma hansısa nümayəndə heyəti ilə görüşün keçirilməsi barədə deyilənlər tamamilə şayiədir və mən inanmıram. Mən hətta bu məsələ ilə bağlı ABŞ-dəki dostlarla da danışdım. Güney Azərbaycanın taleyinin müzakirəsi ilə bağlı belə bir görüş keçirilməyib.
- Bu məlumat ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofun İranın keçmiş şahının oğlu Rza Pəhləvi ilə görüşü fonunda gündəmə gəlib. Ümumiyyətlə, necə hesab edirsiniz, Güney Azərbaycanın gələcək siyasi taleyini və milli hərəkatın addımlarını müəyyənləşdirmək üçün ABŞ rəsmiləri ilə danışıqlara ehtiyac varmı?
- Bizim milli hərəkat göz qabağındadır. Əgər ABŞ bu prosesə dəstək vermək istəyirsə, Pəhləvi planından imtina etməlidir. Hesab edirəm ki, Rza Pəhləvi ilə bağlı siyasi planlar heç zaman baş tutmayacaq. Rza Pəhləviyə yalnız farslar arasında bir az rəğbət var. Qeyri-fars xalqlar, yəni türklər, bəluclar, ərəblər, kürdlər arasında Pəhləviyə rəğbət yoxdur. Əgər ABŞ İranda dəyişiklik istəyirsə, orada yaşayan xalqlarla görüşüb danışmalıdır. Yanlış “at”a oynamaq qazanc gətirməz.
Düşünürəm ki, Pəhləvinin hakimiyyətə gətirilməsi planı ABŞ-yə deyil, İsrailə məxsusdur. Hətta aldığımız məlumatlara görə, bəzi güneyli fəalları Azərbaycan diasporu tərəfindən Pəhləviyə dəstək verməyə çağırıblar. Onalara bildirilib ki, guya Rza Pəhləvi hakimiyyətə gələrsə, Güney azərbaycanlılara da bir aktor rolu veriləcək. Amma bu tamamilə yanlış və yolverilməzdir.
Çünki pəhləvilər Azərbaycan türkləri üçün indiki rejimdən daha təhlükəlidir. Pəhləvilərin ən yaxın adamlarından ibarət qvardiya yaratmaq istəyirlər. Bu qvardiya səltənəti qorumalıdır. Həmin qvardiyanın SEPAH-dan heç bir fərqi yoxdur.
Aldığımız məlumata görə, qvardiyanı formalaşdırmaq üçün panfarsist ideologiyasına ən sadiq adamlardan seçiləcək. Bu isə bizim üçün ən böyük təhlükələrdən biridir. Ona görə də bizim yeganə yolumuz Güney Azərbaycanın öz müqəddaratını təyin etməsi və müstəqilliyidir. Milli hərəkata mənsub olanların 80 faizi müstəqilliyin tərəfdarıdır.
- ABŞ Prezidenti Donald Tramp Rza Pəhləvi haqqında növbəti açıqlama verib.
“O, mənə xoş biri kimi görünür. Amma Pəhləvinin İranda yetərincə dəstək toplayıb hakimiyyəti ələ ala biləcəyindən əmin deyiləm. Onun öz ölkəsində necə qarşılanacağını da bilmirəm. Biz hələ o mərhələdə də deyilik”,- deyə Tramp bildirib.
Bu açıqlaması Tramp adminstrasiyasının Rza Pəhləviyə etimad göstərmədiyini və onu dəstəkləmədiyini göstərir. Sizcə, bunun səbəbi nədir?
-Tramp doğru deyir. Pəhləvini onsuz da Amerika istəmir. Pəhləvilər uzun illərdir ABŞ-də yaşayır və onu yaxşı tanıyırlar. Sadəcə olaraq, Rza Pəhləvini önə çıxaran İsraildir. Ancaq görünür, Rza Pəhləvinin çıxışları, bəyanatları ABŞ-ni qane etməyib. Onun çıxışları, müsahibələri əsasında belə qənaətə gəliblər ki, Pəhləvinin İranda ciddi sosial bazası və çevrəsi yoxdur.
Hətta Almaniyada, İngiltərədə və digər ölkələrdəki İran səfirlikləri qarşısında keçirilən piketlərdə əsas şüarlardan biri “Ölüm olsun zalıma!”, “Nə şah istəyirik, nə Şeyx!” oldu. Ona görə də bu məsələlər Amerikanın narahatlığına səbəb olub.
- Bir qrup Güney Azərbaycan fəalının Qacarlar nəslinin varisini hakimiyyətə gətirmək üçün onunla görüşdüyünə dair məlumatlar var. Sizin bu məsələyə münasibətiniz necədir?
- Şah, Şeyx zamanı deyil. XXI əsrdə yaşayırıq. Qacarlar nəslinin nümayəndəsi Güney Azərbaycanda milli, müstəqüil dövlətin qurulmasına dəstək verə bilər. Amma şahlıq qurmaq zamanı deyil və bunlar keçmişdə qalıb. Dünya kiçilir, imperiyalar, krallıq, padşahlıq dövrü deyil. Xüsusilə də “Z” nəsli dediyimiz gənclər tamamilə belə hallara qarşıdır. Bu gün İranda rejimə etiraz edənlərin 65-70 faizini də məhz “Z” nəsli dedidiymiz gənclər təşkil edir. Əksinə, şahlıq qurmaqla biz gənc nəsli özümüzdən daha da uzaqlaşdırarıq.
Müşfiq Abdulla
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 17 Yanvar 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















