Hadisəyə çevrilə bilməyən mədəniyyət...
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şahanə MÜŞFİQ
Son illər cəmiyyətimizin sənət sferasına, mədəni həyatımıza kənardan baxanda ilk baxışda nikbin mənzərə görünür. Dolu təqvimlər, sıx afişalar, sosial şəbəkələrdə tez-tez rastlaşdığımız "festival", "beynəlxalq layihə" elanları insanda sevinc və fərəh hissi yaradır. Bir ay tamam olmamış növbəti ayın proqramı elan edilir. Musiqi festivalları, teatr həftələri, kino günləri, poeziya axşamları, kitab sərgiləri və sair kimi tədbirlərlə mədəni həyat sanki durmadan hərəkətdə imiş kimi təsir bağışlayır. Amma bu hərəkətə yaxınlaşdıqca, baş verən hadisələrin içinə daxil olduqca orada qəribə bir durğunluq hiss olunur. Çünki bütün bu tədbirlərin çox azı doğrudan da hadisəyə çevrilir, yaddaşlarda və sənət tariximizdə iz qoya bilir.
Hadisə anlayışı burada təsadüfi söz deyil. Hadisə sadəcə keçirilmiş tədbir demək deyil. Hadisə zamanın axarında dayanan, yaddaşda iz buraxan, müzakirə doğuran, insanın baxış bucağını dəyişən mədəni aktdır. Bizdə isə çox zaman tədbir keçirilir, amma hadisə baş vermir. Bu ikisi arasındakı fərq mədəni həyatımızın əsas probleminə çevrilib.
lll
Məsələnin kökündə duran əsas problemlərdən biri mədəniyyətin getdikcə "tədbir mədəniyyəti"nə çevrilməsidir. Yəni mədəni proses yox, konkret tarixdə baş tutan, şəkli çəkilən, hesabatda adı keçən akt ön plana çıxır. Tədbir keçirilir, iştirakçı siyahısı hazırlanır, açılış nitqləri edilir, bağlanış mərasimi olur və məsələ bununla bitir. Ardınca vaxt itirmədən növbəti tədbirə keçilir.
Bu yanaşmada mədəniyyət canlı proses olmaqdan çıxır, inzibati mexanizmə bənzəyir. Sanki mədəniyyət sahəsində əsas məqsəd "nə qədər tədbir keçirdik?" sualına cavab verməkdir, "nə yaratdıq?", "nə dəyişdi?", "kim üçün etdik?", "kim bundan nə qazandı?" sualları isə ikinci, üçüncü, hətta bəzən lap sonuncu plana keçir. Kolxoz dövründən bizə "yadigar" qalan hesabat psixologiyası yaradıcılıq düşüncəsini sıxışdırır.
Tədbirlərin sayı artdıqca onların hər birinin dəyəri azalır. Çünki bolluq diqqəti parçalayır. Tamaşaçı hər həftə eyni tipli afişalarla qarşılaşanda, bir müddət sonra onları fərqləndirməyi də dayandırır. Festival anlayışı adi bir sözə çevrilir. Halbuki festival istisna təşkil etməli, gündəliklikdən çıxış nöqtəsi olmalıdır. Festival bir şəhərdə, bir ölkədə elə səs salmalıdır ki, ondan öncəki aylar ona hazırlaşılmalı, ondan sonrakı aylar isə onun təsirlərindən danışılmalıdır.
Festival mahiyyət etibarilə bayramdır, estetik hadisədir, mədəni konsentrasiyadır. Festival zamanı tamaşaçı gündəlik həyatın ritmindən çıxır, başqa bir düşüncə rejiminə keçir. Festival ələ aldığı mövzunu hərtərəfli və uğurlu şəkildə təqdim etməli, öz tamaşaçısına mənəvi zövq yaşatmaqla yanaşı, onu bilgiləndirməli, ona ehtiyacı olanı qazandırmalıdır. Təəssüf ki, bizdə festival anlayışı getdikcə öz məsuliyyətini, ciddiyyətini itirir. Festival artıq "ard-arda düzülmüş tədbirlər paketi" kimi başa düşülür.
Bir çox festivallar konseptual çərçivədən məhrumdur. Proqramda nə üçün məhz bu tamaşalar, bu filmlər, bu musiqiçilər yer alıb, onu heç kim bilmir, bu sualı ünvanlayanda da, aydın cavab almaq mümkün olmur. Əgər keçirilən hər hansı bir festivalın ideyası yoxdursa, o, sadəcə tədbirlər toplusuna çevrilir. Tamaşaçı isə ideyasız tədbirlərlə emosional bağ qura bilmir.
Üstəlik, festivalların çoxu bir-birinə bənzəyir. Adlar dəyişir, loqolar yenilənir, amma mahiyyət eyni qalır. Eyni sənətçilər, eyni repertuar, eyni mövzular, eyni qonaqlar, eyni suallar, eyni performanslar dövr edir. Bu isə mədəniyyətdə təkrarçılığı dərinləşdirir. Artıq ən sadə insan belə keçiriləcək festivalın proqramını az-çox təxmin edə bilir, nəinki incəsənət xadimi, mədəniyyət yazarı. Bu təkrarçılığa hadisə demək düzgün olarmı?!
lll
Hadisəyə çevrilə bilməyən tədbirlərin ən xarakterik cəhətlərindən biri riskdən qorxmaqdır. On illərdir keçirilən az qala bütün tədbirlərdə təhlükəsiz mövzulara üstünlük verilir. Heç kimi narahat etməyən, mübahisə yaratmayan, "hamının razı qala biləcəyi" işlər seçilir, heç kimin etiraz etməyəcəyi, daha doğrusu, etiraza gərək duymayacağı mövzular seçilir. Axı bütün bunlarla yanaşı, onu da nəzərə almaq lazımdır ki, mədəniyyətin tədbiətində dialoq var. Fikir ayrılığı olmadan dialoqa nail olmaq isə qətiyyən mümkün deyil.
Əsl mədəni hadisə insanı rahatlıq zonasından çıxarır. O, tamaşaçını düşünməyə, bəzən etiraz etməyə, bəzən öz mövqeyini yenidən nəzərdən keçirməyə vadar edir. Tamaşaçı ən azından baş verən hadisəni sorğulayır, oradan nə qazandığı ilə bağlı daxili müzakirə aparır. Bizdə isə çox vaxt mədəni tədbirlər "xoş təsir bağışlamaq" məqsədi daşıyır. Tamaşaçı tədbirdən çıxanda sadəcə "pis deyildi" deyirsə, bu, artıq təhlükəli siqnaldır.
Riskdən qaçmaq təkcə mövzularla bağlı deyil, həm də formalardadır. Eksperimental işlərə az yer verilir. Yeni adlar, yeni dillər, yeni estetik axtarışlar çox zaman kənarda qalır. Çünki sınaq uğursuzluq riski daşıyır. Lakin onu da nəzərə almaq lazımdır ki, uğursuzluqdan qorxan mədəniyyət inkişaf edə bilməz.
lll
Bir başqa ciddi məsələ auditoriya ilə bağlıdır. Mədəniyyət tədbirlərinin, sənət görüşlərinin böyük hissəsi konkret auditoriya təsəvvürü olmadan təşkil olunur. "Hamı üçün" anlayışı isə əslində heç kim üçün deməkdir. Nəticədə tədbirlərin tamaşaçı dairəsi daralır və eyni simalar bir tədbirdən digərinə keçid edir.
Mədəniyyət cəmiyyətin müxtəlif təbəqələri ilə dialoq qurmağı bacarmalıdır. Bu dialoq isə planlı şəkildə formalaşdırılmalıdır. Gənclər üçün ayrıca dil, peşəkarlar üçün ayrıca yanaşma, geniş ictimaiyyət üçün başqa formatlar tapmaq bu işin ən vacib, ən önəmli şərtlərindən biridir. Bizim mədəni tədbirlərimizdə isə çox vaxt bütün auditoriyalar üçün eyni format seçilir. Bu isə heç bir auditoriyanı tam qane etmir.
Tamaşaçı ilə münasibət yalnız bilet satmaqla bitmir. Tamaşaçıya düşünmək üçün zəmin yaratmaq, onu prosesə cəlb etmək lazımdır. Əks halda tamaşaçı passiv müşahidəçiyə çevrilir ki, passiv müşahidəçi də hadisənin iştirakçısı deyil. Bütün bu proses nəticədə bilet satışına da təsir edir. Eyni tədbirə dəfələrlə baxan tamaşaçı bir yerdən sonra bilet almaqdan imtina edir və ona artıq maraqlı olmur. Çünki o bu proqramı, ya da buna çox bənzərini daha öncə dəfələrlə görüb.
lll
Hadisəyə çevrilməyən tədbirlərin bir başqa ortaq xüsusiyyəti mediada zəif təmsil olunmasıdır. Daha doğrusu, mətbuatda xəbər var, amma iz yoxdur. Rəsmi, quru, 3-4 cümləlik press-relizlər paylaşılır, açılışdan şəkillər yayımlanır, rəsmi sitatlar verilir və məsələ bununla da bitmiş hesab olunur. Günlərlə, bəlkə aylarla hazırlaşılan, külli miqdarda vəsait hesabına araya-ərsəyə gələn tədbir sonra 3-4 cümləlik adi xəbər mətni səviyyəsində qalır, mədəni diskurs yarada bilmir.
Mədəniyyət haqqında tənqid, analiz, polemika azdır. Tədbirlər müzakirə olunmur, yalnız elan edilir. Halbuki hadisə məhz müzakirə zamanı formalaşır. Bir tamaşa haqqında fərqli fikirlər yaranırsa, bir sərgi haqqında ziddiyyətli baxışlar varsa, bu, artıq mədəni prosesdir. Deməli, həqiqətən də hərəkət var, nəyisə dəyişmək, nəyisə daha yaxşı edə bilmək naminə atılan addımlar var.
Son zamanlar cəmiyyətimizdə tənqid qorxulu sözə çevrilib. Sanki tənqid mədəniyyətə zərər verərmiş kimi qəbul olunur. Halbuki tənqid inkişafın əsas şərtidir. Tənqidsiz mədəniyyət öz-özünü təkrarlamağa məhkumdur.
lll
Gündən-günə müasirləşən, gözəlləşən, hər gün bir festivala, bir tədbirə, bir beynəlxalq layihəyə ev sahibliyi edən Bakımızda bir əlin barmaq sayını keçməyəcək qədər məkan var ki, mədəni tədbirlərin əksəriyyəti həmin o eyni məkanlarda keçirilir. Bu, bir tərəfdən praktikdir, amma digər tərəfdən mədəniyyətin məkanla dialoqunu zəiflədir. Axı məkan təkcə fiziki yer deyil, o həm də simvolik məna daşıyır. Hadisə məkanla uyğunlaşanda onun mahiyyəti daha da artır, genişlənir, güclənir.
Təsadüfi seçilmiş məkanlar tədbirin təsir gücünü azaldır. Mədəniyyət məkanı düşünülmüş seçim tələb edir. Festival şəhərin ritminə qarışmalıdır, şəhəri dəyişməlidir. Amma bizdə çox vaxt mədəniyyət şəhərin kənarında, öz qapalı dünyasında qalır.
Bütün bu problemlərin fonunda əsas sual dəyişmir: niyə bu qədər çox tədbirin içərisində hadisə az yaranır? Çünki diqqət kəmiyyətə yönəlib. Daha çox tədbir, daha çox proqram, daha çox ad... Unutmaq olmaz ki, mədəniyyət riyaziyyat deyil. Burada çoxluq həmişə üstünlük demək deyil.
Bəlkə də ildə onlarla festival keçirməkdənsə, bir neçə konseptual, dərin düşünülmüş tədbir təşkil etmək daha effektli olardı. Bəlkə də hər layihəni "beynəlxalq" adlandırmaq əvəzinə, onu yerli kontekstlə daha dürüst əlaqələndirmək lazımdır. Çünki mədəniyyət qlobal olmaq üçün əvvəlcə lokal olmalıdır.
lll
Hadisə planla tam idarə olunan şey deyil. Amma onun yaranması üçün şərait və imkanları təşkil etmək olar. Bunun üçün cəsarət, dürüstlük, kreativlik və uzunmüddətli düşüncə lazımdır. Hadisə yalnız bir günlə məhdudlaşmır. O, əvvəlcədən suallar yaradır, sonra isə cavabları müzakirəyə açır.
Əsl hadisə tamaşaçını dəyişdirir. O, tədbirdən çıxanda əvvəlki kimi qalmır. Bu dəyişiklik çox az, çox kiçik də ola bilər, amma hiss olunması kifayətdir. Mədəniyyətin əsas gücü də hiss olunan həmin o dəyişiklikdir.
Fikrimcə, festival bolluğu içində itib-batan mədəniyyət yox, az, amma mənalı, cəsarətli, kreativ düşüncə doğuran tədbirlərə daha çox ehtiyacımız var.
Mədəniyyət vitrin deyil, güzgüdür. O güzgüdə cəmiyyət hətta bəzən xoşuna gəlməyən tərəfləri ilə belə özünü görməlidir. Hadisəyə çevrilməyən mədəniyyət tədbirləri isə bu güzgünü bulanıq saxlayır. O bulanıqlıq içərisində nə özünü görə bilirsən, nə cəmiyyətini, nə də gələcəyini.
Əgər mədəniyyət həqiqətən yaşamalıdırsa, o, səs-küy salmaq üçün yox, iz buraxmaq üçün çalışmalıdır. Özündən sonra iz buraxmağın əsas yolu isə bir işi ələ alarkən "biz bunu niyə edirik və kim üçün edirik?" sualını ortaya qoymaq və hər şeyi məhz bu sual ətrafında hazırlamaqdır. Bu sual olmadıqca, yenə də tədbir çox, hadisə də yox olaraq qalacaq...
Baxış sayı:48
Bu xəbər 16 Dekabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















