Icma.az
close
up
RU
Harada vətəndaşın Vətənə yolu yoxdur?

Harada vətəndaşın Vətənə yolu yoxdur?

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyev: ” Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik?”

Artıq 35 ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşayır. Və Ermənistan hesab edir ki, vətəndaşı Vətənindən ayırmaqda haqlıdır, bu, elə belə də olmalıdır. Lakin bir məsələni qətiyyən düşünmək istəmir ki, axı dünyanın harasında vətəndaşın Vətəninə yolu yoxdur? Əlbəttə, heç yerində. Tək bunu fikirləşmək yetərlidir ki, bütün dünya bilsin ki, Ermənistan Naxçıvanı Azərbaycandan ayrı salıb. Təəssüf ki, Ermənistan qara tikan kolu olub bir dövlətin iki ərazisi arasına keçməsi və bir xalqın minlərlə nümayəndəsinin yolunu Vətənindən kəsməsi üçün özünü təqsirkar bilmir.

Dövlətimizin başçısı yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə Naxçıvanla və Zəngəzur dəhlizi ilə bağlı dəyərli fikirləri ilə bu məsələnin üzərinə yenidən gəldi: Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın.

Naxçıvan: 35 il əvvəl

Bu gün Naxçıvan blokada şəraitində yaşaya-yaşaya inkişafın müəyyən mərhələsində olsa da, bu inkişafla dünyaya nümunə olan bir regiona çevrilsə də, lakin bu qədim yurd yeri blokada vəziyyətindədir. Belə isə onun blokadaya salındığı illərə qısa bir tarixi səfər edək.

1988-1993-cü illərdə Ermənistan Azərbaycana qarşı tamah dişini qıcayanda və bir-birinin ardınca torpaqlarımızı işğal edəndə Naxçıvan üçün də olmazın çətinlikləri yarandı. Yəni bu çətinliklər öz-özünə yaranmırdı, ermənilər tərəfindən yaradılırdı. Çünki Naxçıvanın işğalı da düşmənin baş planında əsas yer alırdı. Başlanğıc olaraq artıq 88-89-cu illərdə Bakı-Naxçıvan qatarlarında hər gün yeni-yeni hadisələr törədilırdi. Qatarlar əvvəlcə daş yağışına tutulur, daha sonra isə gülləbaran edilirdi. Vaqonlar, pəncərələri deşik-deşik idi, yaxud da pəncərə şüşələri tamamilə qırılıb tökülmüşdü, yerinə nazik taxta lövhələr vurulmuşdu. Maşinistlər iki gündən bir döyülüb, təhqir edilirdi. Sərnişinlərin taleyi təhlükə altında idi və bu, ozamankı Azərbaycan rəhbərliyini əsla narahat etmirdi. Lakin naxçıvanlılar yenə də qatarlardan istifadə etmək məcburiyyətində idilər. Çünki paytaxt Bakıya bu nəqliyyat vasitəsi ilə gedib-gəlmək ucuz başa gəlirdi və odövrkü iqtisadiyyatı tənəzzülə uğramış ölkənin unudulmuş regionu olan Naxçıvanın əhalisi çox kasıb vəziyyətdə yaşadığı üçün həyatları təhlükə altında olsa da, bu nəqliyyatdan istifadə edirdi.

Ermənistan Naxçıvana gələn elektrik enerjisini mütəmadi kəsir, qaz kəmərini partladırdı. Nəticədə isə bu yerin əhalisi həftələrlə, aylarla işıqsız, qazsız qalır, qış aylarında Naxçıvanın sərt kontinental iqlimində soyuqdan donurdu. Elektrik enerjisinin kəsilməsi zavod, fabriklərin fəaliyyətinin dayanmasına, iş yerlərinin bağlanmasına, əhalinin aclıq, səfalətlə üzləşməsinə, xüsusilə isə bölgənin informasiya blokadasına salınmasına səbəb olmuşdu. Əhali ölkədə olan hadisələrdən bixəbər yaşayırdı. Prezident İlham Əliyev həmin günləri çıxışlarından birində belə xatırlayır: “Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu Öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni biz o günləri yaxşı xatırlayırıq.

Naxçıvan blokadası və Ulu Öndər Heydər Əliyev

Ozamankı Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibətini də xatırlatsaq, muxtar respublikanın son dərəcə acınacaqlı durumu göz önünə gəlir. Belə bir vaxtda Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlməsi əhalinin əsl nicatına çevrildi, hamı böyük xilaskarını tapdı. 22 iyul 1990-cı il tariximizə böyük bir mərhələnin başlanğıcı, eyni zamanda naxçıvanlıların xilası tarixi kimi daxil oldu. On minlərlə insan muxtar respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, Ulu Öndərin ziyarətinə gəlir, ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinqdə yüz minə yaxın insanın iştirakı da dahi rəhbərə xalqın sonsuz məhəbbət və inamının təntənəsi idi.

Təklənmiş bir adaya bənzəyən Naxçıvan görkəmli şəxsiyyətin gəlişi ilə nicat yoluna çıxdı. Azərbaycan Respublikasının Prezidenti İlhаm Əliyev bu barədə deyir: Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda ovaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu.

İllər ötdükcə blokada Naxçıvanı düşmənə meydan oxudu. Məhv olma­ması, yaşaması ilə onların gözdağına çevrildi. Blokada Naxçıvanı informasiya blokadasını yarıb səsini dünyaya yaydı. Mənsub olduğu ölkə­nin rəhbərliyinin cəsarət edib toxuna bilmədiyi məsələlərə toxundu. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar imzalandı. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözləri çıxarıldı.

Azərbaycanın müstəqilliyinə gedən yol Naxçıvandan başlandı. Bu yolun bələdçisi isə Ulu Öndərimiz Heydər Əliyev idi. 1991-ci ildə qazandığımız və 1920-ci ildəki kimi itirilmək təhlükəsi qarşısında olan müstəqilliyimiz məhz Ümummilli Liderimizin sayəsində xalqa bəxş olundu.

Ulu Öndər Heydər Əliyevin blokada Naxçıvanında yaşadığı, fəaliyyət göstərdiyi dövr iki ilədək olsa da, Azərbaycan tarixinin böyük bir hissəsini əhatə edir. Böyük şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarındakı çıxışlarını, Naxçıvana gələn qonaqlarla söhbətlərini, ayrı-ayrı sahələrdəki vəziyyətlə bağlı fikirlərini, müsahibələrini oxuduqca çox məqamlar açıqlanır. Bunlardan birincisi, Ulu Öndərə baxmayaraq ki, Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi vaxtlar da ölkə rəhbərliyi tərəfindən təzyiqlər var idi, lakin onun Azərbaycan rəhbərliyinə həmişə böyük hörmət hissi ilə yanaşması dahi şəxsiyyətin böyük idarəçilik qabiliyyətinin, insanlığının, alicənablığının nəticəsi idi. İkincisi, Ulu Öndərin qonaqlara, xarici ölkələrdən gələn nümayəndələrə Naxçıvanın Azərbaycanın qədim ərazisi olduğunu tarixi faktlarla izahının şahidi olursan. Üçüncüsü, onun ölkədəki, eləcə də muxtar respublikadakı ictimai-siyasi hadisələrin siyasi təhlilinin və təcavüzkar Ermənistanın, onun havadarlarının uzaq gələcəyə hazırlanmış planlarını nə qədər dəqiqliklə analiz etdiyini görürsən. Ümumilikdə isə Ulu Öndərin hər bir çıxışı, söhbəti bu günün bir tarix dərsidir ki, gələcək nəslin Naxçıvan blokadası haqqında məlumat alması üçün bundan güclü ikinci bir mənbə yoxdur.

“Şərq qapısı” qəzeti: Naxçıvan blokadasının canlı şahidi

Muxtar respublika 35 ildən artıqdır ki, blokada şəraitində yaşayır. Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzetinin səhifələri blokada Naxçıvanının canlı şahididir. Blokadanın ilk illəri insanların tək ümidi “Şərq qapısı” qəzeti idi. Gündəlik çıxan bu qəzet muxtar respublikanın rayonlarına vaxtında çatdırıla bilmirdi. Yanacaq qıt olduğuna görə nəqliyyat işləmirdi. “Şərq qapısı” Naxçıvanda, onun sərhədlərində, dəmiryolunda, həmçinin digər sahələrdə olan hadisələrdən bəhs edən çoxsaylı yazıları dərc edən, Naxçıvana qarşı erməni təxribatlarını tam təfsilatı ilə ortaya qoyan, sakinlərə informasiya verən yeganə mətbu orqan, insanların əlinin çatdığı, oxuya bildiyi, məlumat aldığı yeganə mənbə idi.

1988-ci ildən başlayaraq qəzetin nömrələrini səhifələyərkən blokadanın ilk illərinin ağırlığı, aclıq-səfaləti hopmuş bu səhifələr sanki dil açıb danışır. Danışdıqca da tarixi ədalətsizliyin, hadisələrin necə düşünülüb həyata keçirildiyindən söhbət açır.

“Kommunist” qəzetininin müxbiri Piri Məmmədovun “Şərq qapısı” qəzetinin 20 fevral 1990-cı il tarixli sayında dərc olunan Həyat yolu: Bu yerlərdə qatarlar nə şərqdən qərbə gedir, nə də qərbdən şərqə...” adlı yazıda neçə-neçə müəssisələrə, insanlara üz tutulur, müsahibələr alınır, təhlillər aparılır. Yazının sonunda müəllif belə yazır: ...Coğrafiyada hər şey Qrinviçdən ölçüldüyü kimi, bu yerlərin də bütün məsafələri dəmir yolu ilə müəyyən edilir. Dəmir yolu muxtar respublika üçün hər şeydir. İqtisadiyyatından tutmuş siyasi, sosial və mənəvi həyatınadək hamısı onun ahəngdar işləməsindən asılıdır. Dəmir yolu-respublikanın həyat yoludur. Onsuz əslində Naxçıvan da yoxdur. Bu mənada dəmir yolu nəyin hesabına olur-olsun işləməli, qatarlar gecə-gündüz qərbdən şərqə, şərqdən qərbə getməlidir. Kimin kimdə acığı, hayıfı varsa, qisas almaq istəyirsə, qoy başqa yol seçsin, muxtar respublikanın, onun 300 minlik əhalisinin həyat yoluna toxunmasın. Əks təqdirdə daha böyük bəlalar, daha dəhşətli faciələr nəsibimiz olar...

Digər maraqlı və ədalətli yazıya nəzər salaq. Qəzetin 21 fevral 1990-cı il tarixli nömrəsində “Oqonyok” jurnalının icmalçısı Georgi Rojnev “Nəhayətsiz yol” məqaləsində yazır: Azərbaycan torpağında kiminlə görüşdümsə, hər bir müsahibim özünün açıq inamsızlığını gizlətmirdi: “Əgər felən bütün mərkəzi qəzetlər və jurnallar, radio və televiziya bizi narahat edən problemlər barədə susur, ya utanmadan yalan danışırlarsa, sizin səfərinizin nə faydası!”. Heç bir gün keçməmişdi, mən inandım ki, adamlar haqlıdırlar. Həlli yubanmış millətlərarası münaqişələrdə nə baş verirsə versin, oxucuya və dinləyiciyə eyni şaiyələr təqdim olunurdu: “Azərbaycan az qala qəddar təcavüzkardır, onun qonşuları isə günahsız qurbanlardır”.

Öz vədimdə mən kələk gəlmirdim. Moskvaya qayıdıb mütləq həqiqəti danışacaqdım. Bəs sonra? İki aydan çox keçsə də, mən Azərbaycana və Ermənistana səfər barədə bircə sətir də çap etdirməmişəm. Heç bir Moskva qəzeti, heç bir jurnal mənə öz səhifələrində yer vermək istəmir. İzahı sadədir: mənim danışdığım həqiqət aylardan bəri oxucuların və dinləyicilərin beyninə yeridənlərə qətiyyən bənzəmir.

“Şərq qapısı”nın səhifələrində “Qatar gəlir, qatar gedir”, “Sərhəddəki alov nəyi işıqlandırdı”, “Çörək növbəsi”, “Şəhərə... çörək dalınca”, Həqiqətlər və müəmmalar, “Sədərək hadisələri”, “90-ların acısı: Bacı toyu qardaş yasına döndü” kimi yüzlərlə yazılarda Naxçıvan blokadasının çətinliklərindən, Sədərəkdə və muxtar respublikanın Ermənistanla sərhəd digər rayonlarında törətdikləri münaqişələrdən, Naxçıvanın son dərəcə çətin bir şəraitdə yaşamasından, iqtisadiyyatının dağılaraq tamamilə iflic vəziyyətə düşməsindən, əhalinin maddi durumunun son dərəcə çətinləşməsindən söhbət açılır.

Yüz il sonra da “Şərq qapısı” qəzeti Naxçıvan blokadasının ağır günlərini, daha sonrakı illərdə isə blokada şəraitində intibah dövrünü səhifələrində yaşadan mənbə kimi istinadgahımız olacaqdır.

Doqquzuncu bənd - nəqliyyat damarı

2020-ci ilin payızında, 44-cü gündə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Vətən müharibəsi qələbə ilə nəticələndi. 10 noyabrda Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları Bəyanat isə ondan bir gün öncəki qələbənin üzərinə bir qələbə də əlavə etdi. Ermənistan kapitulyasiya aktını imzalamaqla təslim olduğunu bildirdi. Beləliklə, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz, itkisiz Azərbaycana qaytarıldı. Bəyanatın 9-cu bəndi isə Naxçıvanın blokadadan çıxması üçün cənab İlham Əliyevin təkidi ilə bir maddə olaraq sənədə salındı.

Həmin vaxt Ölkə Prezidentinin xalqımıza müraciətindən: “Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni bu nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir”.

Çox təəssüf ki, Ermənistan imza atdığı Bəyanatda hələ də üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edir. Lakin bütün bunlara baxmayaraq Zəngəzur dəhlizi açılacaq və Naxçıvanın Azərbaycanın digər əraziləri ilə əlaqələri bərpa olunacaq.

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan vahid məkana çevriləcək

Dövlət başçısının yerli televiziya kanallarına müsahibəsində çox dəyərli fikirlərdən biri də Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın gələcək, həm də birlikdə inkişafı ilə bağlı idi: Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik. Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Məsələn, biz bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlayacağıq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq. Sonra biz bunu ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyik. Yəni, orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün ölkəni əhatə edəcək. Bax, bizim planlarımız bundan ibarətdir. Ümumi rəqəmləri gətirməklə kifayətlənirəm. Amma hesab edirəm ki, Azərbaycan televiziyaları və digər mətbu orqanları orada gedən prosesləri kifayət qədər işıqlandırırlar. Əlbəttə, istərdim ki, daha da çox işıqlandırsınlar. Çünki orada hər gün nəsə dəyişir, hər gün nəsə tikilir, hər həftə keçmiş köçkünlər oraya qayıdırlar. Ona görə bizim mətbuat o bölgədə gedən proseslərlə nə qədər çox maraqlansa və bunu işıqlandırsa, o qədər də yaxşı olacaq.

Bəli, dünyanın heç bir yerində hər hansı bir ölkənin vətəndaşı Vətənindən təcrid formada yaşamır. Odur ki, Zəngəzur dəhlizinin açılması mütləqdir. Və yalnız bu dəhliz Naxçıvan blokadasına son qoya bilər: Azərbaycan vətəndaşının öz Vətəninə yolu açılar.

Baxmayaraq ki, bu yolun sağı da, solu da bizim əzəli yurdumuzdur, bu yurdlar müəyyən dövrdə hansısa səhvlik ucbatından əlimizdən çıxıb, heç olması öz ərazimizdən bir yolumuz olsun. Bu, olacaq. Biz buna əminik.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Yanvar 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see282

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see262

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see258

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see252

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see249

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see237

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see229

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see222

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see213

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see212

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see209

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see207

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see200

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see198

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see192

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see191

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see181

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see180

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see170

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri