İnkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır
Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində Azərbaycan televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirləri müasir Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin strateji fəlsəfəsini, dövlət maraqlarına söykənən praqmatik yanaşmanı və ölkənin artan qlobal rolunu əhatəli şəkildə əks etdirən mühüm siyasi mətn kimi dəyərləndirmək mümkündür. Bu müsahibə sadəcə görülmüş işlərin xronoloji icmalı deyil, eyni zamanda Azərbaycanın regional və beynəlxalq sistemdə tutduğu yerin ideoloji və konseptual izahıdır.
Müsahibədə Çinlə münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi xüsusi yer tutur və bu fakt Azərbaycanın qlobal güc mərkəzləri ilə qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq qura bildiyini nümayiş etdirir. Qısa müddət ərzində imzalanmış ardıcıl siyasi sənədlər, artan əmtəə dövriyyəsi, investisiya axını və birgə layihələr diplomatik xəttin real iqtisadi nəticələr verdiyini açıq şəkildə sübut edir və Azərbaycanın Asiya–Avropa geoiqtisadi məkanında mövqeyini möhkəmləndirir. Eyni zamanda, Azərbaycanın D-8 təşkilatına üzv seçilməsi və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv qəbul olunması ölkəmizə göstərilən yüksək siyasi etimadın bariz göstəricisi olmaqla yanaşı, Azərbaycanın artıq yalnız regional deyil, daha geniş coğrafiyada qəbul edilən və etibarlı tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir. Xüsusilə Mərkəzi Asiya ölkələri ilə qurulan dərin əlaqələr Azərbaycanın coğrafi sərhədləri aşan diplomatik təsir imkanlarına malik olduğunu ortaya qoyur. Nəqliyyat, logistika və bağlantılar mövzusu müsahibədə strateji baxımdan əsas sütunlardan biri kimi təqdim olunur, çünki mövcud geosiyasi reallıqlar fonunda Mərkəzi Asiya ilə Qərb arasında etibarlı körpü rolunu oynayan Azərbaycanın əhəmiyyəti sürətlə artır. Orta Dəhlizin inkişafı, konteyner daşımalarının rekord həddə çatması, Xəzər dənizi üzərindən enerji, fiber-optik və digər infrastruktur layihələrinin icrası ölkənin tranzit potensialını keyfiyyətcə yeni mərhələyə çıxarır və Azərbaycanın uzunmüddətli iqtisadi təhlükəsizliyinə xidmət edir. Bununla paralel olaraq, işğaldan azad edilmiş ərazilərin beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi siyasətin siyasi və diplomatik ölçüsünü aydın şəkildə göstərir. Xankəndi, Şuşa, Laçın, Ağdam kimi şəhərlərdə təşkil olunan zirvə görüşləri və forumlar həm bərpa və quruculuq prosesinin real nəticələrini nümayiş etdirir, həm də Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə möhkəmlənməsinə xidmət edir.
Müsahibədə təhlükəsizlik və hərbi məsələlərə dair səsləndirilən fikirlər müasir beynəlxalq münasibətlər sisteminə realist yanaşmanın açıq ifadəsidir. Çünki Prezident güc amilinin həlledici rol oynadığını vurğulamaqla yanaşı, bu gücün məsuliyyətlə və hüquqi-mənəvi çərçivədə istifadə olunmasının vacibliyini önə çəkir. Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi əməkdaşlıq təşəbbüsü isə aqressiv deyil, qarşılıqlı təhlükəsizlik, koordinasiya və çəkindiricilik məqsədi daşıyan ölçülü təklif kimi çıxış edir. Eyni zamanda, Azərbaycanın müharibədən sonrakı dövrdə eskalasiyadan çəkinməsi, gücə malik olduğu halda ondan sui-istifadə etməməsi ölkənin regionda sabitlik yaradan, müdrik və məsuliyyətli aktor kimi qəbul olunmasına zəmin yaradır və bu yanaşma Azərbaycanın beynəlxalq imicini daha da gücləndirir.
Prezident İlham Əliyevin təhsil və elmlə bağlı mesajı isə yalnız rəsmi qurumlarımıza deyil, həm də valideyn və fərd olaraq hər birimizə ciddi çağırışdır. Çünki dil saflığının qorunması qədər, Prezidentin bu çağırışı da Azərbaycanın daha uğurlu və daha inamlı sabahına xidmət edir: “Çünki mən bunu dəfələrlə demişəm, bir daha deyirəm tam şüurlu şəkildə, inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri onları icad edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik”.
Prezident bu çağırışı ilə cəmiyyətimizə bir daha çatdırdı ki, dövlətin gücü yalnız o zaman davamlı olur ki, o, milli-mənəvi dəyərləri ilə tamamlanır. Ölkənin rifahı və əmin-amanlığı da məhz bu cür dəyərlərin qorunmasından, elm və təhsilin inkişaf səviyyəsindən asılıdır. Bununla yanaşı, onu da unutmamalıyıq ki, bəzi dairələr tarixi Qələbəmizlə hələ də barışa bilmir. Fərqli ünvanlardan gələn təzyiqlər, qərəzli qətnamələr, qısqanc bəyanatlar və zaman-zaman ölkəmizə qarşı aparılan çirkin qarayaxma kampaniyası elə bu cür ədalətsiz münasibətin təzahürüdür. Prezident İlham Əliyevin verdiyi növbəti mesajın arxasında elə bu reallıq, içində olduğumuz mürəkkəb geosiyasi şərait dayanır: “Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 07 Yanvar 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















