İranın HHM sistemi ABŞ nin müdaxiləsinin qarşısını almaq üçün kifayət deyil Elçin Mirzəbəyli
Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İranın nüvə proqramı ilə bağlı prosesin dalana dirənəcəyi və müharibə ehtimalının yüksələcəyi əvvəlcədən gözlənilirdi. Hazırkı şəraitdə ABŞ-nin regionda hərbi mövcudluğunu artırması, Vaşinqtonun bu məsələdə nə qədər ciddi olduğunu göstərir. İranın hava hücumundan müdafiə sistemi isə ABŞ-nin mümkün hərbi müdaxiləsinin qarşısını almaq baxımından açıq şəkildə yetərli deyil. Belə bir vəziyyətdə, prezident Məsud Pezeşkianın hələ seçki dövründə elan etdiyi həll planına uyğun davranmaq, məncə, İran üçün daha məqsədəuyğun olardı. Bu reallığı İranın dini, siyasi və hərbi dairələri də qəbul etməlidirlər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlama ehtimalı, regionumuzda müxtəlif ssenariləri gündəmə gətirib. Xüsusilə də, regionun aparıcı ölkələrindən biri olan Azərbaycanın, bu proseslərdə sərgiləyəcəyi mövqe diqqətlə izlənir.
Millət vəkili qeyd edib ki, ölkəmiz bu günə qədər yürütdüyü siyasətlə regionda davamlı sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın təmin olunmasında maraqlı olduğunu aydın şəkildə nümayiş etdirib.
“Eyni zamanda, Azərbaycan dəfələrlə bəyan edib ki, ərazisinin İrana qarşı hər hansı formada müdaxilə məqsədilə istifadə olunması mümkün deyil. Hazırda əsas məqsəd İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi və bölgədə, hətta nəzəri səviyyədə belə, sülhə təhdid yarada biləcək ritorikadan uzaq durmaqdır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az


