İrəvanda yeni parlament, köhnə çəkişmələr
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müxalifət ölkədə qarışıqlıq salmaq niyyətini gizlətmir
Ermənistan Konstitusiya Məhkəməsinin (KM) parlament seçkilərinin nəticələri ilə bağlı iyulun 4-də çıxardığı qərardan sonra “Güclü Ermənistan” və “Ermənistan” bloklarının deputat mandatlarını qəbul etməsi siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.
Cəmiyyətdə və ictimai-siyasi çevrələrdə bu addıma münasibət birmənalı deyil: bir çoxları müxalifətin mandatları götürməsini hakimiyyətin mövqeyini gücləndirən qərar kimi qiymətləndirərək tənqid edir. Onlar hesab edirlər ki, müxalifətin parlamentə daxil olması seçkilərin nəticələrini dolayısı ilə qəbul etmək deməkdir. Digər tərəfdən, əsasən müxalif düşərgəyə yaxın qüvvələr seçicilərin səsinin parlamentdə eşidilməsinin vacibliyi baxımından bu qərarı müdafiə etməyə çalışırlar. Bu mövqeni müdafiə edənlərdən biri də “Güclü Ermənistan” blokundan deputatlığa namizəd olmuş Mamikon Aslanyandır.
Radikal revanşist baxışlara malik Aslanyan “News.am” saytına müsahibəsində bildirib ki, hələ tam formalaşmamış Ermənistan parlamenti artıq legitimlik problemi ilə üzləşib. Onun sözlərinə görə, problem ondan ibarətdir ki, hakimiyyət müxalifəti seçiciləri pulla ələ almaqda ittiham edir, müxalifət isə seçkilərin nəticələrini şübhə altına alaraq KM-ə müraciət edib. Aslanyan öz aləmində fikirlərini əsaslandıraraq bildirib ki, əgər müxalifət mandatlardan imtina etsə, Nikol Paşinyan siyasi meydanı tam nəzarətə götürəcək, yalnız özünə sadiq qüvvələri saxlayacaq, bir neçə aydan sonra növbədənkənar seçkilərə gedəcək, 60 faizdən çox səs toplayacaq və planlaşdırdığı dəyişiklikləri həyata keçirmək üçün daha rahat şərait əldə edəcək. İddia edib ki, Paşinyan məqsədlərinə çatmaq naminə istənilən addımı ata bilər, çünki xarici insan haqları müdafiəçilərinin səssiz razılığına (?) arxalanır: “Bu fonda müxalifət mandatları götürür və ona səs vermiş seçicilərin iradəsini parlamentdə təmsil edir. Bu isə Paşinyanın əldə etdiyi nəticələri legitimləşdirmək anlamına gəlmir. Son vaxtlar çoxları bizim niyə mandatları götürdüyümüzü müzakirə edir. Amma hələ heç kim ciddi şəkildə izah etməyib ki, müxalifət niyə mandatlardan imtina etməlidir və belə olacağı halda hansı alternativ yol mövcuddur. Biz seçkilərdə qalib gələ bilmədik. Paşinyan da qarşısına qoyduğu məqsədlərə tam çata bilmədi. Biz parlamentə gedərək mübarizənin növbəti mərhələsini davam etdirmək, o cümlədən küçə etirazlarını təşkil etmək istəyirik. Əks halda, siyasi səhnədən çəkilməli olardıq”.
O əlavə edib ki, küçə mübarizəsi yalnız müxalifət vahid cəbhədə və vahid lider ətrafında birləşdiyi zaman daha təsirli olur. Hazırkı vəziyyətdə isə müxalifət bir neçə siyasi mərkəzə bölünüb. “Paşinyan səslərin 50+1 faizini toplaya bilmədi və nəticədə hakimiyyət Qaqik Sarukyanın blokuna çatmalı olan mandatları mənimsədi. Bütün bunlar hakimiyyət daxilində gələcəkdə fikir ayrılıqlarının yaranmasına səbəb ola bilər”.
Aslanyan “Güclü Ermənistan”ın lideri Samvel Karapetyanı necə deyərlər, təmizə çıxarmağa çalışıb. Onun Rusiya isteblişmenti ilə heç vaxt siyasi əlaqələrinin olmadığını, Kremli heç vaxt ziyarət etmədiyini və Rusiya hakimiyyəti ilə siyasi təmaslar qurmadığını iddia edib. Onun sözlərinə görə, Karapetyan sırf erməni siyasi xadimidir.
***
Göründüyü kimi, Ermənistanda parlament seçkiləri başa çatsa da, onun siyasi nəticələri hələ də müzakirə mövzusu olaraq qalır. Seçkilərdən sonra əsas diqqət təkcə mandat bölgüsünə deyil, həm də yeni parlamentin cəmiyyətdə necə qəbul olunacağına yönəlib. Məhz buna görə “Güclü Ermənistan” bloku nümayəndəsinin səsləndirdiyi fikirlər adi müxalifət tənqidi kimi deyil, qarşıdakı siyasi mərhələyə verilən mesaj kimi qiymətləndirilə bilər.
Ermənistan müxalifəti faktiki olaraq 2 fərqli xətt arasında seçim edib. Bir tərəf hesab edir ki, parlamentdə iştirak etmək hakimiyyətə əlavə üstünlük qazandırır. Digər tərəf isə düşünür ki, parlamentdən kənarda qalmaq hakimiyyətin siyasi meydanı tam nəzarətə götürməsinə şərait yaradar. Aslanyanın arqumentləri də məhz ikinci yanaşmaya söykənir. O, mandatların qəbulunu hakimiyyətlə barışmaq deyil, seçicinin səsinin qorunması kimi təqdim etməyə çalışır. Əslində, bu arqument Ermənistan siyasətində yeni deyil. Ölkədə son onilliklər ərzində keçirilən seçkilərdən sonra müxalifətin parlamenti boykot edib-etməməsi dəfələrlə gündəmə gəlib. Təcrübə göstərib ki, uzunmüddətli boykotlar hakimiyyətə ciddi təzyiq yaratmayıb. Əksinə, parlamentdə müxalifətin zəifləməsi iqtidarın qanunvericilik təşəbbüslərini daha rahat həyata keçirməsinə imkan verib. Bu baxımdan “Güclü Ermənistan” və “Ermənistan” blokunun mandatları qəbul etməsi siyasi baxımdan daha praqmatik addım kimi görünür.
Digər tərəfdən, Aslanyanın parlamentin legitimliyi ilə bağlı dedikləri daha çox siyasi qiymətləndirmə xarakteri daşıyır. Çünki KM seçkilərin nəticələrini qüvvədə saxladıqdan sonra hüquqi baxımdan parlamentin fəaliyyətinə maneə qalmayıb. Lakin siyasi müstəvidə vəziyyət fərqlidir. Müxalifətin bir hissəsi seçkilərin nəticələrini qəbul etmədiyini açıq şəkildə bildirir. Bu isə yeni parlamentdə qarşıdurmaların davam edəcəyini göstərir.
Aslanyanın çıxışında diqqətçəkən başqa məqam küçə etirazlarının davam etdirilməsi barədə mesajdır. Bu, müxalifətin yalnız parlament tribunasına güvənməyəcəyini göstərir. Lakin burada əsas problem müxalifətin parçalanmış vəziyyətdə olmasıdır. O özü də etiraf edir ki, vahid lider və vahid strategiya yoxdur. Hakimiyyət baxımından da vəziyyət tam rahat görünmür. Paşinyan yenidən hökuməti formalaşdırmaq imkanı əldə etsə də, əvvəlki seçkilərlə müqayisədə daha aşağı nəticə göstərib. Bu, onun siyasi dayaqlarının zəiflədiyini deməyə əsas verməsə də, əvvəlki qədər geniş ictimai dəstəyə malik olmadığını göstərən siqnaldır. Məhz buna görə müxalifət hesab edir ki, hökumət daxilində zamanla fikir ayrılıqları yarana bilər. Bunun nə dərəcədə baş verəcəyini isə indidən söyləmək çətindir.
Ermənistanın daxili siyasətini xarici amillərdən ayrı qiymətləndirmək də mümkün deyil. Son illər ölkədə qəbul edilən bir çox qərarlar regional proseslərlə sıx bağlı olub. Azərbaycanla sülh gündəliyi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, Konstitusiyaya dəyişikliklər ətrafında gedən müzakirələr və Qərblə münasibətlərin inkişafı daxili siyasi debatların əsas mövzularına çevrilib. Aslanyanın TRIPP layihəsini və Konstitusiya məsələsini eyni kontekstdə xatırlatması da təsadüfi deyil. Müxalifət bu mövzular üzərindən hakimiyyətə əlavə siyasi təzyiq formalaşdırmağa çalışır.
Bununla yanaşı, S.Karapetyanın Rusiya ilə siyasi əlaqələrinin olmadığının xüsusi vurğulanması da diqqətdən yayınmır. Ermənistan siyasətində uzun müddətdir ki, müxtəlif siyasi fiqurların Moskva ilə münasibətləri daxili mübarizənin əsas mövzularından biridir. Karapetyanın “sırf erməni siyasi xadimi” kimi təqdim edilməsi onun üzərində formalaşmış “Rusiyanın adamı” obrazını zəiflətməyə hesablanmış siyasi gediş təsiri bağışlayır. Bu isə seçkidən sonrakı dövrdə müxalifətin öz imicini yenidən qurmaq cəhdinin tərkib hissəsi kimi görünür.
Beləliklə, seçkilər başa çatsa da, Ermənistanda siyasi mübarizə yeni mərhələyə qədəm qoyur. Qarşıdakı dövrdə əsas qarşıdurma seçki nəticələri üzərində deyil, həmin nəticələrin doğurduğu siyasi reallıqlar ətrafında cərəyan edəcək. Parlament tribunası, küçə fəallığı və regionda baş verən geosiyasi dəyişikliklər bu prosesin istiqamətini müəyyən edən əsas amillər olacaq. Bu isə göstərir ki, Ermənistan yaxın aylarda da daxili siyasi gərginliyin tam aradan qalxdığı ölkəyə çevrilməyəcək.
Səxavət HƏMİD
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 09 İyul 2026 00:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















