İspaniyalı memar: Bakıda həm ictimai məkanlara, həm də müasir memarlığa fəal investisiya yatırılır MÜSAHİBƏ
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 4 fevral, Tamilla Məmmədova, AZƏRTAC
Bu gün memarlıq və şəhər məkanı getdikcə daha çox inkişafın strateji alətləri kimi nəzərdən keçirilir və bu alətlər vasitəsilə həyat keyfiyyəti, mədəni kimlik formalaşır. Azərbaycanda bu yanaşma son onilliklərdə baş verən genişmiqyaslı transformasiyalar fonunda xüsusi əhəmiyyət kəsb edir. Bu dövrdə şəhərlər tarixi irsin yenidən dərk edilməsi və müasir inkişaf formalarının axtarışı üçün meydan rolunu oynayır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu yanaşmanın dövlət səviyyəsində dəstəkləndiyini göstərir. Bu qərar memarlığın yalnız estetik sahə deyil, eyni zamanda, sosial, iqtisadi və mədəni tərəqqinin mühüm amili kimi dövlət səviyyəsində qəbul edildiyini göstərir. Bu kontekstə əlavə dərin məna verən məqamlardan biri də həmin ildə orta əsr memarlığının görkəmli ustası, milli memarlıq məktəbinin əsasını təşkil edən və bu gün də peşəkar düşüncəyə təsir göstərən Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinin qeyd edilməsidir.
AZƏRTAC ekoloji şəhərsalma, rəqəmsal şəhərlər və ərazilərin strateji inkişafı sahəsində aparıcı beynəlxalq ekspertlərdən biri olan ispan memar, urbanist və tədqiqatçı Visente Quayyart ilə müsahibəni təqdim edir.
– Postsovet dövründə Azərbaycanda memarlıq və şəhərsalmanın inkişafını necə qiymətləndirirsiniz?
– 2017-ci ildə mən Bakıya səfər etmişəm. Həmin vaxt Moskvada Ali İqtisadiyyat Məktəbində dərs deyirdim və Barselonanın baş memarı vəzifəsində fəaliyyətimi yenicə başa vurmuşdum. Həmin peşəkar və akademik mühit şəhər transformasiyası üzrə beynəlxalq layihələr üzərində çalışan həm tədqiqatçı, həm də praktik memar kimi baxışımın formalaşmasına böyük təsir göstərib. Bakının ictimai məkanlarına, infrastrukturuna və müasir memarlığına fəal investisiya yatırıldığı görünürdü. Bu tədbirlər təkcə gündəlik şəhər həyatının keyfiyyətinin yüksəldilməsinə deyil, həm də paytaxtın beynəlxalq imicinin möhkəmləndirilməsinə xidmət edir. Kənar müşahidəçi kimi memarlıq və şəhərsalmadan qlobal mədəni və peşəkar ictimaiyyətlə dialoq aləti kimi istifadə etmək niyyətini, eyni zamanda, zamanla inkişaf edən, tanınan və özünəməxsus şəhər kimliyinin axtarışı və formalaşdırılması cəhdlərini aydın şəkildə hiss etdim.
– “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi təşəbbüsünü beynəlxalq, peşəkar ictimai nöqteyi nəzərdən necə qiymətləndirirsiniz? Media məkanında hansı mövzular ön plana çıxarılmalıdır?
– Beynəlxalq peşəkarlıq baxımından şəhərsalma və memarlıq məsələlərinə həsr olunmuş ayrıca ilin elan edilməsi son dərəcə müsbət və uzaqgörən təşəbbüs hesab olunur. Bu yanaşma şəhərlərin, ərazilərin və inşa edilmiş mühitin sosial rifah, iqtisadi innovasiyalar və mədəni inkişaf üçün strateji resurs olduğunu anlamağı nümayiş etdirir. Bu təşəbbüsün memarlığın peşə kimi təntənəli tərənnümü ilə məhdudlaşmaması, müasir dünyada şəhərin rolu barədə geniş ictimai dialoq üçün platformaya çevrilməsi vacibdir. Media məkanında ictimai məkanların keyfiyyəti, mənzil siyasəti, davamlı inkişaf, iqlim dəyişikliklərinə uyğunlaşma, mobillik, eləcə də, memarlıq irsi ilə müasir tikililərin qarşılıqlı əlaqəsi kimi mövzulara xüsusi diqqət yetirilməlidir. Şəhərsalma qərarlarının insanların gündəlik həyatına birbaşa təsir göstərdiyini, şəhərlərin uzunmüddətli dayanıqlığını və inklüzivliyini necə formalaşdırdığını göstərmək xüsusilə əhəmiyyətlidir.
– Müasir Azərbaycan memarlıq və şəhərsalma layihələri qlobal informasiya məkanına necə inteqrasiya oluna bilər?
– Qlobal informasiya məkanına inteqrasiya üç əsas amilə əsaslanır: görünüş, şəffaflıq və əlaqələr. Müasir layihələr beynəlxalq platformalarda, o cümlədən sərgilərdə, konfranslarda, akademik şəbəkələrdə və bu sahədə ixtisaslaşmış mediada təqdim edilməlidir. Eyni zamanda, bu layihələrin daha geniş qlobal kontekstdə təqdim olunması vacib amildir, çünki beynəlxalq auditoriya onların əhəmiyyətini, məntiqini və mədəni xüsusiyyətlərini anlaya bilməlidir. Hazırda rəqəmsal kommunikasiya həlledici rol oynayır. Güclü vizual təsvirlər, anlaşılan və maraqlı izah tərzi, eləcə də, ardıcıl onlayn mövcudluq beynəlxalq diqqətin əhəmiyyətli dərəcədə artmasına imkan verir. Xarici universitetlər, tədqiqat mərkəzləri və memarlıq büroları ilə əməkdaşlıq isə yerli layihələrin qlobal ideya mübadiləsinə daxil edilməsinə şərait yaradır və onların ayrıca, təcrid olunmuş nümunələr kimi deyil, ümumi beynəlxalq prosesin tərkib hissəsi kimi qəbul olunmasını təmin edir.
– Azərbaycanın dünya memarlıq xəritəsində mövqeyini möhkəmləndirməsi üçün hansı addımları tövsiyə edərdiniz?
– Kataloniyanın Qabaqcıl Memarlıq İnstitutuna rəhbərlik etdiyim dövrdə əldə etdiyim təcrübəyə, gənc nəsillərlə sıx əməkdaşlığa, beynəlxalq tərəfdaşlığa, eləcə də qlobal yönümlü tədqiqat və praktikaya əsaslanaraq hesab edirəm ki, güclü memarlıq mövqeyi tək-tük və nümayişkaranə addımlarla deyil, ardıcıl və davamlı fəaliyyət yolu ilə formalaşır. Təhsilə, tədqiqatlara və gənc mütəxəssislərin dəstəyinə yatırılan investisiyalar əsas rol oynayır. Uzunmüddətli potensial və mədəni dərinlik məhz bu sahələrdə formalaşır. Eksperimental və pilot layihələrin dəstəklənməsi şəhərlərə və ərazilərə davamlı inkişaf, materiallar, rəqəmsal texnologiyalar və şəhər sistemləri üzrə yeni ideyaları sınaqdan keçirməyə imkan verir. Akademik mübadilələr, açıq müsabiqələr və mədəni təşəbbüslər vasitəsilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi isə yerli təcrübələrin qlobal peşəkar şəbəkələrə inteqrasiyasını təmin edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Fevral 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















