Kasım Jomart Tokayev: Türk dövlətlərini Orta Dəhliz boyunca infrastrukturun modernləşdirilməsində iştiraka dəvət edirik
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Astana, 7 oktyabr, AZƏRTAC
Ölkələrimiz Avrasiyanın mərkəzində - Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirən çoxsaylı marşrutların kəsişməsində yerləşir.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu fikri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
Onun sözlərinə görə, hazırda Qazaxıstan ərazisindən beş beynəlxalq dəmir yolu dəhlizi keçir.
Qazaxıstan Prezidenti əlavə edib: “Biz bu yaxınlarda Dostıq-Moyıntı dəmir yolunun ikinci xəttini işə saldıq. Bu addım Trans-Qazaxıstan Dəmir Yolu Dəhlizinin dinamik inkişafına töhfə verəcək. Yeni marşrut yükdaşımalarının həcmini 5 dəfə artıracaq. Daha iki əsas dəmir yolu xəttinin tikintisi davam edir. Şübhəsiz ki, bütün bu layihələr regional logistikanın inkişafına yeni təkan verəcək”.
Qazaxıstan Prezidenti qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq Avrasiya nəqliyyat çərçivəsinin strateji həlqəsinə çevrilib.
O vurğulayıb: “Son beş ildə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 6 dəfə artıb. Bu yaxınlarda Almatıda TDT ölkələri nəqliyyat nazirlərinin görüşü keçirilib və bu görüş zamanı həmin marşrutla bağlı bir sıra razılaşmalar əldə olunub. Biz türk dövlətlərini hava qovşaqlarının, dəmiryol stansiyalarının infrastrukturunun modernləşdirilməsində fəal iştiraka dəvət edirik. Hazırda nəqliyyat və tranzit sektorunun rəqəmsallaşdırılması istiqamətində fəal iş aparılır. Sözsüz ki, burada süni intellekt texnologiyasının tətbiqi faydalı olacaq. Ona görə də biz Türk Dövlətləri Təşkilatı çərçivəsində aparıcı ekspertlərin cəlb olunduğu xüsusi Rəqəmsal Monitorinq Mərkəzinin yaradılmasını müzakirə etməyi təklif edirik”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana


