Kəlbəcərin hər daşı, qayası bir tarixdir ŞƏRH
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda isə Laçın rayonu ilə həmsərhəddir. Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. Sahəsi 3054 kv. km olan rayonda işğala qədər 53 478 nəfər əhali yaşayıb; 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud olub.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Rayonun əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, maşın və texnika dağıdılıb və ya talan edilib, milyardlarla manatlıq sərvət Ermənistana daşınıb. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və digər işğal olunmuş ərazilərdən dərhal çıxarılması tələb olunsa da, sənəd icra edilməyib və beynəlxalq təşkilatlar onun icrasına nail olmayıb. BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırma aparılıb.
44 günlük Vətən müharibəsindəki Qələbədən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edilib. İşğaldan əvvəlki son Baş planda şəhərin ərazisi 130 ha, əhalisi isə 7500 nəfər nəzərdə tutulurdusa, 2040-cı ilədək inkişaf konsepsiyasına əsasən bu göstəricilər iki dəfədən çox artacaq. Mərkəzdə ortamərtəbəli çoxmənzilli və inzibati binalar, ətrafda isə fərdi yaşayış evləri tikiləcək. Ümumi yaşayış fondu 488 min kv.m olacaq; bunun 421 min kv.m-i fərdi yaşayış evlərinin, 46 min kv.m-i isə ortamərtəbəli binaların payına düşəcək. 2040-cı ilədək 4250 mənzilin istifadəyə verilməsi, həmçinin 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, 1 reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, ictimai-iaşə obyektləri və idman meydançalarının inşası planlaşdırılır. Şəhər ərazisinin 22 faizi (60 ha) yaşıllıq zolaqlarından ibarət olacaq və yaşıllıq sahəsinin adambaşına düşən göstəricisi 33 kv.m təşkil edəcək (ölkə üzrə 7–10 kv.m normasına qarşı). Plana uyğun olaraq 27 km-dən artıq avtomobil və 22 km velosiped yolu salınacaq.
Rayonun enerji potensialından səmərəli istifadə genişləndirilir. "AzərEnerji" ASC tərəfindən Tərtər çayının sol qolu olan Meydan çayı üzərində 3,4 MVt gücündə kiçik su elektrik stansiyası, Tərtər çayı üzərində 8,33 MVt-lıq “Çıraq-1” və 5,3 MVt-lıq “Soyuqbulaq”, Qaraarxac çayı üzərində isə 3,6 MVt-lıq “Çıraq-2” KSES tam yenidən qurulub. Bundan əlavə, 8,6 MVt-lıq “Aşağı Vəng”, 8,8 MVt-lıq “Nadirxanlı” və 5 MVt-lıq “Çaykənd” kiçik su elektrik stansiyaları tikilib.
Yeni infrastruktur layihələri arasında 82 km uzunluğunda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu xüsusi yer tutur. I, II və III texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 km-dir. Yolun 56 km-i Toğanalı-Kəlbəcər, 26 km-i isə Kəlbəcər-İstisu hissəsinə düşür və işlərin 89 faizi tamamlanıb. Yolun 13,5-ci kilometrliyində yerləşən 11,7 km-lik Murovdağ tunelinin texniki açılışı olub. İki gediş və iki gəliş olmaqla dörd zolaqlı inşa edilən bu tunel uzunluğuna görə dünyada 18-ci, Avropada 5-ci, MDB məkanında isə 1-cidir.
Kəlbəcər alban dövrünə aid abidələrlə zəngindir. Bağlıpəyə kəndi yaxınlığında, Ağdərə–Kəlbəcər yolu üzərində Xudavəng kompleksi yerləşir. Laçın kəndində “Laçınqaya” qalası, Lev kəndində “Lev” kilsəsi, Qaraçanlı kəndində “Uluxan” qalası, Başlıbel kəndində “Aşağı qalaça” və “Yuxarı qalaça”, Çərəkdar kəndində Həsən Camal kilsəsi, Qanlıkənddə “Lök” qalası, həmçinin Qalaboynu və Comərd qalaları qədim alban abidələri sırasındadır. Relyefi, dağ iqlimi və mineral suları ilə seçilən rayonda 30 min ildən qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri və qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcərin hər daşı, qayası bir tarixdir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 25 Noyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















