Zəfərdən dirçəlişə: Kəlbəcərin yeni inkişaf salnaməsi ŞƏRH
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın dilbər guşələrindən biri, möhtəşəm təbiəti, zəngin tarixi, qədim mədəniyyət abidələri və misilsiz təbii sərvətləri ilə seçilən Kəlbəcər bu gün yeni inkişaf və quruculuq dövrünü yaşayır. Hər qarış torpağı tariximizin bir parçası, hər daşı xalqımızın qədimliyinin nişanəsi olan bu diyarın azadlığı və yenidən dirçəlişi Azərbaycanın müasir tarixində xüsusi yer tutur. Kəlbəcər Şəhəri Günü yalnız bir şəhərin deyil, bütövlükdə milli iradənin, tarixi ədalətin və doğma yurda qayıdışın bayramıdır.
Kəlbəcər qədim yaşayış məskənlərindən biri kimi zəngin arxeoloji irsə malikdir. Rayon ərazisində aşkar edilmiş tarixi və arxeoloji nümunələr bu torpağın minilliklər boyu insanların yaşayış məskəni olduğunu təsdiqləyir. Qayaüstü təsvirlər, qədim yaşayış yerləri, kurqanlar, qala və məbəd qalıqları, eləcə də tarixi memarlıq abidələri bölgənin mədəni zənginliyindən xəbər verir. Xüsusilə Qobustan və Gəmiqaya ilə müqayisə edilən əhəmiyyətli qayaüstü təsvir nümunələri, qədim alban dövrünə aid Xudavəng monastır kompleksi və digər abidələr Kəlbəcərin Azərbaycanın tarixi-mədəni irsində mühüm mövqeyə malik olduğunu göstərir. Bu abidələr xalqımızın qədim dövlətçilik, dini-mədəni və memarlıq ənənələrinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Kəlbəcər həm də Azərbaycanın ən yüksək dağ rayonudur. Kiçik Qafqazın qoynunda yerləşən rayonun ərazisi uca dağ silsilələri, dərin dərələr, gur çaylar, meşələr və alp çəmənlikləri ilə əhatə olunub. Murovdağ, Dəlidağ və digər dağ yüksəklikləri bölgəyə özünəməxsus coğrafi gözəllik verir. Tərtər çayı və onun qolları, mineral bulaqlar, zəngin flora və fauna Kəlbəcərin təbii sərvətlərinin mühüm hissəsidir. Bu təbii imkanlar bölgənin turizm, kənd təsərrüfatı, heyvandarlıq və alternativ enerji sahələrinin inkişafı üçün geniş perspektivlər yaradır.
Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdışın mühüm tərkib hissəsidir. İşğal dövründə dağıdılmış yaşayış məntəqələri yenidən qurulur, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün zəruri şərait formalaşdırılır. Bu istiqamətdə Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb. Layihə çərçivəsində müasir yaşayış evləri ilə yanaşı, sosial infrastrukturun yaradılması, təhsil, məşğulluq və rahat yaşayış imkanlarının təmin edilməsi nəzərdə tutulur. Zallar kəndində 487 ailənin, Zar kəndində isə 855 ailənin məskunlaşdırılması planlaşdırılıb. Bu layihələr yalnız yeni yaşayış məntəqələrinin salınması deyil, həm də kənd həyatının, milli-mənəvi dəyərlərin və ənənələrin yenidən canlandırılması deməkdir.
Kəlbəcərin iqtisadi potensialında xüsusi yer tutan istiqamətlərdən biri də məşhur İstisu mineral sularıdır. İllər boyu şəfalı xüsusiyyətləri ilə tanınan İstisu Azərbaycanın təbii sərvətlərindən biri olmaqla yanaşı, ölkəmizin sağlamlıq turizmi tarixində də mühüm yer tutur. Bu qiymətli sərvətin sənaye üsulu ilə istehsalı və dünya bazarına çıxarılması məqsədilə “İstisu” mineral sudoldurma zavodunun inşası həyata keçirilib. Zavodun fəaliyyəti yerli təbii resurslardan səmərəli istifadə, yeni iş yerlərinin yaradılması və Kəlbəcərin iqtisadi dirçəlişi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, “İstisu” Müalicə-İstirahət Kompleksinin yenidən qurulması bölgənin beynəlxalq turizm mərkəzinə çevrilməsi istiqamətində atılan vacib addımlardandır.
Kəlbəcərin azadlıqdan sonrakı inkişafında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bölgəyə səfərləri və birbaşa diqqəti xüsusi rol oynayır. Dövlət başçısının 25 avqust 2023-cü il tarixində Kəlbəcərə səfəri bu baxımdan mühüm hadisələrlə yadda qalıb. Səfər çərçivəsində “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı olub. Həmin gün Prezident İlham Əliyev “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olub. Bundan başqa, “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılış mərasimləri keçirilib. Səfərin mühüm hadisələrindən biri də Zar kəndinin təməlqoyma mərasimi olub.
Bu layihələr Kəlbəcərin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, təbii resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsi və yaşayış məntəqələrinin dayanıqlı inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə su elektrik stansiyalarının istifadəyə verilməsi rayonun zəngin hidroenerji potensialından səmərəli istifadə olunduğunu nümayiş etdirir.
Bu gün Kəlbəcər yenidən qurulan evləri, çəkilən yolları, yaradılan iş yerləri, bərpa olunan tarixi abidələri və doğma torpaqlarına qayıdan insanları ilə yeni tarix yazır. Bir zamanlar həsrət və nisgil ünvanı olan bu qədim diyar indi quruculuğun, dirçəlişin və ümidin rəmzinə çevrilir.
Kəlbəcərin hər yeni layihəsi, hər açılışı, hər məskunlaşma xəbəri xalqımızın böyük Zəfərinin davamıdır. Doğma yurda qayıdan hər bir ailənin sevincində, yenidən ucalan hər bir binada, bərpa olunan hər bir abidədə Azərbaycanın gücü, birliyi və əzmi təcəssüm olunur.
Kəlbəcər yaşayır, yenidən qurulur və öz tarixi əzəmətinə qovuşur! Bu gün Kəlbəcər yalnız keçmişin xatirəsi deyil, müstəqil Azərbaycanın parlaq gələcəyinin, Böyük Qayıdışın və əbədi Zəfərin rəmzidir.
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 23 Noyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















