Kod adı V.X.A. Zamanı yarıb keçən səhnə...
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Əzizə İsmayılova yazır...
Həftəsonu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni mövsümdə ilk dəfə oynanılan "Kod adı V.X.A." tamaşasını izlədim. İstədim tamaşa ilə bağlı qeydlərimi yazıya köçürüm. Teatr sahəsində söz sahibi olan sənət adamlarından xahiş edirəm ki, bu yazını teatr tənqidi və ya təhlili kimi deyil, sıradan bir tamaşaçı təəssüratı, qeydləri kimi qəbul etsinlər. Sahəm olmadığının fərqindəyəm...

Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
İki saat yarımlıq zaman kəsiyindəki tarixi ekskursu xatırladan tamaşa həm mövzu dərinliyi, həm də emosional təsiri baxımından tamaşaçını adi izləyici mövqeyindən çıxarıb tarixin canlı şahidinə çevirən bir səhnə əsəridir.
Əsərin süjet xətti repressiya qurbanı olan şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən əsasında qurulub.
Bəli, səhnədə 36 qadın var və bir azdan onlar hamısı sürgünə göndəriləcəklər.


Onların içində Əhməd Cavadın Şükriyyəsi, Mikayıl Müşfiqin Dilbəri, Azərbaycanın ilk qadın pianoçularından biri olan Xədicə Qayıbova, ictimai həyatda fəal olan Ceyran Bayramova, Ayna Sultanova və digərləri var. Onlara hansı işgəncələrin verilməsi təsvirə sığmır, bunu hər izləyən tamaşaçı özü üçün müəyyən edə bilər.
Bəs niyə 37 yox, 36 qadın? Nə qədər qəribə görünsə də, səbəb 37-ci qadının məhz Mehriban Ələkbərzadənin özü olmasıdır. Görünür illərlə arxivlərdə apardığı araşdırmalar nəticəsində qəhrəmanlarının bütün yaşantılarını içindən keçirən müəllif özünü onlardan ayıra bilməyib.


Teatrşünas, tənqidçi Aydın Talıbzadə bu nüansı "şifrələnmiş oyun" və "məxfi rejissor imzası" kimi dəyərləndirsə də, düşünürəm ki, Mehriban xanımın öz cavabı maraqlı olardı, əslində- təbii, əgər daim sirli qalmağı sevən bir imza kimi o suala cavab vermək istəsə...

Xüsusi olaraq qeyd edim ki, "Kod adı V.X.A." bu günə qədər izlədiyim heç bir tamaşaya bənzəmir. Bu, sadəcə səhnədə baş verənləri izləmək üçün nəzərdə tutulmuş tamaşa deyil. Əksinə, tamaşaçıya özünü səhnədə cərəyan edən hadisələrin iştirakçısı kimi hiss etmək imkanı yaradan, o dövrü yaşamış tamaşaçının beynində isə zaman və məkan sərhədlərini aşan unikal bir quruluşdur.


Bizi sovet dövrünün repressiv illərinə - 1937-ci ilin qanlı repressiyalarına aparan tamaşanın əsas xəttini və rejissor diktəsini sürgünlər, işgəncələr, günahsız insanların "xalq düşməni" damğası ilə məhv edilməsi və onların ailələrinin yaşadığı ağrılar təşkil edir. Tamaşanın adında yer alan "V.X.A.", yəni "Vətən xainlərinin arvadları" - məhz bu qaranlıq dövrün ən çox əziyyət çəkən, lakin səsi çıxmayan qəhrəmanlarının kimliyini təqdim edir bugünkü tamaşaçıya.

Tamaşada quruluşçu rejissorun təxəyyülünün aydın ifadəsində əsas rol oynayan əlbəttə ki, dövrü özündə əks etdirən geyim, yəni kostyumlar, baş verən hadisələrin dramatik və yumşaq xəttini daha çox iliyə işlətmək üçün istifadə olunan musiqi və əlbəttə ki, məkanın vizual təsirini göz yaddaşına yazan işıqlanma idi.
Zənnimcə, hər bir səhnə əsərinin olmazsa, olmazı hesab olunan bu "müqəddəs üçlük" quruluşçu rejissorun tələblərinin öhdəsindən lazımi qaydada gələ bilmişdi. Bu üçlükdə yer alanlar isə quruluşçu rəssam Mustafa Mustafayev, bəstəkar Azər Hacıəsgərli və işıq üzrə rəssam Vadim Kuskov idi.



Səhnədəki hadisələr o qədər məharətlə bir-birinə bağlanıb ki, sovet dövrünü kənd və şəhər mühitində, fərqli şəkildə yaşayan insanlar belə burada öz həyatlarından izlər tapa bilərlər. Tamaşa, xüsusilə 1950-80-ci illərdə, sovet sistemində yaşamış nəsildə daha dərin emosional izlər buraxır. O dövrdən sonra doğulanlar üçün isə bu, yaşadıqları tarix, zaman kəsiyi deyil, sadəcə səhnədə canlandırılan, hiss etdirilən bir təcrübədir.
Bu fərq, rejissorun ötürmək istədiyi mesajlara hər nəsildən olan tamaşaçının müxtəlif prizmalardan baxmasını şərtləndirir. Sovet dövrünü yaşayanlar, görənlər, bilənlərlə, o dövr haqqında yalnız tarix kitabları və ya nənə-baba xatirələri üzərindən fikir formalaşan nəslin təqdim olunan hadisələrə baxış bucağı eyni ola bilməz, deyə düşünürəm.


Tamaşada diqqətçəkən əsas elementlərdən biri tamaşaçının gözləmədiyi halda özü ilə sanki qarşıdakı gərginliklərdən xəbər verən vaqonun səhnənin düz mərkəzinə tərəf hərəkət etməsidir. Tamaşaçı olaraq səhnədə rejissorun bu gedişini gözləmirdim. Bu, sıradan bir vaqon deyildi. Bu vaqon repressiya qurbanlarını Sibirə, güllələnməyə aparmağa təhkim və ya məhkum olunmuş bir vaqon idi. Onun qorxunc fiti və havası bir anda zaldakı həyəcanı artırır və bütün fikirlər səhnəyə cəmlənir. Hər kəs nəfəs dərmədən bu vaqonda nə baş verəcəyini gözləyir.


Tamaşaçı səhnənin önündə yer alan vaqonun relslər üzərindəki qorxunc səsindən ayrılmamış onun üzərində proyeksiya ilə "xalq düşmənlərinin" şəkillərini görür və məhz əsərin 37-ci qəhrəmanı Mehriban Ələkbərzadənin öz səsi ilə həmin repressiya qurbanlarına aid sənədli məlumatlar səsləndirilir.
"Kod adı V.X.A." - Zamanı yarıb keçən səhnə...
Tamaşada sovet dövrünü yaşamış nəsil üçün ən yaddaqalan təsirli səhnələrdən biri bir zamanlar sovetlər dövrünün ən məşhur mahnısı olan, Vasiliy Kumaçın "Широка страна моя родная..." mahnısını sürgündəki qadınlara oxutdurduğu an idi.
Akmola çölündə içkili vəziyyətdə olan konvoy sürgün olunmuş və acqarına işləməkdən taqətdən düşmüş qadınları yerlərində addımlayaraq bu mahnını oxumağa məcbur edir... Nələr var bu musiqinin fonunda...
"Kod adı V.X.A." - Zamanı yarıb keçən səhnə...
Bizə, "qayğısız" sovet uşaqlarına, rus dilində öyrədilən bu mahnı, bu gün, həmin dövrün mahiyyətini anladıqca, tamam başqa bir rəngə bürünür yaddaşda - bir zamanlar sevə-sevə əzbərlədiyin musiqi kimi yox, siyasi ideologiyanın aləti olan bir nostalji kimi qayıdır yaddaşa.
İlk dəfə 1936-cı ildə lentə alınan və marşa bənzər bu əsər zamanında o qədər məşhur idi ki, 1990-cı illərdə Rusiyanın bir çox siyasi xadimləri onun Rusiyanın himni olmasını belə təklif etmişdilər.

Bu, mübaliğə deyil. O musiqinin sözlərini 80-ci illərdə, birinci sinifdə öyrətmişdilər bizə. Ucqar bir bölgədə Azərbaycan dillində təhsil alsaq da, rus dilində ilk öyrəndiyimiz və bu günə kimi də heç unutmadığım musiqilərdəndir o musiqi.
Onun sözlərini bizə sətirbəsətir, cümləbəcümlə əzbərlətmişdilər. Ta ki, dilimiz mənasını belə anlamadığımız o sözləri və musiqini düz ifadə edə bilənə kimi... və bunu bacarmışdılar. Biz o mahnının sözlərini bütün mahnılardan yaxşı bilir, ritmini daha doğru tuturduq. Nə isə, mətləbə dönək...


Səhnənin sonunda SSRİ-nin qırmızı bayrağı, oraq-çəkicli gerbi və həmin illərə xas olan şüarlar göz önünə gəldikcə, tamaşaçının zehnindəki nostalji və emosional yüklənmə pik həddə çatır. Bir zamanlar öpülərək pioner, komsomol sıralarına qəbul edilən bu bayraq, bu dəfə fərqli bir kontekstdə-qurbanların fonunda təqdim olunur. Bu ziddiyyət isə izləyicidə həm suallar doğurur, həm də cavablar axtarır.


Dramaturji yükü ağır olan bu səhnə əsərinin bəzi epizodlarında Mehriban Ələkbərzadə istər tamaşaçının, istərsə də sürgün həyatının məşəqqəti altında əzilən qəhrəmanlarının gərilmiş əsəblərini sakitləşdirmək üçün sanki müəyyən meditasiya üsullarından istifadə edib - səhnəyə yağış da yağdırıb, qar da.
"Kod adı V.X.A." - Zamanı yarıb keçən səhnə...
Tamaşanın uğurunun əsas səbəblərindən biri də aktyor heyətinin möhtəşəm performansı idi. Səhnədəki heç bir aktyor oynamırdı - hər biri sahib olduğu obrazı yaşayır və bu yaşantını tamaşaçıya ötürürdü. Onların mimikası, səsi, hərəkətləri bir an belə səhnədən kənar hiss edilmirdi. Xüsusən də qadın obrazlarının hissləri o qədər gerçək və təbii çatdırılırdı ki, bəzən səhnəyə çıxıb o qadınlarla birgə oxumaq, onlara qoşulub edilən amansızlıqlara qarşı bağırmaq istəyirsən. Bu mükəmməllik isə tamaşa boyu zalın dəfələrlə alqış sədalarına qərq olması ilə nidalanırdı.
Rejissor ən ön plandan olanı da, ən son planda olanı da tamaşaçının diqqət mərkəzinə gətirməyi bacarmışdı və insafən, truppa bu tapşırığın öhdəsindən uğurla gəlmişdi. Sadəcə baxmaq və görmək lazımdır.
"Kod adı V.X.A." - Zamanı yarıb keçən səhnə...
Tarixi-sənədli faktlar əsasında qurulan və 70 nəfərə yaxın böyük bir heyətin rol aldığı bu tamaşa, tarixi və ideoloji kontekstləri bilməyən izləyənlər üçün ilk hissələrdə müəyyən qədər darıxdırıcı görünə bilər, amma mövzuya hakim tamaşaçı üçün bu əsər bir növ beyin yenilənməsidir.
Bütün səhnə detallarını, mesajları, səsləri, rəmzləri özündə birləşdirən tamaşada daha bir mesaj var - səhnə sadəcə nümayiş yox, həm də yaddaş, yaşantı, sorğu və cavab məkanıdır.
"Kod adı V.X.A." tamaşadan daha çox səhnədə canlı izlənən bir film təəssüratı yaradır. Tamaşanın sonunda, təzim hissəsində zalda susmaq bilməyən alqışlar da, tamaşanın öz izləyicisinə ötürdüyü hissin, həyəcanın göstəricisi idi.
Maraqlı nüanslardan biri də təzim zamanı Əhməd Cavadın nəvəsi Almaz xanım Bağırovanın ağlaya-ağlaya səhnəyə qalxıb Mehriban xanıma və aktyorlara öz təşəkkürünü bildirməsi və onlarla birlikdə tamaşaçıya təzim etməsi oldu. Almaz xanım bildirdi ki, tamaşaya neçə dəfə baxmasından asılı olmayaraq hər dəfə əzizlərinin həyat yolunu görmək onu kövrəldir.
"Kod adı V.X.A." - Zamanı yarıb keçən səhnə...

Sonda deyim ki, "Kod adı V.X.A" təkcə səhnədə canlandırılan sıradan bir tamaşa deyil - tarixdir, dərsdir, qışqırıqdır, susqunluqdur, nostaljidir, eyni zamanda çağırışdır.
Nəhayət, bu zəhmətə, bu yaddaşa, tarixi beynimizdə yeniləyən və bizi düşünməyə vadar edən bu səsə görə bütün yaradıcı heyətə dərin hörmət və təşəkkür hissi ilə demək istəyirəm ki, hər şey üçün çox sağ olun.
Deyirlər, yaratmaq seçilmiş insanların qismətinə düşən paydır. Siz həmişə yaradın, biz izləyək. Təkcə gözlə yox, qəlblə, hafizə ilə, fəxrlə izləyək!










