Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesləri hüquq və konsaltinq şirkətlərilə müzakirə olunub
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 1 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən hüquq və konsaltinq şirkətləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda onlayn görüş keçirilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, DVX-in Vergiödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseynzadə təqdimatla çıxış edərək ölkəmizdə biznesə başlama sahəsində həyata keçirilən islahatlar, biznesin qeydiyyatı qaydalarında aparılan təkmilləşdirmələr, qanunvericilikdə dəyişikliklər və elektron xidmətlər barədə məlumat verib. Bildirilib ki, biznesin qeydiyyatı sahəsində əldə olunan nəticələr beynəlxalq reytinqlərdə də yüksək göstəricilərlə öz əksini tapıb. Xarici investisiyalı şirkətlər üçün mövcud imkanlar da diqqətə çatdırılıb.
Görüşdə kommersiya hüquqi şəxslərin reyestr məlumatlarında dəyişikliklər üzrə yeni qaydalar, texniki imkanlar və Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə həyata keçirilən işlər barədə məlumat verilib. 2025-ci il üzrə Yol Xəritəsinə uyğun olaraq konsul leqallaşdırılması informasiya sisteminin yaradılması, dövlət orqanlarının məlumat bazalarının inteqrasiyasının genişləndirilməsi, benefisiar mülkiyyətçilərin reyestrinin aparılması və təsisçi dəyişikliyinin proaktiv qeydiyyatı əsas istiqamətlər kimi vurğulanıb.
Tədbir iştirakçılarına qeydiyyat sahəsində statistika, elektron qeydiyyatın xüsusi çəkisinin və xarici investisiyalı müəssisələrin artım göstəriciləri təqdim olunub.


