Icma.az
close
up
RU
Küləkli günlərin fəlsəfəsi Şahanə Müşfiq yazır

Küləkli günlərin fəlsəfəsi Şahanə Müşfiq yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Günlərin çoxu pıçıltıyla danışır. Küləkli günlər isə uğultuyla, gurultuyla. Küləyin səsi bir sükutun içində qopur, sonra o sükutu özü ilə birlikdə göyə qaldırıb sonsuzluğa aparır. Bu günlərdə Bakı yenə küləkli idi. Amma bu külək adi bir hava hadisəsi deyildi. Bu, sanki şəhərin içində qaynayan bir duyğunun, xatirənin, bir sualın havası idi. Hər küçənin başında əsən bu külək, insanın düşüncələrini səpələyir, sonra da onları özündən razı bir təkəbbürlə göy üzünə sovurur.

Bakı... Küləklər şəhəri. Sən harada susursansa, o, sənin yerinə danışmağa həvəslidir. Şəhidlər xiyabanında başını dik tutan bayrağı da, dəniz sahilində bir stulun kölgəsinə sığınan bir qocanın saçını da, gözdən uzaq bir məhəllədə “beşdaş” oynayan kiçik qızcığazın köynəyinin ətəyini də eyni həvəslə yelləyən şəhər. Bu şəhərin küləyi adama bəzən həyatın əsl üzünü xatırladır: dəyişkən, sərt, nəvazişli, azacıq da laqeyd.

Külək hər zaman hərəkət daşıyıcısı olub. Fizikadakı təbiri unudaq, ruhun dili ilə desək, külək dəyişimin özüdür. Hər küləkli gün insanın içində nəyisə oyadır - keçmişi, arzusunu, ya da sadəcə unudulmuş bir cümləni. Küləkli bir gündə düşünürsən: nə üçün bu qədər tələsirdik? Kimdən bu qədər qaçırdıq? Özümüzdənmi?

Uşaqlıqda küləkli günlərin sirri, sehri bir başqa idi. Pəncərə şüşəsinin o tayından baxdığım dəqiqələrdə ağacların budaqları sanki göylərə yalvarırdı, nəsə demək istəyirmiş kimi. Küçələrdə uçuşan qəzet parçaları bir zamanlar oxunmuş və sonra unudulmuş xəbərlərin sonuncu rəqsini oynayırdı. O vaxt anlamırdım ki, külək əslində bir tarix daşıyır. O, ötüb keçən hər nəfəsi, hər nəfəsiylə bir ruh halını gəzdirir özündə. İndi isə küləkli günlərdə içimdə qəribə bir sakitlik olur. Sanki təbiət özü mənə deyir: “Əl saxla, dinlə. Tələsmə”.

İnsanlar bəzən küləkdən şikayət edirlər. Saçlarını dağıtdı deyə, səsləri eşidilməz etdi deyə. Amma bəlkə də, külək bizə həqiqi sükutun nə olduğunu xatırladır. Çünki küləkli bir gündə əsl səssizlik də mümkündür. O səssizlik ki, içində yalnız düşüncənin səsi var. Heç fikir vermisinizmi, insan küləkli havalarda içindəki səsi daha çox eşidir. Çünki külək xarici səsləri azaldır, daxili səsləri isə oyadır.

Qəribədir Bakı küləyi. Bəzən cənubdan əsər, ilıq dalğalarla gələr. Bəzən isə şimaldan - soyuq, sərt. Amma bu şəhərdə küləksiz bir həyat təsəvvür etmək mümkünsüzdür. Külək Bakının ritmidir. O, sadəcə hava axını deyil, həm də bu şəhərin ruhudur. Elə bil dənizlə dağ arasında sıxışıb qalmış bu torpaq nəfəs ala bilmək üçün hərdən dərindən bir ah çəkir, nəfəsini havaya verir. Biz adına “külək” deyirik.

Bəzən düşünürəm ki, külək insanları bir az da özünə oxşadır. Bir qədər narahat, bir qədər sərbəst, bir qədər də sadiq... Özünü sevdirməyə çalışmadan, istədiyi yerdə görünən, heç kimə hesab verməyən bir varlıq. İnsan da belə deyilmi?! Ruhumuzda əsən minlərlə külək var. Birini sevinclə qarşılayırıq, digərindən qorunmağa çalışırıq. Amma hər biri bizə kim olduğumuzu, hansı duyğuların çuxurunda itib-batdığımızı göstərir.

Bir küləkli gündə yazı yazmaq küləyin dilinə çevrilməkdir həm də. Yazıçının qələmi külək kimi davranmalıdır: sərbəst, nəvazişli, amma bir az da sərt. Sözlər də külək kimi səssiz gələr, amma oxucunun ruhunda burulğan yarada bilər. Küləkdən danışmaq həyatdan danışmaqdır. Çünki həyat da külək kimidir: gözlə görünmür, amma hiss olunur; tutmaq olmur, amma təsir edir; səssizdir, amma bir ömür boyu eşidilir.

İyun küləyi başqa cür əsir. Baharın xəfif hərarətini daşıyır, amma yayın həsrəti də var batinində. Hələ istilər tam başlamayıb, təbiət bir az tərəddüddədir. Sanki külək də bu tərəddüdü öz səsində daşıyır - getməkmi, qalmaqmı? Soyutmaqmı, isitməkmi?

Bakı küləkləri bir məktəbdir - səbir, yaddaş və azadlıq məktəbi. Bu şəhərdə yaşayıb küləklə dostlaşmayan insan yox deyiləcək qədərdir, yəqin ki. Hər kəsin bir külək xatirəsi var. Kimisi ilk dəfə sevgilisinin saçının dağınıqlığını bu şəhərdə görüb, kimisi də küləkdə anasının pencəyindən tutmağa çalışıb uşaqkən. Kiminin əlindən şarını, kiminin əlindən oxuduğu qəzetin ən maraqlı səhifəsini, kiminin də sonuncu çörək pulunu alıb qaçıb bu sərsəri küləklər.

Əslində, insan özü də bir az külək kimidir. Haradan gəldiyini, hara gedəcəyini bilmir. Amma keçdiyi hər yerdə bir iz buraxır. Kiminsə saçında, kiminsə ruhunda. Bakının küləkli səhərinə oyanmaq həm düşünmək, həm unutmaq istəyidir. Bu şəhər insana deyir ki, keçmiş əsdi getdi, gələcək isə hələ gəlməyib... Arada qalan bircə bu anlardır. Və bu anların küləklə çulğalaşmış poetik sakitliyidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 05 İyun 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri