Lavrovun “Taleyranlığı”, yaxud Ermənistan üçün ambient
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycan daha 30 il əvvəlki deyil!
Əlbəttə, Xarici işlər naziri Sergey Lavrov Ermənistana Rusiyanın hay sevgisini ifadə etmək üçün yollanmamışdı. Bəri başdan deyək ki, yazımızda səfərin yalnız bir məqamı üzərində dayanacağıq.
Ondan başlayaq ki, İrəvanın Moskvaya hazırkı, yumşaq desək, pis münasibətini ermənilərin Lavrovu əllərində Rusiya Prezidenti Vladimir Putinə ünvanlanmış təhqiramiz şüarlar və lövhələrlə “qarşıladıqları” sübuta yetirir. Ancaq “Kremlin Taleyranı”nın belə “nəzakət nümunələrinə” “qarnı toxdur”. Onun şəxsində təmsil etdiyi ölkənin Ermənistana mesajı isə budur: Səni sevəcəyəm, sən sevməsən də. Hərçənd, Lavrov İrəvanda “həm sevəcəyəm, həm də söyəcəyəm” dedi, Ermənistanı uşaq kimi danladı. Obrazlı desək, meymunun çox istədiyindən balasını yediyini bilirik. “Əmması” budur ki, Ermənistan nəinki “bala” olmaq istəmir, habelə, özünü heç uşaq kimi də aparmır.
Bəli, Rusiyanın baş diplomatının İrəvanda səsləndirdiyi fikirlərin, demək olar ki, hamısı ikibaşlı xarakter daşıyırdı. Hesab edirik ki, o, dilə gətirdiklərinin fərqindədir. Çünki çox təcrübəlidir və “adamı bir qaşıq suda boğar”. Amma, İrəvanda “boğulan” tərəf Lavrov idi və sonda fikrimizə aydınlıq gətirəcəyik.
Ermənistanda Lavrova sual şəklində ünvanlanmış qəribə gileylərdən biri bu idi: Azərbaycan 44 günlük müharibədə Ermənistanı rus silahları ilə məğlubiyyətə uğradıb. Hesab edirik ki, belə yanaşma ilk dəfədir səslənir. Bir qayda olaraq, haylar Türkiyənin və İsrailin Azərbaycanı silahlandırdığını deyirlər. Görünür, təzə anti-Rusiya tezisi tapıblar. Yaxud bu tezis onlara yeni verilib. Çünki Lavrova sual verən media təmsilçisinin məqsədi aydındır – Rusiyanı Ermənistanla bağlı mənəvi müstəvidə qınamaq. Ancaq təcrübəli diplomata saxta sentimentalizmin elementləri ilə təsir göstərmək mümkünsüzdür. Necə deyərlər, “Moskva göz yaşlarına inanmır”.
Onu da deyək ki, Lavrov “Moskvadan” daha qəddardır və deyir ki, bütün dünya rus silahından istifadə edir, hətta Mozambikin bayrağında “Kalaşnikov” avtomatının təsviri yer alır. Yəni, rus silahından istifadə edən təkcə Azərbaycan deyil. Hesab edirik ki, diplomatın cavabı yalnız bundan ibarət olmalı idi. Baxmayaraq ki, Moskva-İrəvan strateji müttəfiqliyi var. Amma...
Lavrovun qəddarlığı vaxtilə Ermənistanın özünə məxsus olmayan və heç zaman tanımadığı həm Qarabağı, həm də bölgəyə bitişik yeddi rayonu məhz rus silahı ilə ələ keçirdiyini deməsidir. Birincisi, Ermənistan Qarabağı və digər Azərbaycan rayonlarını tanımırdısa, deməli özününkü bilmirdi. O zaman həmin rayonları “doğma” sayan hansı tərəfdir? Ortada rus silahı varsa, deməli, söhbət Kremldən gedir. Hər halda, Ermənistan Mozambik deyil. Bəlkə Qarabağ məsələsi Rusiyanın özünə lazım imiş? Sualımız ritorikdir.
Nəzərə alaq ki, Birinci Qarabağ müharibəsində təkcə rus silahı “danışmamış”, eyni zamanda, rus hərbçiləri bilavasitə hərbi əməliyyatlara rəhbərlik etmiş, ermənilərin tərəfində döyüşmüşdülər. Fikrimizin sübutu kimi, Xocalı faciəsinin sovetlərin 366-cı motoatıcı alayının əli ilə törədildiyini vurğulaya bilərik. Amma bu, ilk və son fakt deyil. Tanınmış telejurnalist Aleksandr Nevzorovun xatirələrindən məlum olur ki, Rusiyanın ali xüsusi təyinatlıları sayılan Pskov desantları da müharibəyə qatılmışdılar. Jurnalist ermənilərin onların köməyi ilə azərbaycanlı döyüşçüləri sıxışdıra bildiklərini və itki verməyə məcbur etdiklərini vurğulayıb.
İkinci məqama diqqət yetirək. Əlbəttə, Qarabağ məsələsi Rusiyaya lazım idi. Postsovet məkanının digər nöqtələrindəki konfliktlərdə də Kremlin əlinin olduğu danılmazdır. Amma Qarabağ erməni qövmü üçün ideoloji əhəmiyyət kəsb edirdi və yenə bu baxış “aktuallığını” saxlayır. Axı haylar hər zaman Azərbaycan torpaqlarına ərazi iddiası irəli sürüblər. Bu da bir faktdır ki, onların avantürizmi gerçəkləşdirmək üçün üz tutduqları ünvan Moskva olub. Prinsip etibarilə, hər iki tərəfin mənafeləri uzlaşıb.
***
Bəli, ermənilərin Cənubi Qafqaz müstəvisində əldə etdikləri hər bir ərazi və digər üstünlükdə rus varlığının müstəsna rolu var. Ancaq tarixin müxtəlif dövrlərində ruslar məsələyə özlərinin daxili işləri kimi yanaşıblar. Ona görə Azərbaycan xalqının reallığa müqavimət potensialında zəiflik müşahidə edilib. Üstəlik, sapı özümüzdən olan baltaların “əməyini” də deməliyik.
Məlumdur ki, Azərbaycan torpaqları hesabına Ermənistana ərazi hədiyyələri 1969-cu ilin ortalarınadək davam edib. Buna ciddi müqavimət ulu öndər Heydər Əliyevin respublikamızda rəhbərliyə başlamasından sonra olub. Təsadüfi deyil ki, dahi liderin 1987-ci ildə sabiq SSRİ-dəki hakimiyyət olimpindən uzaqlaşdırılması ilə ermənilərin ərazi iddiaları vüsət almağa başlayıb. Sonra yaşananlar hər birimizə məlumdur. Azərbaycan torpaqlarının işğalı və bir milyona yaxın vətəndaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkumluğu da həmçinin.
Birmənalı şəkildə deyə bilərik ki, xalqımız erməni işğalına qarşı mübarizə aparıb. Bunun nəticəsində 1988-ci ildə start götürmüş və Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsini nəzərdə tutan “Miatsum” cəfəngiyyatı sonradan forma və məzmununu dəyişərək, “Dağlıq Qarabağın müstəqilliyi” kazusuna əsaslanmışdı. Yəni, ilk hərbə-zorbalıq keçməmişdi.
Erməni millətçilərinin Qarabağ avantürasına Rusiya da, sabiq SSRİ rəhbərliyi də dəstək göstərmişdi. İkinci özünü qətiyyətsiz aparmaqla və hay quldurlarının hərəkətlərinə göz yummaqla, guya, barışdırıcı mövqe tutmaqla, birinci isə açıq şəkildə Ermənistanı silahlandırmaqla, hətta onun tərəfində hərbi əməliyyatlarda iştirak etməklə.
Xalqımızın erməni qəsbkarlığına qarşı mübarizəsi nə üçün nəticə vermədi? Bunun bir səbəbi Rusiyanın Ermənistana aşkar dəstəyi nəticəsində qüvvələr nisbətinin qeyri-bərabərliyi, digər səbəb müstəqil Azərbaycanda dövlət aparatının zəifliyi, daxildə hərc-mərcliyin baş alıb getməsi idi. Lakin ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanda hakimiyyətə gəldikdən sonra ermənilərin bütün planları pozuldu.
Ulu öndər, ilk növbədə, Rusiya ilə münasibətləri qaydasına saldı. Müəyyən mənada, Moskvanın neytrallığı təmin edildi. Nəticə etibarilə, 1994-cü ildə Bişkek protokolu imzalandı və atəşkəs əldə olundu. Ən başlıcası isə Ümummilli lider Qarabağ məsələsinə sabiq yalnız SSRİ-nin daxilindəki konflikt baxışını dəyişdi, böyük məharətlə münaqişəni beynəlxalq arenaya çıxardı.
Ulu öndər Heydər Əliyev Qarabağ məsələni xarici aləmə Azərbaycanın haqq davası kimi tanıtdı. Bu, son dərəcə böyük diplomatik uğur idi. Artıq ölkəmizə münasibətdəki hərbə-zorbalıq ritorikası sıradan çıxmışdı. Çünki dahi şəxsiyyət həm Azərbaycanı beynəxalq məkanın həqiqi üzvünə çevirmiş, həm də respublikada güclü dövlət quruculuğuna start vermişdi. Prezident İlham Əliyev isə Ulu öndərin Qarabağ davasını daha da möhkəmləndirmişdi.
Dövlətimizin başçısı ölkəmizin iqtisadi yüksəlişi fonunda həmin dava naminə hücum diplomatiyasına üstünlük vermişdi. Bu diplomatiya Ermənistanı daimi təzyiqdə saxlayır, rəsmi İrəvanın manevr imkanlarını məhdudlaşdırırdı. Qarşı tərəfin əsəbləri tarıma çəkməsi ilə qoşunların təmas xəttində atəşkəsin pozulması halları artırdı. Bir sözlə, Ermənistan vəziyyətlə barışmadığını göstərirdi.
Azərbaycan dövləti də torpaqlarımızın işğalda qalması ilə barışmayacağını daha əmin şəkildə vurğulayırdı. Bütün bunlar Rusiyanın da tərkibində yer aldığı ATƏT-in Minsk qrupunun vasitəçilik adı ilə apardığı ermənipərəstlik oyununun davam etdiyi bir şəraitdə yaşanırdı.
Atəşkəsin daha böyük miqyasda pozulması özünü 2016-cı ilin Aprel döyüşləri zamanı göstərdi. Məhz bu müharibə bir həqiqəti ortaya çıxardı: Azərbaycanın güclü ordusu var.
Bıçaq sümüyə dirənmişdi. Bir tərəfdən Azərbaycanın qüdrətinin artması ilə yanaşı, beynəlxalq mövqeləri güclənir, dünyanın ölkəmizlə hesablaşma bağlarının sayı artır, digər yandan hücum diplomatiyası daha konkret hədəfləri nişan alırdı. Nəhayət, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi və iqtidara Qərbpərəst Nikol Paşinyan gəldi. Paşinyanın Qarabağ danışıqlarında hansı mövqe tutduğu, onun sərsəmləmələrinin 44 günlük müharibəyə və rüsvayçılığa gətirdiyi aydındır.
***
Bəzən deyilir ki, Paşinyan hakimiyyətə gəlməsəydi və Ermənistan Rusiyanın orbitindən çıxmasaydı, Moskva Azərbaycanın Qarabağ aktivliyinin qarşısını kəsərdi. Əslində, belə deyimlərin heç bir əsası yoxdur. Çünki haqqında söz açdığımız hücum diplomatiyası onsuz da rəsmi İrəvanı dalana dirəmişdi. Tam əminliklə demək olar ki, Serj Sarkisyan hakimiyyətdən getməsəydi, onun Ermənistanı da Nikolun Ermənistanının yaşadığı aqibətlə üzləşəcəkdi. Nəzərə alaq ki, Rusiyanın hesablaşmalı olduğu həqiqətlər var və onlar həmişə olub. Azərbaycan isə siyasətini bu amili nəzərə alaraq qururdu.
Bu yerdə Rusiyanın XİN rəhbərinin vaxtilə Avropa İttifaqının Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan tərəfində keşik çəkən mülki müşahidə missiyasını “regionda əlavə qıcıqlandırıcılar” adlandırmasını yada salaq. S.Lavrov da ona ünvanlanmış suala əlavə rəng qatdı.
Axı Bakı ilə İrəvan sülh müqaviləsi mətninin bütün bəndlərini razılaşdırıblar. Bu gedişlə Ermənistan ölkəmizin barış sazişinin imzalanması üçün irəli sürdüyü iki şərti də qəbul edəcək. Lavrov isə İrəvana gedib subliminal şəkildə hayların yadına keçmişi salır...
Sözümüz ondadır ki, indiki məqamda Rusiya XİN başçısı fikirlərinə, ifadələrinə diqqət yetirsə, daha faydalıdır. Çünki Ermənistan 5 il əvvəlki Ermənistan olmadığı kimi, Azərbaycan da 30 il qabaqkı Azərbaycan deyil. Yəni, hazırkı Ermənistanı otuz il əvvəlki Ermənistanın işğalçılıq ovqatı ilə motivə etmək və ələ almağa çalışmaq tam gərəksizdir.
Lavrov Ermənistana Rusiyanın nəhəngliyini göstərmək istəyirsə, “musiqisini” hayların Qarabağ rekviyeminin, yaxud ambientinin notları üzərinə kökləməməlidir. Ermənistan cəmiyyətindəki revanşist və şovinist ovqatı körükləməyə ehtiyac yoxdur. Moskva hay müxalifətini hərəkətə gətirmək istəyirsə və ya Ermənistanı hansısa formada yenidən öz orbitinə qaytarmağı arzulayırsa, bunun başqa sivil üsullarını düşünməlidir.
Sonda haqqında söz açacağımızı bildirdiyimiz məqama keçid alaq. Daha doğrusu, “adamı bir qaşıq suda boğan” Lavrovun “boğulan” tərəf kimi görünməsinə. Belə qənaətə gəlirik ki, həm Rusiya XİN rəhbərinin Ermənistana səfəri, həm də onun barəsində bəhs etdiyimiz açıqlaması gözlər önündə boğulan birinin saman çöpündən yapışması mənzərəsini canlandırır. Əlbəttə, daha böyük mənzərə Rusiyanın kiçik Ermənistan qarşısındakı acizliyidir. Moskvanın İrəvana avantürizm vədi nəinki acizlik, eyni zamanda, rəzillik və miskinlikdir.
Ən sonda “Kremlin Taleyranı” ifadəsi üzərində dayanaq. Tam rahatlıq üçün bildirək ki, Lavrov inciməsin, amma o, Napalyon Fransasının Xarici işlər naziri Taleyran deyil və ola da bilməz. Çünki ikinci vaxtilə məğlub Fransanın müharibədən itkisiz çıxmasına səbəb olmuşdu. Lavrovun şəxsindəki Rusiya isə 44 günlük müharibə məğlubu Ermənistana Kremlin təhlükəsizlik çətirini vəd etməklə, ölkənin yalnız illüziya bataqlığındakı yerini möhkəmləndirə bilər ki, bunun bir yeganə perspektivi var - iflas.
Ə.CAHANGİROĞLU
XQ


