Levon Ter Petrosyan dilə gəlib: dəstək bəyanatı, yoxsa cılızlıq?
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Nikol Paşinyan qeyri-etik danışırsa...
Deməli, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan sükutu pozub. O, baş nazir Nikol Paşinyanın qeyri-etik və söyüş xarakterli ritorikası ilə bağlı Ermənistan Jurnalistlər İttifaqının müraciətinə münasibət bildirmək qərarına gəlib və bəyanat verib. Ter-Petrosyanın bəyanatına qayıdacağıq. Hələlik isə Ermənistan Jurnalistlər İttifaqının nə üçün Paşinyana qarşı çıxdığına nəzər salaq.
Məsələ ondadır ki, sözügedən qurum Baş nazirlə jurnalist Hripsime Jebejyan arasındakı insidentə fokuslanıb. Daha ətraflı desək, Nikolun hökumətin iclasından sonra keçirdiyi brifinq zamanı Jebejyan Paşinyana parlamentdə istifadə etdiyi ifadələrin etik normalara uyğun olmadığını bildirib. Jurnalist, həmçinin Baş nazirin son səkkiz il ərzində siyasi rəqiblərinə qarşı müxtəlif zorakılıq təhdidləri səsləndirdiyini, o cümlədən onları döyməklə, asfaltı yalatdırmaqla hədələdiyini, əvvəlki brifinqdə lazım gələrsə, hamının əllərini stulla sındıracağını söylədiyini xatırladıb. Nikol isə cavabında Jebejyanı, eyni zamanda, müxalif siyasi qüvvələri hərbi panteon olan Yerablurdan siyasi məqsədlər naminə yararlanmaqda ittiham edib, bu azmış kimi, jurnalistə qarşı təhqiramiz sözlər işlədib, onu və təmsil etdiyi siyasi dairələri alçalıb. Yəqin o, Jebejyanın siyasi sifarişi haradan aldığını bilməmiş deyil...
* * *
Ermənistan Jurnalistlər İttifaqı bəyan edib ki, Paşinyan təkcə siyasi opponentlərinə və tənqid yolunu tutan vətəndaşlara deyil, həm də onun mövqeyini qeyd-şərtsiz bölüşməyən, narahat suallar ünvanlayan media nümayəndələrinə qarşı da aqressiv davranır. Təşkilatın mövqeyinə görə, media orqanlarına, jurnalistlərə və ictimai xadimlərə məhkəmə qərarları ilə tətbiq edilən, beynəlxalq standartlarla müqayisədə qeyri-mütənasib və presedentsiz cərimələr də hakimiyyətin təzyiq siyasətinin tərkib hissələridir.
Ermənistan Jurnalistlər İttifaqının bəyanatında Baş nazirin jurnalistlərə qarşı təhdid, təhqir, hədə-qorxu və əsassız ittihamlardan istifadə etməklə, faktiki olaraq, onlara müharibə elan etdiyi də vurğulanıb. Qurum hakimiyyəti jurnalistlərə qarşı düşmənçilik ritorikasına dərhal son qoymağa, onların peşə fəaliyyətlərini nüfuzdan salmaq və qorxutmaq cəhdlərindən çəkinməyə, jurnalistlərin mövqeyindən asılı olmayaraq, onlara hörmətlə yanaşmağa çağırıb.
İttifaq xüsusi olaraq vurğulayıb ki, jurnalistlə qeyri-etik rəftar yalnız konkret şəxsin hüquqlarının pozulması deyil, həm də söz azadlığına və demokratik cəmiyyətin fundamental dəyərlərinə qəsddir. Beynəlxalq tərəfdaşlara və jurnalist təşkilatlarına çağırışın ünvanlandığı bəyanatın sonunda belə bir ritorik sual yer alıb: xarici ölkələrdə dövlət başçısı jurnalistlərlə bu cür hörmətsiz, təhqiramiz və hədələyici tərzdə danışsaydı, buna münasibət necə olardı?
Yeri gəlmişkən, Ermənistan Jurnalistlər İttifaqının noyabrın 19-da yaydığı bəyanata noyabrın 21-də Avropa Jurnalistlər Federasiyası münasibət bildirib. Federasiya Paşinyanın jurnalistlərə qarşı düşmənçilik ritorikasını pisləyib və Ermənistan hakimiyyətini belə davranışlara son qoymağa çağırıb. Vəssalam, yalnız belə bir növbətçi bəyanat. Görəsən niyə?
Əlbəttə, Qərb dünyası Paşinyanı “topa tutan” deyil, çünki onu özününkü sayır. Digər yandan, dünyada və Avropada Ermənistan Jurnalistlər İttifaqının, əslində hansı siyasi düşərgənin zay məhsulu olduğunu bilirlər. Elə qurumun sədri Satik Seyranyanı da yaxşı tanıyırlar. O Seyranyan ki, siyasi və ictimai fəaliyyətinə, rəhbərlik etdiyi media qurumunun mövqeyinə, eləcə də təşkilatın son illərdə hakimiyyətlə münasibətlərinə diqqət yetirmək lazımdır.
* * *
2017-ci ildən İttifaqın sədri olan Seyranyan 2004-cü ildən “168 Jam” qəzetinin və “168.am” saytının baş redaktorudur. Bu şəxs 2012-ci ilin parlament seçkilərində deputatlığa namizədliyini irəli sürmüşdü. 2018-ci ildə Ermənistanın o zamankı prezidenti Serj Sarkisyanın sərəncamı ilə jurnalistika sahəsində xidmətlərinə görə “Movses Xorenats” medalı ilə təltif olunmuşdu. O, 2019-cu ildə Paşinyan hakimiyyətinin media ilə münasibətlərini tənqid edən mövqedə dayanmış, ittifaqın 2022-ci ildə düzənlənmiş son qurultayında rəhbəri olduğu təşkilatı dörd ilin “müqavimət divarı” adlandırmışdı. Yəni söhbət iqtidara qarşı müqavimət divarı olmaqdan gedir. Deməli, hər şey aydındır. Elə L.Ter-Petrosyanın Seyranyana qahmar çıxmasının səbəbi də.
Levon Ter-Petrosyanın Ermənistan Jurnalistlər İttifaqının müraciətinə dəstək xarakterli bəyanatında bir vacib nüans var. Əvvəlcə isə S.Seyranyanın birinci prezidentə dəstəyinə görə təşəkkürünü bildirdiyini deyək. O da məlumdur ki, 2019-cu ildə həmin Seyranyanın ölkənin ikinci prezidenti Robert Koçaryanla gizli şəkildə görüşməsinə dair məlumatlar yayılmışdı. Bir sözlə, adamın siyasi baxışları aydındır və ona görə də L.Ter-Petrosyanın onun rəhbərlik etdiyi qurumun müraciətini “böyük məmnuniyyətlə oxumasında” təəccüblü nə isə yoxdur. Təəccüblü olan Ermənistanın birinci prezidentinin bildirdiyi digər fikirlərdir. Anonsunu verdiyimiz vacib nüansa gəlincə, L.Ter-Petrosyan deyib ki, ölkəsinin heç bir rəhbəri indiyədək xalq qarşısında belə vulqar davranış nümayiş etdirməyi özünə rəva bilməyib.
“Onun (Baş nazir Nikol Paşinyanın - redş) yaratdığı real Ermənistan məhz belə görünür”, - deyən sabiq dövlət başçısı Ermənistanda baş verən hadisələri izləyən beynəlxalq insan hüquqları təşkilatlarının Jurnalistlər İttifaqının müraciətinə lazımi qiymət verəcəklərinə, götürülmüş demokratik öhdəlikləri tapdalayan Nikolun davranışlarına göz yummayacaqlarına ümid bəslədiyini vurğulayıb.
* * *
Ter-Petrosyan haqlıdır. O mənada haqlıdır ki, indiyədək Ermənistanın heç bir lideri Nikol kimi vulqar ifadələrə üstünlük verməyib. Məsələ ondadır ki, Levon da daxil, ölkəni idarə edənlərin hamısı, böyük ölçüdə, quldur olublar və hazırda Paşinyan həmin quldurların parlamentdə əyləşmiş nümayəndələrini “xoş sözlərə qonaq edir”. Ona görə “qonaq edir” ki, bu quldur sürüsü sülh istəmir, əllərinə düşən hər fürsətdə barış mühitini sarsıtmaq yolu tutur, xalqı iqtidara qarşı barışmazlığa səsləyirlər. İndi daha “aktivdirlər”. Buna səbəb Ermənistanın yeni konstitusiya layihəsidir.
Layihənin cəmiyyətə açıqlanacağına dair xəbər yayılandan onlar sənədi gözdən salmaq üçün hər cür cəfəngiyyat uydururlar. Paşinyanı qəzəbləndirən elə budur. Əlbəttə, demək istəmirik ki, Nikol dövlət başçısına yaraşmayan danışıq üslubu seçməklə düz edir. Əsla, belə deyil. Başlıca məqam onun üslubunun, bütövlükdə, Ermənistan cəmiyyətinin başa düşdüyü tərz olduğunu vurğulamaqdır.
L.Ter-Petrosyanı məhz belə bir acınacaqlı durumun mövcudluğu düşündürməlidir. Amma düşündürmür, hadisə və proseslərə gendən yanaşmayaraq cılızlıq edir.
Bəli, L.Ter-Petrosyan cılızdır, neçə aydır davam edən susqunluğunu, guya, söz və ifadə azadlığına basqı xüsusunda pozurmuş kimi saxta təəssürat formalaşdırır. Axı adamın deyəcək sözü, bildirəcək fikri qalmayıb ki, fərqli nə isə dilə gətirsin. Hər halda, danışmasa, “yuxudan ayılmasa” daha yaxşı olardı. Onsuz da qabaqdan qış gəlir, onu başa düşmək olardı. Danışmaqla siyasətçi kimi faciəvi durumda olduğunu göstərir. Başqa heç nə.
Əvəz CAHANGİROĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 24 Noyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















