Icma.az
close
up
RU
Maaşlar saathesabı veriləcək

Maaşlar saathesabı veriləcək

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycanda Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi planlaşdırılır. Bunlardan ən vacibi saatlıq əməkhaqqı sisteminin tətbiqidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, məsələ ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub. Məlumata görə, Məcəllədə, həmçinin məsafədən işin hüquqi tənzimlənməsi, eyni dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi və ailə üzvləri olan işçilərlə qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması kimi mühüm məsələlər də öz əksini tapacaq. Normativ hüquqi aktların layihələri əvvəlcə aidiyyəti dövlət orqanları ilə razılaşdırılır və bu prosesin tamamlandığı sənədlər Nazirlər Kabinetinə təqdim olunur. Artıq bəzi layihələr razılaşdırılaraq təqdim edilib, digərləri isə hələ razılaşdırılma mərhələsindədir.

Hazırda təqdim edilən sənədlərə müvafiq qaydada baxılır.

Minimum aylıq əməkhaqqı işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Əməyin qiymətləndirilməsini təmin edən bu siyasətin əsas məzmunu işçilərin həyat şəraitini yüksəltməyə, yoxsulluq səviyyəsini azaltmağa və biznesin effektli olması yönündə stimul yaradılmasına xidmət edir. Azərbaycanda minimum əməkhaqqı, müvafiq qanunvericiliyə əsasən, ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Ölkəmizdə hazırda minimum əməkhaqqının məbləği 400 manat təşkil edir.

Azərbaycanda günlük iş saatı 8 saata bərabərdir və minimum əməkhaqqı üzrə maaşların hesablanması da həmin saat hesabı ilə tənzimlənir. Xatırladaq ki, minimum aylıq əməkhaqqı işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir.

Qeyd edək ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid bir neçə ildir müzakirə edilir. Xarici ölkələrdə saatlıq əməkhaqqı sistemi geniş yayılıb və bu sistem hüquqi baza, sosial təminat və vergi mexanizmləri ilə dəqiq şəkildə tənzimlənir. ABŞ-da saatlıq əmək haqqı “Fair Labor Standards Act” qanunu ilə tənzimlənir. Federal minimum əməkhaqqı 2024-cü ildə 7,25 dollar olsa da, bir çox ştatlarda bu göstərici daha yüksəkdir. Həftədə 40 saatdan artıq iş üçün 1,5 əmsal “overtime” ödənişi verilir. Saatlıq və maaşlı işçilər eyni sosial təminat haqları ilə əhatə olunur.

Birləşmiş Krallıqda minimum saatlıq əməkhaqqı yaş qruplarına görə dəyişir və 2024-cü ildə 21 yaşdan yuxarı işçilər üçün 11 funtdur. Saatlıq işçilər də məzuniyyət və pensiya hüquqlarına malikdir.

Almaniyada saatlıq iş “Arbeitsrecht” və kollektiv müqavilələrlə tənzimlənir. Minimum əməkhaqqı 12 avrodur. Bu işlərdə vergi və sosial sığorta yükü azdır, sosial təminat sistemi geniş və əhatəlidir.

Skandinaviya ölkələrində rəsmi minimum maaş yox, kollektiv müqavilələrlə müəyyən edilən saatlıq əməkhaqları mövcuddur. Güclü həmkarlar ittifaqları və inkişaf etmiş sosial təminat sistemi sayəsində saatlıq işləyənlər də yüksək səviyyədə qorunur.

Millət vəkili Musa Quliyevin sözlərinə görə, saatlıq minimum əməkhaqqının müəyyənləşdirilməsinin müsbət tərəfləri çoxdur: “Bunun müsbət tərəfləri daha çoxdur. İnsanlar ay ərzində nə qədər işləyəcəklərini və gündə neçə saat işləyəcəklərini biləcəklər. Bu, daha proqressiv sistemdir. İnsanları istehsal vaxtını da tənzimləməyə daha çox imkan verəcək. Həmçinin bu, insanların məşğuliyyət dairəsini genişlənəcək. Bu gün insanlar günəmuzd 5-6 gün 6-8 saat işləyir. Ola bilər ki, sabah elə insan olacaq ki, ona 4 saat işləmək kifayət edəcək. Qalan 4 saatı başqası işləyə bilər. Onu işə götürmək məşğulluq baxımından da əhəmiyyəti olan məsələdir”.

Millət vəkili məsələnin ciddi ölçülüb-biçilməli olduğunu düşünür: “Qazancın məbləği nə qədər olacaq? Saatlıq minimum əmək haqqını müəyyənləşdirəndə sahibkara nə qədər yük düşəcəyini ölçüb-biçmək lazımdır. Avropada bu asandır. Çünki kifayət qədər inkişaf etmiş dövlətlər var. Biznes inkişaf edib, gəlirləri də çoxdur. Bizdə dövlət büdcəsindən bunu müəyyənləşdirmək çox asandır, olar. Amma sahibkarın yükünün nə qədər artıb-artmayacağı, onun bu yükü daşıya bilib-bilməyəcəyi, leqal əmək haqqına, leqal əmək münasibətlərinə təsirinin olub-olmayacağı kimi məsələlərin hamısı ölçülüb-biçilməlidir. Təbii ki, gec-tez bu sistemə keçəcəyik. İqtisadi səviyyə, güc mütləq sahibkarlığın inkişafı ilə bağlı hesaba alınmalıdır. Bu, sahibkarlığa mənfi təsir göstərə bilər. Təklif o demək deyil ki, dərhal qəbul olunacaq. Azərbaycan reallığı və yaxın perspektivlər nəzərə alınmaqla məsələyə baxmaq olar. İndi olmasa da, yaxın vaxtlarda bu sistemi tətbiq etmək mümkündür”.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bir sıra proqressiv ölkələrdə saathesabı maaş ödənişi artıq çoxdandır tətbiq olunur. Burada maaş ödəyərkən 1 saatlıq ödəniş məbləği müəyyən edilir: “Saatlıq minimum əməkhaqqı sistemi dünyanın bir çox ölkələrində tətbiq edilir. Burada işçilərin işlədiyi saatın müqabilində maaş alması nəzərdə tutulur. Dövlət tərəfindən saatlıq minimum əməkhaqqı müəyyən edilir. Yəni iş adamları müqavilə bağlayarkən işçiyə saatlıq minimum əməkhaqqından aşağı maaş ödəyə bilməz. Azərbaycanda isə aylıq minimum əməkhaqqı qaydası tətbiq edilir. Fikrimcə, bizdə də normal mexanizm olsa, saatlıq minimum əməkhaqqı sistemini tətbiq hesab etmək olar”.

İqtisadçının dediyinə görə, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərdə saathesabı hesablanma ilə bağlı yeniliklər var. Minimum saatlıq əməkhaqqına keçid zamanı maaş ödənərkən dövlət tərəfindən qanunvericiliklə 1 saatlıq ödəniş məbləği müəyyən edilir. Azərbaycanda da belə bir mexanizmin hazırlanacağı güman edilir. Lakin elə bir mexanizm hazırlanmalıdır ki, işçilərin hüquqları pozulmasın. Hazırda Azərbaycanda minimum saatlıq əməkhaqqı olduqca aşağıdır. Hazırkı minimum əməkhaqqını saat hesabına çevirsək, 1,79 manat təşkil edəcək. Bu, çox azdır. Əgər minimum saatlıq əməkhaqqına keçilərsə, bu, ən azı 2 dəfə artıq olmalıdır. Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələrdə minimum saatlıq əməkhaqqı 2 dollar ətrafındadır. Bu da indiki məzənnə ilə 3,4 manat edir. Belə bir yanaşma daha məntiqli olar”.

Ekspert bildirib ki, saathesabı minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı bəzi neqativ halların yaşanmaması üçün qaydalar detallı olmalıdır: “Özəl sektorda da, dövlət sektorunda da 1 aylıq minimum əməkhaqqından aşağı maaş vermək qadağandır. Amma saathesabı minimum əməkhaqqı müəyyənləşəcəksə, bu zaman işəgötürənlə işçi arasında sövdələşmələr mümkündür ki, 2-3 saatlıq işgünü yazılsın. Bu zaman işəgötürənin ödənişləri əslində azala bilər. Bu, qara maaşın, yəni nəzərə alınmayan maaşların yaranmasına da səbəb ola bilər”.

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, minimum əməkhaqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə verilən aylıq ən aşağı əməkhaqqı məbləğidir. Onun dəyişdirilməsi həm dövlət, həm də özəl sektorda çalışanların maaşlarına təsir edir. Belə ki, birincisi, ölkə üzrə heç bir işəgötürən bundan aşağı maaş verə bilməz, ikincisi isə, onun əsasında dövlət sektorunda, yəni büdcədən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları müəyyən edilir: “Söhbət, maaşları 19 pilləli vahid tarif cədvəli (VTC) ilə tənzimlənən təqribən 700 min nəfərdən çox işçidən gedir. Minimum əməkhaqqının aylıq mexanizmdən saatlığa keçirilməsi məsələsinə dair əvvəla qeyd edim ki, ölkədə minimal maaş göstəricisinə aid mövcud mexanizmin işlək xüsusiyyəti və təsiri əslində indikindən daha çox əhəmiyyət təşkil etməli, ondan heç bir sosial ayırma və vergi tutulmamalı, ümumiyyətlə minimum maaşın ölkədə əsas iqtisadi, sosial göstərici olaraq rolu birbaşa və həlledici xüsusiyyət kəsb etməlidir. Bundan ötrü isə qanunvericilyə dəyişikliklər etmək lazımdır. Minimum əməkhaqqı əgər ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı əməkhaqqı məbləği sayılırsa, sözügedən göstərici bunu həqiqətən tam mənada ehtiva etməlidir. Yəni o, əslində, aylıq deyil, iş saatına görə ödənilsə, yaxşıdır. Bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi”.

İqtisadçının sözlərinə əsasən, Əmək Məcəlləsində qeyd olunub ki, ölkəmizdə gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan, normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Lakin işçi bəzi hallarda müəyyən səbəblər üzündən bundan az və yaxud çox saat da işləyə bilir. Bu zaman, minimum əməkhaqqının saata görə deyil, standart ay üzrə ödənilməsi heç də ədalətli sayıla bilməz. Bu baxımdan da, iş saatına görə ödəniş həm işçi, həm də işəgötürən üçün daha mükəmməl mexanizm sayılır. Odur ki, ölkəmizdə də saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi zəruri görünür. Ancaq bunun nəticəsində büdcə sektorunda çalışanların maaşlarının əvvəlkindən daha çox artacağını gözləməyə dəyməz. Başqa sözlə, minimum əməkhaqqının aylıq deyil, saatlıq iş rejimi əsasında tətbiqi büdcə sistemində çalışanların maaşlarına indiyədək olduğundan artıq təsir etməyəcək və edə də bilməz.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov hesab edir ki, yeni sistemin tətbiqi üçün bu sahədə müzakirələr getməli, hesablamalar aparılmalıdır: “Bununla bağlı aidiyyəti qurumlar tərəfindən xüsusi hazırlıq görülməli, eyni zamanda qanunvericilik aktlarında da müvafiq dəyişikliklər edilməlidir. Məsələn, şərti olaraq 1 saatlıq iş üçün minimum 3 manat əməkhaqqı müəyyən edilsə, 22 iş günü götürsək, bu, ayda 500 manatı keçəcək. Bu zaman əhəmiyyətli dərəcədə maliyyə vəsaitləri tələb olunacaq. Dəyişikliklər qəbul edilərsə, dövlət büdcəsindən əlavə vəsait ayrılmalı, eləcə də kommersiya qurumları əməkhaqlarını əhəmiyyətli dərəcədə artırmalıdır”.

Xatırladaq ki, Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Qanunvericiliyə uyğun olaraq 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1901 saat təşkil edir.

Millət vəkili Vüqar Bayramov hesab edir ki, saatlıq minimum əmək haqqının tətbiq edilməsi vətəndaşların bir neçə yerdə çalışmasına və daha yüksək maaş almasına imkan verir: “Saatlıq minimum əmək haqqı praktikası bir sıra ölkələrdə tətbiq olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu praktikanın araşdırıldığı və tətbiqi imkanlarının müzakirə olunduğu bildirilmişdi. Saatlıq minimum əmək haqqının tətbiq edilməsi vətəndaşlarımızın bir neçə yerdə işləmə imkanları üçün vacibdir. Vətəndaşların bir neçə iş yerində çalışması onların yüksək əmək haqqı almasına gətirib çıxara bilər”.

Millət vəkili vurğulayıb ki, saatlıq minimum əmək haqqı tətbiq edən ölkələrin praktikası bunun işləyən vətəndaşların maaş artımına təsir göstərdiyini ortaya qoyur: “Saatlıq əmək haqqı xüsusilə də əmək müqaviləsi ilə çalışan vətəndaşların maaşına təsir edir. Digər tərəfdən, bu həm həftəsonu, həm də iş saatlarından sonra, o cümlədən bayram günü işləyən vətəndaşların daha yüksək tarifli əmək haqqı almasına, beləliklə də, onların maaşlarının artmasına gətirib çıxarır. Bu, həmçinin işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Çünki söhbət çalışılan hər saat üçün əmək haqqı ödənilməsi məsələsindən gedir. Ona görə də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğun olardı. Bu istiqamətdə müzakirələrin və təhlillərin aparılması, saatlıq iş rejiminə keçilməsi istisna deyil”.

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyun 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see165

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see124

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see122

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see118

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see117

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see114

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see114

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see113

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see113

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see112

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see112

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see112

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see112

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see111

Ekspert: Maskla münaqişə ABŞ ın orbit qruplaşmasını yerləşdirməsini çətinləşdirə bilər

10 İyun 2025 07:41see111

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri