Maraqlar toqquşması qanunu formal xarakter daşıyacaq RƏY
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Milli Məclisdə bu gün “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda qəbul edilib. Sənəd vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınmasını, onun nəticələrinin aradan qaldırılmasını, şəffaflığın və ictimai etimadın artırılmasını nəzərdə tutur.
Qanun layihəsinə əsasən, maraqlar toqquşması yarandıqda səlahiyyətlərin dəyişdirilməsi və ya məhdudlaşdırılması, kənar fəaliyyətə xitam verilməsi, xidməti vəzifələrdən kənarlaşdırılma, aktivlərin özgəninkiləşdirilməsi və məlumatlara çıxışın məhdudlaşdırılması kimi tədbirlər görülə bilər. Maraqlar toqquşması nəticəsində əldə edilən əmlak, imtiyaz və ya güzəştin dəyəri könüllü ödənilmədikdə, məhkəmə qərarı ilə dövlət nəfinə alınması nəzərdə tutulur. Qanun qəbul ediləcəyi təqdirdə, dərc olunduğu gündən altı ay sonra qüvvəyə minəcək.
Xatırladaq ki, bundan əvvəl, oktyabr ayında “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi də müzakirə olunaraq birinci oxunuşda qəbul edilmişdi. Hər iki sənədin əsas məqsədi vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadəsinin qarşısını almaqdır.
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli Sherg.az-a açıqlamasında bildirib ki, “Maraqlar toqquşması haqqında” qanun formal və dekorativ xarakter daşıya bilər.

Onun sözlərinə görə, maraqlar toqquşması beynəlxalq təcrübədə etik norma və davranış prinsipi hesab olunur. Ekspert ayrıca qanunla tənzimləmənin nə dərəcədə effektiv olacağına şübhə ilə yanaşır:
“Şəxsi qənaətimə görə, bu qanun daha çox formal, dekorativ xarakter daşıya bilər. Çünki maraqlar toqquşmasından müxtəlif yollarla və formal üsullarla yayınmaq mümkündür. Burada söhbət ondan gedir ki, müxtəlif əməliyyatlarda və biznes fəaliyyətində dövlət qurumlarında çalışan şəxslərin, deputatların, onların yaxın qohumlarının müvafiq layihələrə və dövlət proqramlarına cəlb olunmasının qarşısı alınsın.
Ailə üzvləri vasitəsilə hansısa idarəetmə sistemini nəzarətə götürmək də maraqlar toqquşmasına aid məsələlərdəndir. Məsələn, müxtəlif layihələr həyata keçirilərkən ən fundamental prinsiplərdən biri məhz maraqlar toqquşmasının qarşısının alınmasıdır. Layihələrə icraçıların yaxın ailə üzvlərinin və qohumlarının cəlb edilməsi yolverilməz sayılır. Xüsusilə də mühasibatlıq işlərinə və birbaşa maliyyə məsələləri ilə bağlı fəaliyyətlərə.
İndi isə qanunvericilikdə yaxın qohumların dairəsi müəyyən edilir və bu dairədən kənarda qalan şəxslər istisna olunur. Nəticədə həmin şəxslər dostlarının övladlarını, yaxınlarını və digər tanışlarını istədikləri layihələrə cəlb edə bilərlər. Üstəlik, bunu edərkən formal olaraq maraqlar toqquşmasının baş vermədiyini də iddia edə biləcəklər. Yəni maraqlar toqquşmasından yayınmağın çoxsaylı üsulları var. İstəyən şəxs bu məhdudiyyətləri müxtəlif yollarla keçə bilər”.
İ. Hüseynli hesab edir ki, maraqlar toqquşmasının qarşısını almaq üçün bu prinsiplər bütün dövlət qurumlarının, müəssisələrin və biznes strukturlarının fəaliyyətində ümumi etik norma kimi qəbul edilməlidir. Bununla belə, normanın icrasına necə nəzarət olunacağı və hansı nəticələr verəcəyi barədə indidən konkret fikir söyləməyin çətin olduğunu vurğulayıb.
“Vəzifədən sui-istifadə etməmək, tenderə çıxarılan iri layihələri dost-tanışa tapşırmamaq, öz yaxın çevrəsini qalib elan etməmək şərəf və ləyaqət işidir”, - deyə ekspert bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 24 Noyabr 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















