Qələbəyə ürəkdən inanan Babək FOTO
Icma.az bildirir, Ses qazeti portalına istinadən.
Babək Ənnağıyev şanlı tariximiz olan 44 günlük haqq savaşımızda yağıya qarşı son damla qanına qədər döyüşərək misilsiz fədakarlıq göstərib.
Ömür yolu yarımçıq qalsa da, qazanılan parlaq qələbəmizin qəhrəmanlıq simvoluna dönərək adını xalqımızın yaddaşına əbədi həkk edib. Babəkin ömür yolu qısa oldu, amma gələcək nəsillər də ondan örnək götürəcək.
Qanı bahasına torpağı Vətən edən şəhid Babək Ənnağıyev 1994-cü ildə Sabirabad rayonunun Qasımbəyli kəndində dünyaya göz açıb. Halal bir ailədə boya-başa çatan Babək həyatı dərk edəndən doğma Azərbaycanın hər qarşını özünə əziz bilib. Məhz buna görə də, erməni dığalarının Qarabağımızın işğalı ilə barışmayıb. Ürəyində mənfur düşmənə kin, nifrət bəsləyib, birinci arzusu qisa almaq olub. Orta məktəbi bitirib 2012-ci ildə ordu sıralarına, müqəddəsliyinə tapındığı Vətənin keşiyinə yollanıb.
Cəbhə bölgəsi sayılan, Qazax rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə şanlı forma geyinib. Bunda şərəf duyub, ilk gündən cəsurluğu, igidliyi, mərdliyi, yurda sədaqəti gənc əsgərin köməkliyinə gəlib və komandirlərin bütün tapşırıqlarını layiqincə yerinə yetirib. Daim nümunəvi xidməti, fədakarlığı ilə fərqlənən Babək qatıldığı təlimlərdə də əla döyüşçü keyfiyyətləri nümayiş edib. Beləcə, zabitlərin, əsgərlərin sevimlisinə çevrilən Babək Ənnağıyev 2014-cü ildə üzüağ evinə qayıdıb.
Babək heç cür evdə rahatlıq tapa bilməyib. Daim yağıya əsir düşən Vətənin bir guşəsi olan Qarabağı düşünüb. Dost-tanışa da deyib ki, müharibə olsa birinci özüm gedəcəyəm və son qarşı torpağın azad olunacağı günədək düşmənlə döyüşərəm.
Bəli, Vətən torpağının hər qarışı uğrunda döyüşə hazır duran Babək Ənnağıyev İkinci Qarabağ müharibəsi başlanan kimi onun harayına səs verənlərin birincisi olub. Ölüm-dirim savaşları gedən ən qaynar nöqtələrdə düşmənə sarsıdıcı zərbələr endirib. Nəticədə dığalar ciddi itkilərlə geriyə çəkilib. Daha sonra Cəbrayılın azadlığı uğrunda mərdliklə vuruşub, bir-birindən çətin döyüş əməliyyatlarında düşmənin çoxlu sayda hərbiçini, texnikasını məhv edib.
Babək hər dəfə müharibə meydanına girəndə qələbəyə ürəkdən inanıb. Məhz bu inamla da polad sinəsini yanar od edib düşmənin bağrını çatlayan igid Vətən oğlu Füzulidə sözün əsl mənasında tarix yazıb. Azad olunan ulu torpağın bağrına zəfər bayrağını sancandan sonra ağır yaralanıb və oktyabrın 7-də Vətən eşqi ilə döyünən ürəyi dayanıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda öz xidməti vəzifələrini, döyüş tapşırığını uğurla yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Babək Ənnağıyev Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Cəbrayılın azadlığına görə medallarla təltif edilib.
Şəhid Babək Oqtay oğlu Ənnağıyev öz qanı ilə Azərbaycanın yeni, şanlı tarixini yazan qəhrəmanlardandır. Qərinələr keçsə belə o, unudulmaz və əbədi qəlblərdə yaşayacaq.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı:40
Bu xəbər 24 Noyabr 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















