MEDİA Agentliyinin 5 ili: Dövlət media münasibətlərində yeni model
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan mediasında son illərdə müşahidə olunan keyfiyyət dəyişiklikləri və institusional yenilənmə təsadüfi və epizodik xarakter daşımır. Bu transformasiya Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli fərmanı ilə başlanan media islahatlarının ardıcıl və məqsədyönlü icrasının nəticəsi kimi formalaşıb. Uzun müddət fraqmentar, qeyri-sistemli və əsasən, maddi dəstək mexanizmləri üzərində qurulan media mühiti ilk dəfə vahid hüquqi, peşəkar və strateji çərçivəyə salınıb. Bununla da media yalnız informasiya ötürücüsü funksiyasından çıxaraq milli maraqların müdafiəsində və dövlətin beynəlxalq mövqeyinin möhkəmləndirilməsində institusional alət statusu qazanıb.
Bu prosesin mərkəzində Medianın İnkişafı Agentliyi – MEDİA dayanır. MEDİA Agentliyinin yaradılması dövlət-media münasibətlərində yeni idarəetmə modelinin formalaşmasına zəmin yaratdı. Əvvəlki dövrdə əsas prioritet sayılan birbaşa maliyyə dəstəyi mexanizmləri tədricən peşəkarlığın artırılması, rəqəmsallaşma və beynəlxalq standartlara uyğunlaşma ilə əvəzləndi. Nəticədə, media sektoru ölçülə bilən və strateji hədəflərə xidmət edən funksional ekosistem kimi formalaşmağa başladı.
Media islahatlarının dərinləşməsi
Bu transformasiyanın məntiqi ardıcıllığında Agentliyin beşillik fəaliyyəti sadəcə ayrı-ayrı təşəbbüslərin cəmi deyil, sistemli institusional yenilənmə xətti kimi çıxış edir. İslahatların ilkin mərhələsində media sahəsində boşluqların aradan qaldırılması, hüquqi və təşkilati əsasların yenilənməsi prioritetləşdirildi. Agentlik bu mərhələdə media mühitinin sağlamlaşdırılmasına, şəffaflıq, hesabatlılıq və ictimai məsuliyyət meyarlarının gücləndirilməsinə yönəlmiş mexanizmləri ön plana çəkdi. Bunun nəticəsi olaraq media fəaliyyətinin daha rasional, nəticəyönümlü və modern idarəetmə prinsiplərinə uyğun qurulması istiqamətində real irəliləyişlər əldə olundu.
Agentliyin beşillik fəaliyyəti konkret və ölçülə bilən nəticələrlə müşayiət olunur. Media Reyestrinin yaradılması informasiya bazarının şəffaflaşdırılması, peşəkar jurnalistikanın hüquqi legitimliyinin möhkəmləndirilməsi və dezinformasiyaya qarşı mexanizmlərin qurulması baxımından əsas dönüş nöqtələrindən biri kimi çıxış edir. Paralel olaraq jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, güzəştli ipoteka imkanları, vergi güzəştləri və layihə əsaslı maliyyə mexanizmləri medianın iqtisadi dayanıqlığının artırılmasına yönəlmiş addımlar kimi ön plana çıxır.
Peşəkar jurnalistikanın intellektual və analitik əsasda yenilənməsi
İslahatların mühüm istiqamətlərindən biri insan kapitalının inkişafı olub. ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təlim proqramları, yerli və beynəlxalq ekspertlərin cəlb edilməsi, eləcə də “Euronews Academy” kimi nüfuzlu platformanın ölkəyə gətirilməsi jurnalistikanın müasir peşə standartları əsasında yenilənməsinə xidmət edib. Bu yanaşma medianın yalnız texniki deyil, intellektual və analitik potensialının gücləndirilməsini hədəfləyib. Eyni zamanda dövlət qurumlarının kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi böhran və post-münaqişə dövründə informasiya idarəçiliyinin daha sistemli qurulmasına imkan yaradıb.
Agentliyin İcraçı Direktoru Əhməd İsmayılov bildirib ki, Agentliyin ADA Universiteti ilə uğurlu tərəfdaşlığı çərçivəsində təkcə ötən il 250-yə yaxın media nümayəndəsi üçün yerli və xarici ekspertlərin təlimçi qismində cəlb olunması ilə “Azərbaycan mətbuat tarixi”, “Media etikası”, “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik”, “Data Jurnalistikası”, “Media, miflər və yanlış təsəvvürlər: Mediada Süni İntellekti necə səmərəli şəkildə istifadə edə bilərik”, “Süni intellektin mediada tətbiqi”, “Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzularında təlimlər təşkil edilib.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov
Dövlət dəstəyi və dezinformasiyaya qarşı strateji yanaşma
Dövlət dəstəyinin yeni mərhələsi isə mediaya yanaşmanın yalnız sosial və maliyyə komponenti ilə məhdudlaşmadığını göstərdi. “Media haqqında” yeni Qanunun qəbulu və tətbiqi, reyestr mexanizminin işlək hala gətirilməsi, iqtisadi güzəştlərin genişləndirilməsi və layihə əsaslı maliyyələşmə modelinin təşviqi media sektorunun dayanıqlı inkişafı üçün daha çevik və bazaryönümlü model formalaşdırdı. Bu çərçivədə Agentliyin fəaliyyətinin məqsədi təkcə mövcud medianı qorumaq deyil, onu yeni texnologiyalar və dəyişən istehlak vərdişləri fonunda rəqabət qabiliyyətli instituta çevirmək kimi müəyyənləşdi.
Bu məntiqi xəttin davamı olaraq dezinformasiyaya qarşı mübarizə və informasiya təhlükəsizliyi Agentliyin əsas vəzifəsinə çevrildi. Qlobal rəqəmsallaşma fonunda informasiya mühitinin çirkləndirilməsi cəhdlərinin artması, Azərbaycan əleyhinə qarayaxma kampaniyalarının intensivləşməsi medianın funksiyasını genişləndirərək onu həm də strateji kommunikasiya və informasiya müdafiəsi aləti kimi aktuallaşdırdı. Beləliklə, milli media yalnız daxili auditoriyanın məlumatlandırılması ilə kifayətlənməyərək, beynəlxalq müstəvidə də həqiqətlərin çatdırılması və dezinformasiya dalğalarının neytrallaşdırılması missiyasını daşıyan aktora çevrilməyə başladı.
Dövlət-media münasibətlərində yeni model
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı və Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu APA-ya açıqlamasında bildirib ki, Medianın İnkişafı Agentliyinin fəaliyyət göstərdiyi beş il ərzində Azərbaycanda media sahəsində islahatların dərinləşdirilməsi, hüquqi bazanın təkmilləşdirilməsi və peşəkar jurnalistikanın təşviqi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb.
Onun sözlərinə görə, bu proses media mühitinin uzun illər mövcud olmuş nizamsız fəaliyyət modelindən çıxaraq sistemli, peşəkar, müasir dövrün tələblərinə cavab verən institut çərçivəsinə salınmasına xidmət edib: “MEDİA İnkişaf Agentliyinin əsas nailiyyətlərindən biri dövlətlə media arasında münasibətlərin yeni əməkdaşlıq modeli əsasında qurulmasıdır. Bu model artıq yalnız maddi dəstəyə əsaslanan yanaşmanı deyil, media sektorunun dayanıqlı inkişafını, güclənməsini və informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyən kompleks mexanizmləri ehtiva edir. Nəticə etibarilə, media subyektlərinin fəaliyyəti daha şəffaf, məsuliyyətli və peşəkar əsaslar üzərində formalaşmağa başlayıb”.
Vüqar Zifəroğlu vurğulayıb ki, Agentliyin prioritet fəaliyyət istiqamətlərindən biri “Media haqqında” Qanunun icrasının təmin edilməsidir: “Qanunun praktik tətbiqi informasiya məkanında mövcud olan nizamsızlığın aradan qaldırılmasına, peşəkarlıq meyarlarının ön plana çəkilməsinə və media subyektlərinin hüquqi statusunun dəqiqləşdirilməsinə mühüm töhfə verib. Bu proses eyni zamanda cəmiyyətin mediaya olan etimadının artmasına və informasiya istehsalında keyfiyyət meyarlarının güclənməsinə müsbət təsir göstərib”.
Media mühitinin sağlamlaşması, iqtisadi dayanıqlığın gücləndirilməsi
Ekspertin fikrincə, MEDİA-nın fəaliyyəti nəticəsində ölkədə media mühitinin sağlamlaşması prosesi sürətlənib.
“Dezinformasiyanın və qeyri-peşəkar fəaliyyətlərin qarşısının alınması, etik normaların təşviqi, keyfiyyətli və məsuliyyətli məzmunun üstün tutulması medianın ictimai məsuliyyətini əhəmiyyətli dərəcədə artırıb. Bu yanaşma medianın yalnız informasiya ötürücüsü deyil, həm də ictimai rəyin formalaşmasında məsuliyyət daşıyan institut kimi rolunu gücləndirib. MEDİA Agentliyi media subyektləri üçün müsabiqə mexanizmləri və maliyyə dəstəyi alətlərini formalaşdırmaqla sektorun iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə də xüsusi diqqət ayırıb. Layihə əsaslı maliyyələşmə mexanizmi tematik ixtisaslaşmanın genişlənməsinə, regional medianın inkişafına və sosial əhəmiyyət kəsb edən mövzuların daha dolğun və dərin şəkildə işıqlandırılmasına real imkanlar yaradıb”, - deyə o əlavə edib.
Ekspert əlavə edib ki, Agentliyin fəaliyyətində insan kapitalının inkişafı xüsusi yer tutur: “Bu çərçivədə media nümayəndələri üçün yerli və beynəlxalq peşəkarların iştirakı ilə mütəmadi təlimlər və seminarlar təşkil olunur. Həmin proqramlar jurnalistlərin peşə bacarıqlarının artırılmasına, rəqəmsal media alətlərinin effektiv istifadəsinə, faktların yoxlanılması mexanizmlərinin mənimsənilməsinə, eləcə də münaqişə və həssas mövzuların etik çərçivədə işıqlandırılmasına yönəlib”.
Vüqar Zifəroğlu qeyd edib ki, MEDİA Agentliyinin beşillik fəaliyyəti Azərbaycanda müasir, peşəkar və məsuliyyətli media mühitinin formalaşdırılması istiqamətində sistemli və ardıcıl yanaşmanın tətbiq olunduğunu aydın şəkildə nümayiş etdirir. Onun fikrincə, bu yanaşma media sahəsində keyfiyyət dəyişikliyinin davamlı xarakter almasına və milli informasiya təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edən mühüm institusional əsas yaradıb.
Normativ çərçivə və media savadlılığı
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, professor Qulu Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, Medianın İnkişafı Agentliyinin yaradılması obyektiv zərurətdən irəli gəlirdi.
Onun sözlərinə görə, media mühitində gedən proseslər elə bir mərhələyə çatmışdı ki, bu sahədə koordinasiyaedici və institusional qurumun formalaşdırılması qaçılmaz idi: “Agentliyin yaradılmasından sonra media sahəsində bir sıra mühüm məsələlər sistemləşdirildi, normativ-hüquqi baza formalaşdırıldı və “Media haqqında” yeni Qanunun qəbulu ilə sahədə yeni çərçivə müəyyən olundu. Bu addımlar nəticəsində media mühitində bir çox istiqamət üzrə durulma və aydınlaşma baş verdi ki, bunlar müsbət cəhətlər kimi qiymətləndirilməlidir”.
Qulu Məhərrəmli xüsusilə dövlət maliyyələşməsi ilə bağlı əvvəlki dövrdə mövcud olan subyektiv yanaşmaların tədricən aradan qaldırılmasını mühüm irəliləyiş kimi dəyərləndirib. Onun fikrincə, bu sahədə daha şəffaf və mexanizmə əsaslanan yanaşmanın formalaşması media sektorunda ədalətli münasibətlərin qurulmasına töhfə verir.
O, MEDIA Agentliyinin media savadlılığı sahəsində atdığı addımları da yüksək qiymətləndirib. Professorun sözlərinə görə, müxtəlif müsabiqələr, tədbirlər və ardıcıl treninqlər media mühitində müsbət meyllərin formalaşmasına xidmət edir və Azərbaycan mediasının bu cür təşəbbüslərə ciddi ehtiyacı var.
Qlobal media mühitində Azərbaycan modeli
MEDİA Agentliyini fəaliyyətini ölkə daxili ilə məhdudlaşdırmayıb. Azərbaycan mediasında həyata keçirilən institusional islahatların mühüm istiqamətlərindən biri beynəlxalq əməkdaşlığın genişləndirilməsi olub. Bu proses çərçivəsində Medianın İnkişafı Agentliyi Azərbaycan mediasının qlobal informasiya sisteminə inteqrasiyasını təmin edən ardıcıl və planlı fəaliyyət həyata keçirir.
Agentlik Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçirilən ənənəvi World Media Congress tədbirlərində təmsil olunub. Bu platformalarda post-münaqişə dövründə medianın rolu, dezinformasiya ilə mübarizə və informasiya təhlükəsizliyi mövzularında Azərbaycanın mövqeyini təqdim edib.
Türkiyə istiqaməti Agentliyin beynəlxalq əməkdaşlığında xüsusi yer tutur. 2022-2023-cü illərdə Ankara və İstanbulda keçirilən görüşlər çərçivəsində Anadolu Agentliyi ilə jurnalistlərin peşəkar hazırlığı, xəbər istehsalı standartları və təcrübə mübadiləsi üzrə əməkdaşlıq həyata keçirilib. Eyni zamanda İstanbulda təşkil olunan türk dünyası media görüşlərində vahid informasiya məkanının formalaşdırılması məsələləri müzakirə edilib.
Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media nümayəndələrinin görüşündə Agentlik regional informasiya təhlükəsizliyi və ortaq media gündəliyi ilə bağlı Azərbaycan modelini təqdim edib.
Bununla yanaşı, Avropa ölkələrində keçirilən beynəlxalq media forumları və ekspert müzakirələrində iştirak Azərbaycan mediasının Avropa informasiya məkanında mövqelərinin möhkəmləndirilməsinə xidmət edib. Bu platformalarda əsas diqqət dezinformasiyaya qarşı institusional yanaşma və post-münaqişə narrativlərinin obyektiv təqdimatına yönəlib.
Medianın İnkişafı Agentliyinin beynəlxalq əməkdaşlığı epizodik deyil, strateji xarakter daşıyır. Coğrafiya, tərəfdaşlar və mövzu seçimi göstərir ki, bu fəaliyyət Azərbaycan mediasının qlobal informasiya sistemində subyekt kimi çıxış etməsinə və informasiya suverenliyinin beynəlxalq müstəvidə qorunmasına xidmət edir.
Bununla yanaşı, MEDİA Agentliyi Azərbaycanda da müxtəlif beynəlxalq tədbirlər təşkil edir.
Ötən ilin noyabr ayında Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksək vəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda ilk dəfə D-8 Media Forumu keçirilib.
Səkkiz ölkədən və Təşkilatın Katibliyindən xarici nümayəndələr olmaqla baş tutan D-8 Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinə dair təqdimat edilib, habelə üzv dövlətlər arasında media sahəsində birgə inkişaf və əməkdaşlıq ilə bağlı Bakı Bəyannaməsi imzalanıb.
2025-ci il 27-28 noyabr tarixlərində isə Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı, təşkilatın Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının Media Forumu təşkil olunub.
MEDİA Agentliyi hər ilin dekabrında ənənəvi olaraq “Media Savadlılığı” Həftəsi təşkil edir. Xüsusi qeyd olunmalıdır ki, ötən il “Media Savadlılığı” Həftəsində beynəlxalq təcrübənin öyrənilməsi, bilik və təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyə, Özbəkistan, Qazaxıstan, Macarıstan, Pakistan və Albaniya xarici qonaqlar Azərbaycana səfər edib.
Belə tədbirlər Azərbaycan mətbuatının, jurnalistlərinin dünyanın nüfuzlu media qurumları, tanınmış ekspertləri ilə birbaşa təmaslarını yaranması, təcrübə mübadiləsi baxımından çox əhəmiyyətlidir.
Litvalı jurnalist Riçard Lapaitis APA-ya açıqlamasında bildirib ki, MEDİA agentliyi qısa müddətdə milli medianın inkişafında və Azərbaycanın media mühitinin beynəlxalq səviyyədə etibarlı təqdimatında strateji rol oynayan effektiv idarəetmə modeli formalaşdırıb.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi nisbətən qısa zaman kəsiyində fəaliyyətini sistemli şəkildə quraraq şəffaflıq, obyektivlik və açıq dialoq prinsiplərinə əsaslanan peşəkar idarəetmə modelini formalaşdırmağa nail olub: “Agentliyin fəaliyyəti yalnız milli medianın inkişafının təmin edilməsi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın media mühitinin beynəlxalq müstəvidə balanslı, etibarlı və çoxtərəfli şəkildə təqdim olunmasına xidmət edir. Bu yanaşma MEDİA-nı təkcə tənzimləyici və dəstəkverici qurum deyil, həm də media siyasətinin strateji icraçısı kimi ön plana çıxarır”.
Post-münaqişə dövründə media diplomatiyası: Şuşa Qlobal Media Forumu
Post-münaqişə reallıqları fonunda MEDİA Agentliyinin fəaliyyəti informasiya təhlükəsizliyi müstəvisində strateji əhəmiyyət qazanıb. Azad edilmiş ərazilər, regional proseslər və yeni geosiyasi reallıqlar barədə beynəlxalq ictimaiyyətə düzgün və ardıcıl mesajların ötürülməsi media siyasətinin əsas xəttinə çevrilib. Bu kontekstdə Şuşa Qlobal Media Forumunun təşkili media islahatlarının məntiqi davamı kimi qiymətləndirilməlidir.
Azərbaycan Milli Mətbuatının yaranması münasibətilə 2023-cü ildən başlayaraq hər il Şuşada keçirilən Qlobal Media Forumu regional tədbir çərçivəsini aşaraq, artıq qlobal informasiya və ideya platformasına çevrilib. Forumun məhz Şuşada təşkili simvolik və siyasi məna daşıyır. Dezinformasiya ilə mübarizə, süni intellektin mediaya təsiri, media savadlılığı və informasiya dayanıqlığı kimi mövzuların qlobal müzakirə predmetinə çevrilməsi Azərbaycanın media diplomatiyasının yeni mərhələyə keçdiyini göstərir.
Riçard Lapaitis bildirib ki, MEDİA tərəfindən Şuşa şəhərində təşkil olunmuş üç beynəlxalq media forumunun hər birində iştirakı ona Agentliyin xarici jurnalistlər və beynəlxalq media nümayəndələri ilə əməkdaşlığa verdiyi obyektiv və inklüziv yanaşmanı yaxından müşahidə etmək imkanı yaradıb: “Bu forumlar çərçivəsində formalaşdırılan platformalar peşəkar mübadiləni təşviq etməklə yanaşı, aktual və həssas mövzuların açıq, konstruktiv və birtərəfli yanaşmalardan uzaq şəkildə müzakirəsinə şərait yaradıb. Məhz bu yanaşma MEDİA-nın beynəlxalq media mühitində etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi qəbul olunmasına mühüm töhfə verir”.
Riçard Lapaitis, həmçinin, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən “Azərbaycan mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunmasını yüksək qiymətləndirərək, bunu peşəkar fəaliyyətə verilən dəyərin, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib. Onun fikrincə, bu addım MEDİA-nın jurnalist əməyinə və beynəlxalq media əməkdaşlığına verdiyi önəmin bariz nümunəsidir.
“MEDİA hazırda beynəlxalq media əlaqələrinin gücləndirilməsində, media diplomatiyasının inkişaf etdirilməsində və qlobal informasiya məkanında Azərbaycan jurnalistikasının obyektiv, çoxşaxəli və real mənzərəsinin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin ardıcıl və prinsipial fəaliyyəti Azərbaycanın informasiya məkanında mövqelərinin möhkəmlənməsinə və beynəlxalq auditoriyada etimadın artmasına əhəmiyyətli töhfə verir”, deyə litvalı jurnalist fikrini yekunlaşdırıb.
MEDİA komandası: Yorulmaz və peşəkar fəaliyyət
Ardıcıl olaraq 3 dəfə təşkil olunmuş Şuşa Qlobal Media Forumu artıq beynəlxalq müstəvidə də nüfuzlu tədbir kimi qəbul olunur. Bu tədbirlərdə dünyanın müxtəlif guşələrindən nüfuzlu media orqanlarının təmsilçiləri, mətbuat nümayəndələri, ekspertlər iştirak edir, gündəmin aktual məsələlərini müzakirə edir, fikir mübadiləsi aparırlar. Prezident İlham Əliyevin Forumda iştirakı isə dövlət başçısının həm foruma, həm də ümumilikdə ölkə mediasının fəaliyyətinə yüksək qiymət verməsinin göstəricisidir.
Əminliklə demək olar ki, Forum artıq beynəlxalq səviyyədə rezonans doğurub, bu isə platformanın real təsir gücünü ortaya çıxması deməkdir.
2025-ci ildə keçirilmiş III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri ABŞ Prezidenti Donald Trampın özünün sosial şəbəkə hesabında paylaşması Azərbaycanın yaratdığı media platformasının qlobal siyasi və media dairələrində izlənildiyini təsdiqləyən fakt kimi dəyərləndirilməlidir.
Bu, Azərbaycanın artıq informasiya məkanında passiv iştirakçı olmadığını, aktiv gündəm formalaşdırdığını nümayiş etdirir.
Ümumilikdə, media islahatları, MEDİA Agentliyinin institusional fəaliyyəti və Şuşa Qlobal Media forumları vahid strateji xəttin tərkib hissələridir. Bu uğurlu nəticələrin arxasında məhz MEDİA komandasının yorulmaz və peşəkar fəaliyyəti dayanır. Azərbaycan media mühitinə yeni nəfəs gətirmiş Agentliyin ardıcıl, məqsədyönlü addımları informasiya suverenliyinin möhkəmləndirilməsinə, milli maraqların beynəlxalq mediada daha effektiv müdafiəsinə və peşəkar, dayanıqlı media mühitinin formalaşdırılmasına imkan yaradır. Bu gün Azərbaycan mediası artıq yalnız ölkədaxili auditoriya üçün deyil, qlobal diskursda söz demək gücünə malik aktor kimi çıxış edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 13 Yanvar 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















