Məhkəmə şadlıq sarayının qarşısında əmisini döyən şəxslə bağlı qərar çıxardı
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Ramin Əsgərovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, dövlət ittihamçısının kassasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisinin kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 10 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Göyçay rayonun Çayarxı kəndi ərazisində yerləşən “Göyçay” şadlıq sarayının qarşısında qeydə alınıb.
Belə ki, Ramin Əsgərov əvvəllər aralarında mübahisəli münasibətlər olmuş və hazırda da davam edən belə münasibətlər zəminində əmisi zərərçəkmiş V.Əsgərovla (adı şərtidir) mübahisə edib. Bu zaman o, zərərçəkmiş şəxsin yaxasından əlləri ilə tutub bir qədər kənara çəkərək yumruqla iki dəfə onun sifət nahiyəsindən vuraraq xəsarətlər yetirib.
Göyçay Rayon Məhkəməsinin hökmü ilə Ramin Əsgərov 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və məhkumun müdafiəçisi, habelə zərərçəkmiş şəxs apellyasiya şikayətləri verib. Şəki Apellyasiya Məhkəməsi protesti və şikayətləri təmin edilməyib. Daha sonra onlar Ali Məhkəməyə müraciət edib.
Kamal Məmmədov


