Icma.az
close
up
RU
Mehman Cavadoğlu: Qəzetçilik yavaş yavaş tarixə qovuşur, bizim təşvişimiz “kağız nəsli” olmağımızla bağlıdır MÜSAHİBƏ

Mehman Cavadoğlu: Qəzetçilik yavaş yavaş tarixə qovuşur, bizim təşvişimiz “kağız nəsli” olmağımızla bağlıdır MÜSAHİBƏ

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Tanınmış jurnalist, publisist Mehman Cavadoğlunun APA-ya müsahibəsi

Votsapda göndərilən məkan bizi asanlıqla Badamdardakı ünvana çatdırır. Bloku, mənzili axtarıb tapmaq lazımdır. Hardasa 27-28 il öncəni xatırlamağa çalışıram, o zaman olduğum məhəllə çox dəyişib, nə qədər yeni bina var. Zəng edirəm. “Bir az qabağa gəlin, çıxıram”, deyir. Az keçmir blokun qarşısından səsləyir. 20 ilə yaxındır görmədiyim tanınmış qəzetçi, jurnalist, publisist, tərcüməçi Mehman Cavadoğlu qarşımızda dayanıb. Dillənməsə, tanımazdım. Bircə səsi, bir də təbəssümü dəyişməyib.

Mənzilin qapısını açıb içəri dəvət edir. Xəyalən 90-cı illərin sonlarına boylanıram - xəstələnib yatağa düşəndə kollektiv halda ona evində baş çəkməyimiz, mərhum həyat yoldaşı Lətifə xanımın bizi qarşılamağı, hay-küylə otağa daxil olmağımız...

Elə o zamandan podaqra adlı mərəzdən əziyyət çəkən Mehman Cavadoğlu indi daha şiddətli ağrılarla mübarizə aparır, xəstəlik zahirən çox dəyişib onu. Çətinliklə yeriyir. Ağrıdan çəkdiyi əzabı nə qədər gizləməyə çalışsa da, hiss olunur...

Səliqəli balaca otağa daxil olanda bizi divardakı böyük rəsmi “qarşılayır”. “İndisinə bənzəri yoxdur, amma kim çəkibsə, cizgilərinə kimi yaradıb”, deyirəm ürəyimdə.

Uzun zamandır səssizliyə çəkilən müsahibimizin ötən ay 70 yaşı tamam olub. Bu söhbəti elə dekabr ayında – 70 illiyi ərəfəsində etmək istəsək də, səhhəti imkan vermədi. “Babat olan kimi görüşərik” dedi və vədinə əməl elədi...

- Mehman müəllim, dekabrda 70 illik yubileyiniz oldu. 70 yaşı təsəvvür eləyirdiniz?

- Demək olar ki, yox. Heç vaxt ağlıma gəlməzdi ki, mən 70 yaşa çatacam və yaxud 70 yaşlı insan necə olur. O uzaqdan, uzaq illərdən baxanda çox əlçatmaz görünür, sonra görürsən ki, yox, elə adi günlərdən biridir, elə belə də olmalıymış. Sadəcə, yaşlandıqca əvvəlki həvəs, əvvəlki həyat eşqi azalır, necə deyərlər, sönməyə doğru gedir. Və başlayırsan xatirələrlə yaşamağa. İnsan gəncliyində daha çox arzularla, qocalığındasa xatirələrlə yaşayır. Yaşadığı günlərin dadınısa yalnız uşaqlıq illərində və cavanlığında çıxarır.

Xatirənin yaxşısı, pisi yoxdur, hamısı şirindir

- 70 yaşda ən çox hansı xatirələr yada düşür?

- Həmişə deyillər ha xatirələr şirindir, bu fikirdə böyük həqiqət var. Yaşlaşandan sonra insanın yaddaşında ilişib qalan nə varsa, hamısı şirinləşir - pis günlər də, yaşadığın acılar da... Halbuki bu acıları yaşayarkən hər şeydən, həyatdan da, özündən də, ətrafından da bezirdin. Ona görə də xatirənin yaxşısı, pisi yoxdur, hamısı şirindir. Həyatın özü kimi. Pis günlər olmasa, yaxşı günlərin də qədir-qiyməti bilinməz.

Çətinliklə oturduğu hiss olunur, amma gizlətməyə, qamətini tarazlamağa çalışır. Divardakı portret fotoqrafımız İlkinin də diqqətindən yayınmır, kadra alır.

- Cavanlığınızı kim çəkib?

- Rəhmətlik Vidadi Həmidli. Dostum, qohumum, əqidə yoldaşım. Əzim Əzimzadə adına rəssamlıq texnikumunun məzunu...

- İlk yazınız yadınızdadır yəqin, necə xatırlıyırsınız?

- İlk yazılarım, orta məktəbin divar qəzetində çıxıb. Sonra BDU-nun jurnalistika fakültəsində oxuyanda. Fakültənin “Jurnalist” adlı tədris qəzeti çıxırdı, orada ara-sıra yazılarımız dərc olunurdu. Bu yaxınlarda Naxçıvanda yaşayan tələbə yoldaşım Hüseyn həmin qəzetdə çıxan bir yazımı arxivindən tapıb göndərmişdi mənə. (Telefonun yaddaşından dostunun çəkib göndərdiyi fotonu – həmin məqaləni tapıb göstərir)

Sanki duyubmuş ki, bu günlərdə mənə belə bir sual veriləcək. “Dad yarımçıq əlindən” adlı satirik qeydlər, felyeton idi.

- Dövri mətbuatda nə vaxtdan dərc olundunuz?

- Tələbə vaxtı müəyyən qəzetlərdə yazılarım çıxırdı, “Azərbaycan gəncləri” və daha bir neçə qəzetdə yazılarım dərc olunmuşdu. O vaxt yazı çap etdirmək çox çətin məsələ idi. İndiki kimi deyildi. Birincisi, qəzet-jurnal az idi, indiki kimi ölkəni başına götürməmişdi, ikincisi, onlara çıxış imkanları çox məhdud idi. Jurnalistika fakültəsinin hər hansı tələbəsinin haradasa balaca bir yazısı gedəndə toy-bayram olurdu.

- İlk iş yeriniz “Azərbaycan gəncləri” oldu?

- Yox, “Azərbaycan gəncləri” qəzetində işləməmişəm. İlk iş yerim “Sovet kəndi” qəzeti olub.

- Həmin qəzet yardımdadır, bizə evə gəlirdi, atam abunə idi. Nəsə yadımda maraqlı qəzet kimi qalıb…

- Hə, institutu qurtarandan sonra ilk dəfə o qəzetdə işləmişəm. Əvvəl müxbir, sonra şöbə müdiri olmuşam. Oradan Ali Partiya Məktəbinə ikinci təhsilə getdim. Sonra 20 Yanvar hadisələrində partiya biletini cırdım, partiya üzvlüyündən çıxdım. Rektorun yenidən partiyaya bərpa olub məktəbə qayıtmaqla bağlı israrlı təklifini qəbul etmədim. Məktəbi qurtarmağa 6 ay qalmış ordan yarımçıq çıxdım.

- O dövrdə vəzifə tutmaq istəyən, yaxud vəzifədə irəliləmək istəyənlər üçün Ali Partiya Məktəbində oxumaq tələbi vardı deyəsən…

- Oranı qurtaranların guya üstünlüyü var idi. Əslində isə çox şeyi proteksiya və rüşvət həll eləyirdi. Əvvəlcə pioner, sonra komsomol olurdun. Bunları hamı keçirdi. Amma hamı Kommunist Partiyasının üzvü ola bilmirdi, müəyyən seçimlər gedirdi. Dövlət işlərində, hətta mətbuat orqanlarında da vəzifələrə partiyanın üzvü olanlar keçə bilərdi. Ali partiya məktəbi də kadrlar hazırlayırdı. O vaxt MK-nin ikinci katib vardı, Konovalov, həmin məktəbə gedənləri son mərhələdə o qəbul eləyirdi. Sorğu-sual vaxtı milli məsələlərə toxundum deyə, söhbətimiz alınmamışdı. Başqa vaxt olsaydı, məni nəinki məktəbə qəbul eləməzdilər, hətta cəzalandırardılar.

Fəxri xiyabanda Şıxəli Qurbanovun məzarı önündə aksiya keçirmişdik

- Deyəsən, elə gəncliyinizdən millətçi olmusunuz.

- Universitet illərindən. 1974-cü ildə Novruz bayramı münasibəti ilə ilk dəfə bu bayramın rəsmi şəkildə qeyd edilməsinin təşəbbüskarı olan mərhum Şıxəli Qurbanovun Fəxri xiyabandakı məzarı önündə aksiya keçirmişdik. Təxminən 50-60 nəfər idik. İndiki gəncliyə qəribə gələr. Bu, elə bir dövr idi ki, mətbuatda “Novruz” kəlməsinin işlədilməsi belə qadağan idi.

- Xalq hərəkatına nə zaman qoşulmuşdunuz?

- Lap əvvəldən hərəkatda iştirak etmişəm. Xalq Cəbhəsinin ilk bülleteninin, “FV/ÇP” qəzetinin hazırlanmasında rəhmətlik Ağamalı Sadiq Əfəndi ilə birlikdə çalışmışıq. Partiya məktəbində isə Eldar Sabiroğlu və Fəxrəddin Abbasla birlikdə Xalq Cəbhəsinin özəyini yaratmışdıq. Ali Partiya məktəbində partiya əleyhinə mitinqlər keçirirdik. Ora da milli ruh gətirdik. Sözügedən məktəb Zaqafqaziya regionunu əhatə edirdi, orada həm Gürcüstandan, həm də Ermənistandan tələbələr təhsil alırdı.

20 Yanvar hadisələri ərəfəsində vəziyyət daha da gərginləşdi. Erməni tələbələr artıq məktəbi tərk edib öz respublikalarına getmişdilər, gürcü tələbələr isə qalırdı. Həmin dövrdə keçirilən mitinqlərin birində çox sərt qətnamə layihəsi hazırlamışdıq. Məktəbin partiya təşkilatının da hökumətin rəsmi mövqeyi ilə üst-üstə düşən alternativ layihəsi var idi. Layihələr səsə qoyuldu və bizim sənəd qəbul olundu. Bilirsən niyə? Gürcülərin hesabına. Onların, demək olar ki, hamısı bizim hazırladığımız və Xalq Cəbhəsinin mövqeyini əks etdirən qətnamə layihəsinə səs verdilər. Özümüzünkülərdən isə çox az sayda adam bizim varianta səs vermişdi.

Bakıda zirzəmidə kustar üsulla nəşr edilən qəzetin arxasında gah Tiflisdə, gah da Dərbənddə çap olunduğunu yazırdıq

- “FV/ÇP” qəzeti nə zamandan çıxmağa başladı?

- 20 Yanvar hadisələrindən dərhal sonra. Ağır günlər idi. Bakıda hərbi vəziyyət elan olunmuşdu, bütün mətbuat orqanları, demək olar ki, bağlanmışdı. AzTV-nin enerji blokunu da partlatmışdılar. Bir sözlə, ölkə tam şəkildə həm hərbi, həm də informasiya blokadasında boğulurdu. “FV/ÇP” belə bir vaxtda çıxmağa başladı. Ağamalı bəyin evində hazırlanır, Çapayev küçəsindəki (indiki Təbriz küçəsi) bir zirzəmidə kustar üsulla nəşr edilirdi. Arxasında isə gah Tiflisdə, gah da Dərbənddə çap olunduğunu yazırdıq. Yayımı nəşrindən də çətin idi. Bütün şəhər rus hərbçilərinin nəzarəti altındaydı. Amma rəhmətlik İbrahim (hamı onu İbiş kimi tanıyırdı) və komandası bunun öhdəsindən layiqincə gəlirdi. Metro stansiyalarında, küçələrdə satılırdı. Dəryada damlaydı. Buna baxmayaraq, milli müqavimətin, milli ruhun ölməzliyinin simvolu kimi çox qiymətliydi.

- Bu vəziyyət nə qədər davam elədi?

- 90-cı ilin ortalarına kimi. İyul ayında Hüquqşünaslar İttifaqının orqanı kimi “Ədalət” qəzeti nəşrə başladı. Dostlarım Adil Minbaşı və Aqil Abbasla birlikdə bu qəzetin yaradılmasında iştirak etmişəm. Həmin ilin oktyabrında isə Ağamalı bəylə birlikdə “Müxalifət” qəzetini buraxmağa başladıq. Bu qəzet parlamentdəki “Demblok”un orqanı idi.

Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra isə Ali Sovetin orqanı olan “Həyat” qəzetinin baş redaktoru oldum. Bir neçə aydan sonra qəzetin adını dəyişib “Azərbaycan” qoyduq. Bilirsiniz, “Azərbaycan” qəzeti 1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin rəsmi orqanı olub.

80-ci illərin sonlarından başlayaraq Sabir Rüstəmxanlının baş reaktorluğu ilə Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan “Azərbaycan” adlı qəzet çıxırdı. Təbii ki, “Azərbaycan” adlı iki qəzet ola bilməzdi. Bərpa prosesində Sabir Rüstəmxanlı artıq qəzetdən getmişdi, Mətbuat Komitəsinin sədri işləyirdi. Biz qəzetin o zamankı rəhbərliyi ilə danışdıq, onlar da prosesi müsbət qarşıladı. Həmin qəzetin adı dəyişdi - “Qarabağ” adı ilə çıxmağa başladı. O kollektivdən əməkdaşların bir qismi isə bizə qoşuldu...

Yaddaşım məni aldatmırsa, həmin vaxt - 1918-1920-ci illərdə qəzetin 443 nömrəsi çıxmışdı. Odur ki, biz yeni “Azərbaycan”ı 444-cü nömrəylə nəşr etməyə başladıq. Yəni, 73 ildən sonra həmin qəzetin fəaliyyətini bərpa etdik.

- Sizin rəhbərliyinizlə nə qədər davam elədi?

- Bir il. Xalq Cəbhəsi hakimiyyətdən gedəndən sonra 1993-cü ilin iyununda mən də istefa verdim.

- Özünüzlə xeyli gəncləri də aparmışdınız o qəzetə. Həmin gənclərdən kimlər daha çox yadınızda qalıb?

- Xeyli gənc, tələbə aparmışdım. Gəlsənə ad çəkmədən keçinək. Yaşlaşmışam, kimlərinsə adını unudaram, yaxşı çıxmaz.

- Rəhmətlik Səbuhi Məmmədli deyirdi ki, o da qəzetə həmin müraciətin iziylə gedib.

- Hə. Birinci, yaxud ikinci kursda oxuyurdu. Maraqlı bir yazıyla gəlmişdi. Elə tələbəykən qəzetin əməkdaşı oldu. Arabir “Azərbaycan” qəzetində də dərc olunurdu. Sonra Yusif “Respublika” qəzetinə getdi, unutmuşam, həmin vaxtmı, bir az sonramı Səbuhi də “525-ci qəzet”də baş redaktor oldu. Tələbə redaktor, özü də ölkənin ən tirajlı qəzetlərindən birinin redaktoru...

- “525-ci qəzet” də o zaman yaranıb, orada da fəaliyyətiniz oldu?

- “525-ci qəzet”in də yaradılmasına, sonra isə müəyyən dövrdə nəşrinə köməkliyim olub. “Azərbaycan” qəzetində baş redaktorun birinci müavini olan Rəşad Məcidin təsisçiliyi ilə açılmış həmin qəzetə ilk aylarda “Azərbaycan”ın redaksiyasında bir neçə otaq verdim, yerləri yox idi. Arif Hacılının da o qəzetin yaranmasında mühüm rolu olmuşdu. Səhv etmirəmsə, qəzetin ilk nömrəsində gənclərə qəzetlə əməkdaşlıq etmələri üçün müraciət edildi. Az keçməmiş qəzetə xeyli istedadlı gənc gəldi və başqa bir istedadlı gəncin - Yusif Rzayevin rəhbərliyi ilə çox maraqlı bir qəzet yarandı.

Heç kimə minnət qoymaq lazım deyil, hər kəs öz istedadının bəhrəsini görür

- "Mehman Cavadoğlu məktəbi" deyirdilər, elə indi də deyirlər. Bir xeyli jurnalist, yazar Sizi özünün ustadı, müəllimi sayır...

- (Gülümsəyir) Deyirlər, sağ olsunlar. Mən bilmirəm. Kim deyirsə, sağ olsun. Bəzən kimsə deyir ki, sağ olun, sizin rəhbərliyiniz altında bunu öyrəndik. Mən burada qeyri-adi bir missiya görmürəm. Lazım olanı etmişəm. O şey ki, borcum idi, vəzifəm idi, onu etmişəm. Buna görə heç kimə minnət-zad qoymaq lazım deyil. Kənardan nə qədər dəstək və kömək olsa da, bütövlükdə hər kəs öz istedadının bəhrəsini görür. Quyuya su tökməklə quyu sulu olmaz ki! Mənim yanımda işləyənlərin hamısı yaxşı jurnalist olmadı ki?!

- Siz ilk dəfə yazımı oxuyanda xeyli həyəcanlanmışdım. Yazını demək olar ki, təzədən yazdınız, qorxdum deyəcəksiniz ki, yaza bilmirsən, amma dediniz ki, yaxşıdır, gələn dəfə daha yaxşı olacaq. Yəni gənclərə ruh verməyi, dəstək olmağı hər kəs bacarmır...

- Yəqin ki, o yazıda nəsə bir işartı görmüşdüm. Ən ağırı odur ki, baxırsan adamda ümidverici heç nə yoxdur. Qalırsan naəlac... Kim gənclərə dəstək vermirsə, bunu etmirsə, düz etmir. Mənim borcum insanların potensialını üzə çıxarmaq üçün şərait yaratmaq idi, onu da etmişəm. Hər şey bu qədər sadədir.

Heç kimi zorla jurnalist etmək olmaz

- “Hər kəs öz istedadının çörəyini yeyir”- belə bir fikriniz də vardı...

- Hə, nə vaxtsa buna bənzər sual vermişdilər onda demişdim. Heç kimi zorla jurnalist etmək olmaz, zorla ədəbiyyata, elmə yönəltmək mümkün deyil. Bu qabiliyyət insanın özündə olmalıdır. Sadəcə, rəhbər vəzifədə olan adamların həm vəzifə, həm də vicdan borcudur ki, istedadlı adamlara şərait yaratsınlar. Düzdür, çoxu bu cür adamlara qısqanclıqla yanaşır. Ona görə də vəzifə borcunu vicdanla yerinə yetirən adamlar qeyri-adi, lazım olduğundan bəlkə də daha artıq hörmətlə qarşılanır.

- Bəs, kimi öz yetirməniz sayırsınız?

- Tabeliyimdə olan bütün işçilərə eyni münasibət bəsləmişəm. Onların içərisində yaxşıları da, pisləri də olub. Sözün düzü, o “yetişdirmək” sözündən də sən deyən xoşum gəlmir.

Cəmiyyətin ilkin oyanış mərhələsində istedadla, zəhmətlə yaxşı qəzet çıxarmaq mümkün idi

- “Sovet kəndi”, “Həyat”, “Azərbaycan”, “Müxalifət”, “525-ci qəzet”, “Rezonans”, “İntibah”. Bunların hamısı ya birbaşa, ya da dolayısı ilə Sizin fəaliyyətinizlə bağlıdır. Hansı qəzeti doğma saymısınız?

- Heç birini ayırmaq istəməzdim. Adını çəkdiklərinizin hamısı mənə doğma qəzetlərdir. “525-ci qəzet”ə gəldikdə isə, müəyyən dövrlərdə onun fəaliyyətində iştirak eləsəm də, o qəzet daha çox Rəşadın əsəridir. Amma alınmayan layihələr də olub. Cəmiyyətin ilkin oyanış mərhələsində istedadla, zəhmətlə yaxşı qəzet çıxarmaq mümkün idi. Sonra elə dövr gəldi ki, hər şey daha çox maliyyədən asılı duruma düşdü. Qabiliyyət və maliyyə! Biri axsayanda iş də axsayır, müəyyən sıxıntılar yaranırdı.

- Məktəbdən danışdıq. Siz kimi özünüzə müəllim, ustad sayırsınız?

- Universiteti bitirən ili müəllimlərimizdən biri, rəhmətlik Nəriman Zeynalov “Sovet kəndi” qəzetinə redaktor getdi. Universitetdən tanıdığı bəzi tələbələri, o cümlədən məni də həmin qəzetə apardı. Sizin o quruluş haqqında çox məhdud təsəvvürləriniz var. Həmin dövrdə universitet partası arxasından belə bir qəzetə getmək çox çətin idi, göydəndüşmə bir şans idi. Apardı və bizə meydan verdi, bizsə adına partiya jurnalistikası deyilən mürəkkəb, anlaşılmaz, lap dəqiqi, əndrəbadi rəsmi üslubu bir kənara qoyub, hamının başa düşdüyü sadə, anlaşıqlı dildə yazmağa başladıq. Söhbət məzmundan getmirdi. Məzmunun daha həssas məqamlarına “qlavlit” adlı bir qurum nəzarət edirdi ki, onun qarşısında baş redaktorlar da gücsüz idi.

- “Qlavlit”, yəni senzura. Senzuraya tuş gələn yazılarınız olub?

- O dövrün jurnalistlərinin özlərində daxili bir senzura var idi, hansı sözün, cümlənin keçib-keçmyəcəyini əvvəlcədən bilirdik. Müstəqillik illərində də müəyyən müddət senzura oldu. Yeri gəlmişkən, əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalında senzuranın icazə vermədiyi karikaturalar, mətnlər olub. Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalında qəribə bir forma tapmışdı. O yazını ki, senzura buraxmırdı, yerinə xaç işarəsi çəkir, altından da yazırdı ki, bizdən asılı olmayan səbəblərə görə bu yer boş qaldı. Sovet dövründə bu da mümkün deyildi. Elə müstəqillik dövründə tətbiq olunan senzura dönəmində də bunun qarşısını alırdılar. Biz o zaman bunu bir neçə dəfə “Rezonans” qəzetində tətbiq etmək istədik, mətbəə qəzeti çap etmədi. Amma səhv etmirəmsə, “Azadlıq” qəzeti bir dəfə bu variantdan istifadə etmişdi. Necə olmuşdusa gözdən yayınmışdı.

- Özünüzün senzorlarla birbaşa təmasınız olurdu?

- Sovet dövründə daxili senzura o qədər güclüydü ki, nadir hallarda senzorla üzləşməli olurduq. Bilirdin ki, onsuz da bu söz, bu fikir getməyəcək. Üstəlik, o vaxtlar yazısı bir dəfə senzor qayçısına tuş gələn adamın adı da “qara siyahı”ya düşürdü. Amma müstəqillik dövründə senzorla didişmələr çox olub.

Birini 100-150 manata aldığım kitablar var idi, nadir kitablardan birini Aqil Abbas mənim toyuma salmışdı

- Bundan sonrakı qəzetçiliyi necə təsəvvür edirsiniz? Deyirlər ki, qəzetçilik dövrü bitdi. Siz də elə hesab edirsiniz?

- Məncə düz deyirlər. Kağız jurnalistikası, kağız ədəbiyyatı, ümumiyyətlə, ifadə caizsə, kağız kitabı dövrü öz qürubunu yaşayır. Nə qədər ağır olsa da, bu həqiqəti qəbul etməyə, reallıqla barışmağa məhkumuq. Mənim çox zəngin kitabxanam var. İsmayıllıdakı ata evindədir. Bir otaq və qarşısındakı şüşəbəndli balkon başdan-başa kitab şkafları və rəfləridir. Birini 100-150 manata aldığım kitablar var idi. Söhbət sovet dövrünə qadağan olunmuş kitablardan gedir. Bu kitabların bəziləri xaricdən gizli yolla gətirilirdisə, bəziləri bolşevik inqilabından əvvəl, bəzilərisə sovetin ilk illərində nəşr olunmuş, amma sonradan qadağan edilmiş kitablar idi. Kitab alveriylə məşğul olan xüsusi adamlar var idi onlardan, bəzən də “Bukinist”dən alırdıq. Belə nadir kitablardan birini Aqil Abbas mənim toyuma salmışdı. İndi də rayondakı bəzi qohum və dostlarım onu televizorda görəndə deyir ki, Mehmanın toyuna kitab salan oğlan danışır.

Bütün bunları ona görə danışıram ki, indi deyəcəklərimə görə məni qınamasınlar. Biz artıq kitab, daha doğrusu, ifadə caizsə, kağız kitab və yaxud kağızda kitab dövrünün sonunun çatması faktıyla barışmalıyıq. Əgər indi mənim kitabxanamdakı qədər kitabı bir neçə fləşkarta yazıb cibdə gəzdirmək mümkündürsə və yaxud istədiyin mətni cibindəki telefonda tapıb oxuya bilirsənsə, o boyda kitabxana kimə lazımdır?!

- Qəzetçilik də tarixə qovuşacaq?

- Artıq yavaş-yavaş qovuşur. Bu məsələdə bizim hədsiz təşvişimiz “kağız nəsli” olmağımızla bağlıdır. Amma 20-30 il sonrakı nəsil üçün bu, o qədər də ağrılı olmayacaq. Bəlkə indi kimsə gil tabletlərin, papirusun, runi yazılarının, nə bilim perqamentin xiffətini çəkir? Məşhur filmdə, ya hekayədə İçərişəhər haqqında necə deyilir? Təxminən belə: “İçərişəhər də ilk məhəbbət kimidir, istəyirik saxlayaq saxlaya bilmirik, keçib gedəndir”. İndi də “keçib getmək”, tarixə qovuşmaq növbəsi kağız kitabındır, buna qarşı çıxmaq Don Kixotun yel dəyirmanıyla vuruşmağı kimi bir şeydir.

Kiminsə məni xatırlayacağını düşünmürdüm

- Belə başa düşdüm ki, qəzet, kitab da oxumursuz?

- Son vaxtlar nə qədər bədii ədəbiyyat oxumuşamsa, hamısını elektron formatda oxumuşam. Qəzetisə saytlar əvəz eləyir.

- Azərbaycan mətbuatının 150 illiyi münasibətilə Siz də medalla təltif olundunuz. Gözləyirdiniz?

- Yox, tamamilə gözlənilməz oldu. Kim təşəbbüs göstərib yada salıbsa, sağ olsun. Açığı, kiminsə məni xatırlayacağını düşünmürdüm. Bir gün sadəcə, zəng edib, xəbər verdilər ki, medalla təltif olunmuşam. Haradan gəldi, necə gəldi bilmirəm... Mənim özümə isə İlqar Tağıyev gətirib verdi. O da bir müddət mənim yanımda işləyib...

- Bir müddət tərcüməylə də məşğul olmusunuz. İndi davam edirsiniz, yoxsa?

- Bir xeyli tərcümə kitablarım çap olunub. İndi səhhətim imkan vermir. Amma tərcümə ilə bağlı 7-8 kitabım çıxıb. Boris Pasternakın Nobel mükafatı almış “Doktor Jivaqo” romanı da var. Bulqakovun “İt ürəyi”, Boris Akuninin “Türk qambiti”, Sturqatski qardaşlarının “Hoteldə qətl” əsərləri və s.

- “Doktor Jivaqo”ya yazdığınız “Ön söz” xeyli maraqla qarşılanmışdı. Deyəsən, elə son yazınızdır.

- ”Ön söz”... Hə, yazmışam... Son yazı? (Düşünür) Yox, son yazı deyil. Arada bir müddət “Ədalət” qəzeti üçün də yazırdım. Xəstəlik əllərimi şikəst edəndən sonra yazmağa çətinlik çəkirəm.

- Biz zamanlar deyirdilər ki, Mehman Cavadoğlu başqa imzalarla da yazır.

- Yox. Əvvəllər imzam Mehman Məmmədov olub, sonra Mehman Cavadoğlu imzası ilə yazmışam. İmzasız redaksiya yazıları da yazmışam. İmzamı gizlətdiyim hal isə olmayıb.

- Ən çox hansı yazınız yadınızda qalıb?

- Bu barədə heç düşünməmişəm. İranla sərhədlər təzə açılanda ora getmişdim. Həmin səfərdən sonra “Azərbaycan bir olsun, paytaxtı hara olsun” adlı geniş yazı yazmışdım. “Ədalət” qəzetində təxminən 25-30 nömrə getmiş, xeyli maraqla qarşılanmışdı.

“20 yanvar” hadisələrindən sonra xalq hərəkatı haqqında “Gənclik” jurnalında geniş yazım çıxmışdı. Həmin vaxt bu mövzuda yazı çap etdirmək çətin idi. Hərbi vəziyyət idi, çox redaksiyalar imtina elədi, amma rəhmətlik Məmməd İsmayıl onu dərc elədi. Daha hansını deyim, bilmirəm. Yaxşı-pis o qədər yazı olub ki...

- Uzun zaman Müsavat Partiyasında fəaliyyət göstərdiniz. Sizcə, bu, jurnalistkaya necə təsir göstərib?

- Maraqlı sualdır. 1993-cü ilin sonlarından etibarən Müsavat Partiyasının katibi və ya başqan İsa bəyin müavini olmuşam. Qəzetçi kimi nə qədər tərəfsiz olmağa çalışsam da, şübhəsiz ki, bu amil fəaliyyətimə təsirsiz ötüşməyib...

- Podaqra ilə “yoldaşlığınız” da uzundur. 70 ilin neçə ilini onunla “yoldaşlıq” edirsiz?

- Podaqra xəstəliyi ilk dəfə 33 yaşımda üzə çıxdı, ayağımda tutmuşdu. Halbuki tibbi ədəbiyyatda yazılır ki, bu xəstəlik adətən 40-45 yaşdan sonra başlayır. Atamda da bu xəstəlik var idi, irsidi. Amerikada da, Tailandda da, Leninqradda da, Tiflisdə də müayinə etdirmişəm. Hər yerdə eyni sözlər, eyni dərmanlar. Tam müalicəsi yoxdur. Ömrünün axırına kimi gözləməlisən, nazıyla oynamalısan. Oynamadınsa, cəzalandırır. Mən də indi vaxtilə etdiyim səhlənkarlığın cəzasını çəkirəm.

Əllərim açılarsa, xəstəliyimin tarixçəsini yazaram

- Əlləriniz açılsa, nə yazmaq istəyərdiniz? Heç yarımçıq qalan tərcüməniz varmı?

- Yarımçıq tərcüməm yoxdur. Əllərim açılarsa, elə bu xəstəliyimin tarixçəsini yazaram, publisistcəsinə. Həkim kimi yox, bir xəstə kimi, yaşadığım dəhşətli əzabları...

- Başqa nəsə yazmaq istəmirsiz? Xatirələrinizi yazmaq, çap etmək...

- (Bayaqdan bəri neçənci dəfə bədənini tarazlamağa çalışır, yarıbükülü əllərinə baxıb düşünür) Ola bilər. Ancaq bu dəqiqə onu etməyə fiziki imkanlarım yoxdur...

Son bir ildə, bir il yarımda çox əziyyət çəkmişəm. Əvvəllər bir həftə, 10 gün yatırdım, keçib keçirdi. İndi isə il yarımdır tutub buraxmır, daha bezmişəm. Nə öldürür, nə də rədd olub gedir. Demək olar ki, hər şeyə həvəsim itib. Nəsə, çox pessimizmə qapılmayaq...

Sağollaşanda ağrılı əllərini tutmağa ehtiyat edirəm. Ürək-dirək verirmiş kimi “İnşallah, əlləriniz açılar, mütləq yazın, maraqlı olar”, deyirəm.

- (Gülümsəyir) Görək. Olsa, fikirləşərəm...

Məhbubə Qasımbəyli

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri