Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Məhşərdə cavab verməyə kimin üzü var?.. Sevinc Mürvətqızı

Məhşərdə cavab verməyə kimin üzü var?.. Sevinc Mürvətqızı

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

İyulun 9-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili tamam olur.

Kulis.az bu münasibətlə Sevinc Mürvətqızının “Məşuqi - Əzəl hüzuruna Seyid Əzim yolu ilə” essesini təqdim edir.

***

...Keçmişlərdə mistik ilahi-irfani "səfər"ə, ilahi cəzb yolçuluğuna çıxaran zikrlərin vird edildiyi xanəgahlarda, zaviyələrdə hərdənbir eşq qəzəlləri də oxunarmış. Sufi dərvişlər anlayırdılar ki, ilahi məcnunluğa aparan yol əvvəlcə bir bəşər "pəriçöhrə"sinin zülfündən başlayır...

...Hal-qəziyyə budur ki, dünyanın bu dar vaxtında eşqdən qəzəl oxuyub sizi hansısa məqamlara aparmaq mənim nə həddimə, sizin nə vecinizə? Fəqət, bu dəfə iş başqadır, sizli-bizli hamımızı bu misilsiz səfərə Seyid Əzim Şirvani "Aparır"... Həm də elə aparır ki, beytlərin arasında "süzülən" ruhumuz bəzən gerçək sevginin harada bitib ilahi cəzbin harada başlamasından duyuq da düşmür...

Hər beytdə eşqin rəngli tonlarının izaholunmaz sərməstlik halı adamı sarır. Klassik bədii ənənələrin son dərəcə mükəmməl ifadə tərzi, əruzun daxili melodiyası və metaforik mənalarla sevginin sərhədsizliyində ədəbi zövqümüz bəs deyincə bayram edir... Klassik Şərq poeziyasının sufi-fəlsəfi, lirik- romantik çalarlarının sehrinə daldıqca elə ilk addımda şeytana belə meydan oxuyan pəriçöhrə çıxır qarşımıza:

Xəlqin imanını gər məkrilə şeytan aparır,
O pəriçöhrə nədəndir ki, bəs iman aparır?

Elə "bismillah" deyib başlar-başlamaz əldən gedən imanın dərdinə düşürük... El-aləmin imanına şeytan qənim kəsiləndə, bizim Seyid imanını bir mələk üzlüyə əmanət edir... Böyük fərq var arada, şeytanın işi imanı oğurlamaqdır, gözələ isə özün könüllü təslim olursan. İmanın da daxil, nəyin var cani-könüldən bəxş edirsən... Birinin işi məkrdir, digərininki cazibə. Şeytan min dona girib aldadır, amma pəriçöhrəyə bilərək-istəyərək özün aldanırsan... Və məhz bu məqamda dünyəvi sevginin daha üst qatına - ilahi eşqə işarə edilir. Burda əsas məqam eşq və iman arasındakı incə sərhədi ayırd edə bilməkdir. Bir tərəfdə nəfsin oyunu, digər tərəfdə ruhun (sər)məstliyi var. Bir tərəfdə məkr, digər tərəfdə könüllü təslimiyyət var... Bu təslimiyyətin ilahi sərxoşluğa sürükləyən zövqündəndir ki, bilirsən, əslində dərmanın da dərdi verəndədir:

Ey kaman qaşlı, məni yarələdi qəmzən oxu,
Zülfünü bas yarama, qoyma, məni qan aparır.

Nə sirdir ki, yarın kirpiklərinin açdığı yaraya da yenə ancaq onun telləri şəfa, məlhəmdir ...İpək kirpiklər yaralayır, ondan da ipək saçlar sağalda bilər. İlk (tibbi/dünyəvi) baxışda, yaralının yarasına yumşaq nəsnənin basılıb saxlanması onu ölümdən qurtarar. Ruhani-sufi nöqteyi-nəzərdən isə, aşiqi burada "qan aparması" metaforik şəkildə mənəvi çırpınışları, eşq dərdi ilə əriyib yox olmasını da ifadə edə bilər. Sufizmdə insan nəfsini öldürdükcə ruhu kamilləşir, "heçlik" mərhələsinə çatır. "Qan aparmaq" bəlkə də məhz bu ruhi yox olmağın, özündən keçmənin rəmzidir. Özündən imtina etdikcə mənəvi - ruhi iztirabların son mərhələsində dözə bilməyəndə insan yenə "dərdi də verən sənsən, dərmanı da" ümidi ilə İlahi Sevgiliyə yönəlir, təsəllini, rahatlığı, hüzuru, aramlığı Ondan istəyir. Hər şey Allahdan deyilmi? Yıxdığını Ondan başqa kim qaldıra bilər? Ənənəvi qəzəl janrının gözəllik motivləri ilə zəngin olan bu beyt klassik poetik məcazların ustalıqla işlədilməsinin misilsiz nümunəsidir. Mahnı kimidir, bir dəfə ağlına düşdümü, sevgi zikrinə dönür dilində...

Dil çəkər canı səri-kuyinə zibh etmək üçün,
Sanki hüccac Mina dağına qurban aparır.

Digər beytlərdə olduğu kimi, burada da dünyəvi və ilahi eşq mükəmməl şəkildə iç-içədir, kənardan baxanın hansına "gücü çatarsa", onu qaldırsın. Dünyəvi sevgi aspektindən aşiq öz canını sevgilinin yolunda fəda edir. Sufi eşqin pəncərəsindən isə insan öz nəfsini, təkəbbürünü Allah yolunda qurban verir. Allahını sevən can qurban olmağa dünəndən hazırdır... İbrahim peyğəmbər oğlu İsmayılı Mina dağında qurban kəsməyə hazır olduğu kimi, aşiq də sevgiliyə fəda olmağa müntəzirdir. Bu, həm də Allaha təslimiyyətin və fədakarlığın rəmzidir.

Sufi fəlsəfəsində "qurban" nəfsi öldürmək və Haqqa qovuşmaq deməkdir. Burada aşiqin sevgilinin yolunda özünü qurban etməsi, sufi baxışında nəfsin yox edilməsi və Allahda yox olmaqla (fənafillah) eyniləşdirilə bilər. "Hücac" - zəvvar isə haqqa can atan sufi yolçusunu təmsil edir. Yəni aşiq, eşq yolçusudur və onun Mina dağına qurban aparması ilahi aşiqin öz nəfsini Haqqa təqdim və təslim etməsi anlamını daşıyır. Sevgiliyə bu miqyasda fəda olmağı da, belə bədii əzəmətdə klassik dillə "sənə qurban olum" deməyi də ancaq Seyid Əzim bacarardı...

Qəzəlin süjet ardıcıllığında əvvəlcə sevgiliyə iman təhvil-təslim edilir, aşiq yaralanır, mənəvi-ruhi təbəddülatlar, iztirablar içində çırpınır, onu "qan aparır", sonra könüllü olaraq canını qurban verir. Bütün bunların məntiqi ardıcıllığı kimi "zahid"in heyrəti gəlir:


Zahid ol zülfdə rüxsarını gördükdə dedi,
Bu o hindübeçədir, məktəbə Quran aparır.

Mistik sufi irfanına görə "zahiri ibadət" və "batini eşq" arasında gizli mübarizədə zahid birinciyə aldanaraq gerçək eşqi əslində anlamaz, bilməz... Biz bir barmağı kəsiləndə "dönüb həqdən qaçan"o "zahid"i Nəsiminin "Ağrımaz"ından yaxşı tanıyırıq, "zahid" nə bilir Sevgili Haqqa qurban getməyi?! Müəllif "hindübeçə" və "Quran" paradoksu ilə ilahi gözəlliklə dini dəyərlərin zahidin dar düşüncəsində bir araya sığmamasını göstərmək istəyib, bəlkə də, kim bilir?..

Yəni əsl iman bəlkə də sadəcə Qurana bağlanmaq deyil, həm də ilahi gözəlliyi dərk etməkdir. Zahidin riyakar reaksiyası məcazi olaraq din və eşq arasındakı absurd çəkişməni göstərir... Bu beytə "verilən hakimiyyət"də ustalıqla ironiya, təzad və metaforalar taxta oturub...

Və ardınca məntiqi olaraq müəllifin bütün göstərmə "zahid"lərə meydan oxuduğunu görürük, kəfənini boğazına dolayıb eşq meydanına çıxa bilənin Məşuqi-Əzəldən - ilahi sevgiylə bağlandığı Allahdan başqa kimsədən qorxusu olmur. Qəzəlin süjet ardıcıllığında isə qiyamət qopub, ölümdən sonrakı "həşr edilmə" başlayıb, əsl gerçək indi bilinir, görək məşhərdə Məşuqi-Əzəlin qarşısında cavab verməyə kimin üzü var? Sevginin əsl sınaq meydanı buradır...

Geyməyə kimsə ki, meydani-məhəbbətdə kəfən,
Onu Məşuqi-Əzəl məhşərə üryan aparır.

Bütün bu "üryan"lığın əslində qəzəldə də, beytdə də qatbaqat "geyimi" var. Bu beyt qəzəlin mənəvi - irfani piki olmaqla yanaşı, həm də möhtəşəm bədii sənətkarlıq nümunəsidir. "Kəfən geymək" və "üryan aparılmaq" ironik ziddiyyəti - eşq meydanına cürətlə atıla bilməyənlərin (kəfən geyməyənlərin) məhşərə-ilahi məhkəməyə heç nəsiz (üryan) aparılması əvəzsiz bədii təzaddır.

Paradoksal strukturu, dərin məna çalarları və irfani poetik ifadəsi ilə beytin içində ilahi eşq, ölüm, axirət, məhşərdən keçib Allaha qovuşmaq və ruhi fədakarlıq kimi mövzular misli-bərabəri olmayan simvolla işlənib. Yəni eşq üçün özündən keçməsən, varlığından imtina etməsən, heç nəsiz - boş əllə, önünə əyilmiş üzlə, rüsvayçı çılpaqlığınla - gizlədə bilmədiyin bütün bəşəri görüntünlə ilahi mühakimə gününə aparılanlardan olarsan...

Alternativ anlam versiyasından nəzər yetirsək, digər bir məna da belə ola bilər: bir insan məhəbbət meydanında, yəni ilahi eşq yolunda özünü tamamilə fəda etməli, kəfənini geyərək nəfsini öldürməli və ilahi eşqə doğru irəliləyərək öz mənliyini büsbütün məhv etməlidir. Bu yolda insan dünyəvi bağlardan azad olaraq mənən saflaşar, hər şeydən təmizlənərək, arınaraq, üstündən bütün günah, qəbahət qiyafələrini, dünyəvi yükləri ataraq Sevgilinin hüzuruna çıxar...

Yalnız bundan sonra fanilikdən sıyrılaraq bütün mənalarda Məşuqi-Əzələ qovuşmaq və bəqa olanda ərimək mümkündür... Bundan sonra dinin nədir, məzhəbin hansıdır, getdiyin yer meyxanədirmi, yoxsa qibləsinə üz çevirdiyin Kəbədirmi, heç narahat etmir həmin məqamda qərar tutanı. Bilir ki, belə suallar zahirdəki şəriətdəndir, ən yaxşı halda təriqətdəndir...

Daha batini mərtəbədə mərifətdən həqiqətə gedən yolda səni harasa çəksələr də, qınasalar da, hətta özün özünü damğalasan da, daha heç nə dəyişən deyil. Bir olanla birsən bundan sonra, nə qorxudar ki səni?..

Çəkməyin Seyyidi-laməzhəbi meyxanə sarı,
Kafəri Kəbə ara hansı müsəlman aparır?!

Zahiri dindar, ürəyi qaranlıq olan başqasını necə hidayət edə bilər? Həqiqi iman, həqiqi eşq - zahiri qaydalara tabe olmaqdan çox, ruhun azadlıq və mövcudluq haqqıdır. Əgər bir könül artıq həqiqi eşqin yoluna düşübsə, heç nəyə ehtiyac duymur, çünki onun üçün artıq hər yer Kəbə, hər nəfəs zikrdir.

Şair göstərir ki, zahiri ibadətlə ruhani aydınlanma, eşqlə durulub saflaşmaq arasında böyük fərq var. Peyğəmbər dövrünə aid hədisdə də deyilmirdimi: "Gecəni ibadətlə keçirən neçələri vardır ki, nəsibləri sadəcə yuxusuz qalmaq, oruc tutan elə kimsələr vardır ki, nəsibləri sadəcə ac və susuz qalmaqdır..."

Burada, sadəcə bu yazıda - dahi şairin bir qəzəli ilə çıxdığımız, zahiri heyranlıqdan başlanıb ilahi həqiqətə doğru yüksələn eşq yolunun sonuna gəldik. Bizim gördüyümüz də, dediyimiz də, mənalandırdığımız da o yolun xəyalı, misalı, surəti idi. Həqiqi eşqin özünün də, yolunun da əsli hələ ki, bizim heç bilmədiyimiz, müəllifinsə artıq varid olduğu yerdədir.

Biz imanımızı hər vəchlə şeytanın məkrindən qorumağa çalışaraq gerçəyin surətinin ilk misrasında hələ də içimizlə-çölümüzlə hüzursuz qovğadayıq, Seyid Əzim Şirvani isə lap çoxdan yazdığı həqiqətlərin əzimanə əsli ilə bir əbədiyyətlik ucalıqda - Məşuqi-Əzəlin hüzurundadır...

Beynəlxalq Bişkek Film Festivalı başladı Bayquş və qarovulçu - İmamverdi İsmayılovun hekayəsi Keyt Middlton “qorxunc təcrübə”sindən danışdı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 İyul 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see476

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see375

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see336

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see289

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see288

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see283

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see200

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see134

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri