Mən gedirəm, ağlama...
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu yaxınlarda dünyasını dəyişən görkəmli yazıçımız Elçin 1996-cı ildə ölməz Rəşid Behbudovun əziz xatirəsinə səmimi bir yazı yazmışdı. Bu yazı Rəşidin ailəsinin-həyat yoldaşı sevimli Ceyran xanımın, gözünün ağı-qarası, tək övladı Rəşidə xanımın (elə mənim də) cox xoşuna gəlmişdi. Elçin qələminin incə, zərif, cazibəsindən, təbiətin özü qədər əsrarəngiz, məntiqli, bulaq kimi axar dilinin bütün çalarlarından bu miniatür-yazıda ustalıqla istifadə edib. Hiss olunur ki, yazı böyük yazıçının qəlbinin ən dərinliklərindən, ən ülvi duyğularından süzülüb axıb, kağıza köçürülüb.
2015-ci ildə Miniatür kitab muzeyinin direktoru Zərifə xanım Salahova Rəşid Behbudovun 100 illiyinə miniatür kitab nəşr etmək təklifini bildirdi və xahiş etdi ki, çox da böyük olmayan bir məqalə seçib təqdim edək. Rəşid haqqında yazılmış məqalələrin sayı, bəlkə də mindən çox olar. Bu qədər məqalənin arasından seçim etmək şübhəsiz ki, heç də asan məsələ deyildi. Bir neçə gün məqalələri bir-bir gözdən keçirdim, təkrar-təkrar oxuydum, müqayisə etdim. Elə yazı tapmaq istəyirdim ki, pafosdan uzaq olsun, məqalə xətrinə yazılmış, tarixi faktların, saysız-hesabsız mükafatların sadalandığı anket tipli yazı olmasın. Kövrək, ruhdan gələn, ürəklə, hisslə yazılan bir yazı olsun.
Bu zaman Rəşidə xanım Elçinin sözügedən məqaləsini təklif etdi. “O miniatür kitab üçün ən uyğun məqalədi, başqa variantlara nə ehtiyac var?” - dedi.
Elə də etdim!
Elçin müəllimə zəng etdib məsələni izah etdim və məqalənin miniatür kitab kimi nəşr olunmasına icazə istədim. Elçin müəllim düşünmədən dedi ki, əlbəttə, çox yaxşı olar, mənim üçün bu böyük şərəfdir!
2015-ci il dekabrın 11-də Miniatür Kitab Muzeyində xalq yazıçısı Elçinin “Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti” miniatür kitabının təqdimat mərasimi keçirildi. Mərhum yazıçımız özü də həmin tədbirdə iştirak etdi.
Bu il Rəşid Behnudovun 110 illiyi tamam olur. Ölməz sənətkar haqqında yazılan ən maraqlı yazıları dəyərli oxucuların diqqətinə təqdim etməyi planlaşdırmışıq. İlk olaraq görkəmli yazıçımız Elçinin “Mən gedirəm, ağlama...” yazısı ilə başladıq.
Hər iki sənətkarımızın ruhu şad olsun!
Kamil Şahverdi, Rəşid Behbudov Fondunun direktoru
***
Mən gedirəm, ağlama...
Bəstəkar dostum Vasif Adıgözəlov məndən xahiş etdi ki, Rəşid Behbudovun 80 illiyini keçirməyə hazırlaşdığımız bu günlərdə mən də onun haqqında heç olmasa kiçik bir xatirə yazım.
Mənim Rəşid Behbudovla qohumluğumuz, yaxud yaş fərqinə görə şəxsi dosluğumuz, yaxud da ənənəvi ailəvi bir yaxınlığımız yox idi, amma nə olsun, mənə elə gəlir ki, hər hansı bir azərbaycanlı şəxsən tanış olsa da, olmasa da, Rəşid haqqında xatirə yaza bilər və hərgah xatirə həyatın bir hissəsidirsə, Rəşid öz sənəti ilə xalqın həyatına daxil olub və hər birimizin həyatının bir parçasıdır...
Bizim aramışda xoş bir ünsiyyət, səmimi və mehriban bir tanışlıq var idi...
Və mən makina arxasında oturub bu kiçik yazını başlamaq istəyəndə heç cür xatirimə gətirə bilmədim ki, ilk dəfə onu nə zaman görmüşəm, onunla şəxsən nə zaman tanış olmuşam? Rəşid Behbudov elə bil, nağıllarımız kimi, mahnılarımız kimi, tarımız, kamançamız, sazımız kimi, həmişə mənimlə bir yerdə olub və ilk mahnıları nə vaxt eşitdiyimi xatırlaya bilmədiyim kimi, Rəşid Behbudovu da nə zaman tanıdığımı xatırlamaq mümkün deyil.
Bir dəfə, əgər səhv etmirəmsə, 80-ci ilin soyuq bir dekabr günündə Moskvada, “Moskva” mehmanxanasında səhər-səhər şəhərə çıxarkən foyedə Rəşid Behbudovla rastlaşdıq. Ümumiyyətlə, “Moskva” mehmanxanasının birinci mərtəbəsi, o geniş foye tez-tez səfərlərə çıxan, o cümlədən həftə səkkiz, mən doqquz Moskvada olan və həmişə də “Moskva” mehmanxanasına düşən bir adam kimi, mənim üçün doğma bir yer idi və təkcə ona görə yox ki, ayaqqabı silən assur Arkadidən, əynindəki formadan keçmiş çar generallarına oxşayan şveysar, tatardan dönmə Dmitri Fuadoviçdən tutmuş tənbəki köşkünün satıcısı Lyusyayacan, orada hamı məni tanıyırdı, ən əsası ona görə ki, burada həmişə gözlənilməz, soyuq Moskvada adamın ürəyinə həmişə bir doğmalıq gətirən görüşlər olurdu və həmin xoş, doğma görüşlərdən biri də o qış səhəri oldu.
- Boy, Elçin, qadan alım, tı toje zdes?
O mənimlə görüşəndə, hərdən mənə zəng eləyəndə (xüsusən mən “Vətən”i (Xarici ölkələrdə yaşayan həmyerlilərimizlə əlaqələr quran Vətən cəmiyyəti nəzərdə tutulur - K.Ş.) yaradıb, orada işə başlayandan sonra tez-tez zəngləşirdik) “qadan alım” ifadəsini işlədərdi və doğrusunu deyim ki, onun səsilə, şirin nəfəsiylə hərdən öz ünvanıma bu idiomatik ifadəni eşidəndə, mənə elə gəlirdi ki, o “qadan alım” bizim misilsiz el mahnılarından qopub gəlir...
Həmin qış səhəri maestro ilə həmişəki kimi, səmimi görüşdük, hal-əhval tutduq, həmişəki kimi də, atamı soruşdu (“İlyas nətərdi? Yaxşı kişidi, ondan muğayat ol!"), İmranı soruşdu (“İmran nə qayırır?”), rəhmətlik Qasımovla dost idilər, hər dəfə məni görəndə bir yerdə işlədiyimizə görə onu soruşurdu, hərdənbir Yazıçılar İttifaqına, İmran müəllimin yanına gələrdi, bəzən repertuarına saldığı təzə mahnıların mətnini Yazıçılar İttifaqının makinaçıları Sona xanıma, yaxud Tutu xanıma verib yazdırardı (onun öz əli ilə yazdığı bəzi mahnı mətnlərini yadigar kimi, ondan alıb saxlamışam).
Soyuqdan şikayətləndi:
- Sənə nə var e, cavan oğlansan, - dedi: Dərd mənim dərdimdi, qocalıf getmişəm... Amma baxma, nə qədər qoca olsam da, yüz cavana dəyərəm.
Məlum oldu ki, səhəri günü ikimiz də eyni reyslə Bakıya uçuruq.
- Ə, nə yaxşı oldu, konyak vurarıq deputatskidə! (Həqiqətən səhəri günü Vnukovo aeroportundakı “Deputat otağı”nda birlikdə konyak içdik).
Sonra boz karakul papağını başına qoydu və mənim o papağa baxdığımı görüb (mən əşya yox, elə bil ki, doğma bir məxluq kimi, arşınmalçı Əsgərin papağına baxırdım!) dedi:
- Bu papaq maa rəhmətlik dədəmdən yadigar qalıf!
Sonra sağollaşdıq və maestro əvvəlcədən üşüyürmüş kimi, dəri kürkün içində büzüşdü və mehmanxanadan çıxdı, mən isə, doğrusu, bir az təəccüb içində qaldım, çünki onun o “rəhmətlik dədəsindən yadigar qalmış” boz karakul papağı təzə tikilmiş papağa oxşayırdı (ümumiyyətlə, Rəşid Behbudov dəblə və zövqlə geyinən bir adam idi) və gözgörəti Nuh əyyamından qalma bir şey təsiri bağışlamırdı.
Səhəri günü bərabər Bakıya uçarkən (kiçik konyak dəsgahından sonra):
- Maestro, - dedim (mən həmişə ona belə müraciət edirdim, əksərən hörmət əlaməti olaraq ona “Rəşid Məcidoviç” deyə müraciət edirdilər, amma mən belə deyə bilmirdim, şuşalı xanəndə Məcidi “Məcidoviç” eləyəndə, mənə elə gəlirdi ki, misal üçün, Qaçaq Nəbinin başına şlyapa qoyursan, yaxud Koroğlu sədəfli saz əvəzinə gitara çalır), - dünən dediz ki, bu papaq sizə atanızdan yadigar qalıb…
- Elədi…
- Axı bu təzə tikilmiş papağa oxşayır. Qədimi deyil…
- Elədi… Amma nə olsun təzədi?
Və onda Rəşid Behbudov mənə öz uşaqlıq illəri ilə bağlı heç vaxt yadımdan çıxmayacaq gözəl bir əhvalat danışdı.
Onda Tiflisdə yaşayırdılar və yay vaxtları məhəllə uşaqları böyüklərdən xəlvətcə sandıqları ələk-vələk eləyib köhnə dəbli pal-paltar tapıb çıxarırdılar, həyətdə özləri “Arşın mal alan”ı tamaşaya qoyurdular. Rəşid atasının karakul papağını başına qoyub, əlinə də bir ağac alıb, Əsgərin rolunu oynayırmış...
- Bax, Elçin, qadan alım, dədəmin həmin papağıdı başımda! Nə olsun ki, təzə tikilif... Həmin papağıdı kı, var!..
Rəşid Behbudov həyatında, həm də zəngin hadisələrlə dolu həyatında, olsun ki, kiçik bir epizod təsiri bağışlayan bu hadisə ona görə heç zaman mənim yadımdan çıxmır ki (hətta bəzən o balaca küçə alverçisi Əsgər gəlib gözlərimin qabağında dayanır, elə bil, özüm də Tiflisin azərbaycanlı məhəlləsində o uşaqlardan biri kimi, o tamaşanı göstərənlərdən biri olmuşam...), həqiqətən çox rəmzi məna daşıyır.
Bəli, karakul papaq xanəndə Məcidin həmin papağıdı, illər keçir, o papağı müxtəlif dərzilər tikir, amma həmin papaqdı ki, Rəşidin başındadı...
Rəşidin ifasında “Yar bizə qonaq gələcək”, “Güləbatın”, “Güloğlan”, “Gözəlim sənsən”, “Qalalı”, “Kəklik”, “Evləri var xana-xana”, “Qubanın ağ alması” və başqaları kimi - mən bu dəm onun səsi ilə qulağıma gələnlərin adını çəkirəm - Azərbaycan xalq mahnılarının duzu da bundadı. Tiflisdə anadan olub uşaqlığını Tiflisdə keçirmiş Rəşidin mahnılarındakı Şuşa ab-havası da bundadı və Rəşid sənətinin bizim hər birimizin həyatının bir parçasına çevrilmiş sehr də onun Tanrıdan gəlmə səsi, istedadı ilə bərabər, bundadı...
Bu sözləri yazıram, yenə fikrimdə Rəşidin səsi ilə misralar eşidirəm:
Girdim yarın bağçasına, çiçəklər açmış...
İndi mənə elə gəlir ki, elə bil, Rəşidin lap gənc yaşlarında addımlayıb girdiyi o bağça təkcə yarın, sevgilisinin, məşuqəsinin bağçası deyildi, sənətin bağçası idi, həm də əbədi sənətin bağçası idi və nə qədər ki, Rəşid Behbudov o bağçada oxudu, o çiçəklər payız, qış bilmədi, qar, boran bilmədi, heç vaxt solmadı və nə qədər ki, Rəşidin səsi bizimlə olacaq, deməli həmişə, daima, nəsillər bir-birini əvəz edəcək, o səs isə bizimlə olacaq! - o qədər də təzə-tər qalacaqlar.
Rəşid Behbudovun milli sənət duyğusu o qədər hərarətli və qadirdir ki, o yalnız xalq mahnılarının, estradanın klassiki yox, professional klassik musiqimizin də həmişə canlı olacaq klassikidir. Üzeyir Hacıbəyovu Koroğlu-Bülbülsüz təsəvvür etmək mümkün olmadığı kimi, arşınmalçı Əsgər-Rəşid Behbudovsuz da təsəvvür etmək mümkün deyil.
Üzeyir Hacıbəyov-Bülbül-Rəşid Behbudov üçbucağı Azərbaycan musiqi sənətinin şah zirvəsidir. Üzeyir bəy “Arşın mal alan”ı 1913-cü ildə yazmışdı və o zaman Rəşid Behbudov hələ dünyaya gəlməmişdi, amma elə bil, bu əsər Rəşid üçün yazılmışdı, elə bil Üzeyir bəy Rəşidin səsini, nəfəsini, hətta görkəmini (“Arşın mal alan” filmini yadınıza salın!) gözlərinin qabağına gətirib Əsgərin ariyalarını, ümumiyyətlə, bu rolu yaradıb.
Yaxşı yadıma gəlir, 1953-cü ilin yayında dördüncü sinfə keçmişdim və biz Şuşada, çamaatın “Yazıçılar Evi” dediyi gözəl bir məkanda istirahət edirdik. Böyüklərin məclisində iştirak etməyə, söhbətlərinə qulaq asmağa mənim xüsusi azarım var idi və Şuşada o yay zamanı uşaq kimi iştirak etdiyim böyüklərin məclislərində, söhbətlərdə tez-tez söz düşürdü ki, Fikrət Əmirov Cəfər Cabbarlının pyesi əsasında “Sevil” operası yazıb və Rəşid Behbudov Balaşın rolunu ifa edəcək. Bu söhbət o günlərin siyasi söz-söhbətləri (Stalin yeni vəfat etmişdi və hamı bir siyasi nigarançılıq içində idi: necə olacaq. Malenkov nə edəcək, ölkəni hansı istiqamətə aparacaq, Mir Cəfər Bağırov respublikanın rəhbəri qalacaq, yoxsa yox, getsə, yerinə kim gələcək və s.) kontekstində çox cazibədar, hətta füsunkar görünürdü və Bakıya qayıtdıqdan sonra mən səbirsizliklə həmin tamaşanı gözləyirdim, tez-tez atamdan soruşurdum ki, tamaşa nə vaxt olacaq, atam da rəhmətlik (və unudulmaz!) Fikrət Əmirova telefonla zəng çalıb premyeranın vaxtını soruşurdu.
Nəhayət, dəqiq günü yadımda deyil, amma Yeni il qabağı idi, M.F.Axundov adına Opera və Balet Teatrında “Sevil”in böyük müvəffəqiyyətlə, təntənə ilə premyerası göstərildi. (Fikrət Əmirovun “Sevil” operasının premyerası 25 dekabr 1953-cü ildə baş tutmuşdu - K.Ş.). Quruluşçu rejissor Mehdi Məmmədov, dirijor Əfrasiyab Bədəlbəyli idi. Yadımda qalanlardan Firuzə Muradova Sevili, Ağababa Bünyadzadə Atakişini oynayırdı. Rəşid Behbudov da Balaş idi. Məhz Balaş idi, çünki rol oynamırdı, səhnədə Balaş kimi yaşayırdı.
Rəşidin ağarmış saçları pəjmurdə (qrim o qədər tuturdu ki, elə bil saçları həqiqətən səhnədə yaşadığı Balaşın həyatı boyu ağarmışdı), əynində ev xalatı “Gör nə günlərə qaldın, öz cəzandı, çək, Balaş” ariyasını oxumağı, zalın dərin sükutu və birdən-birə qopan alqış sədaları indiki kimi, xatirəmdədir və hər dəfə də bu xatirə mənim içimdə bir ilıqlıq, eyni zamanda bir nisgil, bir nostalgiya gətirir.
Mən həmişə (və indi də) sidq-ürəkdən heyifsilənmişəm ki, Rəşid Behbudov estrada ilə bərabər, opera solisti kimi də yaradıcılıq yolunu davam etdirmədi, yalnız Balaşla kifayətləndi və Azərbaycan səhnəsində tamaşaya qoyulan (və qoyulmayan) Qərb və rus opera klassikası Rəşidsiz qaldı.
Bir dəfə indiki Səttarxan klubundakı bir iclasdan bərabər çıxdıq, sərin bir payız axşamı idi və beş saatlıq iclasdan sonra hava adama ləzzət eləyirdi. Maestro dedi:
- Ə, lap Cıdır düzüdü ki!..
Həmin payız axşamı bir xeyli gedə-gedə onu evlərinəcən ötürdüm və opera solistliyi ilə bağlı heyifsilənməyimi ona da dedim. Zarafata saldı:
- Qadan alım, onsuz da mən Rəşidəm də!..
Rəşidin ifasında Qara Qarayevin, Fikrət Əmirovun, Səid Rüstəmovun, Cahangir Cahangirovun, Arif Məlikovun, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun, Ağabacı Rzayevanın, Vasif Adıgözəlovun, Polad Bülbüloğlunun, Telman Hacıyevin, Ruhəngiz Qasımovanın mahnıları xalqın mənəviyyatından xəbər verdiyi üçün, yəni belə bir doğmalığa görə xalqın ürəyinə də yol tapıb. Rauf Hacıyev və xüsusən Tofiq Quliyev ilə Rəşid Behbudovun yaradıcılıq əməkdaşlığı xalqın hiss-həyəcanlarının ifadəsi və bədii-estetik səviyyəsi baxımından Azərbaycan estradasında və ümumilikdə Azərbaycan musiqisində “Üzüyümün qaşı”, “Sənə də qalmaz”, “Sevgilim” kimi dahiyanə (bu sözün böyüklüyündən çəkinməyərək) mahnılar meydana çıxartdı.
Rəşidlə Azərbaycan bəstəkarlarının yaradıcılıq əməkdaşlığı bir də o baxımdan son dərəcə böyük əhəmiyyətə malik oldu ki, böyük sənət meyarları müəyyənləşdirdi və bu cəhət Azərbaycan mədəniyyətinin inkişafında ədəbi mərhələ vüsətinə malik bir hadisəyə çevrildi.
Rəşid Behbudov bütün hissiyatı ilə milli sənətkar idi və buna görə də onun sənəti milli sərhədlər tanımırdı. Bu fikirdə heç bir paradoks yoxdur, əksinə, milli ilə beynəlmiləlin arasındakı dialektik bir qanunauyğunluq var. Rəşidin sənəti ən sıx tellərdə Azərbaycan mənəviyyatına, doğma xalqın hisslər aləminə bağlı olmasaydı, o nə italyan mahnılarını hiss edib o cürə oxuya bilərdi, nə də, deyək ki, ərəb mahnılarını. Hərdənbir televiziya ilə Rəşidin Hindistan qastrollarından fraqmentlər göstərirlər və o fraqmentlərə baxmaq kifayətdir ki, hindli dinləyicilərin onun ifasındakı hind mahnılarını necə səmimiyyət və hərarətlə qəbul etdiklərini, yüksək dərəcədə bəyəndiklərini görəsən.
Və mən fikirləşirəm: hərgah Rəşid “Küçələrə su səpmişəm”i, yaxud “Qoy gülüm gəlsin, ay nənə”ni hisslərin milli ifadə baxımından o dərəcə dəruni şəkildə duymasaydı, hindlinin də mahnısını, italyanın da mahnısını, farsın, ərəbin də mahnılarını o cürə duyub, o cürə də ürəkdən oxuya bilməzdi.
Müharibədən sonrakı ilk illərdə “Arşın mal alan”nın sovet və dünya ekranlarında parlaq sənət nümayişi başladı. Rəşidin repertuarı keçmiş sovet və xarici ölkə xalqlarının mahnıları ilə zənginləşdi, onun böyük müvəffəqiyyətlə keçən qastrollarının coğrafi sərhədləri o zamanki sovet imkanlarına və yazılmamış qanunlarına nisbətən qat-qat yüksək dərəcədə vüsət əldə etdi və sənət aləmində çox nadir bir hadisı baş verdi: Rəşid Behbudovun adı Azərbaycanın sinomininə çevrildi.
Rəşidin yaratdığı və rəhbərlik etdiyi estrada orkestri onunla birlikdə Azərbaycanın səlahiyyətli nümayəndələrinə çevrilmişdilər və onlar, eləcədə ayrıca Rəşid Həbəşistandan, Hindistandan, Sudandan tutmuş Funlandiyayacan, dünya səhnələrində yalnız özünü yox, bütün Azərbaycanı ifadə edirdi.
Bizim nə qədərimiz xarici səfərlərdə sadə camaatla belə bir sual-cavabın şahidi olmuşuq:
- Hardan gəlmisiz?
- Azərbaycandan.
- Hardan? Azərbaycandan? A-a-a!.. Rəşid Behbudov!...
Özü də illər keçir, amma xarici aləmlə bu tanışlığın bünövrəsi elə qoyulub ki, hətta nəsillər bir-birini əvəz edir, Rəşid isə unudulmur.
1995-ci ildə Səttar Bəhlulzadənin fərdi sərgisinin açılışı münasibətilə mən Çin Xalq Respublikasına getmişdim və orada qaldığım günlər ərzində tərcuməçilərimdən tutmuş görüşdüyüm müxtəlif adamlaracan, bir qismi köhnə tanışlar kimi gülümsəyir, bəzən bizim üçün gülməli görünən çin tələffüzüylə Əsgərin məşhur ariyasını (“Elə bənd oldum...”) zümzümə edir və “Rəşid Behbudov!” deyirdilər.
Bu iki kəlmə yeganə sözlərdən idi ki, biz tərcüməsiz bir-birimizi anlayırdıq və həmin iki kəlmə hər iki tərəfdə xoş bir ovqat, doğmalıq hissiyyatı yaradırdı...
Yer üzündəki bütün sənətkarlar kimi, ümumiyyətlə bütün insanlar kimi, Rəşid Behbudovun ölümü də vaxtsız oldu. Rəşid Behbudovun ölümü gözlənilməz oldu. Hətta bu ölümlə barışmaq istəməyən millət arasında cürbəcür şayiələr də yarandı, amma bu şayiələrin, əlbəttə, əsası yox idi, 9 iyun 1989-cu ildə (mədəniyyətimiz üçün həmişəlik bir matəm günündə...) Moskvada, xəstəxanada Rəşidi xəstəlik apardı.
Mən onun (eləcə də Süleyman Rüstəmin) ölüm xəbərini Almaniyada, kiçik Herten şəhərində eşitdim... Ancaq o zaman da sarsıntı içində mən elə düşündüm və indi də elə düşünürəm ki, Rəşidi Qarabağ dərdi apardı. Qarabağ dərdi bir xərçəng kimi, bəlkə heç maestronun özünün də xəbəri olmadan, içəridən onun canını yeyib məhv etdi.
Səksəninci illərin sonunda, o siyasi-içtimai fırtınalar içində müxtəlif böyük və kiçik toplantılarda, görüşlərdə, şəxsi söhbətlərdə mən Ermənistanın təcavüzkar Qarabağ iddialarının onu necə dəruni bir sarsıntı ilə həyəcanlandırdığını, nigarançılıq içində necə yandırıb-yaxdığını gördüm. O zaman Rəşid Behbudov SSRİ-nin xalq deputatı idi və Qarabağla bağlı əlindən gələni edirdi...
Rəşid Behbudovun böyük yaradıcılıq planları var idi. Ömrünün son illərində Mahnı Teatrı yaradırdı, rəhmətlik Rafiq Babayev ilə birlikdə yeni repertuar üzərində işləyirdi və həmin teatrın, əgər belə demək olarsa, bənnası da özü idi, dülgəri də.
Polad Bülbüloğlu mənə danışır ki, nazir təyin olunandan sonra, bir gün yaradılmaqda olan Mahnı Teatrına gedir. Görür ki, Rəşid Behbudov, Rafiq Babayev və Teatrın təsərrüfat işlərinə baxanı, bir yerdə oturublar, qarşılarında da müxtəlif ölçülü dörd mismar var. Polad soruşur ki, bu mismarlar nədir belə? Rəşid deyir ki, rekviziti yığmaq üçün yeşiklər hazırlanır, indi məsləhət eləyirəm görüm, o yeşikləri hansı mismarlarla vurub düzəltsinlər. Polad təəccüblənir ki, ay Rəşid müəllim, bu nə olan şeydir ki, siz özünüz bununla məşğul olursunuz? Rəşid deyir ki, yox, sən bilmirsən, bu çox mühüm məsələdir, əgər kiçik mismarlarla vurulsa, qastrola gedəndə yeşiklər açılıb dağılar, böyük mismarlarla düzəltsələr, içindən taxtanı partladıb pal-paltara ilişə bilər, bunu əməlli-başlı fikirləşmək lazımdı.
Belə bir yaradıcılıq təəssübkeşliyi, vasvasılığı və səliqə-sahmanı Rəşid Behbudova xas olan bir cəhət idi və o öz mahnılarını gecə-gündüz nəinki bəstəkarlarla, eləcə də mahnı mətninin müəllifi olan şairlərlə işləyirdi. Rəşid də öz böyük sələfi Bülbül kimi, o sənətkarlardandır ki, oxuduğu mahnının sözlərini dəqiq şəkildə dinləyicilərə çatdırırdı.
Həyatının son çağlarında ara-sıra, təsadüfdən təsadüfə gürüşüb hal-əhval tutanda deyirdi:
- Görəssiz də nə teatr olajağ mənim teatrım!..
Bu teatrı (“mənim teatrımı!”) açmağı, bu teatrda dinləyiciləri qəbul etməyi tale Rəşid Behbudova qismət etmədi, amma Tanrı ona daha böyük bir nemət qismət elədi: nə qədər ki, Azərbaycan musiqisi yaşayacaq, nə qədər ki, Qarabağ bülbülləri “Qarabağ şikəstəsi”ni cəh-cəh vuracaq, o qədər də “Rəşid teatrı” yaşayacaq. Xalqın qəlbində yaşayacaq.
Bakının yazın əvvəllərindəki sakit bir gecəsidi, bu yazını təzədən gözdən keçirirəm və elə bil kədərli bir mehmiş kimi, bütün içimi bir kədər bürüyür: burada adı çəkilən sənət adamlarımızın bir çoxu artıq dünyasını dəyişib. Qara Qarayev, Fikrət Əmirov, Süleyman Rüstəm, Rauf Hacıyev, Cahangir Cahangirov, Mehdi Məmmədov, İmran Qasımov, Rafiq Babayev... Başqaları... Yaxın keçmişdə bizimlə bir yerdə yaşayan, bir yerdə işləyən, həyatımızın bir hissəsi olan adamlar...
Və elə bil ki, uzaq bir dalğa ilə Rəşid Behbudovun səsi gəlir:
Pəncərəni bağlama,
ay bəri bax, bəri bax.
Mən gedirəm, ağlama,
ay bəri bax, bəri bax.
Gedib yenə gələrəm,
ay bəri bax, bəri bax.
Özgəyə bel bağıama,
ay bəri bax, bəri bax...
Bakı, 11 aprel, 1996-cı il


