Mənalar saçan tablolar ( Danışan şəkillər silsiləsindən)
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əlisəfdər HÜSEYNOV
"YENƏ DƏ "İKİ"
Məşhur rus rəssamı F.Reşetnikovun 1952-ci ildə çəkdiyi "Yenə də "iki" adlı bu şəklə artıq neçə onillərdir sənətsevərlər, sənətşünaslar dönə-dönə müraciət edir, bu əsərin ideya-məzmun planında bizə çatdırdığını çözməyə çalışır və heç cür ortaq bir fikrə, məxrəcə gələ bilmirlər. Əslində, bu, çox təbii və qanunauyğundur, çünki bədii təfəkkürün məhsulu olan əsl sənət əsəri adi qəzet məqaləsi, yaxud televiziya reportajı deyil ki, oxucuya, tamaşaçıya əlüstü, bircə anın içindəcə həzm oluna bilən hansısa bir informasiya ötürsün. Sənət əsəri nələrisə bəlirləyən işarələrdən qurulmuş bir sistem, elmi terminologiya ilə desək, mətn, tekst, yaxud diskursdur. Əsərin məzmununu düzgün qavramaq, ideyasını açmaq üçün işarələrdən qurulmuş həmin teksti düzgün "oxumaq", bunun üçün isə həmin işarələrin mənalarını düzgün açmaq həlledici şərtdir.
Sözügedən şəkildə növbəti dəfə məktəbdən evə "iki" qiyməti ilə qayıdan oğlanın ailədə qarşılanma mərasiminin bir anı, doğma anasının, böyük bacısının və kiçik qardaşının bu olaya münasibəti, reaksiyası təsvir olunub. Reaksiya, təbii ki, müsbət deyil - bacının üzündə daha çox ittiham, kiçik qardaşın baxışlarında gizli bir sevinc, rişxənd, ananın çöhrəsində isə sevgi qarışıq bir məyusluq, təəssüf hissi donub. "İki" sindromundan dışarıda qalan yeganə canlı - itdir. Onun üçün nə iki alan oğlanın, nə də ailənin digər üzvlərinin mənəvi-psixoloji durumunun hansı vəziyyətdə olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, gözlədiyi adam evə qayıdıb və o, həmişəki mehribanlıqla öz sahibini qarşılayır.
Şəkil haqqında söylənilən fikirlərdə müxtəliflik də məhz bu detaldan, əgər şəklə tekst kimi baxırıqsa, bu işarədən qaynaqlanır. Bəzi sənətsevərlər, hətta sənətşünaslar belə nəticəyə gəlirlər ki, müəllif itin "iki" alan tənbəl oğlana pozitiv münasibətini ailənin bütün üzvlərinin neqativ münasibətinə qarşı qoyub, itin sevgisini qeyri-şərti sevgi kimi nümunə göstərib və ailənin doğma üzvü olan məktəbli oğlana anasının, bacısının, kiçik qardaşının şərti sevgisindən üstün olduğunu önə çəkib, başqa sözlə, şəkildəki digər personajları itdən nümunə götürməyə, onun kimi sevməyə çağırıb.

Sizcə, bu, düzgün yanaşma, təhlildirmi?
Məncə, yox.
Bu, düzgün təhlildən çox, təhrifə, orijinal görünmək üçün müəllifin niyyəti ilə manipulyasiya etməyə daha çox bənzəyir.
Gəlin, baxaq.
Hər hansı sənət əsərinin çatdırdığını düzgün qavramaq üçün onu (yəni teksti) təşkil edən elementlərə ayrı-ayrılıqda yox, vəhdətdə, bir-biri ilə əlaqədə baxmaq lazımdır ("Bir qalanın sirri" filmində Kamran babanın Həkim Eldostunun sandığa qoyduğu əşyaların çatdırdığını oxuduğu səhnəni yada salaq: ayrı-ayrılıqda sim və narı bildirən əşyalar birlikdə canlı insan - Simnar xan anlamını verir).
Yuxarıdakı fikrin müəllifləri isə şəkildə oğlanın üstünə atılan it işarəsini kontekstdən ayırır, lakin ondan çıxan mənanı bütün şəklə şamil edirlər, yəni baxın, hamı, hətta doğma anası da tənbəl oğlunu qınaqla, narazı pozada qarşılayır, it isə yox.
Gördüyümüz kimi, bu şəklin adından tutmuş ən xırda, ilk baxışda əhəmiyyətsiz görünən işarələr, ştrixlər - ananın üzündəki ifadə, oğlanın əlindəki çanta, ümumiyyətlə, həmin situasiyadakı real (və həm də bədii) məntiq nəzərə alınmır. Halbuki "Yenə də "iki" ifadəsi əslində bu uşağın xroniki tənbəlliyindən, məsuliyyətsizliyindən soraq verir. Elə isə sual olunur: Doğma anası buna gözmü yummalı, yenə də "iki" aldığına görə onun başını tumarlayıb bağrınamı basmalı idi? Diqqət yetirin, ananın üzündə bu mənzərənin dəfələrlə təkrarlanmasından doğan bir məyusluq, əzab var. Bu, bəlkə də oğlunu istədiyi kimi tərbiyə edə bilməməsinın yaratdığı kədər, təəssüfdür. Amma iş burasındadır ki, bu məyusluq, təəssüf onun üzündə, gözlərində sayrışan məhəbbət hissinə qətiyyən kölgə salmır. Mənim dediklərimə inanmaq üçün şəkildən itin təsvirini "silib" ona bir də baxın - kompozisiya sizə tamam başqa informasiya ötürəcək. Görəcəksiniz ki, çox güman ki, övladlarını təkbaşına böyüdən ana (şəkildə ata obrazının olmaması, məncə, buna şəhadət verir) qətiyyən sevgisi, övladına olan məhəbbəti itin sevgisindın az olmayan məsuliyyətli, övladının taleyindən narahatlıq keçirən bir qadındır və belə ananı "iki" ilə məyus eləmək heç də bağışlanası qəhrəmanlıq deyil.
O ki qaldı bacının və kiçik qardaşın reaksiyalarına, onların hər biri bu olayı öz yaşlarına, dünyagörüşlərinə uyğun tərzdə qarşılayır - bacı bir pioner qətiyyəti ilə məsuliyyətsiz, tənbəl qardaşını tənbeh edir, ananın diqqəti uğrunda böyük qardaşı ilə gizlin rəqabət aparan kiçik qardaş isə bir növ özünə əlavə dividend qazandığı üçün gizlincə sevinir, qardaşına qalib ədası ilə baxır.
İndi isə iti şəklə "qaytarıb" son nöqtəni qoyaq: "Ev iti nə insanın sevincini duyur, nə də kədərini. Ev iti onunla əylənən, onu yedirdən, ona mehribanlıq göstərən sahibinə sadiq heyvandır və öz sahibindən də həmişə bunları gözləyir. O, nə dalbadal "iki" almağın mahiyyətini anlayır, nə ananın iztirablarını. Onun ürəyi insan ürəyi yox, it ürəyi olduğuna görə də sahibinin qabağına qaçıb üstünə atılır ki, gözlədiklərini alsın.
Amma alacaqmı?
Nəinki anasının, bacı və qardaşının, hətta itinin də qarşısında günahkar kimi dayanan uşağın üzündəki ifadə isə etimadı, ümidləri doğrultmadığına görə əzab, iztirab çəkən bir uğursuzun xəcalətidir.
"Bu şəkil bizə deyir ki, övlad "iki" də alsa, ona olan ana, bacı, qardaş məhəbbəti azalmamalıdır" qənaəti ona görə düzgün deyil ki: 1) şəkildə bu qənaətə rəvac verən heç bir ştrix, detal yoxdur; 2) məktəbli oğlanın səliqəsiz çantası, şəklin adındakı "yenə də" ifadəsi, ailəni məyus edən növbəti " iki" təsadüfi yox, xroniki hal almış şüurlu intizamsızlığın nəticəsi kimi təqdim olunub.
Amma bütün bunlara baxmayaraq, bu şəkildə hər şeyin düzələ biləcəyinə, bu oğlanın nəhayət anasını sevindirəcəyinə bir ümid də var. Onu yaradan hətta öz itindən belə utanan oğlanın çəkdiyi vicdan əzabıdır.
Deməli, hər şey bitməyib.
Vəssalam!
"KÜRƏ ÜSTÜNDƏKİ QIZ"
Tanınmış fransız semiotiki və ədəbiyyatşünası Rolan Bart S.Eyzenşteynin "İvan Qroznı" filmindən bir kadrı (yəni fotonu) götürərək orada ifadə olunan mənalar haqqında "Üçüncü məna" adlı böyük bir məqalə yazıb. Alim məqalədə göstərir ki, həmin kadrın çatdırdığı birbaşa və məcazi mənalardan başqa üçüncü - tamaşaçı üçün açıq qalan bir məna da var...
Bəs nədir o məna, auditoriyaya çatdırılan bədii informasiya?
Bartın fikrincə, həmin o üçüncü mənanı sözə çəkib konkretləşdirmək olmur, çünki o, duyulsa da, sözlə dəqiq ifadə oluna bilməyən, yalnız görmə qavrayışı ilə qəbul olunub duyğuları sayrışdıran, necə deyərlər, ələ gəlməyən mənadır.
Alimin dediklərinə belə bir əlavə etmək istərdim ki, açıq qalan o mənanı yalnız gözlə yox, həm də ürəyin gözü ilə görmək olar - əlbəttə, əgər Allah belə bir ürəyi kiməsə veribsə...
Bu yaxınlarda böyük ispan rəssamı Pablo Pikassonun "Kürə üstündəki qız" əsərinin reproduksiyasına baxanda mən nəyə görəsə R.Bartın fikirlərini və çox-çox illər əvvəl bu şəkillə bağlı keçirdiyim hissləri, gəldiyim qənaətləri xatırladım və özümün o vaxtkı sadəlövhlüyümə düzü, bir az acıdım.
O vaxtlar mən rəngkarlıq əsərlərinin dəyərini maksimum realizmdə, həyat və sənət arasında fərqsizlikdə görürdüm və bu mənada sözügedən əsər mənim nəzərimdə nəzərdə tutulmuş hansısa bir əsərin uğursuz qaralmasına bənzəyirdi. Mənə elə gəlirdi ki, şəkildəki personajların fiqurlarında praporsiya pozulub, rənglər uğursuz seçilib, kompozisiya düzgün qurulmayıb.
İndi bu şəkilə diqqətlə baxanda orada o qədər incə nüanslar, informasiya zənginliyi görürəm ki, sanki bu əsərdən qopan mənalar tükənməyəcək, nə qədər ki, bəşəriyyət var, insanlara həyat, onun mənası, paradoksları barədə sonu olmayan hekayət danışacaq.
Nədir bu şəkli yüksək sənət əsəri səviyyəsinə qaldıran məziyyətlər?

Baxın, mövzusu kasıb küçə akrobatlarının həyatından alınmış bu tabloda gənc qız kürənin üstündə əllərini yana açaraq tarazlıq yaratmağa, durduğu yerdə dayanmağa çalışır. Onunla üzbəüz kubun üstündə rahatca oturmuş kişi (atası, qardaşı, yaxud sadəcə tərəfdaşı ola bilər) isə zahirən güclü, qüvvətli təsir bağışlasa da, yorğun və fikirli görünür. Bu zahiri ziddiyyət, təzad şəkildə əksini tapan vəziyyətə məxsusi çalar verir: sanki qız bu mürəkkəb dünyada öz yerini, bəxtini axtaranların, kişi isə qızın çabalarını çoxdan yaşamış insanların taleyini simvolizə edir və qızın üzündəki sevinc, kişinin susqunluğu bu yolun sonunda həmin qızı gözləyən aqibətin heç də ürəkaçan olmamasından xəbər verir.
Qız - ümidin, yaşamaq eşqinin, əzələli kişi isə gücün, qüvvətin təcəssümüdür. Beləliklə, ümid və son aqibət, zəriflik və fiziki güc bu tabloda incə bir üsulla qarşılaşdırılır, həyat, onu başlanğıcı və sonu barədə düşüncələrə təkan verir.
Əsərə R.Bartın təklif etdiyi prizmadan baxsaq, bura qədər dediklərimiz şəkildən alınan birbaşa (müstəqim) və metaforik-məcazi mənaları bildirir. Amma bu kompozisiyada sözə çevirib ifadə olunması çətin (bəlkə də mümkünsüz) olan məna qatı da var. Nəyə görəsə qıza yox, kənara baxan kişinin əlindəki ağırlıq daşının, onun özünün üzünün bizdən müəyyən qədər gizlədilməsi, rəng çalarlarının solğunluğu, dayaq predmetləri kimi kürə və kubun seçilməsi, fondakı at, ana və uşaq fiqurları, şübhəsiz ki, təsadüfi xarakter daşımır və əsərə üçüncü - açıq məna qatı verən də məhz bu elementlərdir. Əsərin bədii dəyəri də məhz ondadır ki, yarandığı vaxtdan keçən dövr ərzində yaşından, cinsindən, milli mənsubluğundan asılı olmayaraq neçə-neçə insan nəslini həyatın mənası, insan psixologiyası barədə düşündürür və heç şübhəsiz ki, həmişə də belə olacaq.
Bəlkə elə buna görə əsərin tamaşaçılara çatdırdığı informasiyanın konkret nədən ibarət olması barədə indiyədək sənətşünasların, psixoloqların, filosofların söylədiyi fikirlər heç də həmişə birmənalı olmur, üst-üstə düşmür. Burada qeyri-adi heç nə yoxdur. Əslində bu, həmin o açıq qalan məna axtarışlarının labüd nəticəsidir. Əsl sənət əsərinin missiyası da elə budur: məkan və zaman məhdudiyyəti tanımadan insanları hər yerdə və hər zaman düşündürmək...

